Dolce&Gabbana Markası Necə Yarandı?

0
7503
Dolce&Gabbana Markası Necə Yarandı?

İki məşhur italyan dizayner Domeniko Dolçe və Stefano Qabbano tərəfindən yaradılan lüks geyim brendi Dolce & Gabbana yaxın keçmişdə - 1994-cü ildə yaranmasına baxmayaraq, o, aksesuar, ətir, uşaqlar üçün geyim kolleksiyasına və hətta Citroen С3 LimitedEdition dizayner modelinə sahibdir. 

Domeniko Dolçe və Stefano Qabbano bu brendi qeyri-rəsmi, “küçə geyimi” üslubunda hazırlamışdı və onun fəlsəfəsi dəbə qarşı qeyri-ciddi yanaşma ilə seçilirdi.

D&G brendinin Domeniko Dolçe – alçaqboy, tənbəl və astagəl, həmişə gülər yaşıl gözlərə sahibdir. O, 13 avqust 1958-ci ildə Siciliyanın paytaxtı Palermoda anadan olub. Ailə Siciliya ailə adət-ənənələrinə ciddi şəkildə sadiq qalırdı – atanın sözünü qılınc belə kəsə bilməzdi. Dolçeni ailəsi ərköyün böyütməmişdi ,yeni oyuncaq və geyimlər nadir hallarda alınırdı. Yalnız bazar günləri, o kilsəyə getmək üçün bayram əhval-ruhiyyəli dar, yun kostyumunu geyinərdi.

6 yaşından etibarən Domeniko artıq atasına atelyedə kömək edirdi. Hələ uşaq vaxtından ölçüb-biçmə işlərində o qədər məharətli idi ki, gözübağlı kişi pencəkləri üçün qol tikə bilərdi. Yaxınları onu tikişdəki bu məharətinə görə Motsart adlandırırdı. Əylənmək üçünsə parça qalıqlarından miniatür geyim və kostyum modelləri düzəldirdi.

Artıq böyümüş Domeniko adətə uyğun olaraq atasının ailə biznesini davam etdirməli idi. Lakin o, başqa cür edir, məktəbi bitirdikdən sonra universitetə daxil olur. Bir il təhsil aldıqdan sonra oranı ataraq, incəsənət məktəbinə daxil olur. Təhsilini bitirdikdən sonra Milana yollanır.

Stefano Qabbano – tamamilə əks xarakterlidir – qonurgöz, hündürboy, arıq və çox söhbətcil. O, 14 noyabr 1963-cü ildə Şimali İtaliyada – Milanda anadan olub. Siciliyadan fərqli olaraq burada o qədər də ciddi adət-ənənələr hökm sürmürdü, buna görə də o, natamam ailədə tərbiyə almışdı. Stefano Milanın ən məşhur və zəngin stilistlərindən birinin nigahdan kənar oğlu idi. Onu ailəsi maddiyat cəhətdən əziyyət çəkmirdi, elə buna görə də Stefano üçün dəblə geyinmək çətinlik törətmirdi. Stefano hər mövsümün əvvəlində yeniyetmələr üçün ekstravaqant və rəngarəng geyimlər təqdim edən “Fioruççi” mağazasından ən dəbli geyimləri satın alırdı. Modelyer bildirir ki: “Mən heç fikirləşməzdim ki, geyimlərin hazırlanması şəxsi biznesimə çevriləcək”.

Stefano uşaqlıqdan rəsmlə məşğul olurdu, belə demək olarsa, “əlində karandaşla böyüyüb”. Daha sonra o, Milanda incəsənət kollecinin qrafika və dizaynerlik bölməsində təhsil alır və rəssam-qrafik kimi işləyirdi. Kolleci “Kreativ direktor” ixtisası ilə bitirməsinə baxmayaraq bu sahədə heç bir gün də işləmədi. Onu tamamilə başqa imkanlar cəlb edirdi.

Gələcəyin məşhur dizaynerləri köməkçi kimi işlədikləri Milan atelyelərindən birində tanış olmuşdular. İlk baxışdan həm mənsub olduqları təbəqə, həm də ailə tərbiyəsinə görə tamamilə fərqlənən bu iki insan bir çox ortaq cəhətlər tapdılar. Məsələn, onlar aydınlaşdırdılar ki, hər ikisi barokko epoxası və 1950-60-cı illərin klassik italyan kinolarının vurğunudurlar. Hazırda isə onları yaradıcılığa Viskonti, De Sika, Roberto Rosselini, Sofi Loren, Cina Lollobricida, Anna Manyani kimi sevimli rejissor və aktrisalar ilhamlandırır. Onda gənclər birgə səylə özlərini moda dünyasında sınamaq qərarına gəldilər. Bu yaradıcı tandemin nəticəsi olaraq artıq 20 ildir ki, onlar modanı yaradır və İzabella Rosselini, Madonna, Demi Mur, Nikol Kidman kimi dünya şöhrətli ulduzlar onların geyimlərini üstün tuturlar.

1982-ci ildə tərəfdaşlar Milanda ortaq işlətdikləri balaca bir studiya açırlar, ilk kolleksiyalarını yaradıb, maliyyələşdirirlər. Təbii ki, bir sıra maliyyə çətinlikləri də olurdu. Məsələn, ilk kolleksiyalarının dəfiləsi heç də standart olmayan məkanda – Milan kafelərindən birində baş tutmuşdur. Onlar 1985-ci ildə MilanoCollezioni dəfiləsində gənc istedadlar kimi çıxış etmək üçün dəvət aldılar. Onların kolleksiyalarının uğuru səs-küyə səbəb oldu, modelyerlər “əsl qadın – gözəl, güclü, amma ideal olmayan” qadın üçün geyimlər təqdim etdilər. 1986-cı ildə Dolçe və Qabbano öz kolleksiyalarını RealWoman şousunda nümayiş etdirirlər. 1987-ci ilin martında isə onlar ilk dəfə trikotaj geyimlərini təqdimatını keçirdilər. 1989-cu ildə isə geniş ictimaiyyət üçün ilk çimərlik geyimi kolleksiyası təqdim edildi.

Modelyerlərin yaradıcı uğuru işin kommersiya tərəfində də öz əksini tapmağa başladı – 10 il ərzində onlar balaca bir atelyedən milyard dollarla mənfəət gətirən dünya şöhrətli ticarət markasına çevrildi. 1987-ci ildən etibarən onlar Milan və Nyu-yorkda “show-room”-lar açaraq, daha da genişlənirdilər. Elə həmin ilin avqustunda onlar ilk mağazalarına sahib oldular. 1988-ci ildə isə OnwardKashiyamaGroup ilə müqavilə bağlayan modelyerlər, öz geyimlərini Yaponiyada satmağa başlayırlar. Ardından, 1988-ci ildə GennyGroup-dan gələn maliyyə dəstəyi onlara nəinki Milanda, hətta Honq Konq, Sinqapur və Seulda şəxsi butik açmağa imkan verdi. Hazırda dünyanın 80 ölkəsində D&G və ya Dolce&Gabbana şirkət nişanı ilə mağazalar fəaliyyət göstərir.

1990-cı ildən başlayaraq, modelyerlər kişilər üçün “çalışmağa” başladılar və özlərinin ilk kişi geyimi kolleksiyasını hazırladılar. Güclü cinsin nümayəndələri Dolce&Gabbana üslubunu yüksək qiymətləndirdi. Iqqi Pol, Vudi Harelson və Sting kimi ulduzlar onlardan geyinməyə başladılar. Axırıncı hətta onların geyimində Quadrophenia filmində çəkilmişdir.

Onların məşhurluğu getdikcə artır, 1990-1994-cü illər ərzində onlar Complice-da məsləhətçi kimi fəaliyyət göstərirlər. Tədricən fəaliyyət dairəsi genişlənirdi. 1992-ci ildə Dolçe və Qabbano markalarının ilk ətrini nümayiş etdirirlər, onlar çox da düşünməyərək ətri Dolce&GabbanaParfum adlandırırlar. Ətir 1993-cü ildə beynəlxalq səviyyəli Parfume Academy tərəfindən mükafata layiq görüldü.

Elə 1993-cü ildə onlar hər ikisinin sevimlisi olan Madonnanın dünya turnesi üçün kolleksiya hazırlayırlar. Onlar Madonna haqqında “bizim dost, ilham mənbəyi və heyranedici qadın” kimi danışırdılar. Doğrusu, tanınmış pop müğənni üçün hazırlanmış səs-küylü kolleksiya ilə onların bir sıra problemləri də çıxdı. Onlar öz kumirləri üçün az bir müddətdə - iki aya rekord sayda 1500 kostyum hazırlamışdılar. Bundan əlavə onların əksəriyyəti əl ilə tikilmiş və bəzədilmişdir. Kolleksiya sifarişçiyə təqdim edilərkən məlum olmuşdu ki, qonorarın məbləği müqavilədə qeyd olunmayıb. Belə çıxır ki, modelyerlər işıq sürəti ilə çalışıblar. Lakin modelyerlərin özləri belə bir vəziyyətdə dilxor olmamışdılar, onlar öz müsahibələrində bildirmişdilər: “Yəqin ki, biz ona görə öz əməyimizin dəyəri haqqında fikirləşmirik ki, çoxdan xərcləyə biləcəyimizdən qat-qat artıq pul qazanmışıq”.

1994-cü ildən etibarən kolleksiyaya cins geyimlər, aksesuar və eynəklər daxil edilir. Həmin ildə D&G özünün ilk gənclər üçün kolleksiyasını hazırlayır. Həmin vaxtdan dünyanın bütün gəncləri bu geyim üslubuna üstünlük verməyə başladılar. Marka o qədər məşhurlaşmışdı ki, firma nişanın saxtaları dünyanın bir sıra ölkələrində adi hala çevrilmişdi. Bizim küçələrdə çox tez-tez ucuz bazarlardan alınmış Dolce&Gabbana-dan geyinmiş insanlara rast gəlmək olar. 1996-cı ildə dizaynerlər əfsanəvi AnimalPrints kolleksiyasını yaradırlar və bu, moda dünyasında “heyvani” koloritlərin yayılmasına səbəb oldu.

Modelyerlərin il ərzində təxminən otuz kolleksiya hazırlamalarına baxmayaraq, onların hər birində moda dünyasında yenilik adlandırıla biləcək tapıntılar olur. 1990-cı ilin yaz/yay kolleksiyası ən yaxşı hesab olunur – məhz həmin vaxtda qara büstye paltarlar təqdim olunmuşdu. Modelin müəllifləri yaratdıqları geyimi belə qiymətləndirmişdilər: “ Bu geyimi Dolçe və Qabbanonun üslubunun kvintessensiyası saymaq olar. Biz müqəddəslik və günahkarlığı birləşdirməyi sevirik. Yuxarı hissənin korset formasında olması günahı, əl işi qara şal isə sadəlövhlüyü ifadə edir”. 1995-ci ildə dünyanı fəth etmiş lady-like üslubu yarandı.

Podiumda ciddi qara kostyum geyinmiş manikenlər səliqəli saç düzümləri ilə nümunəvi qız obrazı yaratmışdılar. 1996-cı il yaz/yay kolleksiyasında isə ilk dəfə olaraq, kaftan-paltarlar nümayiş etdirilmişdi. Döşəməyə qədər uzanan qara, qolsuz və yanlardan yarıq, kopuşon paltarlar isə şərflə bəzədilmişdir. Bu paltar hamının o qədər xoşuna gəlmişdi ki, Avropa, Amerika və Avstraliyadan 650 mağaza bu kaftan-paltarları sifariş etmişdi.

Dizaynerlər özünüifadə üçün həmişə yeni imkanlar axtarırlar. 2002-ci ildə Boloniyada keçirilən “Motor Show” sərgisində Dolce&Gabbana markası adı altında CitroёnC3 modeli satıldı. Bu modelin uğurundan sonra Modalar evi və avtomobil konserni C3 və C3 Pluriel eksklüziv modellərini istehsal etmək üçün müqavilə bağladılar. Maşının salonu Swarovski firmasının brilliantları ilə bəzədilmişdir, bəzəklər üçün isə D&G-ın yüksəkkeyfiyyətli dərisindən istifadə olunmuşdu.Bundan başqa, maşın funksionallıq cəhətdən deyil, aksesuarlarının bahalılığı ilə seçilirdi.

Domeniko Dolçe və Stefano Qabbano həmişə ünsiyyətə açıq və səmimi insanlardırlar, öz yaradıcı fikir və şəxsi həyatlarını heç kimdən gizlətmirlər. “Biz müxtəlif yuxular görə, fərqli arzu və istəklərə sahib ola bilərik. İlk baxışdan onlar əhəmiyyətli dərəcədə fərqlənsə də, biz istənilən ziddiyyəti aradan qaldırıb, eyni qərara gəlib çıxırıq – bəzən bu gözlənilməz, amma yeganə çıxış yolu olur”.
 
Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN