Pulla Xoşbəxt Olmaq Olurmu?

0
2444
Pulla Xoşbəxt Olmaq Olurmu?

Britaniyanın «Elm» jurnalında maraq doğuran bir məqalə dərc olunub. Belə ki, məqalənin müəllifi olan Elizabet Dan Kanadadakı Britaniya Kolumbiya Universitetində psixologiya elmləri üzrə dosentdir. O və həmkarları araşdırma nəticəsində müəyyən ediblər ki, adamlar pul xərcləməyi, pul qazanmaq qədər vacib bilirlər. Məlum olub ki, az pul alıb, çox pul xərcləyən adamlar daha xoşbəxt görünürlər,nəinki çox pul alıb, az xərcləyənlər. 

Elizabet Dan: «Eksperiment zamanı məni ən çox təəccübləndirən o oldu ki, iştirakçıları aldıqları pulun miqdarı yox, o pulu necə xərcləmələri xoşbəxt edir».

Sosial elmlər üzrə mütəxəssislər deyirlər ki, pul özlüyündə adamı xoşbəxt etmir. 70-ci illərin sonlarında psixoloq Filip Brikmanın məşhur araşdırması da göstərib ki, lotoreyada çoxlu pul udan adamlar,udmayanlardan xoşbəxt olmurlar. Çünki çoxlu pul udanlar,adi hadisələrdən o biri adamlar qədər zövq ala bilmirlər.

Amma son vaxtlar lotoreya qalibləriylə aparılan araşdırmalar reaksiyanın fərqli olduğunu göstərib. Uduşlu lotoreya sahibləri həm daha varlı, həm də daha xoşbəxt olurlar. Elizabet Dan deyir ki, araşdırma aparanlar pul udanların pulu necə xərclədiyini görsələr, fərqi başa düşərlər: 

«Lotoreyada pul udan pulu ətrafındakılara xərcləyirsə, məsələn, ailəsini yaxşı bir səyahətə aparırsa, ya da başqa bir şey edirsə, doğrudan da əvvəlkindən xoşbəxt ola bilər».

Bəs niyə pulu başqasına xərcləmək adamı daha xoşbəxt edir? Dan bunu dəqiq bilmir, amma məsələni bəzi faktorlarla izah edir: 
«Biz hesab edirik ki, pulu başqasına xərcləməyin öz xeyri var, adam özü haqqında yaxşı fikirdə olur. Üstəlik, pul xərclədiyin adamla münasibətin yaxşılaşa bilər. Bu, həm də başqalarına sizi başqa rakursda görməyə imkan verir və s.»

Elizabet Dan deyir ki, onların araşdırması təkcə lotoreya qaliblərini yox, ümumiyyətlə, xoşbəxtliyin mahiyyətini başa düşməyə imkan verir.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN