İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - On İkinci Bölüm )

0
1884
İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - On İkinci Bölüm )

Bölüm iştirakçıları:
Nərgiz – gənc qızdır.
Pərvin xanım – anası
Mərdan – atası
Teymur – böyük qardaşı
İlqar – əkiz qardaşı
Jalə - Teymurun istədiyi qız
Şölə - Jalənin bacısı
Leyla – gənc xanımdır.
Nərmin – Leylanın rəfiqəsi
Tural – gənc oğlandır.
Anar – Leylanın əri
 
 
XXX
 
1/ Şölənin mənzili. Şölə-Jalə. Jalə gəlir.
Jalə - Xanımlara eşq olsun. Bəh-bəh, nə yaxşı görünürsən. Yaman bəzənmisən. Hara gedirsən?
Şölə - Bu gün gedib maşın alacağıq. Vasif mən istədiyim maşını axtarıb tapacaq, sonra mən gedib baxacam, əgər xoşuma gəlsə, onu mənə alacaq.
Jalə - Varam buna! Quşu gözündən vurmusan!
Şölə - Sizin cəbhədə nə xəbər var?
Jalə - Hansı cəbhədə? Mən indi iki cəbhədə döyüşürəm.
Şölə - Odla oynayırsan. Ehtiyatlı ol. Teymurun uşaq olmasına baxma.
Jalə - Teymurun başı qarışıb ev almağa.
Şölə - Ev alır?
Jalə - Hələ ki, pul yığırıq. Bütün qazancı məndədir.
Şölə - Pulu evdə saxlama. Apar qoy banka. Bankda öz adına qoy.
Jalə - Bacımın məsləhətlərinə mən həmişə əməl edirəm.
Şölə - Öyrən, böyük bacından öyrən. Lazım olacaq. İkinci cəbhədən danış.
Jalə - Sənə demişdim axı, internetdə bir oğlanla tanış olmuşam.
Şölə - Yadımdadır. İngilislər barədə sənə məlumat verən.
Jalə - Onunla axır ki, görüşdük. Elə qəşəng oğlandı ki.
Şölə - Harda görüşdünüz?
Jalə - Şəhərin mərkəzindəki kafedə.
Şölə - Sən dəli olmusan? Qorxmursan ki, səni görərlər?
Jalə - Orda xaricilər çox olur. Bir də neyləmişəm ki? Getdik kafeyə, dondurma yedik, qəhvə içdik, vəssalam! Sən də lap köhnə fikirlisən ey. Burda nə var ki?
 
XXX
 
2/ Universitet.
(Kafedra işçisi Leylaya yaxınlaşır)
Leyla xanım, sizdən bir xahişim var ey.
Leyla – Nə xahişdi?
O Cavanşir var ey, sizin tələbəniz. Onun zaçotunu yazın, rədd olub getsin. Onun dayısı lap mənim zəhləmi töküb.
Leyla – Çox nahaq yerə. Burada sizlik bir iş yoxdur. Mən Cavanşirə ən elementar sual vermişəm. Onu da bilmir.
İşi olub, hazırlaşa bilməyib. Bir təhər kömək edin də.
Leyla – Mən ona kömək etməyə çalışıram. Ona lap sadə tapşırıq vermişəm. Hazırlaşıb cavab versin, qiymətini də alsın. Narahat olmağa əsas yoxdur.
Leyla xanım, mənim xətrimə (zaçotniki açıb Leylanın qabağına qoyur)
Leyla – Siz nə üçün ondan ötrü xahiş edirsiniz? Siz Cavanşirin nəyisiniz?
Ay Leyla xanım, bəs mən əkiz balalarımı dolandırmalıyam da...
Leyla – Əkiz balalarınızı?
Hə, bəs xəbəriniz yoxdu? Mənim əkiz uşaqlarım var axı.
 
XXX
 
3/ Şölənin mənzili.
Şölə-Jalə.
Jalə - Sənə bir xəbər gətirmişəm. Eşitsən inanmayacaqsan.
Şölə - Yenə nə olub? Zəlzələ baş verib, yer sürüşüb? Yoxsa sunami təhlükəsi var?
Jalə - Bədbin fikirləri at bir yana! Xeyir xəbərdir. Eşitsən inanmayacaqsan!
Şölə - Daha ürəyimi üzmə! Onsuz da hövsələm yoxdur.
Jalə - Teymur mənə evlənmək istəyir.
Şölə - Yaxşı xəbərin budur?
Jalə - Ata-anası səninlə tanış olmaq istəyir.
Şölə - Qoy restoranda stol sifariş etsinlər, gedərəm, tanış olarıq.
Jalə - Sən başa düşmədin. Onlar bizə gəlmək istəyir. Yəni sənin evinə. Baxmaq istəyirlər ki, mən necə ailədən çıxmışam. Teymur elə bilir ki, Vasif sənin ərindir. Axı mən ona necə deyərdim ki... sən...
Şölə - Yaxşı, başa düşdüm. Onlara nümunəvi ailə lazımdır, təşkil edərik. Narahat olma.
Jalə - Sən niyə belə əsəbisən? Maşın aldın? Maşın xoşuna gəlməyib?
Şölə - Maşın hələ müəyyən müddətə təxirə salındı. Çimnazın atı hələ ki, çapır. Buna da dözərik! Yaxşı, qohumların nə vaxt təşrif gətirəcəklər?
Jalə - Bu bazar günü.
 
XXX
 
4/ Universitetin kafesi.
Əvvəl Leyla ilə Nərmin içəri daxil olurlar. Sonra İlqar gəlir.
İlqar – Qızlar, siz keçin əyləşin. Nə istəyirsiniz mən gətirərəm.
Leyla – Biz ancaq qəhvə içəcəyik. Sən özün üçün nə istəyirsən götür.
İlqar – Yaxşı, keçin oturun. Mən gətirərəm.
(Nərmin Leylanın qolundan dartıb aparır. İlqar padnosda üç stəkan qəhvə və piroq gətirib stolun üştünə qoyur).
Leyla – Sən nahaq zəhmət çəkirsən.
Nərmin – Zəhmət çəkənə təşəkkür edərlər. Sağ ol, İlqar. Necə dadlıdır? Toyunda əvəzini çıxacam (qəhvədən bir neçə qurtum içib ayağa qalxır). Mənim təcili işim var. Siz söhbət edin, mən getdim (Leyla da ayağa durur).
Leyla – Mənim də işim var. Gözlə, Nərmin, bir yerdə gedək.
(İlqar qeyri-ixtiyari Leylanın qolundan yapışır).
İlqar – Yox, sən getmə!
Leyla – (təəccüblə ona baxır) Əvvəla mənə “sən” deyə müraciət etmə. Sən mənim tələbəm olmusan.
İlqar – Mən daha tələbə deyiləm, mən sənin həmkarınam.
Leyla – Həmkara da “siz” deyə müraciət etmək olar (Yenə də durub getmək istəyir).
İlqar – Getmə, xahiş edirəm. Mənə beş dəqiqə qulaq as.
(Leyla oturur. Ciddi görkəm alır).
Leyla – Nəsə bir problem yaranıb?
İlqar – Bəs deyirlər, qadınlar həssas olurlar, hər şeyi tez başa düşürlər?
Leyla – Nə demək istəyirsən? Mən səni başa düşmürəm.
İlqar - Mən səni sevirəm. Lap çoxdan sevirəm.
Leyla – (Bir an susur. Sonra mülayim tərzlə) Mən sənin tələbə yoldaşın deyiləm.
İlqar – Mən səni çox sevirəm.
Leyla – Mən 20 yaşında deyiləm.
İlqar – Yaşın dəxli yoxdur. Mən...
Leyla – Mənim uşağım var.
İlqar – Bilirəm.
Leyla – Mənim ərim var.
Ilqar – Bilirəm.
Leyla – Mənim ərim çox yaxşı adamdır.
İlqar – Bilirəm (təəssüfedici tərzdə)
Leyla – Mən səni sevə bilmərəm. Heç sən də məni sevmirsən. Gənclikdə belə hisslər olur. Bunlar müvəqqəti hisslərdir, keçib gedəcək.
İlqar – Mən səndən heç nə istəmirəm. Mən hər şeyi başa düşürəm. Amma özümlə bacarmıram.
Leyla – (mülayimcəsinə) Sənin yaşında bu təbiidir. Sənin heç qız dostların var? Yox? Görürsən, amma olmalıdır. Sən öz yoldaşlarınla oturub-durmalısan, yoldaşlıq etməlisən, onda belə xəyallar da öz-özünə çəkilib gedəcək. Bir ətrafa bax, gör nə qədər qəşəng qız var.
 
XXX
 
5/Leyla ayağa qalxıb gedir. 
İlqar onun ardınca baxır. Köks ötürür. Sonra ətrafındakı qızlara nəzər salır. Hiss olunur ki, öz-özlüyündə müqayisə edir. Lakin heç birini bəyənmir.
 
XXX
 
6/ Leyla-Nərmin.
Leyla – Mən iş yerimi dəyişməli olacağam.
Nərmin – Nə olub ki? Hə, başa düşdüm, İlqara görə. O, sənə nə edir ki? Cavan oğlandı da. Qoy sənə “uxajıvat” eləsin. Bunun nəyi pisdi?
Leyla – Mən özümdən qorxuram. Qorxuram ki, o, mənim keçirdiyim hissləri başa düşər.
Nərmin – Dayan, dayan görüm. Deyəsən təzə xəbər var. Danış görək.
Leyla – İlqar mənə zəng vurur. Dəstəyi götürürəm, nəfəsini eşidirəm, amma səsini çıxartmır. Qəribədir ki, bu məni əsəbiləşdirmir. Əksinə, mənə gizli bir ləzzət verir. Elə bilirəm ki, gənc bir qızam.
Nərmin – Leylacan, xoşbəxt qadınsan. Səni dəlicəsinə sevən var. Kaş məni də belə sevən olaydı. Heç nəyə baxmazdım. Onunla dünyanın o başına da gedərdim.
Leyla – Bu mümkün deyil. Mən buna yol verə bilmərəm. O, məndən 10 yaş kiçikdir.
Nərmin – Yaşın nə fərqi var ki?
Leyla – Yaşdan başqa da bizim fərqimiz var. Mənim ailəm var.
 
XXX
 
7/ Kafedra otağı.
Leyla – Yalçın müəllim, (Leyla başqa kafedraya keçmək istədiyini bildirir).
Yalçın müəllim – (səbəbini öyrənmək istəyir) Bir səbəbi olmalıdı, ya yox. Bəlkə xətrinə dəyən olub? İlin ortasında iş yerini dəyişmək? Saatlar bölünüb.
Leyla – Mən Kəmalə xanımla danışmışam. O, məni əvəz edəcək. Dərslər boş keçməyəcək.
Yalçın müəllim – Görürəm ki, qərarın qətidir. Neyləmək olar? Nə vaxt istəsən qayıda bilərsən. Amma bil ki, biz sənin xətrini çox istəyirik.
 
XXX
 
8/ Şölənin mənzili. Şölə-Vasif.
Şölə - Bazar günü bizdə olmalısan.
Vasif – Yox, bazar günü gələ bilməyəcəm. Çimnaza söz vermişəm, evdə olmalıyam.
Şölə - Sözünü geri götürməli olacaqsan. Sən belə bir gündə məni tək qoymayacaqsan ki?
Vasif – Nə gündü ki?
Şölə - Teymurun ata-anası gələcək. Bizimlə tanış olmağa.
Vasif – Mənim burda nə işim var? Yox, mən gələ bilmərəm. Mən kiməm? Sənin üçün də yaxşı düşməz.
Şölə - Sən mənim ərim! Onlara möhürlü sənəd göstərməyəcəyik ki?
Vasif – Yox, yox, sən məni bu işə qatma. Birdən tanışlardan biri görər.
Şölə - Nə tanış? Teymurun ata-anası olacaq, vəssalam. Gəlirlər tanış olmağa. İstəyirlər görsünlər ki, Teymur kimlərnən qohum olmaq istəyir. Sənin burda olmağın çox vacibdir. Jalə də yazıqdır. Ailə qurub yaşasa, bizə də yaxşı olar.
Vasif – Yaxşı, gələrəm.
 
XXX
 
9/ İlqarın otağı. 
Fikirlidir. Kresloda oturub telefona baxır. Dəstəyi götürür. Nömrəni yığmaq istəyir, amma fikrini dəyişir. Gözünün önünə Leyla gəlir. O, əri, uşağı ilə bir yerdədir. Xoşbəxtdir, gülür, danışır. Dəstəyi yerinə qoyur. Siqaret yandırıb otaqdan çıxır.
 
XXX
 
10/ Leylanın mənzili.
Leyla televizora baxır. Əri Anar gəlib onun yanında oturur.
Anar – Nəyə baxırsan? Reklamlara?
Leyla – Gör nə yaxşı binadır? Orada mənzilimiz olsaydı.
Anar – Yeri də yaxşıdır. Gedək baxaq. Xoşun gəlsə, alarıq. Azər də böyüyür. Ona ayrı otaq lazımdır.
(Azər əlində iştahla nə isə yeyir. Başını qaldırır).
Uşaq – Ata, əgər şokalad qurtarsa, yenə alarsan?
Ata – Əlbəttə, alaram.
Uşaq – Onda get al. Çünki şokalad qurtardı.
(Əllərini açıb göstərir. Gülüşürlər).
 
XXX
 
11/ Şölənin mənzili.
Vasif də oradadır. Teymurun ata-anası və Nərgiz onlara gəlir.
Şölə - Keçin, keçin içəri. Xoş gəlmisiniz (qonaqları yerbəyer edir).
Pərvin – Uşaqlar bir-birilərini çoxdan tanıyırlar. Fikirləşdik ki, biz də tanış olsaq pis olmaz.
Şölə - Düz eləmisiniz. Elə mən də sizinlə tanış olmaq istəyirdim. Jaləni mən böyütmüşəm. Anamız rəhmətə gedəndə Jalə lap balaca idi. Atamız da, kişi xeylağıdı da, qoşuldu birinə, çıxdı getdi Rusiyaya. Ona görə də Jalə həm mənim bacımdır, həm də qızım. Bu da Vasif müəllimdir. Nazirlikdə işləyir. O da Jaləni qızı kimi sevir (Vasif Nərgizə baxır, başını aşağı salır. Özünü çox narahat hiss edir. Heç nə danışmır. Nərgiz də təəccüblə ona baxır).
Pərvin – Biz də Teymurun ata-anasıyıq. Bu da bizim qızımızdır – Nərgiz.
Şölə - Jalə çox ağıllı qızdır. İşini biləndir. Açığı, mən o yaşda olanda çox sadəlövh idim. Bilmirəm, zəmanədəndi, ya nədəndi, indiki gənclər başqa cürdülər. Daha sərbəstdilər, həyatı dərindən başa düşürlər.
Mərdan – Hə, çox sərbəstdirlər. Bəzən hədlərini də aşırlar.
Şölə - Kim müəyyən edib ki, o hədd nə qədər olmalıdır. Qoy necə istəyirlər, elə də yaşasınlar... Bu olmaz, o olmaz. Elə olmaz-olmazlar bizə qalıb?
Mərdan – Elə adətlər var ki, onları dəyişmək olmaz. Bu, hər yerdə belədir.
Şölə - Niyə olmur? Sizin sözünüzdən belə çıxır ki, dünya yarananda necə idisə, elə də qalmalı idi. Bizim babalarımız ayaqlarına çarıq geyinirdilər, biz də gərək çarıq geyinək?!
 
XXX
 
12/ Şölənin mənzili.
Mərdan – Biz gedək. Görüşdük, danışdıq... (ayağa qalxırlar)
Şölə - Niyə tələsirsiniz? Oturmuşuq da.
Mərdan – Oturduq, bəsdi. Teymur, düş qabağa getdik.
Şölə - Yox, Teymur getməyəcək. O, artıq bizimdir.
(Ata-ana təəccüblə bir-birinə baxırlar).
Pərvin – Biz buraları yaxşı tanımırıq. Teymur gətirməsəydi, yolu tapmazdıq. Biz Teymursuz gedə bilmərik.
Şölə - Vasif sizi ötürər.
 
XXX
 
13/ Pərvinin mənzili.
Ata-ana-Nərgiz içəri girirlər. Üçü də fikirlidir. Daha doğrusu qanları qaradır.
Mərdan – Mən Teymurun bu qədər iradəsiz olduğunu bilmirdim.
Pərvin – Uşağın evi yıxılıb. O da Vasifin gününə düşəcək. Vasif müəllim pis adama oxşamır. Amma arvadının yanında səsini də çıxarda bilmirdi. Jalə də bacısına oxşayacaq. Hələ quyruğu qapı arasındadır. Onun buynuzları sonra çıxacaq. İki kişini bu bacılar gör əllərində necə saxlayırlar.
Nərgiz – Hələ siz hər şeyi bilmirsiniz.
Pərvin – Nəyi bilmirik?
Mərdan – Daha nəyi bilməliyik, bundan artıq?
Nərgiz – Vasif müəllim Şölənin əri deyil.
Pərvin – Sən bunu hardan bilirsən?
Mərdan – Sən Vasifi tanıyırsan?
Nərgiz – O, Zərifin atasıdır, mənim rəfiqəmin. Vasif müəllim də məni tanıdı. Ona görə başını qaldırıb üzümə baxa bilmirdi.
Pərvin – Dur, Teymura zəng vur. Tez elə! De ki, təcili gəlsin. De ki, ananın ürəyi tutub.
(Nərgiz əl telefonu ilə Teymura zəng çalır).
Mərdan – Bərəkallah, oğul! Üzün ağ olsun. Başımı yaman uca etdin.
(Otaqdan çıxır).
 
XXX
 
14/ Şölənin mənzili.
Teymurun əl telefonu zəng çalır.
Teymur – Nə olub? Ürəyi? Nə vaxt? Həkim çağırmısız? Bu dəqiqə gəlirəm.
(Telefonu söndürür). Mən getməliyəm. (Jaləyə tərəf). Sən burda qal. Gecdir. Anamın ürəyi tutub.
Şölə - Get, get, Jalədən narahat olma (Teymur otaqdan çıxır. Şölə ilə Jalə bir-birilərinə baxıb bərkdən gülürlər).
Şölə - İndi sən gərək daha ehtiyatlı olasan. Onlar hər şey edəcəklər ki, sizi ayırsınlar. Heç olmasa, bir mənzil qopart onlardan, sonra Teymur hara istəyir çıxıb getsin. Öz evin olandan sonra belə teymurlardan çox olacaq.
 
XXX
 
15/ Pərvinin mənzili. Teymur gəlir.
Teymur – Nə oldu birdən-birə sənə? Orda yaxşıydın. Yolda nə isə olub?
Pərvin – Get dincəl. Sən də yorğunsan. Səhər danışarıq. Nərgiz, get qardaşının yerini düzəlt, qoy yatsın.
Teymur – Ata hanı?
Nərgiz – O da kefsizdir. Gedib yatdı.
Teymur – Axı bunlara nə oldu? Nə baş verib?
Nərgiz – Əgər mənə qulaq asacaqsansa, deyərəm.
Teymur – Hə, qulaq asıram. De, nəyi bəyənmədiniz?
Nərgiz – Onlarla biz qohum ola bilmərik. Biz tamam başqa-başqa adamlarıq.
Teymur – Hə, adət-ənənə məsələsi. Hərənin bu barədə öz fikri ola bilər. Şölənin fikri belədir. Məcbur deyil ki, biz də onun kimi düşünək.
Nərgiz – Məsələ bundadır ki, sən də Jalə ilə başqa-başqa adamlarsız.
Teymur – Bu məsələni burax mənim öhdəmə. Mən özüm bilərəm, kim mənə yaraşır, kim yox. Elə bu?
Nərgiz – Sən Vasif müəllimi yaxşı tanıyırsan?
Teymur – Hə, tanıyıram. Ona nə iradınız var?
Nərgiz – O, mənim rəfiqəmin atasıdır. Zərifi tanıyırsan da. Onun doğma atasıdır.
Teymur – Vasif müəllim Zərifin atasıdır? Bəlkə çaşdırırsan? Yəqin Zərifin anasından ayrılıb?
Nərgiz – Ayrılmayıb. Dəqiq bilirəm. Görmədin, Vasif müəllim başını qaldıra bilmirdi. Sən də onun gününə düşmək istəyirsən?
Teymur – Mənim nə arvadım var, nə də uşağım. Mən onun gününə necə düşə bilərəm?!
 
XXX
 
16/ Universitet. Kafedra.
Leyla rəfiqəsi Nərminlə söhbət edir. Söhbət əsnasında jurnala qeydlər edir, dərsliyə baxır və s.
Leyla – Bu gün Anarla gedəcəyik evə baxmağa (evin yerini deyir). Həm şəhərə yaxındır, həm də çox gözəl binadır.
Nərmin - O təzə binaları deyirsən? Mənim də onlardan xoşum gəlir. Əgər mən də ev almaq istəsəydim, mütləq o binadan alardım.
Leyla – Hələ gedək baxaq, görək içi necədir. Mən getdim dərsə. Axşam zəngləşərik.
 
XXX
 
17/ Kafe.
İlqar kafeyə gəlir. Elə həmin masada bir qız oturub. Qız tanış gəlir. Bir də ona baxır, gülümsəyir və salamlaşır.
Qız – Tanımadınız? Mən sizin qonşunuzam. Təzə qonşunuz. Yadınızdadır, sizə gəlmişdim, telefonla danışmağa.
İlqar – Hə, yadıma düşdü. Həkim qız.
Qız – Hələ həkim deyiləm... Həkimliyi öyrənirəm, tələbəyəm.
İlqar – Həkimlik peşəsi elədir ki, gərək bütün ömrün boyu öyrənəsən.
Qız – Hə, elədir. Əslində bütün sənətlər belədir. Yaxşı mütəxəssis olmaq üçün həmişə öyrənmək lazımdır. Tanış bir professor var. Mən dərsdən əlavə onun yanına təcrübə toplamağa gedirəm. Çox savadlı həkimdir. Ancaq iş otağı, masanın üstü, hər yer kitab, jurnallarla doludur. Bütün elmi məqalələri oxuyur, təzə bir şey öyrənəndə uşaq kimi sevinir.
İlqar – (siqaret çıxarır) Həkim-tələbə siqaret çəkməyə icazə verirmi?
Qız – Bax, mən elə indi siqaretin orqanizmə vurduğu ziyanı öyrənirəm. Xüsusən ağ ciyərə çox zərərlidir.
İlqar – Ağ ciyər düzələr. Əsas ürəkdir.
 
XXX
 
18/ İlqar-qonşu qız.
Qız – Yaxşı, mən getdim. Sağ olun.
İlqar – Evə gedirsiniz? Sizə yoldaş ola bilərəm.
Qız – Yox, xəstəxanaya gedirəm, təcrübə toplamağa.
İlqar – Siqaretin ağ ciyərə vurduğu zərəri öyrənməyə? (Gülüşürlər, qız gedir).
 
 XXX
 
19/ Teymur-Jalə.
Teymur – Vasif müəllim sənin bacının əridir? Onlar çoxdan bir yerdə yaşayırlar? Niyə cavab vermirsən?
Jalə - Sən lap müstəntiq kimi soruşursan.
Teymur – Sən bilirsən ki, Vasif müəllimin ailəsi var?
Jalə - Hə, bilirəm. Nə olsun ki?
Teymur – Sənin bacın ailəli kişi ilə yaşayır. Bu səncə heç nə demək deyil?
Jalə - O, arvadından ayrılıb, Şölə ilə evlənəcək. Qızı nişanlıdır. Qızı ərə gedən kimi arvadından boşanacaq. Burda nə var ki? Buna görə əsəbisən? Bu, onların öz işləridir. Bizə onlardan nə?
Teymur – Hə, bizim onlarla işimiz olmamalıdır! Başa düşdün? Sən bacını yaddan çıxart! Eşitsəm ki, onların evinə getmisən, ya onunla hansısa əlaqən var, məni burda görməyəcəksən! Ikimizdən birini seç, ya bacın, ya mən! Mən fikrimi dəyişməyəcəm.
 
 XXX
 
20/ Nərgizlə Turalın toyu.
Toyun keçirildiyi yer xüsusi seçilməlidir. Kənd yerini xatırlatsa, daha yaxşı olar. Milli toy adətlərimiz mümkün qədər qabardılmalıdır. Məsələn: qadınlarla kişilərin mərasimi ayrı-ayrılıqda keçirilməlidir. Bəyin təriflənməsi, gəlinin təriflənməsi, xınayaxdı və s. Bəylə gəlinin geyimində də milli elementlər olmalıdır. Tutaq ki, bəyin başında papaq, gəlinin duvağı qırmızı ola bilər. Rəqs musiqisinə üstünlük verilməlidir. Gənclər yallı gedəcəklər.
 
XXX
 
On ikinci bölümün sonu
 
(Ardı var)
 

ŞƏRH YAZIN