Uşaqla dost olun

0
1834
Uşaqla dost olun

Uşağın xoşbəxliyi ata-ana məhəbbətidir. Heç bir qüvvə onun ürəyini valideyn sevgisi qədər isidə bilməz. Heç bir narahatlıq da onun ata-anasının sevgisini itirməsi kimi ruh və psixologiyasına sarsıdıcı təsir edə bilməz. Əgər valideyn övladının məhəbbət ehtiyaclarını lazımınca ödəyərsə, bu məhəbbət təkcə uşaqlıqda deyil, eyni zamanda, övlad böyüyəndə də öz müsbət səmərəsini verəcəkdir. 

Buna görə də ata-ana övladı ilə elə münasibət qurmalıdır ki, o, valideynlərini özünün ən yaxın dostu hesab etsin. Valideyn övladına bildirməlidir ki, hər nə çətinlik ortaya çıxarsa, ona əlindən gələn heç bir köməyi əsirgəməyəcəkdir. Övladı ilə dostluq münasibəti quran valideyn onunla ciddi şəkildə maraqlanmalı, hətta bəzən öz işlərində də uşağı ilə məsləhətləşməlidir. Belə uşaqlarda özünə dost axtarmaq hissi digər uşaqlara nisbətən az olur. Dostu olduqda da öz valideynlərinə yeni dostu barəsində söhbət açır. Bu zaman valideyn övladının yeni dostunun ona necə təsir etdiyini yaxından izləyir.

Bəzən valideynin ömrü boyu çəkdiyi əziyyətlərin bəhrəsini naxələf bir dost tamamilə məhv edir. Pis dostun təsiri artıq psixologiyada öz isbatını tapmış məsələlərdəndir. Bu, valideynin vəzifəsidir ki, öz övladını pis dostdan çəkindirsin və özü onunla dost olmaqla uşaqda pis dostlara olan marağı azaltsın.

Ailədə yaxşı gün görməyən, ata-anasından danlaqdan savayı ayrı söz eşitməyən uşaqlar həmişə kiminləsə dost olmaq istəyirlər. Bu cür uşaqlar özlərini bədbəxt hiss edir, dərdlərini kiminləsə bölüşməyə can atırlar. Tapdığı dostun kimliyi, onun yaxşı, yoxsa pis olması uşaq üçün elə də əhəmiyyətli olmur. Çünki onun əsas məqsədi özünü yalqız-lıqdan qurtarmaq, kiminləsə dərdini bölüşməkdir. Valideyn bir də gözünü açıb görür ki, övladı artıq pis dostun qurbanı olmuşdur. Uzun illərin zəhmətinə heyf deyilmi?!

Buna görə də çalışın ki, övladınızla gözəl rəftar edəsiniz və onun ən yaxşı dostu məhz özünüz olasınız.


 

ŞƏRH YAZIN