Düşüncə Dildən, Dil Də Düşüncədən Asılıdır...

0
3750
Düşüncə Dildən, Dil Də Düşüncədən Asılıdır...

Ötən əsrin 70-ci illərində Amerika futuroloqları dünyada  gedən prosesləri,elm və texnikanın sürətli inkişafını və sair faktları təhlil edərək belə qənaətə gəldilər ki, XXI əsr psixologiya əsri olacaqdır.Həyat sübut etdi ki,həmin futuroloqlar öz dediklərində yanılmayıblar.Çünki əsrlər boyu hər bir elm sahəsini öyrənən,hər şeyə yetərincə vaxt ayıran insan,nəhayət. başa düşdü ki, bu həyatda ən öyrənilməyə ehtiyacı olan elə onun özüdür.İnsanı isə əsaslı şəkildə öyrənə biləcək,onun ruh dünyasınıa işıq salacaq,etdiyi hərəkətlərin səbəblərini araşdırıb doğru-düzgün cavab verəcək bir elm sahəsi varsa,o da psixologiya elmidir.

Son vaxtlar psixologiya çox sürətlə inkişaf etməklə yanaşı,indiyə kimi diqqət edilməyən bir çox sahələri də öyrənməyə başlayıb.Bu mövzulardan biri də insanın düşüncə,dil və yaşamındakı əlaqəlilik prinsipidir.

Müasir tədqiqatlar sübut edir ki,düşüncə və dil,düşüncə və sağlamlıq,düşüncə və yaşam arasında çox sıx əlaqə vardır.Yəni sağlam düşüncə,sağlam bədən və sağlam nitq bütöv şəxsiyyətin əsas göstəricisidir.Sağlam və pozitiv düşüncə sahibləri hər zaman sağlam həyat tərzinə,gözəl danışıq qabiliyyətinə sahib olan və həyatda uğur qazanan insanlardır.Əksinə,ruhu xəstə olan,hər zaman neqativ düşüncəyə malik olan insanların nitqi qüsurlu,yaşam səviyyəsi çox aşağı olar.Gözəl nitq,bəlağətli danışıq ancaq işıqlı düşüncənin və  pozitiv ovqatın göstəricisidir.Bu məsələyə ta qədimdən böyük filosoflar,yazıçılar,söz və fikir adamları da diqqət etmiş və öz fikirlərini bildirmişlər.
Böyük rus yazıçısı A. P. Çexov “Vanya dayı” pyesində həkim Astrovun dili ilə deyirdi:”İnsanda hər şey gözəl olmalıdır:onun sifəti də,geyimi də,qəlbi də,düşüncələri də”.Yəni gözəllik,harmoniya vəhdətdə ola bilər.

İnsanı ilk dəfədən tanıdan,onu qismən də olsa xarakterizə edən xarici görünüşü olsa da,əsas onun haqqında fikir yaradan onun danışığıdır.Danışmayan insanı tanımaq çox çətindir,axmağı ağıllıdan ancaq o danışandan sonra fərqləndirmək olar.Hələ qədim yunan filosofu Sokrat deyirdi ki,“Danış səni görə bilim.”
Dil danışıq,həm də,insanın hansı əqli,mədəni və psixoloji səviyyədə olmasının göstəricisidir. Nahaq yerə Həzrəti Əli (598-661) demirdi ki: “Dil insanı ölçmək üçün vasitədir.Danışın ki, tanınasınız.Çünki insan öz dilinin altında gizlənmişdir”.Deməli,bizim danışığımız ümumilikdə bizim dünyagörüşümüz,intellektimiz,həyata baxışımız haqqında,həmin anda isə daha çox hansı psixoloji ovqatda,əhval-ruhiyyədə və düşüncədə olmağımızdan xəbər verir.Ziqmund Freyd demişkən, “kimin nəyi ağrıyırsa,ondan da danışmağa çalışır.”

Buddizm fəlsəfəsində deyilir ki,insan ən çox enerjisini danışarkən itirir,yəni bir saat mühazirə aparan müəllim bir saat fiziki işlə məşğul olduğu vaxtdan daha çox yorulur.Ona görə bir çox dini və fəlsəfi cərayanlarda insanın kamilləşmə yollarından biri kimi onun tənhalığa çəkilməsi,insanlardan uzaq bir yerdə danışaraq yox,düşünərək ruhunu təmizləməsi göstərilir.
 
Hər bir insan,xüsusilə,auditoriya qarşısında çalışan,insanlarla daim ünsiyyətdə olan müəllim, həkim və s. gözəl nitqə,səmimi danışmağa sahib olmalıdır.Sirr deyil ki,çox vaxt şagirdlıər müəllimi sevəndən sonra onun fənnini sevirlər və öyrənirlər,xəstə həkimə inanandan sonra daha sürətlə sağalmağa başlayır.Yəni nitqin gözəlliyi həm də səmimiyyətə söykənməlidir. Azərbaycan şairi Saib Təbrizi deyirdi: “Söz yalnız səmimi keyfiyyətlərə malik olduğu təqdirdə təsir edə bilər.”  
 
Sözün  insan psixologiyasına,onun ovqatına çox böyük təsiri var.Budda deyirdi ki,sözlə,hətta,insanı öldürmək olar.Şifahi söz yaradıcılığımızda da sözün insana təsiri ilə bağlı çox sayda atalar sözləri,deyimlər,məsələlər,bayatılar və s var.
“Söz var,dağa qaldırar,söz var dağdan yendirər.”,
“Söz var el içində,söz var ev içində.”,
“Sözün ilə işin bir olsun.” və s.
 
Şah İsmayıl Xətai isə bir gəraylısında bu haqda belə deyirdi:
Söz vardır,kəsdirər başı,
Söz vardır,kəsər savaşı,
Söz vardır ağulu aşı,
Bal ilən edər yağ bir söz.
 
Böyük düha sahibi Lev Tolstoy da sözə böyük dəyər verirdi: “Söz böyük qüvvədir.Ona görə böyükdür ki,sözlə insanları birləşdirmək də olar,ayırmaq da,sözlə məhəbbət də qazanmaq olar,ədavət və düşmənçilik də.”

Sözlər bizim düşüncələrimizin nəticəsidir,nə düşünürük,necə düşünürük,onu da o cür danışırıq. Nə danışırıq,onu da edirik.Ağlımızda yüzlərlə mövzunu xaotik şəkildə düşünürüksə,rahat danışa bilmərik.Aydın düşünən insanın nitqi də aydın olar.Düşüncələrinə sahib olan insan heç vaxt danışdığı sözlərdən utanmaz. 
Bizim danışığımız təkcə mənəvi və psixoloji durumumuzu yox,həmçinin,maddi vəziyyətimizi təyin edir.Zəngin və uğurlu insanların nitqində və gündəlik danışığında heç vaxt dedi-qoduçuluq,gileylənmə,neqativ sözlər olmaz.Nikbin düşünən,danışan və iş görən insanları məğlub etmək,onlara təsir etmək çox çətindir.Həyatda tez təsir altına düşən,məğlub olanlar,əsasən,zəif düşüncəli,kobud və məzmunsuz danışığı olan,aciz xarakterli insanlardır. 
Ona görə həyatlarında dəyişiklik etmək istəyən və müxtəlif biznes,inkişaf kurslarına gələn insanlara ilk növbədə,həm də,necə danışmağı öyrədirlər.
 
Düşüncəmiz nədirsə,dilimiz də odur,danışdıqlarımız nədirsə,həyatımız da odur.Həyatımızın gedişini dəyişdirmək istəyiriksə,düşüncələrimizi və dilimizi dəyişək.

Fikirlərimi görkəmli şərq filosofu,sufi alim Cəlaləddin Rumi Mövlananın gözəl bir fikri ilə tamamlamaq istəyirəm:   
“İnsanı ən qısa yolla tanıdan və keyfiyyətini göstərən dildir.
Könlü və sözü bir olmayan insanın yüz dili olsa belə,o yenə dilsiz sayılır.”
 
Əli İbrahimbəyli,
BPKİYİ-nin “Psixologiya və ictimai elmlər” kafedrasının müəllimi.
 

ŞƏRH YAZIN