Qadınla Dialoq

0
3384
Qadınla Dialoq

Onlar bir-birlərini ağ fonda görəndə heyrətdən donub qaldılar və hər ikisini gülmək tutdu. Şəhlanın bədəninin çılpaq qalmış, şokolad kimi qaralmış hissələri ona şirin bir görüntü vermişdi. Teymur Şəhlanı görəndə əvvəl başqası zənn etmişdi, ancaq qadının ona diqqətlə baxması və təbəssümü onu ayıltdı. O, Şəhlanın bu qədər gözəlləşəcəyini təsəvvürünə belə gətirməzdi. Teymur özünü saxlaya bilməyərək bunu onun üzünə etiraf etdi.

- Bir insanın qısa bir vaxtda bu qədər gözəlləşə biləcəyini ağlıma gətirməzdim. Tam əminliklə deyə bilərəm ki, mən möcüzə görürəm.

- Görünür müasir qadınlar üçün belə möcüzələr yaratmağın adi bir şey olması barədə təsəvvürünüz azdır, - deyə Şəhla hücuma keçdi.

- Xeyr, mənim təsəvvürlərim hüdudsuzdur, amma mən gözəlliyin müasir təkmilləşdirilmə üsulları üzrə çox pis mütəxəssisəm.

- Dünyada bütün elmlər, o cümlədən estetika paralel inkişaf edir.

- Məncə indi informasiya biznesi bütün sahələri qabaqlayır. Sizin gözəllik barədə çoxlu məlumata sahib olmanız, gözəlliyi əldə etmənizi asanlaşdırmışdır. Bir şeyi vurğulamaq istəyirəm ki, dünyada sizin kimilər çox deyil.

- Bunu bir informasiya, yoxsa kompliment kimi qəbul edim?

- Birinci daha uyğundur, çünki, komplimentin əsasını süni şişirdilmiş təriflər təşkil edir. Sizdə isə sünilikdən əsər-əlamət yoxdur. Sizə baxan gözlər ancaq həqiqi gözəllik görür.

- Təşəkkür edirəm! Ancaq mənə elə gəlir ki, siz inkar etsəniz də, süni şişirmələrə meyillisiniz.

- Heç də yox. Mən ancaq duyğu üzvlərimin mənə dediklərini sözlərə çevirib təkrarlayıram. Sizə istənilən qadın həsəd apara bilər. Siz çox gözəl və cazibədar görünürsünüz!

 

"Ehtiras və Məqsəd" romanından

ŞƏRH YAZIN