Həyatımızın Sevinci

0
1980
Həyatımızın Sevinci

Çox istərdim ki, bu məqaləni oxuduqdan sonra həyatdakı istənilən  çətinliyi dəf etmək üçün kifayət qədər gücünüzün olduğunu anlayasınız və bu çətinlikləri inkişafınız üçün şans olaraq dəyərləndirəsiniz. Əgər diqqət etdinizsə, bəzi yox istənilən çətinlik dedim. Və bu çətinlikləri necə dəf etməyiniz tamamilə düşüncə tərzinizdən asılıdır.

“Niyyətin hara, mənzilin ora” ifadəsini həqiqətən çox sevirəm. Nəhayət bu ifadənin əslində nə mənaya gəldiyini və necə əhəmiyyətli olduğunu öyrəndiyimdə həyatım gözlənilmədən yaxşıya doğru dəyişməyə başladı.
 
Həyatınızın ən ağır vaxtlarında çətinliklərə qarşı qələbə çalmaq istəyirsinizə, hal-hazırda necə bir  vəziyyətdə olduğunuzu dərk etməlisiniz, çünki bu sizə  ümidsiz hesab etdiyiniz işin öhdəsindən gəlməniz üçün stimul verir. Əgər insanların sizə ədalətsiz davrandığını düşünürsünüzsə bu,  vaxt keçdikcə sizdə miskinlik hissinin yaranmasına səbəb olacaq. Hətta belə bir deyim də var: “Özünü bədbəxt hiss edən insanlar başqalarının bədbəxtliyindən təsəlli alır.”
 
Miskin olmaq yaxşı hadisələri cəzb etmir, elə deyilmi? Əgər həyatınızı yaxşıya doğru dəyişmək istəyirsinizə, o zaman dəyişməyə ilk öncə düşüncələrinizdən və sözlərinizdən başlamalısınız. 
 
Hər bir şəraitdə (xüsusən də, çətin vəziyyətlərdə) həyat bizi belə bir sualla sorğuya çəkir: “Səncə, sən əslində kimsən?” Bu çətin və düşündürücü  sual sadəcə özünüzün yox, həm də digərlərinin sizə necə davrandığını müəyyənləşdirir. 
 
Çətinliklərlə üzləşdiyinizdə və eyni vaxtda qərar vermək məcburiyyətində olduğunuzda həyatın sizə “Səncə, sən əslində kimsən?” dediyini xatırlayın. Bu zaman aydınlanma mərhələsinə qədəm qoyacaqsınız. Amma bu aydınlanma bəxtsizliyinizə və ya stresli vəziyyətdə olmanızın carçısı deyil. Anlayacağınız şey o olacaq ki, sizin hisləriniz yanlışdır, sadəcə emosional təzyiq altında olmusunuz. Təəssüf ki, əksər insanlar neqativ düşüncələrin və hislərin onların həyatına mənfi təsir göstərdiyini anlamadan həyatını davam etdirir.  
 
Arzularınız (hörmət, tərif, uğur, xoşbəxtlik və ya sevgi)  və ya qarşılaşdığınız çətinliklər nə olur olsun, özünüzü istənilən vəziyyətdə necə qiymətləndirmənizdən irəli gəlir.  Nəticə “Səncə, sən əslində kimsən?” sualı ilə müəyyən olunacaq. Vacib və sağlam nəticələr mümkünsüz kimi göründüyündə, həyata baxış perspektivinizi dərhal səmərəli düşünmə tərzi ilə dəyişdirin. Çünki digər düşüncələr sizə zərərdən başqa bir şey verməyəcək.
 
Unutmayın ki, daxilinizdə hər çətinliklə başa çıxa biləcək bir şəxs var. Ucadan “Mən çətinliklərdən daha güclüyəm!” deyin, özünüzə “Seçimlərim nələrdir?”, “Hazırki vəziyyətdə əsəbləşsəm ya da qorxsam hansı nəticələrə səbəb ola bilər?”, “Heç kəsin zərər görməməsi üçün bunu necə həll edə bilərəm?”, “Verəcəyim qərarın hazırki və gələcəkdəki nəticələri nələr olacaq?”, “Bu qərar ailəmə, dostlarıma və biznes əməkdaşlarıma necə təsir göstərəcək?”, “Bu çıxılmaz vəziyyətdən nə öyrənə bilərəm?” suallarını verin. 
 
Bu sadə strategiyanı vərdiş halına gətirdikdə, siz icazə vermədiyiniz müddətcə heç bir situasiya, şərait yaxud insan sizi üstələyə bilməz. 
 
Uğurlu və xoşbəxt həyata gedən yol emosional qərarlardan keçir. Başqa sözlə desək, hər gün məşğul olduğunuz fəaliyyətləri və düşüncələrinizi dəyişdirə biləcək qərarlar verməlisiniz. Əgər vaxtınızın çoxunu həyata sevgi, ümid dolu və optimist gözlərlə baxmağa ayırıb, niyə xoşbəxt olmadığınız haqqında daha az düşünsəniz ətrafınızda möhtəşəm bir dəyişikliyin şahidi olacaqsınız. 
 
Siz   həyatınızda buraxdığınız səhvlərlə yanaşı, yaratdığınız möcüzələrdən də agah olmaqla hər an öz həyatınızın idarəsini öz əlinizə ala bilərsiniz. 

 
Tərcümə etdi: Elmira Cahangirli
 

ŞƏRH YAZIN