Xoşbəxtlik Ücün Sadə Addımlar

0
3272
Xoşbəxtlik Ücün Sadə Addımlar

Xoşbəxtliyi qazanmaq hec də cətin deyil…Çətin olan xoşbəxtliyi qoruyub,saxlamaqdır…
Heç kim daim xoşbəxt ola bilməz.Çünki,xoşbəxtlik,kiçik zaman kəsimlərində yaşanan bir hissdir.Araşdırmalar göstərir ki,xoşbəxtliyə aşağıdakı amillər təsir edir:
- maddiyyat və yüksək nailiyyətlər.(bunlar sənin həyata baxışının formalaşmasına təsir edirlər)
- ailən,dostlarınla əlaqələrin və sevgi münasibətlərin/
- dövlət və yerli idarəetmənin,həmçinin сəmiyyətin səviyyəsi və s.
Bəs yaxşı,həyatımıza təsir edən və bizim xoşbəxt anlarımızın sayını azaldan müxtəlif problemlərə baxmayaraq,necə daha xoşbəxt ola bilərik?Müxtəlif araşdırmaların nəticələrinə əsaslanaraq,aşağıdakı nəticələrə gəlmək olar:
1.Optimist ol.
70-ci illərdə bir araşdırma qrupu lotereyada böyük məbləğdə pul udan şəxsləri,həyatlarını dəyişdirən o uduş günündən 1 il sonra taparaq, onların daha xoşbəxt olub-olmadıqlarını öyrənməyə çalışıblar.Nəticə kifayət qədər maraqlı olub:Onlar heç də lotereyada uduzan şəxslərdən daha çox xoşbəxt deyildilər.Bu hadisə bizə deməyə əsas verir ki,hər bir kəsin xoşbəxtliyinin müəyyən bir “neytral xoşbəxtlik səviyyəsi” var.Yaxşı yaxud pis,nə baş verməsindən asılı olmayaraq,xoşbəxtlik və məyusluq hissi müvəqqətidir.Bir müddət  sonra insan yenə o “neytral xoşbəxtlik səviyəsi”nə qayıdır.Amma bəzi insanların ilkin xoşbəxtlik səviyyəsi,digərlərindən daha yüksəkdir.Bu isə daha çox insanların genetikası və düşüncə tərzləri ilə bağlıdır.
-Hər günün sonunda gün ərzində başına gələn yaxşı hadisələri yadına sal.Məsələn,səhər metroda boş oturacaq tapmışdın; müəllimin bu gün kefi yerində idi və sənə yüksək qiymət yazdı,atan sənə ekstra “yolpulu” verdi; bu gün “O” sənə baxıb, gülümsədi; sənin sevimli komandan liqada 10-cu qələbəsini qazandı və s. İnan ki, bunları sadəcə xatırlamaq belə, sənin əhvalını kifayət qədər yaxşılaşdıracaq və sən bu günü özünün xoşbəxt günün kimi xatırlayacaqsan.
-Çalış ki,yarı-dolu stəkanı,yarısı boş kimi qiymətləndirməyəsən.Qarşılaşdığın hadisələrə müsbət yanaşmağı bacarasan.Başına gələn hər bir hadisənin müsbət tərəfini görməyə çalış. Necə deyərlər,“Hər şeydə bir xeyir var!”.Bəli,mütləq var…
-Arzuladığın şeylərin xəyalını qur.Özünü arzuladığın situasiyada təsəvvür et.Bu sənə daha motivasiyalı olmağa və uğura köklənməyə kömək edəcək.
-Hərəkətə keçməzdən əvvəl özünə sual ver:Özümü uğura yoxsa məyusluğa kökləmişəm? Yaxşı deyiblər:“Niyyətin hara,mənzilin də ora”…
Özünü ən yaxşılarla müqayisə edib,çatışmayan cəhətlərinə köklənməkdənsə,özündə olan müsbət keyfiyyətlərə köklən.Olduğun vəziyyətə şükür et və daha yaxşısı üçün əzmlə çalış.O zaman uğur və xoşbəxtlik daim özü səni tapacaqdır.Həyatdan zövq almağı öyrən!
2.Ürəyinin səsinə qulaq as.
Bir araşdırmada,2 qrupa onlara təqdim olunmuş müxtəlif posterlərdən birini seçərək evə aparmaq tapşırılır.1-ci qrup posterləri tək-tək analiz edərək,onların müsbət və mənfi tərəflərini qeyd etmiş və uzun sürən müzakirədən sonra çətinliklə qərara gələrək bir poster seçdiyi halda 2-ci qrup bu işi elə də qəlizləşdirməyib.Onlar sadəcə ürəklərinin səsinə qulaq asaraq onlara xoş gələn bir posteri seçiblər.2 həftə sonra hər iki qrupa seçimlərindən razı olub-olmadıqları soruşularkən,ürəklərinin səsinə qulaq asaraq seçim edən qrupun seçimlərindən daha çox razı olduqları qeydə alınmışdır.Doğrudur,həyatda qarşılaşdığımız qərarların çoxu poster seçmək qədər sadə olmur.Amma seçimlərin çoxluğundan qərar verə bilmədikdə,sadəcə ürəyinin səsinə qulaq as və seçim et.Ürəyinin səsinə qulaq asaraq etdiyin seçimdən çox da peşman olmayacaqsan.
-Sadəcə həyatına “3C”-ni tətbiq et.(3C-choices,chances,changes-seçimlər,şanslar,dəyişikliklər)
Amerikanlar bunu belə ifadə edirlər:“You just need to make a choice to take a chance, or your life will never change”(Sadəcə seçim edib,şansını yoxla,yoxsa həyatın heç vaxt dəyişməyəcək)
3.Sadə tələbatlarını qarşılamaq üçün biraz pul qazanmağa çalış.
Ərzaq,qalmağa yer və paltar – bunlar bizim sadə ehtiyaclarımızdı.ABŞ-da insanların yaxşı həddə yaşamaları üçün,tələb olunan orta stastistik məbləğ,1 il üçün 60.000$ təşkil edir (təxminən 47.000 manat).Baxmayaraq ki,Azərbaycanda bu məbləğ təxmini 5.000 manat kimi qiymətləndirilir,amma sizin ehtiyacınız olan məbləğ daha azdır:Aylıq təxminən 150-250 manat gəlirlə,sadə tələbatları ödəmək olur.Hətta bəlkə daha az məbləğlə.Bunda əsas məsələ çox pul qazanıb rahatlığa nail olmaq deyil.Əvvəldə qeyd olunan lotereya qaliblərini xatırlayırsınız? Daha çox pul onları xoşbəxtliyə qovuşdurmamışdı.Ona görə də əsas olan qazandığın pulun miqdarı deyil, əsas olan bu qazancın səndə özünə inamı və optimizmi artırmasıdır. Doğrudur, daha çox gəlirlə sən daha rahat yaşaya bilərsən.Amma rahatçılıq insanları tənbəlləşdirir. Tənbəllər isə xoşbəxt insanlar deyillər.Ona görə də “rahatlıq çərçivəsindən” çıxaraq özünü şəxsi inkişafa yönəlt.
4.Bədənini xoşbəxtliyə köklə.
Ola bilsin ki,bu bənd qəribə səslənə bilər,amma unutma ki,xoşbəxt olmaq yalnız optimizm, düşüncə tərzi və digər bu kimi beyinlə əlaqəli faktlarla bağlı deyil.Necə deyərlər,yalnız beynin deyil,bədənin də xoşbəxtliyi hiss etməyə layiqdir.Alimlər idmanı,dietaları və müntəzəm yuxu kimi vacib faktorları xoşbəxt qalmaq üçün əsas punktlardan hesab edirlər.Doğurdan da,sağlam ruh,sağlam bədəndə olur.
Fiziki cəhətdən aktiv olan insanlarda coşğu və sevinc hissi,enerji,həvəs daha artıq olur. Müəyyən edilmişdir ki,fiziki fəallıq nəticəsində beyin endorfin adlı kimyəvi maddəni azaldır və nəticədə insanın əhvalı yüksəlir.
Düzgün qidalan.Sağlam məhsullar – meyvə və tərəvəz,az yağlı ət və proteinli məhsullar,göyərti və s.– bədənə zərər vermədən onu qidalandırır və sağlam qalmaq üçün lazım olan enerji ilə təmin edir.Alimlər belə qənaətə gəliblər ki,qeyri-sağlam dietalar – xüsusilə karbohidratlı,şəkərli və həmçinin GDO-lu (Geni Dəyişdirilmiş Orqanizmlər-GDO) qidalar istifadə olunduqda,müxtəlif beyin xəstəliklərinə,həmçinin depressiyaya səbəb ola bilir
Yuxusuz qalma.Araşdırmalar onu deməyə əsas verir ki,gündəlik normal şəkildə yuxunuzu alsanız,bu sizi az yatıb amma çox pulunuz olmağından daha xoşbəxt edəcək.İnsanın yuxuya olan tələbatı müxtəlif mənbələrdə 6 saatdan-10 saata kimi göstərilir.Amma burada bir məqama diqqət etmək lazımdır.Əsas olan çox yatmaq deyil.Əsas olan odur ki,siz rahat yerdə yatasınız və dərin yuxuya dala biləsiniz.Yuxunuzu tam ala bilmək üçün,rahat yerdə 6 saat yatmaq, narahat yerdə 10 saat yatmaqdan yaxşıdır.
5.Ailənizə və dostlarınıza daha yaxın olun.
Söhbət həm fiziki, həm də mənəvi baxımdan yaxın olmaqdan gedir.Onlara yaxın olmaq üçün, daha yaxın ərazidə qalmağınız daha məsləhətlidir.Belə olduqda,onları daha tez-tez görə bilərsiniz.Amma bu mümkün deyilsə,o zaman onlarla daha sıx əlaqədə olmağa,onlarla maraqlanmağa çalışın.Ola bilsin ki,ailə və dostlarınızdan uzağa daha çox pul qazanmaq üçün, yaxud təhsil almaq üçün getmisiniz.İstənilən halda,onları unutmayın.Çünki siz mütləq onlara ehtiyac hissi duyacaqsınız.
6.Mərhəmətli olun.
Mərhəmətli olmaq deyərkən,yalnız dilənçiyə pul verməyi nəzərdə tutmuram.Əksinə,əsl ehtiyac sahiblərindən söhbət gedir…
-Təsvirləri müşahidə edən insanların beyinlərində araşdırma aparan alimlər müşahidə ediblər ki,yardım edilən insanların sevinclərini müşahidə edərkən,insan beynində daha çox xoşbəxtlik siqnalları formalaşır.
-Çalışın hər zaman ətrafınızdakı insanları daha yaxşı vəziyyətə gətirmək üçün effektiv yollar tapasınız.Siz belə addımlar atarkən,mənəvi rahatlıq tapacaqsınız və özünüzü daha çox xoşbəxt hiss edəcəksiniz.
-Heç zaman unutmayın ki,yaxşılıq etmək,düşündüyümüzdən də asandır.
7.Dərin və mənalı söhbətlər edin.
Arizona Universitetinin Psixologiya fakültəsinin araşdırmaçıları tərəfindən müəyyən edilmişdir ki,dostlarla dərin və mənalı söhbətlər etmək,ayaqüstü və qısa söhbətlərlə müqayisədə insana daha çox mənəvi zövq verir və xoşbəxtlik hissini artırır.Dərin söhbətlər edərək,siz bir növ beyninizdə gizli qalmış fikirləri üzə çıxarır,onları dostlarınızın fikirləri ilə daha da təkmilləşdirirək mənəvi kamilliyə yaxınlaşırsınız.Həmçinin belə söhbətlər“ürəyini boşaltmaq” üçün əla şansdır. Belə söhbətlər sizi kamilliyə aparacaq və özünüzü daha xoşbəxt hiss edəcəksiniz.
8.Sahib olduğun işdə xoşbəxtliyi tap:
İnsanları çoxu onların həyatlarını kökündən dəyişdirəcək işin ümidi ilə yaşayırlar və düşünürlər ki,məhz bu işə sahib olduqdan sonra onlar istədikləri səviyədə xoşbəxt olacaqlar.Amma araşdırmalar göstərir ki,insanların optimizm səviyyəsi və ailə,sevgi münasibətlərinin keyfiyyətindən asılı olaraq yaranan xoşbəxtlik hissi,işin verdiyi xoşbəxtlik hissini üstələyir.
Əgər sən müsbət düşüncəlisənsə,o zaman sən istənilən işi görməkdən zövq alacaqsan və tezliklə yüksələcəksən.Yaxud da əgər sənin yaxşı ailə və sevgi münasibətlərin varsa,xoşbəxt olmağın hansı işdə olmağından asılı olmayacaq.Əsas olan odur ki,sən xoşbəxtliyin nədə olduğunu düzgün anlaya biləsən.Əgər yaxşı işin yoxdursa,oxuduğun universitetdən narazısansa,o zaman həyatındakı digər müsbət şeylərə köklən.Onlar səni xoşbəxt edəcəklər.
9.GÜLÜMSƏ .
Elm sübut etmişdir ki,insan gülümsəyərkən,onun xoşbəxt olub-olmamasından asılı olmayaraq, əhvalı yüksəlir. Ona görə də bacardığın qədər çox gülümsə! Çünki təbəssüm xoşbəxtliyi cəzb edir! Maraqlı bir faktı qeyd etmək istərdim:Ağrılı proseduralar zamanı (məsələn iynə vurulduqda) gülümsəyən insanlar,üzlərini turşudan,yaxud ciddi duran insanlara nisbətdə daha az ağrı hiss edirlər.
Həmçinin bu yaxınlarda oxuduğum bir məqalədə belə fakta rast gəlmişdim:İnsanın özünü ən çox xoşbəxt hesab etdiyi yaş dövrü hansıdır sualını versəm,yəqin ki,hər kəs “Uşaqlıq!” cavabını verərdi.Bəli,bu doğurdan da belədir.Uşaqlar özlərini böyüklərdən dəfələrlə xoşbəxt hiss edirlər. Heç də təsadüfi deyil ki,bir uşaq gün ərzində təxminən 300 dəfə gülür,orta yaşlı insan isə, təxminən 15 dəfə.Əlavə şərhə ehtiyac belə yoxdur…
Təbəssüm haqqında rast gəldiyim digər bir fikir isə belə idi:Biz xoşbəxt olduğumuz üçün gülümsəmirik,gülümsədiyimiz üçün xoşbəxtik…
Siz də gülümsəyin… Elə indi… Bu yazını oxuya-oxuya.. :) Təbəssüm sizə yaraşır :)
10.İnsanları bağışlayın.
Bəli,xoşbəxt olmaq üçün,bağışlamaq lazımdır.Araşdırmalar göstərib ki,bağışladıqda insanlarda mənəvi rahatlıq yaranır və sanki bədən öz üzərindən ağır bir yük atır.Bu rahatlama hissi isə stressi azaldır.Nəticədə sizin ürəyiniz sakit olur və xoşbəxt olmağınıza mane olan bu faktor aradan qalxmış olur…
11.Dostlar qazanın.
Yəqin ki,bu haqda izahat verməyə belə ehtiyac yoxdur.Çox insan özünü məhz yaxın dostlarının ətrafında olduqda xoşbəxt hiss edir.Dostlarıyla fikirlərini bölüşərkən,insanlar üzərilərindəki yükləri atırlar,sevinclərini bölüşürlər,deyib-gülürlər…Xoşbəxtlik də elə bunlardan formalaşmırmı?...
Dostlar qazanın… Çoxlu dostlar…
Belə…11  addımda xoşbəxtlik..  Əlbəttə, bu yazını oxuyan kimi,həyatınızda möcüzə baş verməyəcək.Amma sizə əmin edirəm ki,tətbiq etsəniz,nəticəyə özünüz də heyran qalacaqsınız.

 

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN