İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - On Dördüncü Bölüm )

0
577
İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - On Dördüncü Bölüm )

Bölüm iştirakçıları:
Nərgiz – gənc xanımdır.
Pərvin – anası
Tural – Nərgizin əri
Teymur – qardaşı
İlqar – qardaşı
Jalə - Teymurun istədiyi qız
Şölə - Jalənin bacısı
Aynur – qonşu qız
Fərid – Turalın dostu
Leyla – gənc xanımdır
Nərmin – Leylanın rəfiqəsi
Polis
 
XXX
 
1/ Jalənin yaşadığı mənzil. 
Jalə özünü itirir. Əsəbi halda gəzişir. Əlinin altında nə varsa yerə çırpır.
Jalə - Mən məhv oldum. O məni aldatdı, aldatdı! (Oqtayın əl telefonuna zəng çalır. Bağlıdır. Kompüterə yaxınlaşır. Oqtayla məktublaşdığı saytı açır. Hər şeyin bitdiyini anlayır. Telefon zəng çalır. Cəld onu götürür. Elə bilir ki, Oqtaydır. Cavabı gözləmədən:)
Jalə - Mən bilirdim ki, sən məni aldatmazsan. Sən zarafat edirdin. De ki, zarafat edirdin! (Şölənin səsini eşidir)
Şölə - Nə danışırsan? Nə zarafat? Sən kimlə danışırsan?
Jalə - (Jalə diksinir) Hər şey qurtardı. O, məni aldatdı, qaçdı!
Şölə - Kim? Kim qaçdı? Oqtay? Cəhənnəmə qaçdı, dalıyca bir qara daş! Necə? Pulları götürüb qaçdı? Uzağa qaça bilməyəcək. O, heç yerə qaça bilməyəcək. Necə? Sənin başın hardaydı? O qədər pulu əlinlə o julikə vermisən?Yaxşı, səbr elə, indi gəlirəm.
 
XXX
 
2/ Pərvinin mənzili. 
Pərvin-Nərgiz. Nərgiz anasıgilə gəlir.
Pərvin – Nə gec gəldin? Bu gün sizə plov bişirmişəm, dəmdədir.
Nərgiz – Qarası da hazırdır?
Pərvin – Qarası hələ hazır deyil. Səni gözləyirdim. Gəl bir yerdə bişirək, öyrən. Nə vaxta kimi sizin yeməyinizi mən bişirəcəm.
Nərgiz – Yaxşı, deyinmə. Bir yemək nədir ki?
Pərvin – Elə mən də onu deyirəm, bir yemək bişirmək nədir ki? Cavan gəlinsən, öyrən, özün bişir.
Nərgiz – Təkcə bişirməklə qurtarsaydı, nə vardı ki? Qazanı qoydun qazın üstünə bişdi, vəssəlam. Göyərti təmizlə, qabları yu. Uzun işdir. Mənim hövsələm çatmaz.
Pərvin – Vallah, Tural yaxşı oğlandır. Başqa kişi buna dözməzdi.
Nərgiz – Bu mahnını yenə oxuyursan? Tural yaxşı oğlandır, ağıllıdır, savadlıdır...
Pərvin – Hə, demişəm, yenə də təkrar edə bilərəm. Turalın nəyini bəyənmirsən? Şəxsən mənim üçün ondan yaxşı kürəkən ola bilməz.
 
XXX
 
3/ Kafe. İlqar-Aynur.
İlqar – Darıxmırsan ki?
Aynur – Mən yeməyimi qurtardım. Sən də ye, gedək.
İlqar – Yemək istəmirəm. İştaham yoxdur.
Aynur – Sən çox siqaret çəkirsən.
İlqar – Hə, elədir. Görünür, adət etmişəm.
Aynur – Sən əgər görsəydin ki, siqaret çəkənlərin ciyərləri nə günə düşür, heç vaxt siqaret çəkməzdin.
İlqar – Bunda siz həkimlərin də günahı var.
Aynur – Həkimlərin? Maraqlıdır.
İlqar – İnsan orqanizminə zərəri olmayan siqaret icad edin.
Aynur – Çalışarıq.
İlqar – Mən də çalışıram. Hələ ki, alınmır.
Aynur – Mənə söz ver ki, siqareti atacaqsan.
İlqar – Atacam. Amma bu gün yox.
 
XXX
 
4/ Pərvinin mənzili. Nərgiz-Pərvin.
Nərgiz – Sənin o istəkli kürəkəninin bir maşını da yoxdur. Metro, avtobus... Bir yerə getmək üçün bilirsən nə qədər vaxt itirirəm?
Pərvin – Darıxma, maşınınız da olacaq. Sözünüz bir olsun, məqsədiniz eyni olsun. Sən də get işlə. Universiteti bitirmisən. Niyə evdə oturursan?
Nərgiz – Nəynən gedim işə? Avtobusla? İşə gedərlər personalnı maşınla. Yoxsa səhər tezdən dur, bashabasla get işə. Yox, bu mənlik deyil.
 
XXX
 
5/ Pərvinin mənzili. Pərvin-Nərgiz.
Pərvin – Sənin hələ nə yaşın var? Mən bu yaşa çatmışam, hələ də avtobusla gedib-gəlirəm.
Nərgiz – Eh, mama, bəsdir də. Sən ayrı, mən ayrı.
Pərvin – Niyə? Mənə nə olub ki? Mən maşınla gəzə bilməzdim? Mən cavan olmamışam?
Nərgiz – Sizin vaxtınızda hamı sənin kimi ictimai nəqliyyatdan istifadə edirdi. İndi o zəmanə deyil. Odey, podruqam Ayka. O da mənim yaşımdadır. Ərinin novastroykada 4 otaqlı mənzili, Mərdəkanda bağı, mersedesi. Bəyəm Ayka əziyyət çəkib? Onun əri bütün bunları tək qazanıb.
Pərvin – Hələ bilmək olmaz, o Ayka dediyin xoşbəxtdir, ya yox.
 
XXX
 
6/ Kafe. İlqar-Aynur.
Aynur – Siqareti adətən uğursuz adamlar çəkir.
İlqar – Bəlkə mən də onlardan biriyəm.
Aynur – Sənə uğursuz demək olmaz. Ən azı ona görə ki, sən gəncsən. Hələ hər şey qabaqdadır. Sadəcə gərək qarşına məqsəd qoyasan və ona çatmaq yolunu tapasan.
İlqar – Elə bu? Qəribədir. Mən məqsədimə çata bilmədim.
Aynur – Onda qarşına qoyduğun məqsəd real olmayıb. Yəqin kosmosa uçmaq istəmisən.
İlqar – Kosmosa uçmaq indi reallıqdır. Mən göydən ayı qopartmaq istəmişəm (zarafatla danışırlar. Gülüşürlər).
 
XXX
 
7/ Teymurla Jalənin yaşadığı mənzil.
Şölə - Olan oldu. İndi gərək vəziyyətdən çıxasan.
Jalə - Necə? Bu mümkün deyil (ağlayır).
Şölə - Mümkündür. Bir ölümə çarə yoxdur. Bəsdir, gözünün qorasını tökdün! Gəl görək neyləmək olar? Deyərsən ki, evə oğru gəlmişdi. Sən evdə yox idin.
Jalə - İnanmaz.
Şölə - İnanar! O qədər pulu evdə saxlayanda evə oğru da gələr, quldur da. (Qapıda Teymur görünür)
Teymur – Nə olub? Bu nədir? Nə oğru? Nə quldur? Bir məni başa salın görüm nə olub?
(Jalə hönkürtü ilə ağlayır)
Jalə - Pul, pullar (dalını deyə bilmir)
Teymur – Nə pul? Pul nədir?
Şölə - Pulunuz itib. Oğru gəlib hamısını apardı.
Teymur – Nə vaxt oğru gəlib? Günün günorta çağı? Sən evdə yox idin?
(Jalə hönkürtü ilə ağlayır. Teymur onu sakitləşdirməyə çalışır. Ürək-dirək verir).
Teymur – Narahat olma, tapacağıq. İndi polis çağıracam.
Jalə - Mənəm günahkar, mənəm! Mənim ucbatımdan pullar yox oldu.
Teymur – Sən niyə?
Şölə - Düz deyir! Odur günahkar! O, evdə olsaydı, evə oğru girməzdi. Yüz kərə demişəm ki, pulu evdə saxlama. Apar qoy banka! Kimə deyirsən? (Teymurun fikrini yayındırır).
Jalə - Mən o pulları öz əlimlə... (hıçqıra-hıçqıra Jalə həqiqəti demək istəyir. Şölə imkan vermir).
Şölə - Sənin əllərinin günahı yoxdur, sənin başın yoxdur! Bir qəpiyi də o yan bu yana eləmirdi ki, ev alacağıq (Jalə bir az da bərkdən ağlayır).
Teymur – Ağlama, sakit ol, oğru da tapılacaq, pullar da (Polisə zəng vurur. Şölə mane olmağa çalışır).
Şölə - Burda polislik nə iş var? Özünüz günahkarsınız. Pulu da evdə saxlayarlar? Bəs bu banklar nə üçündür? İndi görəcəksən, polislər gəlib sizi günahkar çıxardıb gedəcəklər.
 
XXX
 
8/ Pərvinin mənzili. Pərvin-Nərgiz.
Pərvin – Adam bilirsən nə vaxt xoşbəxt olur? Zəhmətlə istəyinə nail olanda.
Nərgiz – Zəhmət, əmək, əziyyət... Bunlar qaldı 20-ci əsrdə. Bu dəyərlər köhnəlib. İndi hər şeyə birdən sahib olmalısan. Yoxsa, başın qarışacaq, sən dediyin kimi zəhmət çəkməyə, ayılanda görəcəksən ki, qatar gedib.
Pərvin – Sən tələsirsən. Hər şeyə birdən nail olmaq istəyirsən. Sən özünü heç kimlə müqayisə eləmə. Hərəyə Allah bir cür tale yazıb.
Nərgiz – Mama, ömür gedir. Mən ömrümü-günümü bir otaqlı xruşşovkada keçirməliyəm?
Pərvin – Hələ ki, yaşamağa yeriniz var. Əl-ələ verin, çalışın, bir otağı iki edin, üç edin. Həyatın şirinliyi elə bundadır da.
Nərgiz – Mən sənin dediklərində bir şirinlik görmürəm.
 
XXX
 
9/ Teymurun mənzili. Polis gəlir. Ətrafa diqqətlə baxır.
Polis – Qapı sındırılmayıb, pəncərə açılmayıb. Qapı öz açarı ilə açılıb. Deməli, oğru ev adamlarından olub.
Şölə - (Teymura üzünü tutub) Gördün, sənə nə demişdim?
Polis – Burda kim yaşayır? (Teymur özü ilə Jaləni göstərir). Siz ər-arvadsınız? (Teymur qeyri-müəyyən cavab verir). Hə, ər-arvad deyilsiniz. Amma bir yerdə yaşayırsınız. Pul kimin idi? (Teymur özünə işarə edir). Pulun yerindən bu qızın xəbəri vardı?
Teymur – Əlbəttə.
Polis – (Teymuru kənara çəkir, pıçıltıyla) Bəlkə pulu özün götürmüsən? (Teymur təəccüblənir). Bu qızı başından eləmək üçün... Hə? Əgər belədirsə...
Teymur – Siz nə danışırsınız? Biz pul yığırdıq ki, ev alaq. Biz evlənmək istəyirik.
Polis – Yaxşı, yaxşı. Bu xanım kimdir? Sizin nəyinizdir? (Şöləni göstərir)
Teymur – Baldızımdır.
Polis – (Şöləyə tərəf) Siz bu mənzilə tez-tez gəlirsiniz? Evin açarı sizdə vardı?
Şölə - Yox.
Jalə - (qeyri-ixtiyari) Vardı. Mən sənə açar vermişdim.
Şölə - Hə, var, amma mənim yadımdan çıxıb. Ehtiyat üçün vermişdi. Birdən öz açarını itirsə...
Polis – Sizin evdə pul olduğundan xəbəriniz vardı?
Şölə - Hə, xəbərim vardı. Nə olsun ki? Siz məndən şübhələnirsiniz? Mən öz bacımın evindən oğurluq edəcəkdim? (Teymura tərəf) Sənə nə demişdim? Oğrunu tapmaq əvəzinə bizi oğru çıxardıb gedəcəklər.
Polis – Açarın sizdə olduğundan daha kimin xəbəri vardı? Ərinizin, oğlunuzun...
Şölə - Mənim heç kimim yoxdur.
Polis – Tək yaşayırsiniz?
Şölə - Bunun oğurluğa nə dəxli var? Bəli, bir nəfərlə yaşayıram. Olmaz?
Polis – Yəni siz də qeyri-rəsmi...
Şölə - Sizə möhür lazımdır?
Polis – O, kimdir? Yəni bir yerdə yaşadığınız adam kimdir, nəçidir?
 
XXX
 
10/ Kafe-restoran. 
Tural dostları ilə restorandadır. Fərid, daha bir neçə nəfər yeyib-içirlər. Fəridin əl telefonu zəng çalır. Danışan arvadıdır.
Fərid – Hə, əzizim, mən bu gün gec gələcəm, təcili iş var. Gərək onu təhvil verək (gülüş). İndi hardayam? Şirkətin yeməkxanasında (gülüş). İş o qədər çox olub ki, günorta çörəyini indi yeyirik. Narahat olma. Evə bir şey lazımdır? Yaxşı! Sabah mütləq gedərik (Telefonu söndürür).
Dostu – Mən heç bilmirdim ki, bura şirkətin yeməkxanasıdır (gülüş).
Digəri – Fərid deyəsən arvaddan yaman qorxur.
Fərid – Bu qorxaqlıq deyil. Buna deyərlər düzgün ailə siyasəti. Qulaq asın, öyrənin. Əgər mən desəydim ki, restorandayam, bundan nə udacaqdım? Heç nə! Amma, arvadımın ürəyinə bir xal düşəcəkdi.
Dostu – Belə çıxır ki, arvadın sənə inanmır.
Digəri – Səni yaman nəzarətdə saxlayır ha...
Fərid – Nəzarətdə saxlayırsa, deməli sevir. Bax, mən burda yaxın dostlarımla oturub yeyib-içirəm. O isə evdə oturub mənim yolumu gözləyir. Mən nə pis iş görürəm? Amma həqiqəti desəydim, o istər-istəməz məndən inciyəcəkdi. Hətta bunu büruzə verməsə belə. Ağıllı adam arvadının ürəyinə xal düşməyə imkan verməz.
Dostu – Bizim başımız elm öyrənməyə qarışanda, Fərid qadın-kişi psixologiyasını öyrənirmiş. Sənin sağlığına.
 
XXX
 
11/ İlqar Leylanın təzə iş yerinə gəlir. 
Gizli yerdə dayanıb Leylanın yolunu gözləyir. Leyla görünür. Lakin İlqar ona yaxınlaşmır. Bir kənarda dayanıb Leyla gözdən itənə qədər ona baxır. Siqaret çıxardıb çəkir.
 
XXX
 
12/ Leyla-Nərmin.
Nərmin – Təzə yerin necədir? Xoşuna gəlir?
Leyla – Özümü çox qərib hiss edirəm. Elə bil başqa ölkədəyəm, ora isnişə bilmirəm, hər şey quru, soyuq, cansıxıcıdır.
Nərmin – Leylacan, qayıt öz işinə. Sənin yerin hələ boşdur.
Leyla – Etiraf edim ki, mən İlqar üçün darıxıram. Onun mənə zillənmiş baxışları üçün darıxıram. Ona görə qorxuram. Mən özüm-özümü başa düşmürəm.
Nərmin – Mən bilirdim ki, belə olacaq. O səni çox sevir. Belə sevgidən imtina etmək...
Leyla – İmtina etməliyəm! Bu bizim heç birimizə xoşbəxtlik gətirməyəcək. Hamı təzə iş yerinə bir müddət alışa bilmir. Yavaş-yavaş düzələcək. Biz bir-birimizdən uzaq olmalıyıq. Bəs İlqar necədir?
Nərmin – Qaşqabaqlı. Sual verməsən, danışmır. Eşitmişəm ki, o da kafedradan getmək istəyir.
 
XXX
 
13/ Teymurun mənzili. 
Polisin araşdırması davam edir. Polislərdən biri o birisinin qulağına nə isə pıçıldayır.
Polis – O.... Vasif müəllim? Həmin Vasif müəllim.
Şölə - Nədir? Ondan da şübhələnirsiniz? Bilirsiz o harda işləyir?
Polis – Biz onu tanıyırıq. Özü də yaxşı tanıyırıq. Qızıl dükanını soymaq üstündə...
Şölə - Nə danışırsınız? Onu aldatmışdılar. Onu soymuşdular. Hələ o arvadı tapmamısınız? Əsl oğrular şəhərdə at oynadır, onları tapmaq əvəzinə, bizi oğru çıxardırlar (Əsəbiləşir, Teymura tərəf). Dedim sənə polis çağırma! (Jaləyə tərəf). Sən də bəsdir ağladın. Dur gedək. Tez elə! Yoxsa səni də oğru çıxardacaqlar! Onların məqsədi plan doldurmaqdır. Oğrunu tapmaq yox!
(Jalənin qolundan yapışıb otaqdan çıxır).
 
XXX
 
14/ Turalın mənzili. Tural-Nərgiz. Harasa getməyə hazırlaşırlar.
Tural – Sən bu geyimdə gedəcəksən?
Nərgiz – Hə, xoşuna gəlir?
Tural – Sən bilirsən ki, mənim açıq-saçıq geyimlərdən xoşum gəlmir.
Nərgiz – Onda gedib kənd qızı alaydın. Mən belə geyinirəm.
Tural – Yox! Belə geyinməyəcəksən! Ya əynini dəyişəcəksən, ya da heç yerə getməyəcəyik.
Nərgiz – Sən əgər getməsən, mən ora tək gedəcəm.
 
XXX
 
15/ İlqarın otağı. İlqar-Pərvin xanım.
İlqar öz otağındadır, uzanıb. Əlində şəkil var. Həmin şəklə baxır, fikrə gedib.
(Həzin musiqi səslənir. İlqar Muradovun ifasında“Səni sadəcə sevirəm”mahnısına qulaq asır. Sözləri Hamlet İsaxanlı, musiqisi Nailə İsaxanlınındır).
Qapı açılır. İçəri anası daxil olur. İlqar cəld şəkli gizlədir.
Pərvin – (oğlunun yanında oturur) Kimin şəklinə baxırdın? Niyə gizlətdin? Ver mən də baxım. Nə vaxt elçi gedirik?
İlqar – (təəccüblə) Elçi? Kimə?
Pərvin – O şəklin sahibinə. Çox yaxşı qızdır. Ailəsi də xoşuma gəlir.
İlqar – Sən Aynurdan danışırsan?
Pərvin – Əlbəttə Aynurdan. Yoxsa başqa namizədin də var? Hə? (Zarafatla danışır). Boynuna al.
 
XXX
 
Leyla əri Anarla yeni tikilən binalardan birinə baxmağa gedirlər. 
Nə barədəsə məsləhətləşirlər...
 
XXX
 
16/ İlqar-Pərvin xanım. Mənzil.
Pərvin – Zarafat bir yana. Qızın hərisini almaq lazımdır. Niyə uzadaq? Qonşuyuq. Bir yerdə gedib-gəlirsiniz.
İlqar – Biz Aynurla sadəcə dostuq.
Pərvin – Nişanlayaq sizi, dostluğunuz daha da möhkəmlənsin. Nə deyirsən?
İlqar – Tələsmə.(Söhbəti dəyişir) Gəl musiqiyə qulaq asaq(radionun səsini artırır)
Pərvin – Adaşın oxuyur. Musiqisi çox gözəldir.
İlqar – Sözləri də yaxşıdır. Qulaq as ...
Pərvin – Hə, yaxşı sözlərdir. Adam gənc olanda, “səni sevirəm” deməyə nə var ki...
İlqar – Hamlet İsaxanlı bu şeiri otuz illik ailə həyatından sonra xanımına həsr edib. Nailə xanım da musiqisini bəstələyib. (radionun səsini ucaldır). Görürsən, sevgi yaşa baxmır.
 
XXX
 
17/ Şölənin mənzili. 
Şölə, Jalə (Qulluqçu Nazlı da görünür. Qapının dalından bacıların söhbətinə qulaq asır).
Şölə - (ürəkdən gülür) Gördün, polisləri necə yerində oturtdum? Elə bilirlər ki, onların qabağındakı uşaq-muşaqdı (Jaləyə tərəf). Sən lap maymaq imişsən ki, özün bir tərəfə, az qalmışdı məni də baqaja qoyasan.
Jalə - Gərək mən hər şeyi Teymura danışam. Onsuz da biləcək. Görmədin, polis baxan kimi dedi ki, pulu ev adamlarından biri götürüb.
Şölə - Qoy sübut etsinlər! Hanı, sübutları var? Hanı pul? Uçdu, getdi! Maymaq! O qədər pulu julikin birinə öz əlinlə vermisən!
Jalə - Məni aldatdı! İngiltərə, universitet, Oksfort, London...
Şölə - Saxla, saxla. Gəlib çatdıq. Iki eşşəyin arpasını bölə bilmirsən, Oksfortda necə oxuyacaqdın? Bir düşünəydin də.
Jalə - Oqtay deyirdi ki, pul olandan sonra oxumağa nə var? Yox, mən gərək Teymura hər şeyi açıb danışam. Bəlkə pulu qaytarmaq mümkün oldu? Hə? Bəlkə Oqtay hələ burdadır? Bəlkə onu tutdular?
Şölə - Dayan! Hara? Bəlkəni əkiblər, hələ biçən olmayıb. Bəlkə dəmir barmaqlıqlar arasında oturmaq istəyirsən, isti otaq səni bezdirib? Oqtayı tutsalar, sən batdın.
Jalə - Niyə? O qədər pulu bir günə xərcləyib qurtara bilməz ki.
Şölə - Oqtay o pulu səndən zorla götürüb? Aparıb öz əlinlə verməmisən? Teymura bunu deyəcəksən?
Jalə - Bilirəm, hər şey qurtardı. Bu xəyanəti kim bağışlayar? Heç olmasa qoy pulu geri alsın.
Şölə - Mən səni əməlli-başlı adam bilirdim. Sən lap avamın birisənmiş ki. Lap elə Oqtayı tutdular. Sübut edə biləcəksən ki, pulu ona vermisən? Ondan çek almısan, notariusa getmisən? Hə? Bəlkə şahidlərin var?
Jalə - Bəs neyləyim? Durum kənardan baxım? Teymur belə münasibətə layiq deyil. O mənə heç bir pislik eləməyib.
Şölə - Onu itirmək istəmirsənsə, mənə qulaq as. Hələ finiş deyil!
 
XXX
 
On dördüncü bölümün sonu

(Ardı var)
 

ŞƏRH YAZIN