Uşaqlar Niyə Yalan Danışır?

0
2212
Uşaqlar Niyə Yalan Danışır?

Uşağa yalan danışmağı qadağa qoymaq, yalan danışdığı üçün döymək, cəzalandırmaq heç bir effekt verməyəcək.

Hesab olunur ki, uşaqlar saf olduğundan hər şeyin düzünü deyir. Amma onlar da tez-tez yalan danışırlar. Mütəxəssislər bildirir ki, yalan danışmaq uşağın təxəyyül dünyası ilə bağlı olsa da, psixoloji problemlər üzündən də olur.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, bəzi valideynlərin uşaqları o qədər yalan danışırlar ki, ətrafdakılar bu haqda bilirlər: "Valideynlər övladlarının bu cür hərəkətinə görə çox utanırlar. Onlar əksər hallarda uşağın niyə yalan danışdığını başa düşmürlər. Bəzi valideynlər isə uşağın nə vaxt yalan, nə vaxt düz danışdığını anlaya bilmirlər. Səbəbindən asılı olmayaraq, valideynlər uşaqların yalan danışmağına mənfi baxırlar".

A.Qurbanova bildirib ki, övladına diqqətli olan valideyn hər cür uşağını yalan danışmaqdan tərgitməyə çalışır: "Elə də olur ki, valideyn hər cür üsula əl atsa da, uşaq yenə də yalan danışır. Elə təəssürat yaranır ki, uşaq yalan danışmasa, yaşaya bilmir. Nə cəzalar, nə söhbət uşağın yalan danışmağının qarşısını alır".

Uşağa səmimi olmağa kömək etmək üçün nə üçün yalan danışdığını başa düşmək lazımdır. Uşağın yalan danışması onun problem yaşamasına da işarə edir. Uşaqlar arasında yalanın ən geniş yayılmış səbəblərindən biri cəzalanmadan qorxmaqdır. Uşaq düzünü dedikdə döyüləcəyindən, cəza alacağından və ya sevgidən məhrum olacağından qorxduğu üçün yalan danışmağa başlayır. Misal üçün, uşaq yeni oyuncağını qırıb. Cəzalanacağından qorxduğu üçün oyuncağı gizlədir. Valideyni ondan oyuncağın harada olduğunu soruşanda isə bilmədiyini deyir. Bu cür hallar valideyni tərəfindən fiziki cəza alan uşaqlarda tez-tez təkrarlanır.

Yalanın digər səbəbi isə valideynlərin ümidini puça çıxarmaq qorxusudur. Məsələn, valideynlər uşağın dərslərinə nəzarət edirlər. Onun dərslərini yaxşı oxumasını, tərbiyəli, ağıllı, bacarıqlı olmasını istəyirlər. Valideynlər uşağa qarşı çox tələbklar olur, onunla qürur duyur, başqaları yanında uşağı tərifləyirlər. Bu zaman uşaq dərslərindən pis qiymət aldıqda valideynə etiraf etməyə qorxur. Ona elə gəlir ki, valideynlərinin istədiyi kimi olmasa, onlar məyus olacaq və ya onu daha əvvəlki kimi sevməyəcəklər. Bu zaman uşaq yalan danışmağa, gündəliyini itirməyə, vərəqlərini cırmağa, dərslərdə başqalarından köçürməyə, başqa biri olmağa çalışır.

Psixoloq qeyd edib ki, uşaqlar diqqətsiz qaldıqları üçün də yalan danışırlar. Onlar daim diqqət istəyirlər, diqqət almadıqda isə bunun heyfini valideynlərdən çıxırlar. Ailədə problemlər varsa, boşanmaq üzrədilərsə, uşaq diqqəti çəkmək üçün yalan danışa bilər.

Uşaqlar valideynlərini təqlid etdikləri üçün də yalan danışırlar. Məsələn, ana xəstə deyil, amma telefonda yalandan deyir ki, xəstədir. Uşaq ananın yalan danışdığını başa düşür. Yalan danışmağın yaxşı bir şey olduğunu düşünməyə başlayır. Valideynlərin yalan danışdığının şahidi olan uşaqlar səmimiyyətin lazım olmadığını fikirləşməyə başlayırlar.

Uşaqları yalanlara təhrik edən digər amil isə onların təxəyyülü və lovğalanmaq istəyidir. Balaca uşaqlar real dünyanı uydurma dünyadan ayıra bilmirlər. Balacalar tez-tez ağlasığmaz, fantastik macəralar danışırlar. Onlar özləri də bunun real olduğuna inanırlar. Valideynlər uşağın bu cür davranışını görüb uşağın yalançı kimi böyüyəcəyindən qorxurlar. Uşaqlar öz xeyrinə görə də yalan danışa bilərlər. Məsələn, uşaq dolabını səliqəyə salsa, ana ona şirniyyat verəcək. Amma uşaq dolabını yığışdırdırmır, yalandan gedib anasına yığışdırdığını deyir və konfetini götürüb yeyir. Yalanın üstü açılanda ana çaşqınlıq vəziyyətinə düşür.

Əgər uşaq cəzalanacağından qorxduğu üçün yalan danışırsa, valideynlər öz davranışını təhlil etməlidirlər. Bəlkə uşağı çox sıxır, çox döyür, ona qarşı çox tələbkardılar. Bəzi valideynlər isə guya uşağı tərbiyə etmək naminə təhqir edirlər. Əgər bu cür davranışlara yol verən valideyn öz hərəkətlərini yenidən nəzərdən keçirsə, dəyişsə, onda uşaq da yalan danışmayacaq.

Uşağa az diqqət ayırırsınızsa, uşaq sizdən diqqət gözlədiyi üçün yalan danışırsa, onda ona vaxt ayırın. Bu gün başqa şeylərə sərf etdiyiniz vaxta görə sonra peşman olacaqsız. Uşaq böyüdükcə davranışında problemlər olacaq.

Müsahibimiz bildirib ki, boş vaxtınız az qalırsa, gecə uşaq yatmazdan əvvəl onunla söhbət etmək üçün 30 dəqiqə vaxt ayrırın, uşağa nağıl danışın, birgə kitab oxuyun, onunla maraqlandığınızı göstərin: "Uşağa diqqət ayırsanız onun yalan danışmağa ehtiyacı qalmayacaq" deyən psixoloq əlavə edib ki, valideynlərin özləri yalançıdılarsa, uşaq da dəfələrlə valideynlərin yalan danışdığını görübsə, uşağın yalan danışmağına təəccüblənmək əvəzinə valideyn öz üzərində işləməlidir. Yaxşı olar ki, valideyn düzgün hərəkət etmədiyini boynuna alsın və bir daha yalan danışmayacağını desin. Uşaq da yalan danışmağın pis olduğunu başa düşəcək.

Onun dediyinə görə, uşağa yalan danışmağı qadağa qoymaq, yalan danışdığı üçün döymək, cəzalandırmaq isə heç bir effekt verməyəcək. Uşaq daha da çox yalan danışmağa başlayacaq. Pis rəftara görə sarsıntı keçirən, diqqətsiz qalan uşaq tez-tez xəstələnəcək və zəifləyəcək.

 

ŞƏRH YAZIN