İstəkli Kürəkən - Əsmər Yusifzadə (Beşinci Bölüm)

0
1888
İstəkli Kürəkən - Əsmər Yusifzadə (Beşinci Bölüm)

Bölüm iştirakçıları

Zərif – gənc qızdır
Çimnaz – anası, evdar xanımdır
Vasif – atası, Nazirliklərdən birində şöbə müdiridir
Şölə - Vasifin sevgilisidir
Jalə - Şölənin bacısıdır
Maral – alverçidir
Ağoppa – Maralın oğludur
Ləman – Çimnazın bacısıdır
Nərgiz – Zərifin rəfiqəsidir
Nazlı – qulluqçudur
 
ХХХ
 
1/ Maralın mənzili.
Maral-Ağoppa
(Maral bir qədər həyəcanlıdır)
Maral – Qaynanan zəng vurmuşdu. Səni kimsə dənizdə görüb, onlara xəbər verib.
Ağoppa – Sən nə dedin?
Maral – Dedim ki, elə şey ola bilməz. Onu səhv salıblar.
Ağoppa – İnandı?
Maral – Bilmirəm, amma onu bilirəm ki, bu yalanlar bir gün faş olacaq.
Ağoppa – Narahat olma. Necə deyərlər, hər şey nəzarət altındadır (qapıdan çıxmaq istəyir).
Maral – Hara gedirsən?
Ağoppa – Nişanlımgilə (qapını örtüb gedir).
 
XXX
 
2/ Zərifgilin mənzili.
Qapının zəngi çalınır. Çimnaz qapını açır. Qapıda dibçəyin içində gözəl holland gülləri görünür. Qapıdan zorla içəri salırlar. Çimnaz təəccüblə dibçəyə baxır.
Çimnaz – Bu nədir? Bunu kim göndərib?
(Qapıda Ağoppa görünür)
Ağoppa – Çimnaz xanım, içəri keçmək olar?
Çimnaz – A, bu sənsən? Gəl, xoş gəldin. Zərif...
(Zərifi səsləyir. Zərifdən səs çıxmır. Çimnaz Ağoppanı otağa aparır).
Çimnaz – Əyləş, indi Zərifi çağıraram. Sizin danışmağa sözünüz çox olacaq. (otaqdan çıxır)
 
Çimnaz-Zərif. Zərifin otağı.
Çimnaz – Ağa gəlib. Sənə elə gözəl gül gətirib ki, dəhlizdədir. (Zərif çox ciddi, bir qədər də qaşqabaqlı görünür. Hiss olunur ki, bu sözlər ona təsir etmir).
Zərif – Nahaq əziyyət çəkib. Onun heç nəyi mənə lazım deyil. Necə gətirib, elə də aparsın geri.
Çimnaz – Bilirəm, sən ondan incimisən, nişanı qaytarmaq həmişə olar, amma əvvəlcə səbəbini öyrən.
Zərif – Mənə onun izahatı da lazım deyil. İş bunda deyil. Mən onu sevmirəm! Mən onunla yaşaya bilmərəm! Get ona elə belə də de. Mən onu görmək istəmirəm!
 
XXX
 
3/ Çimnazın mənzili.
Çimnaz-Ağoppa.
Çimnaz – Zərif bir az kefsizdir. Sən getsən yaxşıdır.
Ağoppa – Çimnaz xanım, mən bilirəm, Zərif məndən inciyib. Haqqı da var. Bu güllərə görə... Bilirsiz, bu dibçəyi Zərif üçün Hollandiyada sifariş vermişəm, mən bundan tez çatdım Bakıya. İstəyirdim Zərifə sürpriz edəm. Yaman sürpriz oldu. Mən Zərifdən üzr istəməyə gəlmişəm.
Çimnaz – Bu gün lazım deyil. Sənin dediklərini Zərifə çatdıraram.
Ağoppa - Bunu da xahiş edirəm Zərifə verin. (Səliqə ilə bağlanmış bir qutunu uzadır)
Çimnaz – Bu nədir?
Ağoppa – Kiçik hədiyyədir.
Çimnaz – Bəlkə lazım deyil?
Ağoppa – Mən bunu Zərifin adına almışam. Bu onundur. Lap məni bağışlamasa da. Aramızdakı münasibətin buna dəxli yoxdur.
 
XXX
 
4/ Zərif-Çimnaz. Mənzil.
Çimnaz Zərifin otağına daxil olur. Zərif tələbəlik şəkillərinə baxır.
Çimnaz – Nişanlın getdi. Sən gərək onunla özün danışaydın. Hər şeyə görə inciməzlər (Zərif dinmir). Gülü gördün? Dəhlizdədir. Get bax. Sən beləsini hələ görməmisən. Hollandiyadan sənin üçün gətirib. Hələ bir buna bax (əlindəki qutunu açır). Gör nə gözəldir. Sənə çox yaraşacaq.
Zərif – Mənə onun heç nəyi lazım deyil! Niyə sən başa düşmürsən? Gərək bu qutunu da güllərlə bir yerdə qaytaraydın! Bunlar mənim nəyimə lazımdır? Mən onu sevmirəm!
Çimnaz – Sevərsən! Əsl sevgi ağılla qurulan ailələrdə olur! Mən bilirəm, bunlar hamısı o tələbə oğlana görədir. Sən elə bilirsən ki, o tələbə ilə xoşbəxt olacaqdın? Bunu (əlindəki qutuya işarə edir) o, sənə heç vaxt ala bilməyəcəkdi.
Zərif – Səncə adamın xoşbəxtliyi bu qızıllardadır?
Çimnaz – Hanı o tələbə? Hardadır? Yaxşı, çağır onu danışaq. Görək sən onun nəyinə vurulmusan? Nə dayanmısan? Zəng elə, telefonu da yoxdur?
Zərif – Fuad əsgərliyə gedib.
Çimnaz – Düz eləyib! Qoy əsgərliyini çəksin! Sən düz deyirsən, xoşbəxtlik bu qızıllarda deyil. Çünki, sən bilmirsən yoxsulluq nə deməkdir.
(Qapının zəngi çalınır)
Çimnaz – Gedim açım, görək kimdir?
 
XXX
 
5/ Zərif-Nərgiz. Mənzil.
Nərgiz otağa daxil olur. Zəriflə görüşür.
 Nərgiz – Niyə kefin yoxdur? Dəhlizdəki dibçəyi o gətirib? Deyəsən günahlarını yumaq istəyir. Bu nədir? (qutunu götürür) Əcəb gözəldir. Onu bağışladın?
Zərif – Məsələ onda deyil. Mən ondan inciməmişəm, mənim üçün fərqi yoxdur, hara gedib, hardan gəlib, nə vaxt gəlib...
Nərgiz – Bu kolye də sənin ürəyinin buzunu əridə bilməyib? Doğrudan xoşuna gəlmir?
Zərif – Bunlar bilirsən mənə nəyi xatırladır? Uşağın başını aldatmaq üçün alınan oyuncaqlara.
Nərgiz – Amma çox qiymətli oyuncaqlardır.
Zərif – Mənim arzularım tamam başqa idi. Biz bir yerdə təhsilimizi davam etdirəcəkdik. Hərəmiz bir peşənin sahibi olacaqdıq, öz evimizi, ailəmizi birlikdə quracaqdıq...
Nərgiz – Bu tamam real arzudur. Nişanını qaytar, gözlə Fuad əsgərlikdən qayıtsın.
Zərif – Eh, Fuad nə vaxt qayıdacaq?..
Nərgiz – Hələ onu da bilmək olmaz ki, qayıdandan sonra sənə münasibəti necə olacaq. Əvvəlki fikrində qalacaqmı?
Zərif – Mən onu incitmişəm. Əsgərliyə gedəndə heç telefon zənglərinə də cavab vermədim.
 
XXX
 
6/ Maralın mənzili.
Maral-Ağoppa.
Ağoppa gəlir. Kefi yoxdur.
Maral – Nə olub? Qaş-qabağın yerlə gedir (Ağoppa kresloda oturur, heç nə demir). Hara getmişdin? Nişanlını gördün?
Ağa – Yox, görmədim.
Maral – Zərifgilə getmədin?
Ağa – Getdim.
Maral – Danış görüm nə olub? Zərif səndən küsüb?
(Ağoppa dinmir) Küsər də. Get bir güldən, hədiyyədən al, apar. Qızlar belə şeyləri xoşlayırlar.
Ağa – Aldım da, apardım da.
Maral – Nə aldın apardın?
Ağa – Sən dediklərini: gül və hədiyyə - qızıl kolye.
Maral – Hədiyyə - qızıl kolye? Sən məni bankrot eləmisən, xəbərin var?
Ağa – Qorxma, elə də bahalı deyil, nazik bir sepdir, qızlar belə şeyləri xoşlayırlar... Burda mənim taleyim həll olunur, sən də başlamısan...
Maral – Mən heç nəyə başlamamışam. Mən sənə əvvəlcədən deməmişdim ki, onlarla biz qohum ola bilmərik? O qız sənin tayın deyil! Deməmişdim?
Ağa – Amma görürsən, biz nişanlıyıq. Sən bir az da kömək etsən, bu da düzələcək.
Maral – Mən nə edə bilərəm? Mən bacardığımı elədim.
Ağa – İşi axıra çatdırmaq lazımdır.
 
XXX
 
7/ Çimnazın mənzili.
Çimnaz-Zərif.
Zərif – Mənə onun qızılı-mızılı lazım deyil! Bu mənim nəyimə lazımdır? (qutunu götürür). Mən bunu taxmasam nə olacaq? Bu məni xoşbəxt edəcək?
Çimnaz – Mən bilmirəm, bu səni xoşbəxt edəcək, ya yox. Söhbət axı qızıldan getmir. Qızıl göstəricidir. Sənə olan hörmətin göstəricisidir. Sənə verilən dəyərdir, qiymətdir. Səncə bu azdır?
 
XXX
 
8/ Çimnazın mənzili.
Maral da burdadır.
Maral – Ağoppa nə yeyir, nə içir, elə üzü üstə uzanıb yatır. Əvvəl elə bildim ki, naxoşlayıb. İstəyirdim həkim çağıram. Heç demə bunun dərdi başqa imiş.
Çimnaz – Bizim Zərif də elə o gündədir. Heç mənimlə də danışmaq istəmir.
Maral – İndiki gənclər birtəhərdilər ey. A bala, sözünüz var? Oturun qabaq-qənşər bir-birinizə deyin, qışqırışın. Sonra da barışın getsin. Bu nədir? Biri mısmırığını orda sallayıb, biri burda. Bilirsən nə var? Bunların toyunu yubatmaq olmaz. Yoxsa belə sürprizləri biz çox görəcəyik. Gündə bir hoqqa çıxarıb, bizi də qoyacaqlar pis vəziyyətdə.
 
XXX
 
9/ Çimnazın mənzili.
Qulluqçu Nazlı oradadır.
Çimnaz – Nazlı, sən bu günlərdə mənə tez-tez lazım olacaqsan. Bilirsən ki, evdə nişanlı qız var. Qonaqlarım çox olur. Bir dəqiqə gözlə... (telefon zəng çalır. Vasifdir). Hə, Vasif, yaxşıyam. Yox, Zərif evdə yoxdur. Sən hardasan? Nə vaxt gələcəksən? Həftənin axırında? Yaxşı, deyərəm. Sağ ol (dəstəyi yerinə qoyur).
Nazlı – Yoldaşınız idi?
Çimnaz – Hə, ezamiyyətə gedir. Ona da yazığım gəlir. Nə gecəsi var, nə gündüzü. Adamı da bu qədər işlədərlər? Heç insaf qalmayıb.
Nazlı – Ərinizin adı Vasifdi?
Çimnaz – Hə, nə olub ki?
Nazlı – Mən hardasa onun adını eşitmişəm.
Çimnaz – Yəqin televizorda eşitmisən.
Nazlı – Ərin müğənnidi?
Çimnaz – Yox...
Nazlı – Artistdi?
Çimnaz – Yox... Nazirlikdə işləyir.
Nazlı – Nazirdi?
Çimnaz – Şöbə müdiridi. Amma tez-tez televizorda göstərirlər. Nədi o, iclaslar olur, seminarlar olur, onda televizorlar çəkib göstərirlər.
Nazlı – Mən elə verilişlərə baxmıram.
Çimnaz – Yaxşı eləyirsən. Di get, işlərini qurtar, əldən bir az cəld ol.
 
XXX
 
10/ Şölənin mənzili.
Qulluqçu Nazlı ordadır. Qapının zəngi çalınır.
Şölə - Nazlı, get qapını aç. (qapını açır. Vasif içəri daxil olur. Başı ilə salam verir)
Vasif – Şölə xanım evdədir?
(Nazlı təəccüblə ona baxır. Cavab verməyə imkan tapmır).
Şölə - Gəl, gəl. Mən sənsiz harda ola bilərəm?
(Vasif otağa keçir. Nazlı qapıdan qulaq asır)
Şölə - De görüm, bu gün mənim yanımda qalacaqsan?
Vasif – Tək bu gün yox, həftənin sonuna kimi burdayam.
Şölə - Ah, nə gözəl! Çimnaz şübhələnmədi?
Vasif – Dedim, təcili ezamiyyətə gedirəm.
Şölə - Ha, ha, ha. (gülür). Sən çox ağıllı kişisən. Əsl kişi belə olar da. (gülür). Bu arvadlar niyə belə maymaq olur ey (gülür). Amma məni aldatmağa çalışma ha.
Vasif – Səni heç aldadaram? Sən hara, o hara...
 
XXX
 
11/ Çimnaz – Ləman. Mənzil. İki bacı oturub söhbət edir.
Bacısı – Zərifin heç kefi yoxdur.
Çimnaz – Nişanlısı ilə dava edib. Eybi yox, barışarlar. Çəkişməsən, bərkişməzsən.
Bacısı – Məncə məsələ daha ciddidir. Zərif nişanlısını sevmir.
Çimnaz – Sevər! Vaxt gələr sevər!
Bacısı – Mən səni başa düşmürəm, sən qızı zorla ərə verəcəksən? Sən hansı zəmanədə yaşayırsan?
Çimnaz – Mən hansı zəmanədə yaşadığımı bilirəm. Elə ona görə də Zərifi Ağaya verirəm.
Bacısı – Söhbət vardan, dövlətdən getmir. Qızın bu oğlanı sevmir.
Çimnaz – Sevgi deyirsən? O gün Moskvadan bir verilişə baxırdım. Bir qadın 7 dəfə rəsmi ərdə olub. Sevgililərinin sayı-hesabı yoxdur. 68 yaşı var, hələ də sevgi axtarışındadır.
Ləman – Bu nonsesdir. Mən bundan danışmıram. Söhbət Zərifin taleyindən gedir. Nə qədər gec deyil, nişanı qaytar.
Çimnaz – Nə?!... Nişanı qaytarım? Qızımı öz əlimlə bədbəxt edim?
Bacısı – Qorxma, Zərif evdə qalmayacaq. Qoy öz istədiyinə...
Çimnaz – Sən məni el içində biabır etmək istəyirsən?
Bacısı – Biabır niyə olursan? Burda nə var ki? Gənclər nişanlanırlar, bir müddət nişanlı qalırlar, onun üçün ki, bir-birinin xasiyyətini öyrənsinlər, görsünlər ki, bir yerdə yaşaya biləcəklər, ya yox. Zərif ağıllı qızdır. O vaxtında başa düşüb ki, bu adamla onunki tutmur. Tutmursa, nişanı qaytarmaq lazımdır da.
Çimnaz – Kim inanacaq ki, nişanı Zərif qaytarıb? Hamı deyəcək ki, görən Zərifin nə eybi var ki, oğlan evi nişanı qaytarıb.
 
XXX
 
12/ Şölənin mənzili.
Vasif – Şölə. Vasif cibindən bir kağız çıxarıb Şöləyə verir.
Şölə - Bu nə kağızdı? Burda nə yazılıb? Başa düşmürəm.
Vasif – Maşınların markalarıdır. Hansını istəyirsən seç.
Şölə - Doğrudan? Hansını istəsəm alacaqsan? (Vasif başını tərpədir). Mən gedib özüm baxmaq istəyirəm, salonu geniş olmalıdır. Rəngi... rəngi alqırmızı olmalıdır. İstəyirəm ki, bütün maşınlardan seçilsin.
Vasif – Qırmızı istəyirsən, qırmızı alarıq (Kağızı Şölədən alıb cibinə qoyur). Axtarıb taparam. Sonra səni apararam baxarsan. Xoşun gəlsə, götürərik.
Şölə - Hə, amma tez elə. Ürəyim gör necə döyünür. Mənim öz şəxsi maşınım olacaq. Oturub hara istəsəm sürəcəm, bir bağımız olsaydı, şəhər kənarında. Maşınla gedib orda dincələrdik...
Vasif – Olacaq, o da olacaq. Sənə qəşəng villa alacam.
Şölə - Mənim əzizim, sən bu vaxta kimi harda idin? Niyə mən sənə indi rast gəlmişəm? Gör nə qədər illərimi havayı keçirmişəm! Evə gec gəlmə ha... Eşidirsən. Səni gözləyəcəm. Bu gecəni harada keçirəcəyik? Evdə, yoxsa restorana gedək?
Vasif – Hələ bilmirəm, işim çoxdur. Gələrəm, baxarıq.
 
XXX
 
13/ Şölənin mənzili.
Vasif-Şölə.
Şölə - Bəlkə getməyəsən? Bir-iki gün də qal. Nə var ora gedirsən?
Vasif – Yox, qala bilmərəm. Çimnaz şübhələnər.
Şölə - Zəng vur, de ki, ezamiyyət müddətin uzanır. Nə biləcək? Onun belə şeylərdən başı çıxmaz.
Vasif – Hara gedirəm ki? Bir şəhərdəyik də. Onsuz da hər gün günorta burdayam, bəs deyil?
Şölə - Yox, mən istəyirəm ki, mənim yanımda qalasan. Sən ancaq mənim olasan.
Vasif – Bu indi mümkün deyil. Mənim nişanlı qızım var. Qoy onu köçürüm, sonra.
Şölə - Zərif ərə gedəndən sonra sən büsbütün olacaqsan mənim. Səni heç yana getməyə qoymayacam.
Vasif – İndi qoy gedim. Darıxma.
 
XXX
14/ Şölə-Jalə.
Şölənin mənzili. Jalə gəlir.
Jalə - Ordan səs gəlir. Evdə kimsə var?
Şölə - Hə, köməkçimdir. Çağırmışam, bir dərindən təmizlik eləsin.
Jalə - Ooo... iri addımlarla irəliləyirsən. Görürəm sən sözü havaya atmırsan.
Şölə - Gözlə, gör hələ nələr olacaq?!
Jalə - Doğrudan? Şubanı hələ təzəcə almısan ki? İmkan ver Vasif özünə gəlsin də.
Şölə - Ona vaxt versəm, başlayacaq arvadı, qızı haqqında fikirləşməyə. Gərək elə eliyəm ki, başını qaşımağa vaxtı olmasın (Bu söhbətə qulluqçu Nazlı qapı dalından qulaq asır). Bir də Vasif özü mənə söz verib ki, ürəyimdən nə keçsə, onu mənə alacaq. Məni əsl xanım kimi saxlayacaq. Mən bundan imtina etməliyəm?
Jalə - Xanımın ürəyindən daha nə keçir?
Şölə - Desəm, yıxılacaqsan.
Jalə - Qoy divanda oturum. Hə, de. Qorxma, yıxılmaram.
Şölə - Maşın.
Jalə - Nə maşın? Qabyuyan?
Şölə - Qabyuyanı de, Teymur sənə alsın. Avtomobil!
Jalə - Hansından?
Şölə - Xanımlara layiq olanından!
Jalə - Bəs kim sürəcək? Sən maşın sürə bilmirsən axı?
Şölə - Vasif deyib ki, sürməyi özü öyrədəcək mənə.
Jalə - Çimnaz bilsə, ürəyi partlayacaq.
 
XXX
 
15/ Çimnazın mənzili.
Vasif əl-üzünü yuyur, otağa keçir.
Çimnaz – Yaman yorğun görünürsən. Elə bil bütün gecəni yatmamısan.
Vasif – Qatarda yatmaq olur ki.
Çimnaz – Özünü çox yorursan. Nə var ey, bu qədər ezamiyyətə gedirsən. Səndən başqa işçi yoxdur?
Vasif – Hərənin öz işi var. Onlar mənim işimi bacarmazlar axı.
Çimnaz – Yaxşı, gəl, yemək hazırdı. Ye, bir az yat, yorğunluğunu al.
Vasif – Çay içərəm, yemək istəmirəm, bir az divanda uzanaram. 2 saatdan sonra məni oyat, işim var, getməliyəm.
 
XXX
 
16/ Çimnazın mənzili.
Çimnaz Vasifin paltarlarını yerbəyer edir. Cibindən bir kağız düşür. Açıb baxır, maşınların markaları yazılmış siyahını görür. Təəccüblənir, sonra sevinir.
Çimnaz – Zərif, ay Zərif, bir bura gəl, gör sənə nə göstərəcəm.
Zərif – Nədi, nə olub?
Çimnaz – Bu siyahıya bax.
Zərif – Bu nədir? Maşınların markaları...
Çimnaz – Hə, atan sənə maşın almaq istəyir.
Zərif – Özü sənə deyib?
Çimnaz – Siyahını görmürsən? Bunu elə-belə yazmayıb ki?
Zərif – Bəlkə özünə maşın almaq istəyir.
Çimnaz – Özünə maşın almaq istəsəydi, bunu bizə deyərdi. Əgər deməyibsə, deməli bizə sürpriz eləmək istəyir. Atan evdə olanda qaş-qabağını sallama. De, gül, yazıqdı. Gecə-gündüz əlləşir, vuruşur ki, biz rahat yaşayaq. Sən də özünü elə apar ki, qanı qaralmasın.
Zərif – Sən doğrudan hesab edirsən ki, o, maşını mənə almaq istəyir?
Çimnaz – Əlbəttə, onun bizdən başqa kimi var ki? Vasif bilir ki, mən maşın sürən deyiləm. Səndən başqa da övladı yoxdur. Yazıq kişi, heç özü barədə fikirləşmir. Hələ indiyə kimi şəxsi maşını olmayıb. Elə hökümət maşınının içində qalıb.
 
XXX
 
17/ Çimnazın mənzili.
Vasif-Çimnaz-Zərif.
Vasif – Ooo, nə çox yatmışam. Dedim axı sənə, məni oyat.
Çimnaz – Elə yaxşı yatmışdın ki, ürək eləmədim səni oyadam.
Vasif – Nahaq yerə! Əgər sənə demişəmsə ki, iki saatdan sonra məni oyat, deməli oyatmalı idin. İşim vardı, getməliydim.
Zərif – (içəri daxil olur) Papa oyandı? Salam, nə olub? Niyə qaşqabaqlısan?
Vasif – Salam qızım, necəsən? Anandı da. Nə deyirəm, onun əksini edir. Gedəsi yerim vardı.
Zərif – Bilirik, bilirik. Biz hər şeyi bilirik. Heç yerə getmək lazım deyil.
Vasif – Nəyi bilirsiniz? (Təəccüblə gah arvadına, gah da qızına baxır).
Zərif – Sənin sürprizindən xəbərimiz var.
Vasif – Nə? Sürpriz?
Zərif – Səni sevindirmək istəyirəm. Mən maşın istəmirəm.
Vasif – Maşın? (Vasif lap təəccüblənir). Nə bildiniz? Hardan bilirsiniz ki, mən maşın almaq istəyirəm?
Çimnaz – Təsadüfən oldu – kostyumunu təmizləyirdim. Cibindəki siyahını gördük.
Vasif – Axı sən niyə mənim cibimə girirsən?
Çimnaz – Cibini axtarmırdım. Təmizləyirdim. Kağızı gördüm. Atmaq istəyirdim... Yaxşı, dur otur, sənnən danışmaq istəyirəm. Onsuz da gecikmisən. Bundan sonra hara gedəcəksən? Zərif onsuz da maşın istəmir. Nişanlısının maşını var. Sonra istəyər, əri onun üçün alar. Bu onlar üçün problem deyil. Amma bizim üçün indi bu pul çox lazımdır. Qabaqda toy var. Xərcimiz çox olacaq. Əgər o pullarım heç nədən əlimdən çıxmasaydı...
Vasif – Yaxşı, yaxşı. Onu yadıma salma! Nə toy? Toya gör nə qədər var?
Çimnaz – Qudalar toyu tezləşdirirlər.
Vasif – Nəyə görə? Zərif razıdır? Niyə hər şeyi mən iş-işdən keçəndən sonra bilirəm?
Çimnaz – Səni evdə tapa bilirəm ki, deyəm. Sonuncu dəfə səninlə nə vaxt belə üzbəüz oturub söhbət etmişik? Dur bir stəkan çay iç, oturub xərcimizi hesablayaq.
 
XXX
 
18/ Şölənin mənzili.
Şölə var-gəl edir. Narahatdır. Tez-tez saata baxır. Vasifin əl telefonuna zəng edir.
Vasif – Hə, bildim, bildim. Bu gün alınmadı. Başqa işim çıxıb, sabah danışarıq.(Şölə telefonun düyməsini basır. Öz-özünə:)
Şölə - Çimnaz yenə də nə isə fikirləşib. Bu maymaq da onun çalğısıynan oynayır. Baxarıq! Mənə bir az dözmək lazımdır. Qoy qızı ərə getsin. Ondan sonra baxarıq! Mənim qabağımda heç kəs duruş gətirə bilməz!
 
XXX
 
19/ Vasif Şöləgildədir.
Fikirli görünür. Şölə onu qarşılayır, o qədər həyəcanlıdır ki, Vasifin fikirli olduğunu hiss etmir.
Şölə - Gecə səhərə qədər yatmamışam. Gözümü yuman kimi özümü qırmızı limuzində görürəm. Maşına baxmağa gedirik?
Vasif – Bu gün yox.
Şölə - Bəs nə vaxt? Əvvəldən de ki, mən hazırlaşım. Axşam gedərik? İşdən sonra...
Vasif – Yox, bu tezliklə gedə bilmərik.
Şölə - Bəs nə vaxt gedək? İki gündən sonra, şənbə günü...
Vasif – Bu tezliklə mümkün deyil. Söz vermişəm. Sənə maşın alacam. Amma hələ yox. Bir az gözləmək lazımdır.
 
XXX
 
20/ Çimnazın mənzili.
Çimnaz-Maral. (Maral Çimnazla söhbət edir).
Çimnaz – Heç bilmirəm nə deyim? Qoy bir Vasiflə məsləhətləşim, sənə xəbər verərəm.
Maral – Əlbəttə, əsas söz kişinin olmalıdır. Vasif müəllim bizim başımızın böyüyüdür. Onun sözü mənim üçün qanundur. Necə deyər, elə də edərik.
Çimnaz – Zərif də hələ nəm-nüm edir. Qabaqda magistraturası var. Deyir oxuyum qurtarım...
Maral – Oxusun da. Kimdi ona mane olan?
Çimnaz – Baxma da, burda mən ona ev işlərini gördürmürəm. Onun əsas işi dərs oxumaqdır.
Maral – Nə dəyişəcək ki? Bizdə kim var ki, bir mənəm, bir də əri. Mən səhər gedib axşam gəlirəm, çox vaxt həftələrnən evdə olmuram. Bir əri olacaq, bir özü.
Çimnaz – Deyir, hələ bir-birimizi tanımırıq. Doğrudan da, hələ heç bir-biriləri ilə əməlli-başlı...
Maral – Bunlar hamısı bəhanədir. Tanıyır-tanımır. Adamı da tanımaq olar? Ta gəlib bir damın altında yaşamayana qədər bir-birilərini tanımayacaqlar. Bunlar boş sözlərdir. Bəlkə başqa fikri var?
Çimnaz – Nə fikri?
Maral – Mən açıq danışan adamam. Əgər qohum olmaq istəyiriksə, gərək aramızda gizli mətləb qalmasın. Qız uşağıdır da, yəqin fikirləşir ki, nişanlanmışam, qoy qalsın başımın altında. Sabah ondan da yaxşısı çıxar, gedərəm ona.
Çimnaz – Nə danışırsan? Elə də şey olar? Belə fikirlər heç bizim ağlımıza da gələ bilməz.
Maral – Onda toyu ləngitməyək. Nə fərqi var, bir aydan sonra toyu elədik, ya bir ildən sonra. Nə dəyişəcək? Bir də nə olub mənim oğluma? Maşallah, boy-buxun onda, ağıl-mərifət onda. Da nə lazımdır?
 
XXX
 
21/ Şölənin mənzili.
Şölə-Vasif.
Vasif – Sənə maşın alacam. Mütləq alacam. Ən yaxşısını. Bir az gözləmək lazımdır.
Şölə - Çimnaz indi nə fikirləşib?
Vasif – Çimnazlıq deyil. Zərifin toyu var qabaqda.
Şölə - Bəs demirdin ki, toya hələ çox var? İndidən hazırlıq gedir?
Vasif – Yox, planlar dəyişib. Zərifin toyunu tezləşdiriblər. Qoy bu toyu yola verim. Sonra sənə maşın da alacam...
Şölə - Mənə heç nə lazım deyil. Mənə sən lazımsan, sən. Maşını neynirəm? Taksiyə nə gəlib?
Vasif – Camalı verəcəm sənin ixtiyarına. Hara desən səni ora aparacaq. Taksi-zad lazım deyil. Bir az gözlə.
Şölə - (Sonra öz-özünə) Gözləyirəm... Bu qədər gözləmişəm, toya kimi də gözləyərəm.
 
XXX
 
22/ Çimnazın mənzili.
Çimnaz-bacısı
Bacı – Ay Çimnaz, mənə elə gəlir ki, tələsirsən. Nə xəbərdi, heç olmasa bir il nişanlı qalsınlar, bir-birilərinə öyrəşsinlər, bərkə-boşa düşsünlər, bir baxıb görsünlər ki, bir-birilərini başa düşürlər, ya yox.
Çimnaz – Lap elə bil, iki il nişanlı qaldılar. Nə dəyişəcək?
Bacı – Təki hər şey yaxşı olsun. Amma çox şey dəyişə bilər. Zərif bu oğlanı sevmir. Ona vaxt lazımdır.
Çimnaz – Gedəndən sonra sevər. Zərifin ağzı isti yerdədir. Bir də nə olub onun nişanlısına? Soruşuram.
Bacı – Məndən soruşursan?
Çimnaz – Elə Zərifdən də soruşmuşam. Nədi bu oğlanın eybi? Onun nəyindən xoşu gəlmir? Nə var, nə var, Ağa Hollandiyadan qayıdan kimi, bizim bu xanıma zəng vurmayıb.
Bacı – Doğru deyirsən? Zərif özü belə dedi?
Çimnaz – Görmürəm bəyəm? Kor deyiləm ki. O yazıq da niyə zəng vurmayıb, bunun da səbəbi var. Hollandiyada bizim bu xanıma gül sifariş edib. Gözləyirmiş ki, güllər gəlib çatsın. Sonra gülləri götürüb gəlsin nişanlısının pişvazına. Bu yaşa çatmışam, hələ görməmişəm ki, Vasif mənə bir dəstə gül bağışlasın. Amma bu yazıq, həftənin o başı-bu başı Zərifə gül göndərir. Özü də sifarişlə, üstündə hədiyyəsi ilə. Adama daha nə lazımdır?
 
XXX
 
23/ Toy səhnəsi.
Zəriflə Ağoppanın toyu restoranda keçiriləcək. Lakin qonaqlar bizim adət etdiyimiz kimi yemək masalarının arxasında oturmayacaqlar. Vasif və Çimnaz böyük foyedə qonaqları qarşılayır, onları bir-birinə təqdim edir, tanış edirlər. Qonaqlar gəzişir, söhbət edirlər, arabir replika eşidilir:
Bizimki Ağoppanı bəyənmirdi. Deyirdi avaradı, bacarıqsızdı, nə bilim nədi. Onun bacarığına bax, gör kimin qızını aldı.
 
XXX
 
Deyirlər Maral ministr qızı alıb. Bundan sonra day onun qabağında durmaq olar?
 
XXX
 
Deyirlər gəlin nazir qızıdır.
Bəh, bəh...
Özü də evin tək qızıdır.
Da de ki, gülü gözündən vurub.
 
XXX
 
Gəlinin atası nazirdir.
Nazir deyil ey, nazirlikdə işləyir.
Nə fərqi var?
 
XXX
 
Bəylə-gəlin gəlir. Vağzalı sədaları altında. Orta hissə boşalır. Yaşlı adamlar divan və kreslolarda otururlar. Cavanlar ayaq üstədirlər. Şux mahnılar oxunur, gənclər rəqs edirlər. Kənarda masaların üstündə müxtəlif yeməklər və içkilər var. Kim istəsə özü götürüb yeyə bilər. Yaşlı adamlara çay, içki təklif olunur.
Maral – (narazı görünür) Heç ayaq üstə dayanıb yemək olar? Yüksək sfera budur?
Toya Şölə və Jalə də gəlirlər. Vasif onları arvadına iş yoldaşları kimi təqdim edir. Rəqs edənlər, oxuyanlar qonaq qismində olmalıdır. Onlar dövrə şəklində dayanıblar. Biri oxuyanda, o biriləri əl çalır, rəqs edirlər. Toya tanınmış müğənni də gəlir. Onu böyük hay-küylə qarşılayırlar.
Replika:
Röya da burdadır.
Bəs deyirdilər ki, o, Afrikaya ərə gedib?
Afrikaya yox ey, afrikalıya.
Nə fərqi var?
 
XXX
 
Vasif Şöləyə yaxınlaşa bilmir. Bütün toy boyu gözünə onu aldadan naməlum qadın görünür.
Replika: ər-arvad
Nazir toyu belə olur?
Nə olub ki? Xoşun gəlmir?
Bəs yemək-içmək hanı?
Başımı dəng eləmişdin ki, məni konsertə apar. Konsertdi, bax da.
 
XXX
 
Deyirəm, bu adamların özlərini quru-quru şişirtmələri var ey. Handa bir həkimin, müəllimin toyuna gedirsən, yemək əlindən tərpənmək olmur.
Yemək də var, içmək də. Meylin nə çəkir orda var. İstəyirsən gedək yeyək.
Gətirib qoysunlar qabağımıza da. Elə evdə də keçib mətbəxə yeyirəm də.
 
XXX
 
Keçən həftə bir toyda idim. Toy yiyəsi müəllim idi. Stolun üstündə o qədər yemək vardı. Çəngəl-bıçaq qoymağa da yer yox idi.
Bəs o qədər yeməyi necə yediniz?
Əllərimə nə gəlib?
 
XXX
 
5-ci bölümün sonu
 
ARDI  VAR
 
 

ŞƏRH YAZIN