Özünüzə Uyğun Sevgili Və Ya Həyat Yoldaşını Necə Tapmalı?

0
6581
Özünüzə Uyğun Sevgili Və Ya Həyat Yoldaşını Necə Tapmalı?

Evlənmək istəyənlərin müəyyən bir fikir və qənaətə gəlməsi ilə bağlı bir neçə metod tövsiyə etmək istəyirəm. Ümumiyyətlə, kişilər və qadınlar gələcək həyat yoldaşlarını necə görmək istəyirlər, onlarda hansı xüsusiyyətləri axtarırlar? Bir-bir sadalayaq:

1. Gözəllik, yaraşıqlılıq. Sual:- Zahiri gözəllik, yoxsa daxili gözəllik? İkisi də. Amma mütləq ikisindən biri varsa. Hansı? Elə məsələnin düyün nöqtəsi məhz buradır. Məncə...

2. Alicənablıq. Alicənablıq ya nəsildən-nəsilə keçir, ya da tərbiyə vasitəsilə qazanılır. Sual:- Namizəd əsilli-nəcabətli ailədən olub-olmamasından asılı olmayaraq müasir mədəniyyət və " tərbiyə " nin təsiri ilə milli-mənəvi dəyərlərə yad bir insandır. Bu vəziyyətdə nə edəcəyik? Məncə...

3. Var-dövlət. " Var-dövlətini halal yolla qazandı və ya haram yolla, mənim üçün fərqi yoxdur, heç olmasa, bundan sonra qayınatanın pulu ilə bir az rahat yaşayarıq! " Bu şəkildə düşünənlər ola bilər. Qəbul edirəm. Sual:- Qız və ya oğlan varlı bir ailəyə mənsubdur, bu var-dövlət də ona ərköyünlük və başqa neqativ xüsusiyyətlər qazandırıb. Qarşı tərəf isə milli-mənəvi dəyərlərimizlə yetişib, yaxşı tərbiyə alıb, kasıb bir insandır və qəribədir ki, başqa namizəd də yoxdur. İki yol var:- ya tərbiyəli, ancaq kasıb, ya da varlı, amma ərköyün. Hansı? Məncə...

4. Dindar. Sual:- İki cür insan. Biri dindardır, dinin bütün əmrlərinə riayət edir, o birisi isə Allah və Peyğəmbərə ( s.ə.v. ) inandığını desə də, nə geyim-keçimində, nə tərbiyəsində, nə də əməllərində dindən əsər-əlamət var. Hansı? Məncə...

5. Təhsil. " Ali təhsilliyəm. Həyat yoldaşımın da ali təhsilli olmasını istəyirəm ". Yaxşı bir istəkdir. Amma sual:- Ali təhsilli olsa da, əxlaqdan, mədəniyyətdən məhrum, doğrunu yanlışdan ayıra bilməyən bir qız və ya oğlandır. Hansını seçmək lazımdır? Bu cür əxlaqa sahib olanları, yoxsa ali təhsili olmasa da, nümunəvi əxlaqa, mədəniyyətə, tərbiyəyə, həyat təcrübəsinə malik qız və ya oğlanı? Məncə...

6. Evdar qadın və ya iş qadını. Bu məsələ, əsasən, oğlanlara aiddir və müasir problemlərdən biridir. Bəzi kişilər maddi çətinliklərə görə deyil, başqa məqsədlə: " Sığortalı işləyən bir həyat yoldaşı istəyirəm, qardaş, hansı dövrdə yaşayırıq! " - deyib ailə həyatı qurmaq istəyirlər. Sual:- Səhər saat səkkizdən axşam beşə qədər işləyən qadının iş yeri, işi, iş şəraiti nəzərə alınırmı? Bəs bütün gününü evinə, ailəsinə, uşaqlarına ayıran evdar qadın necə? Maddi və mənəvi bütün təfərrüatlar yüzlərlə-minlərlə örnək əsasında araşdırıldımı?

7. Həyat yoldaşı kimi seçəcəyimiz insanın xarakteri xoşbəxtlik üçün ən vacib xüsusiyyətlərdən biridir. Pessimist, yoxsa optimist? Səbirli, yoxsa səbirsiz? Şükr edən, yoxsa naşükür? Qısqanc, yoxsa qısqanc olmayan? Eqoist, yoxsa altruist? Fanatik, yoxsa qeyri-fanatik? Kobud, yoxsa xoşxasiyyətli? Həssas, yoxsa laqeyd? Xəyalpərəst, yoxsa realist? Tənbəl, yoxsa çalışqan? Kinli, yoxsa bağışlayan? Boşboğaz, yoxsa sözlərinin yerini bilən? Bunların sayını artıra da bilərik, ancaq hesab edirəm ki, məqsəd aydındır. İndi sual belədir:- Bunlardan hansıları? Məncə...

Son olaraq, məncə, hər sualın sonunda " məncə " nin cavabını evlilik " səfərinə " çıxmağa hazırlaşan bəy və gəlin namizədlər doldursunlar. Çünki nə axtardığımız, harada axtardığımız, necə axtarmalı olduğumuz həmişə bu suallara veriləcək düzgün cavablarla aydın olacaq. 

Sizcə elə deyilmi?

 

 

ŞƏRH YAZIN