İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - On Yeddincı Bölüm )

0
2013
İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - On Yeddincı Bölüm )

Bölüm iştirakçıları:
Nərgiz – gənc xanımdır.
Tural – Nərgizin əri
Pərvin – Nərgizin anası
Teymur – qardaşı
İlqar – qardaşı
Aynur – qonşu qız
Jalə - Teymurun qız dostu
Leyla – gənc xanım
Nərmin – Leylanın rəfiqəsi
Şölə - Jalənin bacısı
 
XXX
 
1/ Nərgizin yaşadığı binanın həyəti.
Nərgiz – Burda saxla. Mən çatdım.
Alik – Eviniz hansıdır? Bəlkə məni evə dəvət edəsən?
Nərgiz – Dedim ki, saxla maşını.
Maşın dayanır. Alikin əlindən nə isə sürüşüb düşür. Alik onu götürmək məqsədilə əyilir. Birdən Nərgizin ayaqlarını qucaqlayıb öpməyə başlayır. Nərgiz zorla qapını açıb maşından çıxır. Başı gicəlləndiyindən addımlarını atanda səndələyir. Üzünə sərin meh dəyir. Bir az özünə gəlir. Tini dönmək istəyəndə qarşısında Turalı görüb diksinir. Qorxu və sevinc hissləri bir-birinə qarışır. Tural Nərgizə diqqətlə baxıb hirslə bir sillə vurur. Nərgiz dinmir. Tural əlini qaldırıb bir də vurmaq istəyir. Nərgiz özünü qorumaq üçün heç nə etmir. Mat-mat Turala baxır. Növbəti zərbəni gözləyir.
 
XXX
 
2/ Pərvinin mənzili. 
Pərvin toya hazırlıq görür. Çağırdığı qonaqların siyahısına baxır. Kimi isə əlavə edir.
Pərvin – Zəhra lap yadımdan çıxıb. Qonşudur, üz-üzə gəlirik, yaxşı düşməz. Gərək onu da dəvət edim.
(Gəlini üçün aldığı hədiyyələr görünür. Divanda, stolda, stulların başında. Üzüyə baxır). Görəsən, Jalənin xoşuna gələcək? Gərək özünü də götürüb aparaydım. İstədiyini seçərdi. Eybi yox, qaçmırıq ki. Evə gələr, gəlin-qaynana gedib nə istəsə alarıq.
Telefon zəng çalır. Pərvin xanım xoş əhval-ruhiyyə ilə telefonu götürür.
Pərvin – Alo, kimdir?
Naməlum qadın səsi – Sizin xeyirxahınızdır danışan.
Pərvin – Başa düşmədim, kimdir?
Naməlum qadın səsi – Pərvin xanım, mənə diqqətlə qulaq as. Sən Jaləni oğluna almaq istəyirsən. Böyük səhv etmiş olarsan.
Pərvin – Axı kimdir danışan? Nə lazımdır sənə?
(Qulluqçu Nazlı) Naməlum qadın səsi – Mənə heç nə lazım deyil. Mənim Teymura verməli nə qızım var, nə də bacım. Teymura yazığım gəlir. O, sadəlövhdür. Jalə onun tayı deyil (Pərvinin gözləri böyüyür, naməlum qadın pulların necə oğurlandığını danışır, axırda). Mən yenə də sizə zəng vurmazdım, əgər bu bacılar Teymuru ələ salıb gülməsəydilər.
(Pərvin xanım yerində donub qalır).
 
XXX
 
3/ Turalın mənzili. 
Nərgiz-Tural. Tural əlinə keçən paltarlarını necə gəldi idman çantasına doldurur. Nərgiz başını əlləri arasına alıb ağlayır. Tural gödəkçəsini asılqandan götürüb evdən çıxmaq istəyəndə Nərgiz onun qarşısını kəsir.
Nərgiz – Tural, məni qoyub getmə. Xahiş edirəm, bağışla məni.
Tural – Mən səni çox bağışlamışam.
Nərgiz – Sonuncu dəfə... bağışla məni. Məni atıb getmə.
Tural – Sən əlsiz, ayaqsız qalsaydın, mən səni atmazdım. Xəyanəti bağışlamaram (gedir).
 
XXX
 
4/ Pərvin-Jalə. Qapını Jalə açır. Təəccüblənir.
Jalə - Sizsiniz?
Pərvin – Gözləmirdin? Bəlkə başqa adamı gözləyirdin? Məsələn, Oqtayı! Oqtayı tanımırsan? Nə tez unutdun? O sənin... mənim oğlumun pulları ilə indi Londonda kef çəkir. Ona daha nə lazımdır? De ki, bunlar yalandır! De! Teymura bunları özün deyəcəksən, yoxsa mən deyim?
Jalə - Məni bağışlayın.
Pərvin – Pulları bağışlayıram. Bu izdivacı özün poz!
 
XXX
 
5/ Jalənin yaşadığı mənzil.
Jalə nə edəcəyini bilmir. Pərvin xanımın bu gözlənilməz gəlişi onun bütün ümidlərini alt-üst edir. Dolabı açır, əlinə düşənləri iri yol çantalarına doldurur. Evdən çıxmaq istəyir. Bir an duruxur. Kağız, qələm götürür. Teymura məktub yazıb evdən çıxır.
 
XXX
 
6/ Şölənin mənzili.
Qapını Şölə açır. Jalə iri çantaları dəhlizə qoyur.
Şölə - Bu nədir? Sabah səni gəlib burdan aparacaqlar? (Jalə cavab vermir, otağa keçir). Bir mənə bax görüm, nə olub? Niyə cavab vermirsən?
Jalə - Hər şey bitdi. Mən bunu gözləyirdim. Yalanla uzağa getmək olmaz.
Şölə - Nə yalan? Toyqabağı yenə nə hoqqa çıxarmısan?
Jalə - Pərvin xanım gəlmişdi. Hər şeydən xəbəri var. Pulları ... Oqtaya ... verdiyimi bilir.
Şölə - Nə? Hardan bilir? Kim deyib? (Jalə çiyinlərini çəkir) Bəlkə ağzından qaçırtmısan?
Jalə - Yox! Mən bunu necə deyə bilərəm?!
Şölə - Bəs onda hardan bilir? Bu məsələni polislər də araşdıra bilmədi. Sən mənə bir ətraflı danış. Pərvin sənə nə dedi?
Jalə - Dedi ki, mənim oğlumun pullarını Oqtaya verdiyini Teymura özün de.
Şölə - Sonra?
Jalə - Mən bunu Teymura üzbəüz deyə bilmərəm. Yığışıb gəldim bura. Teymura məktub yazmışam.
 
XXX
 
7/ Teymurun yaşadığı mənzil.
Teymur qapının zəngini çalır. Kefi çox yaxşıdır. Əlində kiçik gül dəstəsi də var. Qapının açılmadığını görəndə öz açarı ilə qapını açır. Otağa göz gəzdirir. Mətbəxə keçir. Güldana su doldurur, gülü hara qoyacağını müəyyənləşdirir. Masanın üstündə Jalənin yazdığı məktubu görür.
Məktub
“Bu gün Pərvin xanım gəlmişdi. Bizim toyumuz baş tutmayacaq. Pərvin xanım özü hər şeyi sənə izah edər. Əgər bacarsan, məni bağışla”.
 
XXX
 
8/ Şölənin mənzili.
Şölə - Məktub yazmısan. Boynuna almısan ki, sənin pullarını götürüb verdim julikin birinə?
Jalə - Yazmışam ki, toyumuz baş tutmayacaq. Səbəbini Pərvin xanım izah edər. Anası onsuz da hər şeyi açıb danışacaq.
Şölə - Hə, əlbəttə danışacaq. Amma maraqlıdır ki, Pərvin bunu hardan bilir? Bəlkə Oqtay məsələsini elə Pərvin özü təşkil edib? O, Oqtayı hardan tanıya bilər? Sənə dedim axı, odla oynayırsan. Gör Pərvin sizə necə tələ qurdu?
 
XXX
 
9/ Şölənin mənzili.
Teymur gəlir.
Teymur – Jalə burdadır?
Şölə - Keç içəri. Burdadır.
Teymur – (Otağa keçir. Jaləyə müraciətlə) Bu nədir? (məktubu göstərir) Burda nə yazmısan?
Jalə - Pərvin xanım ... bizim... toyumuza... razı deyil.
Teymur – Bu hardan çıxdı? Bizim toyumuzu anam özü istəyir. Toya hazırlıq görür. Qonaqları dəvət edib. İndi birdən-birə nə oldu? Niyə dinmirsən?
Şölə - Pərvin xanıma bravo. Gör doğma oğlunun hissləri ilə necə oynayır?
Teymur – Sən qarışma! Mən Jaləyə görə bura gəlmişəm.
Şölə - Mən qarışmaq istəmirdim. Amma olmur! Bu necə anadır? Bu necə insandır? Bu adamın məqsədi nədir, mən başa düşmürəm. Bir yandan toya hazırlaşır, sabah toydur deyəndə, fikrini dəyişir. Bəyəm Jalə səni məcbur edirdi ki, al məni? Yox! Yaxşı, Jaləni almaq istəmir, almasın. Bəs şər niyə atır?
Teymur – Nə şər? Bir açıq danışın, görüm nə baş verir?!
Şölə - A.a.a.a. Sənin xəbərin yoxdur? Sənə deməyib? Deməz də. Bilir ki, özünün uydurduğu nağıla səni inandıra bilməyəcək. Sizin evdən itən pullar vardı ey, guya onu Jalə oğurlayıb.
Teymur – (əsəbiləşir) Hazırlaşın, sabah toydur. Mən bir saata qayıdacam (otaqdan çıxır).
 
XXX
 
10/ Pərvinin mənzili.
Pərvin xanım çox həyəcanlı, narahat görünür. Nə edəcəyini müəyyənləşdirə bilmir. Teymur gəlir. O da qaşqabaqlıdır.
Pərvin – Gördün, başımıza nə işlər gəldi. İki gün qabaq camaata zəng vurmuşam, toya dəvət etmişəm, bu gün zəng vururam ki, toy təxirə salındı. Utanıram, xəcalət çəkirəm. Ölsəm bundan yaxşı idi.
Teymur – Buna görə utanırsan? Xəcalət çəkirsən? Bəs bizim hisslərimizlə oynadığına görə heç utanmırsan? Bu maskarad nəyə lazım idi?
Pərvin – Nə maskarad? Sən nə danışırsan? Jalə sənə demədi? Mən istədim ki, Jalə hər şeyi özü sənə danışsın. Danışmadı? Sənin heç nədən xəbərin yoxdur?
Teymur – Nədən? Pulların oğurlanmasından?
Pərvin – Hə, pullardan. O, pulları oğurlayıb, Oqtay adlı oğlana verib...
Teymur – (sözünü kəsir) Bəsdir! Qurtar! Məni Jalədən ayırmaq üçün başqa bəhanə tapa bilmirsən?! Bu elədiklərini sənə heç vaxt bağışlamayacam! Bu gündən sənin mən adında oğlun yoxdur!
(Qapını çırpıb otaqdan çıxır).
 
XXX
 
11/ İlqarın otağı.
İlqar öz otağındadır. Uzanıb. Ayağa qalxmaq istəyir. Özünü pis hiss edir. Başı gicəllənir. Yerə yıxılır. Səsə anası Pərvin xanım gəlir. Oğlunu bu vəziyyətdə görcək qışqırır.
Pərvin – Nə oldu? İlqar, nə oldu sənə? Dur ayağa (İlqar hərəkətsizdir). Allah, kömək elə! İlahi, mənim balama kömək ol! Teymur!
(Teymur bayır qapısından çıxanda anasının səsini eşidir. Bir an duruxur. Qapını ardınca örtür və sürətlə pilləkənlərdən aşağı enir).
 
XXX
 
12/ Şölənin mənzili.
Şölə - Səninki söz vermişdi ki, bir saata gələcək.
Jalə - O gəlməyəcək...
Şölə - Götür telefonu zəng vur. Bu kişilərin gərək yadına salasan ki, sən varsan (Jalə əl telefonu ilə zəng vurur. Götürmür).
(Qapının zəngi çalınır).
Şölə - Səninki gəldi. Dur aç.
(Teymur qapıdan içəri girmir).
Teymur – Yığış, gedək.
 
XXX
 
13/ Xəstəxana.
İlqarın anası Pərvin xanım palatanın qabağında var-gəl edir. Çox narahatdır. Aynur palatadan çıxır.
Pərvin – (həyəcanla) İlqarı gördün? Necədir?
Aynur – İlqar özünə gəlib. Həkim yanındadır.
Pərvin – Şükür Allaha! İlqara nə olub? Niyə yıxılmışdı? Niyə ürəyi getmişdi?
Aynur – Həkim dedi ki, damarların spazması olub. Müayinə hələ qurtarmayıb. Narahat olmayın. Sizə gedim su gətirim.
Pərvin – Yox, lazım deyil. Sağ ol, qızım. Sənə əziyyət verdim. Özümü itirmişdim. Heç bilmirdim nə edim.
Aynur – Elə deməyin. Əziyyət niyə olur? Bu mənim işimdir. Bir də İlqar mənim dostumdur. Sizin çox yaxşı oğlunuz var: ağıllı, tərbiyəli.
Pərvin – Sağ ol, qızım. Bircə o zəhrimarı tərgitsəydi. Mən bilirəm, onu bu günə salan siqaretdir.
 
XXX
 
14/ İlqarla bağlı hadisələr.
Xəstəxana.
Həkimlər müayinənin nəticələrini araşdırırlar. Xəstənin vəziyyəti ümidverici deyil. Səbəb siqaretdir.
 
XXX
 
15/ Xəstəxana. Pərvin xanım, Nərgiz.
Nərgiz – Teymura xəbər vermək lazımdır. Papa yoldadır, onu qorxutmaq istəmirsən, Teymur ki, burdadır.
Pərvin – Zəng vurma, lazım deyil. Onsuz da gəlməyəcək.
Nərgiz – Niyə?
Pərvin – İlqar yıxılanda Teymur evdə idi. Qışqırdım, qapını çırpıb getdi.
Nərgiz – Ola bilməz. Yəqin eşitməyib.
Pərvin – Mənim səsimi qonşular eşitdilər, o eşitmədi?
(Nərgiz kənara çəkilib Teymura zəng edir. Teymur telefonu həvəssiz açır. Nərgiz səsini çıxarmağa imkan tapmır).
Teymur – Hə, Nərgiz. Sabah toy olacaq. Siz istəsəniz də, istəməsəniz də... (duruxur) Nə? Nə olub? Necə? Hansı xəstəxanadasız? İndi gəlirəm.
Jalə - Nə olub? Hara gedirsən?
Teymur – Xəstəxanaya. Mən orda olmalıyam.
 
XXX
 
16/ Xəstəxana.
Pərvin xanım, Nərgiz.
Teymur gəlir.
Teymur – İlqara nə olub? Həkimlər nə deyir?
Nərgiz – Hələ ki, müayinə edirlər. Damarların spazması olub. Siqaretdəndi. Adama nə qədər demək olar, siqaret çəkmə. Sözə qulaq asır ki?
Teymur – Yaxşı, gecdir. Siz gedin evə. Mən səhərə kimi burda qalacam.
Pərvin – Mən getməyəcəm. Sən bacını da götür get.
Nərgiz – Mən heç yerə gedən deyiləm. Teymur istəyir getsin.
Teymur – Dedim ki, mən burda qalacam.
 
XXX
 
17/ Jalənin yaşadığı mənzil.
Jalə yata bilmir. Bacısına zəng vurur.
Şölə - Bu vaxt xeyirdi? Niyə yatmırsan? Toya hazırlaşırsan? Ha, ha, ha (gülür).
Jalə - İnanmıram toy ola. Teymuru gecəynən çağırdılar.
Şölə - Teymur indi evdə yoxdur? Hara getdi, bilmədin?
Jalə - Deyəsən xəstəxanaya getdi. Nərgiz zəng vurmuşdu.
Şölə - Yəqin anasının yenə ürəyi tutub. Ha, ha, ha (gülür). Bu arvad işindən qalmır da. O Pərvin bu gün xəstəxanadan çıxmasa, mən onu ömürlük xəstəxanalıq edəcəm.
 
XXX
 
18/ Xəstəxana.
İlqar uzanıb. Aynur gəlir. Əynində ağ xalat var. İlqarın üzündə təbəssüm yaranır.
Aynur – (zarafatla) Bizim Mark Tven necədir? Siqareti atacaq? Yoxsa atmağa çalışacaq?
İlqar – Atacam, mütləq atacam. Mən belə gözləmirdim. Necə oldu, heç özüm də bilmədim. Ayağa qalxmağımla yıxılmağım bir oldu.
(Pərvin xanım, Nərgiz, Teymur palataya daxil olurlar).
Pərvin – Necəsən, İlqar?
Nərgiz – Bizi yaman qorxutdun.
Teymur – Özünü necə hiss edirsən? (Aynura tərəf) Nə lazımdır? İynə, dərman, nə lazımdır mən alıb gətirərəm.
Aynur – Xəstəxanada hər şey var.
Pərvin – Qızım, Allah səni xoşbəxt eləsin. Sən dadıma yetişməsəydin, heç bilmirəm nə edərdim? Qalmışdım tək, başımı itirmişdim, heç bilmirdim nə edim? (qəhərlənir).
Aynur – Mən liftlə düşmək istəyirdim. Lifti gözləməyə hövsələm çatmadı. Elə pilləkənlə düşürdüm ki, Pərvin xanımın qışqırtısını eşitdim. Heç bilmirəm evə necə girdim. Yaxşı ki, qapı açıq idi.
İlqar – (Anasına tərəf) Sən evdə tək idin? Teymurun səsini eşidirdim. Mən elə bilirdim ki, Teymur evdədir. Durub sizin yanınıza gəlmək istəyirdim ki, yıxıldım. Ondan sonra heç nə xatırlamıram.
(Pərvin xanımla Teymur bir-birilərinə baxırlar. Teymur başını aşağı salır).
Aynur – Müayinə vaxtıdır. İndi həkim gələcək.
(Pərvin xanım, Nərgiz, Teymur palatadan çıxırlar. Aynur qalır).
 
XXX
 
19/ Xəstəxana.
İlqar uzanıb. Aynur iynə, dərmana baxır.
İlqar – Yazıq arvad çox qorxub. Yaxşı ki, sən yaxında olmusan. Çox sağ ol.
Aynur – Mənə təşəkkür etmə. Sən də mənə kömək etmişdin. Yadındadı? (gülümsünür) Mənim dalıma kimsə düşmüşdü.
İlqar – (Aynurun əlini ovcuna alır) Mən o kimsəni tanısaydım, ona təşəkkür edərdim (gülümsünür). Mənim həkimim. Sən çox yaxşı qızsan. Yaxşı da həkim olacaqsan. Təəssüf ki, mən vaxtında sənin məsləhətinə əməl etmədim.
Aynur – Heç olmasa bundan sonra siqaret çəkmə. Danışdıq?
İlqar – Artıq gecdir.
 
XXX
 
20/ Xəstəxana.
Pərvin xanım, Nərgiz, Teymur.
Pərvin – Nərgiz, sən get, yorulmusan. Qardaşını da gördün.
Nərgiz – Bəs sən? Sən get, dincəl, ayaq üstə zorla dayanırsan. Həkimlə danışaq, gedək. Axşam yenə gələrik.
Pərvin – Mən İlqarı tək qoyub heç yerə gedən deyiləm. Siz gedin, ikiniz də.
Teymur – Mən getməyəcəm.
Nərgiz – Yaxşı, onda mən gedim.
 
XXX
 
21/ Xəstəxana. İlqar-Aynur.
Aynur – Belə demə. Bütün dərdlərə çarə var. Sadəcə vaxt məsələsidir. Sənin müalicən daha uzun çəkə bilər. Bir də xəstənin özündən də çox şey asılıdır. Qüvvətli olmaq lazımdır. Dünyada sağlamlıqdan yaxşı heç nə yoxdur.
İlqar – Mən bunu təsdiq edə bilərəm. Mən bunu indi başa düşdüm. Bu çarpayıda, bu xəstəxanada.
 
XXX
 
22/ Şölənin mənzili. Jaləyə zəng vurur.
Şölə - Teymur hələ gəlməyib? Heç zəng də vurmur? Sən zəng elə! Telefonu evdə qalıb? Gör necə başıalovlu evdən çıxıb? Gör Teymura nə deyiblər ki, o, özünü itirib. İndi Pərvin onu buraxar? Bu saat xəstəxanada ağır xəstə rolunu oynayır. Onun telefon nömrəsini təcili mənə göndər. Necə neyləyirəm? Halını xəbər alacam. Tez elə.
 
XXX
 
23/ Xəstəxana.
Pərvin xanım, Teymur dəhlizdə oturublar. Teymur fikirlidir. Arabir anasına tərəf baxır. Nə isə demək istəyir. Nəhayət, özünü toplayıb, astadan, zorla eşidiləcək səslə:
Teymur – Mən sənin qışqırtını eşitdim, amma... inanmadım. Bilmirəm, məni bağışlayacaqsan, ya yox. Mən özümü bağışlamayacam.
(Pərvin xanım heç nə demir. Çox üzüntülüdür. Telefonu zəng çalır. Pərvin xanım reaksiya vermir. Teymur telefonu açır, anasının qulağına aparmaq istəyəndə tanış səs eşidir. Telefonu öz qulağına tutur.
Şölənin səsi: - Ay ....., indi də bu hoqqaya əl atmısan? Bu nömrən də keçməyəcək. Az, əlində o boyda kozırın ola-ola, oğlunu Jalədən ayıra bilmədin. İndi özünü xəstəxanaya salmaqla elə bilirsən ki, Teymuru Jalədən ayıra biləcəksən? Sən nə həyassız adamsan! Oğlun səni saymır. Bunu başa düş! Oqtay məsələsini Teymura danışdın, sənə inandı? Daha nə istəyirsən? Bundan sonra Oqtayı gətirib Teymura göstərsən də xeyri yoxdur. Qatar artıq yola düşüb...
(Teymur telefonu söndürür. Anasına baxır)
Teymur – Sən hələ burdasan? Mənim işim var. Bir azdan qayıdacam.
 
XXX
 
24/ Teymurla Jalənin yaşadığı mənzil.
Teymur gəlir. Jalə bir qədər ehtiyatla:
Jalə - Pərvin xala necədir?
Teymur – Bu sənin üçün maraqlıdır? (Jalə başını tərpədir) Sən mənim sualıma cavab ver. Oqtay kimdir?
Jalə - (kəkələyir) Pərvin xanım bunu ... özü ... uydurub...
Teymur – (barmağını Jalənin ağzına tutur) Sus, Oqtaydan danış, mənim üçün bu maraqlıdır. Biz yeni həyata yalanla başlaya bilmərik. Doğrudur? Narahat olma, hər şeyi olduğu kimi danış, heç nədən çəkinmə.
Jalə - Mən sənə bunu çoxdan demək istəyirdim. Şölə qoymadı...
Teymur – İndi heç kim sənə mane olmur. Başla.
Jalə - Oqtayla internetdə tanış olmuşdum... (Teymur diqqətlə qulaq asır, soyuqqanlı olmağa, keçirdiyi hissləri gizlətməyə çalışır, artıq hərəkətə yol verməmək üçün).
Teymur – Mən fikirləşməliyəm (deyib evdən çıxır).
 
XXX
 
25/ Mənzil. Pərvin-Nərgiz. İkisi də kefsizdir.
Pərvin – Tural necədir?
Nərgiz – (astadan) Yaxşıdır.
Pərvin – Heç gözümə dəymir? Bir şey olmayıb ki?
Nərgiz – (ehtiyatla) Nə olacaq ki?
Pərvin – İlqarı görməyə gəlmir.
Nərgiz – Burda yoxdu axı. Atası çağırdı. O da təcili getdi.
Pərvin – Xeyirdi?
Nərgiz – Bilmirəm. İlqar məni elə qorxutdu ki, danışa bilməmişəm.
Pərvin – Özünüzdən muğayat olun. Bir-birinizin qədrini bilin. Dur get, gecdir, Tural da gəlmiş olar.
 
XXX
 
26/ Nərgiz binalarına yaxınlaşır. 
O gecə baş verənləri gözünün önünə gətirir. Xəcalət hissi keçirir. Mərtəbələri birnəfəsə qalxır. Qapını açır. Turalın evə qayıdacağını güman edir. Fəqət, hər yer qaranlıqdır. Evdə kimsə yoxdur. Çayı qızdırır. Özünə çay tökür. Turalla oturub çay içdiklərini, kiçik mənzillərində keçirdikləri o xoşbəxt günləri xatırlayır.
Çamadanı götürür. Paltarlarını yığır. Taksi sifariş edir.
 
XXX
 
27/ Nərmin-Leyla.
Nərmin – Sənin İlqardan xəbərin var?
Leyla – Yox. O mənə daha zəng vurmur. Gördün, mən deyən kimi oldu. Müvəqqəti hisslər idi, keçdi-getdi.
Nərmin – İlqar xəstədir, yatır.
Leyla – Xəstədir? Harda yatır?
Nərmin – Xəstəxanada idi. İndi evlərindədir. Xəstəxanada yatanda mən onu görməyə getmişdim.
Leyla – Gərək mənə də deyəydin. Mən də gedərdim.
Nərmin – Özüm demədim. Fikirləşdim ki, köhnə yaranı qıcıqlandırmaq nəyə lazım?
Leyla – Nə olub ki ona?
Nərmin – Vəziyyəti xoşuma gəlmədi. Leylacan, get ona baş çək. Dünyanın işini bilmək olmaz. Mən onun yanında olanda elə hey qapıya baxırdı. Elə bil, kimisə gözləyirdi.
 
XXX
 
28/ Pərvinin mənzili. Pərvin-Leyla.
Qapını İlqarın anası açır. Leylanı görür.
Leyla – İlqargilin evidir?
Pərvin – Keçin içəri. Yəqin İlqarı görməyə gəlmisiniz?
Leyla – Bəli. Olar?
Pərvin – Kimsiniz? İlqarla işləyirsiniz?
Leyla – Mən ona dərs demişəm. Sonra da bir müddət bir yerdə işləmişik. Universitetdə.
Pərvin – Nə yaxşı. Xoş gəlmisiniz. Adınız nədir?
Leyla – Leyla.
Pərvin – Keçin qonaq otağına. Görüm İlqar yatmır ki.
(Leyla qonaq otağına keçir. Divanın qırağında oturur).
 
XXX
 
29/ Pərvinin mənzili.
Leyla – Əgər yatırsa, narahat etməyin. Mən başqa vaxt gələrəm.
Pərvin – (təbəssümlə) Hara gedirsiniz? İlqar sizin adınızı eşidən kimi ayağa durdu. Əynini geyinir. Özü bura gələcək. Neçə gündür evdədir, yatağından qalxmaq istəmirdi.
(Qapıda İlqar görünür. Bir az da arıq görünür. Üzündə xəstəliyin əlamətləri hiss olunur. Leyla durub onun yanına gəlmək istəyir. İlqar özü ona yaxınlaşır. Hər ikisi divanda otururlar).
 
XXX
 
30/ Mənzil. Qonaq otağı.
İlqar-Leyla.
İlqar – Yadındadır, Leyla, jurnalda bir məqalə vardı. Orada yazılmışdı ki, hər insan dünyaya üç dəfə gəlir. Yadındadır? (Leyla başını tərpədir). Bax, orada cədvəl də vardı. Mən hər ikimiz üçün cədvələ baxmışam. Biz bu dünyaya hələ bir dəfə də gələcəyik. Onda sən ərə getməyə tələsmə. Məni gözlə. Yaxşı? (Leyla qüssə ilə gülümsəyir). Mən səni mütləq tapacağam.
 
XXX
 
31/ Pərvinin mənzili. Aynur gəlir.
Pərvin – Aynur, nə yaxşı gəldin. Xoş gəlmisən.
Aynur – Bu gün kefiniz yaxşıdır. İlqar xəstələnəndən sizi belə görməmişdim. İlqar necədir? Yatır?
Pərvin – Yatmır, qonaq otağındadır. Müəlliməsi ilə söhbət edir.
Aynur – Kimlə?
Pərvin – Hə, Leyla xanım bizə gəlib. Əvvəl İlqara dərs deyib, sonra universitetdə bir yerdə işləyiblər. Keç otağa, sən də tanış ol. Qəşəng xanımdır.
 
XXX
 
32/ Mənzil.
Qonaq otağı. İlqar, Leyla, Aynur.
İlqarla Leyla divanda oturub söhbət edirlər. Aynur daxil olur. Bir qədər tərəddüdlə:
Aynur – Olar? Sizə mane olmadım ki?
(Leyla ayağa qalxır. Göz yaşlarını gizlətməyə çalışır).
Leyla – Mən gedirəm.
İlqar – Gəl Aynur. Leyla, tanış ol. Bu, Aynurdur – mənim həkimim (Leyla başını tərpədir).
(Leyla ilə Aynur bir-birilərinə sınayıcı nəzərlə baxırlar).
İlqar – (gözlərini bir nöqtəyə zilləyərək) Çox təəssüf ki, mən vaxtında onun məsləhətinə qulaq asmadım.
 
XXX
 
33/ Mənzil. Yataq otağı.
İlqar uzanıb.
İlqar – Aynur, səndən bir xahişim var. Söz ver ki, ona əməl edəcəksən. Anama arabir baş çəkərsən.
Aynur – Sən sağalacaqsan. Mən bunu sənə həkim kimi deyirəm. Ola bilər ki, bir az uzun çəksin, amma mütləq sağalacaqsan.
İlqar – Mən oğulluq borcumu yerinə yetirmədim. Anama deyərsən ki, məni bağışlasın.
 
XXX
 
17-ci bölümün sonu
 
“İstəkli kürəkən” teleserialının davamında: H.Əliyev adına hava limanı. Fuad, ata-anası buradadırlar. Fuad xarici ölkəyə oxumağa gedir. Zərif də ata-anası və oğlu ilə birlikdə hava limanındadır. O da xaricə təhsil almağa gedir. Fuad və Zərif digər sərnişinlərə qoşulub təyyarəyə doğru gedirlər.Onlar oxuyub qayıdacaqlar. Ancaq həyat yolları birləşə bilərmi? Zərif əvvəlki sadəlövh qız deyil. Müstəqil, öz fikrini yeritməyi bacaran gənc xanımdır.
Nərgiz də dəyişib. Əvvəlki Nərgizdən əsər-əlamət qalmayıb. Yadınızdadırsa, Nərgiz Turalın dalınca rayona getmişdi. O, Turala şəxsi biznesini qurmaqda kömək edir, ev işlərini də görür. Amma Turalın etibarını qazanmaq mümkün olacaqmı?
Teymurun evlənmək fikri yoxdur. “Mən fikirləşməliyəm” – deyib evdən çıxan Teymur geri qayıtmır. Aldığı mənəvi yaradan sağalması, görünür, çətin olacaq. Amma həyat sürprizlərlə doludur.
Sonluq: İlqar səliqə ilə geyinib. Əlində gül dəstəsi var. Kimi isə gözləyir. Aynur görünür. İlqar ona yaxınlaşıb gülü təqdim edir.
Aynur – Nə münasibətlə?
İlqar – Bu gün bayramdır.
Aynur – Nə bayram?
İlqar – (çiyinlərini çəkir) Bilmirəm, təqvimə baxmaq lazımdır (gülüşürlər).
 
SON
 
Teleserialın ssenarisi 2007-ci il iyunun 8-də Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçib. Ssenarinin ayrı-ayrı hissələri hekayə şəklində “Azad Azərbaycan” qəzetində dərc olunub.

ŞƏRH YAZIN