Mükəmməl Uşaq Yetişdirmək Mümkündür?

0
2429
Mükəmməl Uşaq Yetişdirmək Mümkündür?

Bacarıqlı, yaxşı təhsil almış, tərbiyəli və xoşbəxt uşaq yetişdirmək hər bir valideynin xəyalıdır. Bəs görəsən belə övlad yetişdirmək mümkündür mü?

Genetik pozğunluqları və xəstəlikləri nəzərə almasaq sağlam düşünməyi bacaran valideynlər üçün belə övlad yetişdirmək əlbəttə mümkündür. Yəni bunu təmin etmək yüksək faiz göstəricisi ilə ata – ananın əlindədir. Hər nə qədər şəxsiyyətin inkişafı bütün ömür boyu davam etsə də, bu inkişafının təməli uşaqlıq dövründə tamamlanır. Buna görə də uşağın inkişafının ilk illərində valideynin verdiyi tərbiyə, övlada olan münasibət onun davranış və şəxsi keyfiyyətlərinin formalaşmasında mühüm rol oynayır. Hər uşaq fərqli xarakter xüsusiyyətlərinə malik olduğu üçün konkret olaraq hər kəs üçün keçərli olan metod yoxdur. Bu səbəbdən də uşaq böyütmək strategiyaları fərqli olsada, ümumi  və təməl prinsiplər vardır.  Bir az düyü, yağ, su və duz yaxşı bir aşpazın əlində ləzzətli bir plova çevrildiyi kimi, bacarıqsız ustanın da əlində dadsız bir şeyə dönəcəkdir. Göründüyü kimi problem düyüdə deyil, onu hazırlayan ustadadır. Yəni uşağın düzgün tərbiyə alması  valideynlərdən daha çox asılıdır. Önəmli olan nəyi nə qədər istifadə etməyimizdir.  Uşağı istədiyimiz kimi yetişdirmək ata – ananın bacarıq və qabiliyyətinə bağlıdır. Yaxşı, təhsilli, mədəni və sağlam uşaq yetışdirmək üçün bir qədər qayda – qanun, nizam – intizam, biraz təlim – tərbiyə, psixoloji bilik və bacarıqlar, ən əsası sonsuz sevgi kifayət edəcəkdir.
 
Övladınız Hər Zaman Onu Çox Sevdiyinizi Hiss Etməlidir
Bəzi valideynlər bunu ifadə etməyə lüzum olmadığını və hər bir ata – ananın övladını sevdiyini düşünür. Bu düşüncə çox normaldır, amma sevgi məsələsində ata – ananın ciddi yanlışlara yol verdiyi də unudulmamalıdır.  Uşağın ac qala biləcəyini, pulsuz qala biləcəyini amma sevgisiz qala bilməyəcəyini və bunun uşağın həyatında travma yaradan, onun şəxsi  inkişafı üçün böyük rol oynayan güvən hissinin azalmasına səbəb olan bir vəziyyət olduğu unudulmamamlıdır.  Uşaq yetışdirərkən çətinlik çəkdiyiniz, yorulduğunuz, əsəbləşdiyiniz, özünüzü çarəsiz hiss etdiyiniz zamanlar ola bilər və belə vəziyyətlərdə yuxarıda sadaladığımız psixoloji biliklər, təhsil və nizam – intizamdan istifadə edərək uşaqda istənən davranışları formalaşdıra, istənməyənləri isə azalda bilərsiniz. Amma uşaq nə olursa olsun onu sevdiyinizi hər zaman hiss etməlidir. Sadəcə bu şəkildə güvən duyğusu inkişaf edə bilər, sağlm bir şəxsiyyətə sahib olar, hüzur içində böyüyər.  Sevgi və güvənə olan ehtiyac yeməyə, suya olan tələbat qədər önəmlidir. 
 
Həddən Artıq Mühafizəkar Olmayın
Ümumiyyətlə, mədəniyyətimizdə  uşağa hədsiz bağlılıq var, bu da uşağın təkbaşına bir iş görə bilməyəcəyi düşüncəsi ilə bağlıdır.  Buna görə də çox zaman uşağın sərbəst bir şeylər etməsinə izin verilməz. Bu yanaşma tərzi ilə böyüyən uşaq özbaşına heçnə bacarmayacağını, nəsə eləmək istəsə belə səhv edəcəyini düşünür və özünə inam aşağı olur. Hər uşağın özünəməxsus bacarıqları olduğunu unutmayaq. Uşağa bu qabiliyyətlərini inkişaf etdirməsi üçün əlverişli mühit yaradılmalıdır. Bunun sayəsində o bacarığı olduğu sahələri kəşf edəcəkdir ki, bu da öz növbəsində onun inkişafını şərtləndirəcək.  Özünəinamlı uşaq böyütmək üçün qorxmadan ona məsuliyyətli işlər verin, onun sərbəst qərarlar verməsinə, problemlərini dilə gətirməsinə, onları həll etməsinə izin verin. 
 
Övladınızın Bütün İstəklərini Yerinə Yetirməyin 
Bəzən demokratik üsluba uyğun olaraq, övladlarımızın hər istədiyini yerinə yetirməyə, öz çəkdiyimiz əziyyətləri onlara yaşatmamağa çalışır və onlara sərhəd qoymaqdan çəkinirik. Uşaqlarımızın istədiyi hər şeyi onlara hazır şəkildə versək bu onların xarakterində qüsurlu əlamətlər yaradar. Qayda – qanun uşağı formalaşdırır. Uşaqlar nəyin doğru nəyin yanlış olduğunu qaydalarla öyrənirlər. Heç bir şey etməyən və ya heç bir şey etməsinə izin verilməyən uşaq öz bacarıqlarının fərqinə varmayacaqdır. Uşaq bir şeylə maraqlanırsa, onun yaxşı və pis tərəflərini öyrənəcək, uğuru və uğursuzluğu yaşayaraq öyrənəcəkdir.  Ayrıca bir hobbi, sənət və ya idmanla məşğul olan uşaq onda bağımlılıq yaradan internet, TV kimi zərərli vərdişlərdən uzaqlaşar. Uşaqların nümayiş etdirdikləri uyumsuzluq vədavranış pozuntularınin əsas səbəbi ailə içi qaydaların zəif tətbiq olunmamasıdır. Bəzi ailələrdə nizam – intizam ümumiyyətlə yox dərəcəsindədir və uşağın davranışları ailə üzvləri tərəfindən xoş qarşılanır və sanki bu davranışlar üçün uşaqlara haqq qazandırılır. Bu cür uşaq vermədən almağa öyrənir, sərhədsiz dünyada harada duracağını bilməz. Belə hallarda əgər uşaq pis bir şey edibsə xəbərdarlıq edilməsı zamanı belə ailə tərəfindən sanki mükafatlandırılırmış kimi xəbərdarlıq edilir. Nəticə olaraq, bu davranış yenə davam etdirilir. Bəzi evlərdə qayda, nizam var, lakin harada nə zaman və necə tətbiq olunacağı bilinmir. Yəni, daha çox ata – ananın kefindən asılıdır. Qayda – qanun dedikdə sərt , qatı normalar, cəzalar anlaşılmamalıdır. Bu cür qaydaların tətbiqi problem yaratdıqda cəzaya əl atılmamalıdır. Belə normalar həyatımızın axarını tənzimləyən, müəyyənləşdirən yaşam tərzi olmalıdır. Düzgün müəyyənləşdirilmiş qaydalar həyat tərzinə çevrildikdə hər kəs nə zaman harada dayanacağını bilir və gərginliklərin qarşısı alınır. 

 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN