Təfəkkür Nədir

0
5077
Təfəkkür Nədir

Duyğu və qavrayış səviyyəsində cisim və hadisələrin mahiyyətinə var-maq, onlar arasındakı ən ümumi, vacib və zəruri cəhətləri əks etdirmək mümkün olmur. Yaxud əksər hallarda bu cür əməliyyat aparmaq əlverişli olmur. Ona görə də cisim və hadisələrin mahiyyətinə varmaq, onlar arasındakı ümumi, zəruri əlaqələri tapmaq, əməliyyat aparmaq başqa bir psixi prosesin yaranmasına səbəb olur. Bu isə təfəkkür prosesidir. Təfəkkür cisim və hadisələrin, onlar arasındakı əlaqə və asılılıqların ümumiləşmiş və vasitəli inikasından ibarət olan psixi prosesdir.
Təfəkkürün duyğu və qavrayışdan fərqi ondan ibarətdir ki, duyğu və qavrayış bilavasitə inikasdır. Təfəkkür isə vasitəli inikasdır.
 
Təfəkkür və şüurun ümumi cəhəti ondan ibarətdir ki, hər ikisi beynin məhsuludur, varlığı əks etdirir. Fərqləndirici cəhəti ondan ibarətdir ki, şüur ideal inikas kimi yalnız və yalnız ictimai insana məxsusdur. Şüur münasibətdə olan münasibətin inikasıdır. Təfəkkür daha qədim tarixə malikdir. Təfəkkür varlığın inikasının ali səviyyəsidir. Təfəkkür — obyektiv varlığın vasitəli, ümumiləşdirilmiş, nitqin köməyilə daha dəqiq inikasından ibarətdir.
Təfəkkürün əsas keyfiyyətləri aşağıdakılardır:

1. Təfəkkür obyektiv varlığın vasitəli inikasıdır (cismin temperatur xassələrinin təyin edilməsi).Təfəkkür obyektiv varlığın ümumiləşmiş inikasıdır (ayn-ayrı hallardan ümumi hala keçmək).
2. Təfəkkür digər psixi proseslərdən fərqli olaraq, varlığın daha dəqiq, daha düzgün inikasıdır.
3.Təfəkkür obyektiv varlığın nitq vasitəsilə inikasıdır. Nitqsiz təfəkkür yoxdur. Təfəkkürsüz nitq var.
 
Hər bir psixi proses antogenetik inkişafda inkişaf dinamikasına malikdir. Belə ki, təfəkkür də digər psixi proseslər kimi fərdi inkişafa malikdir. Təfəkkürün inkişafı haqqında müxtəlif yanaşmalar var. İsveçrəli Jan Piaje qeyd edir ki, təfəkkür öz inkişafında 4 əsas mərhələni keçir. I — sensomotor — hissi — hərəki mərhələdir. Bu mərhələdə təfəkkürün inkişafı əsasən nitqin inkişafı ilə paralel getməyə başlayır. Ayrı-ayrı hərəkətlər vasitəsilə uşaq fikirləşməyə başlayır. II — əməliyyatlara qədərki mərhələ adlanır. Bu mərhələdə demək olar ki, uşaq müəyyən əməliyyatlara başlayır. Burada nitqlə təfəkkürün inkişafı fərqlənir. Nitq təfəkkürü üstələyir. III — konkret əməliyyatlar mərhələsidir. Burada uşaq bir qədər mücərrəd düşünməyə başlayır. IV — formal əməliyyat mərhələsidir ki, insan abstrakt düşünməyi öyrənir.
Təfəkkürün xarakterik xüsusiyyətlərindən biri də onun nitqlə əlaqədə, vəhdətdə olmasıdır. İnsan daim sözlər əsasında fikirləşir. Həm nitqin, həm də təfəkkürün əsasını ikinci siqnal sistemi təşkil edir. Lakin nitq təfəkkür prosesinin özü deyil.
 

ŞƏRH YAZIN