Yaşının yarım əsrə yaxınlaşmasına baxmayaraq Rebeka Vanderberqin incə bədəni, gənclik təbəssümü və canlı danışıq tərzi vardır. Onun mavi və enerji saçan gözləri insanın içindəki quru buludları asanlıqla dağıdır. Başqalarından da tez-tez eşitdiyimiz "daxili güc, enerji, qorxu, təhtəlşüur və eqo" kimi sözlər onun ağızında daha da inandırıcı səslənir. İstanbula gəldiyi zaman Vanderberqlə görüşdük və bu fürsəti dəyərləndirərək ondan xoşbəxtliyin reseptini istədik. Açıqlamalarına diqqət yetirilərsə, bu düstur həmişə olduğu kimi çox sadə və əlimizin altındadır.
Rebeka Vanderberqi, Hande Bermek Başoğlu kəşf etmişdir. Hande şirkətdə atası Ayxan Bermeklə işləyən bir iş qadını olmasına baxmayaraq çox erkən yaşlardan bəri spiritualizm (ruhlar haqqında elm) və fərdi inkişaf mövzuları ilə də məşğul olur . İki il əvvəl İnternetdə araşdırma apararkən Vanderberq ilə tanış olmuş və bir müddət yazışdıqdan sonra onun Türkiyəyə gəlməsinə səbəb olmuşdur.
Təxminən 8 il əvvəl qəfil bir qərarla Avstraliyadan Los Ancelesə köçən Vanderberq ixtisasca jurnalistdir. Eyni zamanda o, bir ünsiyyət və dil ustasıdır. Amerikaya köçdükdən sonra birlikdə yaşadığı bir heykəltəraş mənzil yoldaşı istisna olmaqla, bu ölkədə başqa bir Allah qulunu tanımırdı. Amma çox keçmədi ki, o, insanlar tərəfindən sevildi və məşhur bir fərdi inkişaf mütəxəssisi oldu. Hətta, Bon Jovi kimi məşhurlarla da işlədi. Uzun illər IBM və Sony kimi şirkətlərə xidmət etdi, ancaq indi daha çox fərdi işlər görməyə üstünlük verir.
Vanderberqin İstanbuldakı proqramı dolu idi.Elə gün olurdu ki, 10 adamla seans edirdi. Bu seanslar çox zəhmət tələb edirdi və hər biri ən az bir saat keçirilirdi. Aralarında məşhur, nüfuzlu və zəngin isimlərin da olduğu pasientlərin bəziləri seansı göz yaşları içində tamamlayırdı. İnsan bəzən pulun əsiri olur və pulu necə qoruyacağını düşünmək isə bədbəxtliyin mənbəyidir.
Rebeka Vanderberqin şüarı belədir : “Həyatımı seçirəm və sevirəm"
O bizə məsuliyyətimizi ədalətlə boynumuza götürsək problemlərimizi həll edə biləcəyimizi və xoşbəxt ola biləcəyimizi söyləyir. Qısası, öz xoşbəxtliyimiz başqalarının deyil məhz öz əlimizdədir. Bu sözləri və bunlara bənzərlərini biz tez-tez başqalarından eşitmişik, ancaq bu ifadəni hələ kiçik yaşlarında xərçənglə mübarizə aparan anasına və kiçik qardaşına baxmaq məcburiyyətində qalınca həyatı dəyişən bir qadından eşitdikdə daha inandırıcı görünür. Həyatı necə dəyişdi deyə sual verə bilərsiniz. Onun həyatı Sufizmdən “NLP”-yə,“Gestalt Terapeyası”ndan ailə serialına qədər yazılmış nə varsa “yalayıb udaraq” dəyişdi. Nəhayət ki, öz sintezinə çatdı və öz yolunu tapdı.O,“həyat bir səfərdir”- ifadəsini də tez-tez təkrarlamağı sevir.
QORXULARINIZLA UZLAŞIN !
"İnsanların əksəriyyəti qaranlıqda yaşamağı seçir. Burada ən pis nüans isə yarı yuxulu bir süstlük halında yaşamağa davam etməkdir. Halbuki qorxularınızla üzləşməyi bacarsanız həyatınızdakı düyünlər açılacaqdır, ancaq bunun üçün mübarizə etmək lazımdır. Qorxularınız həqiqi deyil, yalnız qarabasmalardır" - deyən Vanderberq, özünü həyat koçundan çox "spirituel koç" olaraq təyin edir və bizim ən sıx təkrarladığımız səhvin, "keçmiş və gələcək üçün duyduğumuz qorxu" olduğunu söyləyir. "Halbuki içində olduğumuz vaxtı yaşayaraq, zamanı genişləndirmək mümkündür. Əgər, bütün diqqətinizlə yaşadığınız ana köklənsəniz, zaman sanki bir okeana çevrilər. Sahib olduqlarımızın qədrini bilmədikdə çox şeyi əldən qaçırır və peşmanlıqla özümüz-özümüzə qəm çəkdiririk. Ancaq gözəlliklərə dəyər verib, şükr etmək bizim xoşbəxtliyimizi təyin edir."
Vanderberqə görə xoşbəxt olmaq sanıldığından daha asandır,hətta o qədər asandır ki, insanlara bu düsturun sadəliyini heç cür başa salmaq olmur. Halbuki həyatınızı hər hansı bir nöqtədə dəyişmək üçün, kiçik bir istək duymanız belə kafidir. Ancaq bunun ürəkdən gələn həqiqi bir istək olması şərtdir. Bu şəkildə ən ümidsiz vəziyyətlərdən çıxmaq belə mümkündür.
Ağılınıza məşhurlar və zənginlər bizdən daha xoşbəxtdirmi, deyə bir sual gələrsə, cavabı budur: "Heç də elə deyil. Az qala, onlarla eyni dərdlərə mübtəlayıq, yalnız, onlar bizdən daha paranoyakdırlar" - deyir Vanderberq. Sağlamlıq, artıq çəki, əlaqələr, pul və statusla əlaqədar narahatlıqlar da onların ən çox qarşılaşdığı problemlərdir.
Paranoya - həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıqdır. Bu söz yunan dilində paranous "dəlilik" mənasını verir (para-çöldə; nous- ağıl)
RUHİ TƏRAVƏT ÜÇÜN BƏZİ MƏSLƏHƏTLƏR
-Gününüz səhər qalxdığınız zaman deyil, gecə yatdığınız vaxt başlayar. Yastığa başınızı qoyduğunuz an, arxada qoyduğunuz günü nəzərdən keçirin və özünüzü pozitiv bir şəkildə yenidən hazırlayın.Təhtəlşüur uşaq kimidir, bəzi şeyləri bezib usanmadan təkrarlamalısınız.
- Sizi daim mühakimə edən və tənqid edən daxili səsiniz əslində eqonuzdur.Onu susdurmaq çox çətindir,amma heç olmasa ciddi qəbul etməyin. Məsələn “eqo”nuzun “Mikki Mauz” səsiylə danışdığını xəyal edə bilərsiniz.
-Güzgünun qarşısında dayanın, özünüzü sevdiyinizi söyləyin və sizi ruhlandıran cümlələrlə günə başlayın.Dediklərimiz, beynimizə və sinir sistemimizə təsir edir. Sərf etdiyiniz hər söz, bir heykəltəraş kimi həyatınızı formaya salacaqdır.
-İçinizdə nə qədər böyük və sonsuz bir güc olduğunu təxmin edə bilməzsiniz. Onu hərəkətə gətirmək üçün əlinizdən gələni edin. Bu güclə əlaqə yarada bilsəniz daha çox enerjili olarsınız,üstəlik daha çox əylənəcəksiniz.
-Özünüzü motivasiya edin. Motivasiya üçün təkcə başqalarından asılı deyilsiniz.Başqa biri olmadan da özünüz hər şeydən və hər kəsdən ilham ala bilərsiniz.
Tərcümə: "Cazibə Qüvvəsi" Fərdi İnkişaf Jurnalı
Korrektə etdi:Günel İbadova