Onlardan işıq sürətilə uzaqlaşın!

0
2051
Onlardan işıq sürətilə uzaqlaşın!

 Hər xanımın gözlədiyi bir “ağ atlı şahzadə”si mütləq var. Xəyallarında canlandırdığı o insan romantik, cəsarətli, yaraşıqlı, zəngin, ağıllı, qadınına dəlicəsinə vurğun kişidir. Amma bəzən qarşılaşdığı insanların xarakteri bu xüsusiyyətlərə zidd ola bilir. Nəinki onlarla evlənmək, sevgili olmaq xəyallarını unutmalı, hətta görən kimi işıq sürəti ilə uzaqlaşmalısınız.


O tipləri tanıyın:

“Nə vaxtdır, sevgilim yoxdur”

Ən təhlükəli tiplərdəndir! Niyə sevgilisi olmasın axı? Problemi nədir? “Qızlara inamım yoxdur” cavabını alsanız, heç təəccüblənməyin. Bu, onların həmişəki adətidir. Çox yaxşı da bilirlər hər şeyi. Sadəcə, xasiyyətləri o qədər pisdir ki, güc-bəla ilə tapdıqları qızlar da ondan qaçırlar.

“Anam nə desə odur!”

Ailənin qadın üçün nə qədər vacib bir şey olduğunu deməyə yəqin ehtiyac yoxdur. Qadın evlənəcəyi kişinin də ailəyə dəyər verib-verməyəcəyini onun valideynlərinə münasibətindən anlayır. Kişinin valideynlərini sevməsi çox yaxşı haldır, amma vay o gündən ki, kişi onların dediyi ilə oturub-dursun. Məgər azdır, anasının, atasının sözündən çıxmayan 30 yaşlı kişilər? Belə tip gördünüzsə, ağına-bozuna baxmadan qaçın.

“O qız mənim ən yaxın dostumdur”

Qısqanclıqdan dəli olacağın yüz faizlikdir. Düşün ki, sevgilin bir qızla sənlə olduğundan daha rahat, daha səmimi söhbətləşir, görüşür, dərdləşir. Hələ bu azmış kimi, sənlə etdiyi hər davanı gedib ona danışır. Aralarını nə qədər vurmaq istəsən də, yenə barışıb səni pis çıxaracaqlar. Üstəlik “bəlkə gizli sevirlər bir-birlərin” sualı heç vaxt ağlından çıxmayacaq. Ən yaxşısı, əvvəldən ayrılıb uzaqlaşmaqdır.

“İçkisiz nə həyat?”

Əslində, içkili kişilərin bir neçə tipi var: çox içməyi ilə fəxr edənlər, ikinci qədəhdə sərxoş olanlar, içəndə susmaq bilməyənlər, içib ağlayanlar... “Hansı daha yaxşıdır?” sualını versəniz, cavabı “heç biri”dir. Çünki ağzından araq, spirt, sarımsaqlı badımcan turşusu, turşu xiyar qoxusu gələn istənilən kişi dözülməzdir! İçib ağıllarına gələni danışmaları isə lap bərbaddır. Siz ən yaxşısı, belə kişiləri görəndə qaçmayın, yaxınlaşın əlindəki “vodka”nı başına çırpın, qoyun ağlı başına gəlsin.

ŞƏRH YAZIN