Xoşbəxt olmağın sirri nədədir? İnsanoğlu dünyaya ayaq basdığı andan necə xoşbəxt olacağının, xoşbəxtliyi nədə tapacağının sirrini axtarır . Daim həyatla mübarizə aparır. Xoşbəxt olmaq üçün bir-biri ilə bəhsə belə girir. Çünki Allah ona yaşamaq haqqı, sevinmək və kədərlənmək, sevmək və sevilmək, görmək, eşitmək, duymaq kimi hisslər verir.
Hər bir insanın xoşbəxt olmağa haqqı var və bu xoşbəxtliyi heç də uzaqda axtarmaq lazım deyil. Sadəcə xoşbəxt olmağın ən sadə sirlərini bilmək kifayət edər.
- Keçmişinizə çox da boylanmayın. Əgər ötən zamanda buraxdığınız səhvlər haqqında düşünəcəksinizsə, xoşbəxtliyə gedən yollarda azıb qalacaqsınız. Buraxdığınız səhvlər haqqında düşünün, ancaq peşmançılıq hissi ilə yox, bir daha həmin səhvlərə yol verməmək üçün həmin anlardan nəticə çıxarın.
- Şükürlü olmaq insanı xoşbəxt edə bilər. Nailiyyətlərinizə və uğurlarınıza sevinməyi bacarın. Uğurlarınıza qiymət vermək üçün dünyanın ən uğursuz insanları ilə özünüzü müqayisə edin və qənaətə gəlin ki, siz hələ çox şeylərə qadirsiniz.
- Mənəvi dəyərlərə daha çox üstünlük verin. Unutmayın ki, mənəvi rahatlıq ən böyük xoşbəxtlikdir.
- Xoşbəxt olmağın sirlərindən biri də Allahın bəxş etdikləri ilə qane olmaqdır. Əgər siz sağlam və iş qabiliyyətinə maliksinizsə, deməli, xoşbəxt insansınız. Allahın sizə verdiklərindən səmərəli istifadə edin.
- Paxıllıq hisslərindən nə qədər çox uzaq olsanız, bir o qədər də xoşbəxt olacaqsınız.
- Sevdiklərinizdən öz sevginizi əsirgəməyin. Sevgi hisslərinizi səxavətlə doğmalarınıza bəxş edin. Bu həm sizi, həm də doğmalarınızı xoşbəxt edəcək.
- "Hər şey məndə də olmalıdır" şüarından uzaq olmağa çalışın. Çünki sizin istəklərinizdən asılı olmayaraq Allah əməllərinizə görə layiq olduğunuzu özü müəyyənləşdirəcək.
- Çalışın ki, həyatınız sevgi və xoş münasibətlərlə zəngin olsun. Xoş hisslər və məhəbbət olan yerdə həmişə xoşbəxtlik də olur.
- Mərhəmət hissini qəlbinizdən əskik etməyin. Mərhəmətli insanları Allah həmişə dəyərincə qiymətləndirir.
- Sağlamlığınıza diqqət yetirin. Sağlam ruh xoşbəxtliyin açarıdır və hər bir insanın sağlamlığı Yaradanın əmanətidir.
- Ən başlıcası isə insanları dəyərləndirməyi bacarın. Ətrafınızda əməlisaleh olan insanları qiymətləndirsəniz, bu sizin mövqeyinizi müəyyənləşdirəcək və siz də insanlar tərəfindən layiq olduğunuz qiyməti alacaqsınız.
Korrektor: Əliyeva Aynur