Başqalarından yox, özündən kömək istə!

0
439
Başqalarından yox, özündən kömək istə!

Hər bir insan özünə kifayət edcək qədər gücə və biliyə malikdir. Bəzi keyfiyyətlər doğuştan gəlir, bəzi keyfiyyətlər isə sonradan qazanılır. Bəzi insanlar öz gücünün və biliyinin fərqinə varıb, inkişaf etdirib, öz həyatlarını yaxşılaşdırırlar. Kifayət qədər vaxt sərf edib kifayət qədər zəhmət çəkərək öz məqsədlərinə nail olurlar. Məqsəd yönlü həyat yaşayırlar. 

Bəzi insanlar öz gücünün və biliyinin fərqinə varmadan, bəziləri də öz gücündən və biliyindən imtina edərək öz mühitlərinin oxşarı olurlar. Şərtlərə boyun əyib şəraitin əsiri olurlar. Həyat şüarları "Nə edək, bizim də bəxtimiz belə gətirib", "Gərək Allah, adamın qapısını açsın" şəklindədir. Halbuki, Uca Allah heç bir bəndəsinin bədbəxt olmasını istəməz, ta ki, bəndə özü özünü bədbəxt etməyənə qədər. Uca Allah heç bir bəndəsinin qapısını bağlamaz ta ki, bəndə özü öz qapısını bağlamayana qədər. 
 
Bu insanlar öz güclərini və ağıllarını heçə sayaraq başqalarına həsəd apararlar. Sanki, heç bir vaxt o işi onlar bacara bilməzlər düşüncəsinə saplanaraq başqalarına ağzı açıq tamaşa edərlər, başqalarından ağız dolusu danışarlar. Özlərini bədbəxt, başqalarını bəxtəvər, başqalarını varlı özlərini möhtac görərlər. Həmişə başqalarından kömək gözləyərlər, başqalarından mədət umarlar. Özləri özlərini buxovlayarlar, özləri özlərini məhrum edərlər. 
 
Onlara istələr, zəhmət çəksələr onlar da bacaracaqlar desəniz, onlar bir işin nə üçün belə olduğu və ya nə üçün olmayacağı haqqında minlərlə bəhanə gətirərlər. Bəhanələri həmişə hazırdır. Bəhanələri o dərəcədə qüvvətlidir ki, onları haqlı görməyə məcbur qalarsınız. Çunki, bu insanlar "Hazır bəhanələr tapmağın üsulları" mövzusunda elmlər namizədidirlər. Onlara nə isə izah etmək asan məsələ deyildir. Onlar hər şeyi "hazır" istərlər, "göstər" istərlər, "et" istərlər. “Xəyalı yemək olmur, xam xəyallara inanma”, "belə gəlib, belə gedər" deyərlər. 
 
Sən başı boş yaradılmadın ey insan. Hər dağın özünə görə qarı olduğu kimi, hər insanın da özünə görə gücü, dərrakəsi vardır.
Özünü kəşf et, öz qəlbinin səsinə qulaq as, öz bilik və bacarığını artır, öz gücünə güc qat, başqalarından yox, özündən kömək istə. Sən özünə kömək etməsən, heç kim sənə kömək etməyəcək. Sən özünə inanmasan, heç kim sənə inanmayacaq. Özünə kifayət edəcək qədər gücə və biliyə maliksən. Bundan əmin ol. Sən, sən ol bir an belə özün olmaqdan imtina etmə! Özünə yaraşanı et, özünə layiq ol. Özündən razı qal ki, Allah da səndən razı qalsın.
 
Rəşadət  Hidayətov
 

ŞƏRH YAZIN