İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - Onuncu Bölüm )

0
1711
İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Hissə - Onuncu Bölüm )

Bölüm iştirakçıları:
Nərgiz – gənc qızdır.
Teymur – qardaşı, 25 yaş
İlqar – Nərgizin əkiz qardaşıdır.
Pərvin xanım – anası, 50 yaş
Mərdan – atası
Leyla – gənc xanımdır.
Nərmin – Leylanın rəfiqəsi
Jalə - Teymurun istədiyi qız
Şölə - Jalənin bacısı
Falçı
 
 
XXX
 
1/ Pərvinin mənzili.
Teymur divanda oturub planşetə baxır. Nərgiz ona yaxınlaşır.
Nərgiz – Teymur, şəkillərə baxmaq istəyirsən? Bax...
Teymur – Bu qızlar kimdir?
Nərgiz – Mənim rəfiqələrim. Tanımadın? Sənin bundan xoşun gəlirdi. Tələs ha, universiteti qurtarırıq.
Teymur – Mən tələsim? Hara? Siz qızlar tələsin ki, sonra evdə qalıb qarıyarsınız.
Nərgiz – Yenə başladın? Qorxma, evdə qalmarıq. Amma sən sonra belə qız tapmayacaqsan. Mamanın da Nailədən xoşu gəlir. Həmişə deyir ki, adamın evində belə gəlini ola. Hə, nə fikirləşirsən?
Teymur – Sahibinə qismət olsun. Mənim hələ evlənmək fikrim yoxdu.
Nərgiz – İndi ad edərik, bir-iki ildən sonra evlənərsiniz.
Teymur – Bu söhbəti qurtar. Evlənmək istəyəndə qızı özüm taparam.
(Ayağa qalxır).
Nərgiz – Hara gedirsən?
Teymur – İşə.
 
XXX
 
2/ Pərvinin mənzili.
Pərvin evdə var-gəl edir. Nigarandır.
Nərgiz – Niyə yatmırsan? Nə olub? Turaldan nigaransan?
Pərvin – Tural artıq Şəkidədir. Zəng vurmuşdu...
Nərgiz – Bəs nə olub?
Pərvin – Gör saat neçədir? Teymur hələ gəlib çıxmayıb.
Nərgiz – Gələr də. Yekə oğlandı. Restoranlarda iş belədir.
Pərvin – Səhərə qədər də iş olar? Özü də istirahətsiz, filansız.
Nərgiz – Bəs nə bilmişdin? Camaat səhərə qədər restoranlardadır. O sizsiniz, papa da, sən də axşam düşməmiş evdəsiniz. Camaat kef edir, əylənir, beş günlük dünyadı. Bu qədər narahatsan, əl telefonuna zəng vur.
Pərvin – Cavab vermir, vurmuşam. Ağlıma min cür fikir gəlir. Ona görə mən istəmirdim ki, o restoranda işləsin. Hüquqşünasın restoranda nə işi?
Nərgiz – İndi hamı hüquqçudur. Bu qədər hüquqçuya nə ehtiyac var? Darıxma, indi öyrənərik hardadı? Qoy Raufun nömrəsini tapım. Hər halda bir yerdə olarlar (nömrəni yığır).
Pərvin – O da cavab vermir?
Nərgiz – Deyəsən götürdü. Allo, Rauf salam. Mənəm, Nərgiz. Teymurun bacısı. Tanımadın? Hə, bağışla, mən elə bildim ki, Teymurla sən bir yerdəsiniz. Teymur hələ gəlməyib, mama narahatdı. Yaxşı, sağ ol (dəstəyi qoyur).
Rauf evdə yatır. Deyir bu gün işdən tez çıxıb, harasa tələsirmiş.
 
XXX
 
3/ İlqarın otağı.İlqar-Pərvin xanım.
İlqar öz otağındadır, uzanıb. Əlində şəkil var. Həmin şəklə baxır, fikrə gedib.
(Həzin musiqi səslənir)
Qapı açılır. İçəri anası daxil olur. İlqar cəld şəkli gizlədir.
Pərvin – Musiqiyə qulaq asırsan? Niyə yatmırsan? Gecdir.
İlqar – Yuxum gəlmir. Sən niyə yatmırsan?
Pərvin – Teymuru gözləyirəm. Sən bilmirsən hardadır?
İlqar – Yox. Yekə oğlandır. Gələcək də, niyə nigaran olursan?
Pərvin – Öz uşağınız olanda biləcəksiniz. Gecən xeyrə qalsın.
(Qapını örtüb otaqdan çıxır).
 
XXX
 
4/ Pərvinin mənzili. Pərvin narahatdır. Öz-özünə deyinir.
Pərvin – Yaxşı, gec gəlirsən gəl. Telefonu niyə söndürürsən?
Nərgiz – Yəqin dostlarından utanır. Bu yaşda da oğlana anası nəzarət edər?
Pərvin – Onun nə yaşı var ki? Uşaqdı da. Nə olsun ki, institutu qurtarıb, işləyir.
Nərgiz – Evləndirmək istəyəndə deyirsən ki, yekə oğlansan, evlənmək vaxtındı, amma belədə uşaq olur.
Pərvin – Belə işlərə görə onu evləndirmək istəyirəm də. Arvadı onun əl-ayağını küçələrdən yığa bilər.
Nərgiz – Məncə o, bu tezliklə evlənməyəcək.
Pərvin – Nə bilirsən? Özü dedi?
Nərgiz – Hə, Nailənin şəklini göstərdim, söz saldım, heç əhəmiyyət də vermədi. Yadındadı, Nailə ilə necə maraqlanırdı?
Pərvin – Bəlkə kimə isə meylini salıb?
Nərgiz – Mənə də elə gəlir.
Pərvin – Bəs bizdən niyə gizlədir? Desin, kimi istəyir. Mən də gedim öyrənim, görüm kimdi, nəçidi? Kimlərdəndi, atası, anası kimdi?
Nərgiz – Bax, elə buna görə demir də. Kimdi, nəçidi? Bunun nə mənası var?
Pərvin – Bəs mən bilməyim ki, oğluma kimi alıram? Xasiyyəti necədir? Mənim oğluma layiqdi, yoxsa yox?
Nərgiz – Onu bilmək olar? Ərə getmək istəyən qız özünü mələk kimi göstərəcək də (məna ilə anasına baxır). Elə deyil? Bunu ki, sən yaxşı bilirsən?
(Pərvin istər-istəməz başını tərpətməli olur).
 
XXX
 
5/ Fəvvarələr bağı. 
Qaraçı görkəmində bir qadın yanından keçənlərə təklif edir ki, fallarına baxdırsınlar. Qadın yanından keçən gənc oğlanlara:
Gəlin, sizin falınıza baxım. Bilirsiz, qabaqda sizi nə gözləyir?
Bəlkə öz falına baxasan? (oğlanlar gülüşüb gedirlər)
Qadın bir az aralıda skamyada oturan qızlara yaxınlaşır. Onlardan birinə üzünü tutub:
Səni yaxşı bir oğlan sevir. Amma sən onu tanımırsan. Sol əlimə pul qoy, onun kim olduğunu deyim.
Öz gələcək taleyinə baxsan pis olmaz (qız rəfiqəsinin qolundan tutub ayağa qalxır. Qızlar gedirlər).
Qadın yorulmuşdu. Bu gün onunku gətirmirdi. Gözü ilə boş yer axtarır. Skamyaların hamısı tutulub. Kənardakı skamyalardan birində boş yer tapıb oturur. Mürgüləməyə başlayır. Arxasındakı skamyada iki qadın oturub. Qeyri-ixtiyari qadınların söhbətinə qulaq asır.
Nərmin – Yox, Leylacan, Mahir yaman dəyişib. Daha o, sən tanıdığın beş il əvvəlki adam deyil. Onun soyuqluğunun səbəbini də bilirəm. Mənim uşağım yoxdur.
Leyla – Sən nahaq taleyindən şikayətlənirsən. Allah başacan eləsin, hər şeyin var. Bir uşaqdı, o da olacaq. Fikir verməmisən? İndi çoxunda belədir. Gənc ailələr heç tez uşaq dünyaya gətirmək istəmirlər.
Nərmin – Mənə qalsa, narahat olmaram. Amma Mahirin anası elə hey eşitdirir ki, Mahir tək oğlandır, qardaşı yoxdur, ona oğul lazımdır, sizin ana-ata olan vaxtınızdır. 5 ildir evlisiniz, hələ uşaq yoxdur.
Leyla – Bəs Mahir nə deyir?
Nərmin – O, əvvəllər belə sözlərə məhəl qoymurdu. İndi dəyişib. Mənə qarşı onda soyuqluq hiss edirəm. Ezamiyyətlərin sayı artıb. Elə indi də ezamiyyətdədir. Allah bilir, hardadır?
Leyla – Bu nə sözdür? Yəni sən ona inanmırsan?
Nərmin – İnanmıram! Hələ başqa arvaddan uşağı olduğunu eşitsəm, heç təəccüblənmərəm də (ağlamsınır).
Leyla – Nərmin, ağlama. Mahir səni heç vaxt atmaz. O, səni çox sevir.
Nərmin – Bilmirəm, Leylacan, əgər mənim uşağım olsaydı... (köks ötürür)
Leyla – Nərmin, dur, dur gedək McDonaldsa. Hər şey yaxşı olacaq. Tələbəlik illərimizi xatırlayırsan? Nə yaxşı günlər idi.
Nərmin – Kafedə sosiska yediyimiz günləri xatırlayırsan? Leyla, o günlərə gün çatmaz...
(Səslər uzaqlaşır. Falçı qadın başını çevirib diqqətlə gedənlərə baxır. Oğrun-oğrun onların dalınca gedir. İçəri girmir. Bayır tərəfdə onları gözləyir).
 
XXX
 
6/ Kafe. 
Leyla və Nərmin nə barədəsə danışıb gülürlər. Əhvalları çox yaxşıdır. Dondurma sifariş edirlər. Kofe içirlər.
 
XXX
 
7/ Nərmin və Leyla görünürlər. 
Kefləri yaxşıdır. Ətrafdakılara fikir vermədən nə barədəsə danışırlar. Falçı qadın onlara yaxınlaşır.
Falçı – Xanımlar, falınıza baxdırın.
Leyla – Bizim falımıza Allah baxıb, daha bəndəyə ehtiyac yoxdur.
Falçı – Bəlkə sənin ehtiyacın yoxdur, amma bu xanımın çox ehtiyacı var (üzünü Nərminə tutub qətiyyətlə deyir). Ərin səndən ayrılmaq istəyir (gənc qadınlar təəccüblə bir-birilərinə baxırlar). Əlini mənə ver. (Nərmin inamsızlıqla əlini qabağa uzadır. Falçı onun daş-qaşlı barmaqlarına baxır). Sənin adın N – Na yox, Nər-min-dir (qadınlar yenə də təəccüblə bir-birilərinə baxırlar).
Leyla – Bəs mənim adım nədir?
Falçı – Sol əlimə pul qoy, deyim.
(Leyla cibindən pul çıxarıb falçıya verir. Falçı Leylanın əlinə diqqətlə baxır və heca ilə Ley-la – deyir).
Nərminlə Leylanı elə bil ovsunlamışdılar. İndi falçı nə desə inanacaqdılar. Falçı bunu hiss edir.
 
XXX
 
8/ Pərvinin mənzili. Nərgiz gəlir.
Nərgiz – Mam, deyəsən Teymur bizdən nəyisə gizlədir. Bu evə gec gəlmələr, onun dediyi kimi, dostlarla vaxt keçirmək deyil.
Pərvin – Bəs hara gedir? Hə, oxu atıb yayı gizlətmə. Nə bilirsən, de.
Nərgiz – Raufu təsadüfən yolda gördüm. O, Teymuru məndən xəbər aldı. Teymur ona bilirsən nə deyib?
Pərvin - Nə?
Nərgiz – Teymur deyib ki, işi çoxdu, daha dost-tanışla işdən sonra görüşməyə vaxtı yoxdur.
Pərvin – Bu nə deməkdir?
Nərgiz – Bu o deməkdir ki, üç nöqtə...
Pərvin - Üç nöqtə nə deməkdir? Yəni?
Nərgiz – Başa düşmədin? Cavan oğlandı, burda təəccüblü nə var ki? Hələ yaxşı ki, gecə də olsa evə gəlir.
Pərvin – Yəni evə gəlməyə də bilər? Sən məni lap çaşdırdın. Lap tutaq ki, istədiyi qız var. Bizdən niyə gizlədir?
 
XXX
 
9/ Falçı – (Nərminin əlinə baxır). 
Sən ürəyitəmiz adamsan. Dərdin çoxdur. Yox, dərdin pul deyil. Hər şeyin var. Amma xoşbəxt deyilsən. 5 ildir ərdəsən.
Leyla – Bu lap möcüzədir ki.
Falçı – Uşağın yoxdur. Vay-vay...
(Nərminlə Leyla az qala birlikdə) – Nə olub?
Falçı – Bir arvad, bir uşaq görürəm. Amma başqa evdədir. Ərin də indi onların yanındadır. Ərinin adı Mahirdir.
(Nərminlə Leyla daha bir-birilərinə baxmırlar. Falçı nə desə, başları ilə təsdiq edirlər).
Falçı – Qaynanan bu işin içindədir. O, oğlunu məcbur edir ki, Mahir səni boşayıb onu alsın.
Nərmin – Gördün Leyla. Sənə nə deyirdim?
Falçı – Hələ bu nədir ki? Səni bundan da böyük bədbəxtlik gözləyir.
Nərmin – Nə? Bu nə deməkdir? Burax əlimi!
(Nərmin az qalmışdı ki, falçını söysün. Falçı halını pozmur).
Falçı – Hirslənmə xanım, istəmirsən demərəm.
Nərmin – Yox, başlamısan, axıracan de.
Falçı – Pul ver, deyim.
(Nərmin çantasından pul çıxarıb verir).
Falçı – Sənin evini, qızıllarını əlindən almaq istəyirlər.
(Nərmin gözlərini yumur, daha heç nə eşitmək istəmir, əli ilə belini tutub skamyada oturur).
Falçı – Allah dərd verəndə dərman da verir, xanım.
Leyla – Daha nə dərman, ay arvad, bu yazıq qızı birtəhər elədin ki. Ona görə də mən falıma heç vaxt baxdırmıram. Adam gərək başına nə gələcəyini əvvəlcədən bilməsin.
Nərmin – Bəs mən nə edim? Başıma nə çarə qılım?
Falçı – Olan olub, xanım. Çarəni olacağa elə.
Nərmin – Daha nə çarə? Əgər uşağı da varsa...
Falçı – Hər şeyə çarə var. Nə qədər gec deyil, tədbir gör (nə isə danışır).
 
XXX
 
10/ Pərvinin mənzili.
(Pərvin otaqda var-gəl edir. Öz-özünə danışır).
Pərvin – Mən bunu belə qoya bilmərəm. Qoy evə gəlsin. Gərək onunla açıq danışam (telefon zəng çalır. Elə bilir ki, qapıdır). Hə, özü də gəldi (Qapıya yaxınlaşır, zəngin otaqdan gəldiyini başa düşür. Zəng vuran Teymurdur).
Pərvin – Hə, Teymur, eşidirəm. Hardasan? Raufgildə? Nə edirsən orda?
Teymur – Raufgildə heç kim yoxdu. Burda qalacam, zəng vurdum ki, məndən nigaran qalmayasan (Yanında Jalə görünür).
Pərvin – Yaxşı ki, zəng vurdun. Onda səhər evə tez gəl. Səninlə işim var. Yaxşı, oğlum?
(Dəstəyi yerinə qoyur).
 
XXX
 
11/ Nərmin Leylanın köməyi ilə ayağa qalxır. 
Tini dönüb bir həyətə girirlər. Falçı da onlarladır. O, diqqətlə hər yana nəzər salır. Mənzilə daxil olurlar. Falçı otaqlara ani nəzər salıb, torbasından kiçik şüşə qablar çıxardır, saralmış qəzet parçasını açır, qablardakı tozları qəzetə tökür, qarışdırır, sonra tozu evin künc-bucağına səpir. Dodağının altında nə isə pıçıldayır. Gənc qadınlar maraqla falçıya tamaşa edirlər. Onun kiçik əmrlərini sözsüz yerinə yetirirlər.
Məsələn – Divanı qabağa çək, kamodun içini aç. Mahirin şəklini gətir.
(Tozun qalan hissəsini çöl qapısının künc-bucağına töküb, dodaqaltı nə isə pıçıldayıb, əllərinin hərəkəti ilə nəyi isə qovandan sonra:)
Falçı – İndi bu evi sənin əlindən heç kəs ala bilməz. Qalır sənin qızıllarına. Başqa vaxt onları da düşmən gözündən qoruyarıq.
Nərmin – Elə gəlmişkən onu da gör. Nə qədər istəsən pul verərəm.
Falçı – Yox, xanım, hər iş pulla həll olunmur, hər işin öz vaxtı, öz məqamı var. Bu işi görmək üçün bəzi şərtlər var.
Nərmin – Nə şərtlər? Nə desən eləyərəm. Bu gün qurtar.
Falçı – Bu gün heç mümkün deyil. Səhər gələrəm. Sübh tezdən. Gün çıxmamış.
 
XXX
 
12/ Nərmin, Leyla, falçı. Nərminin mənzili.
Falçı – Sən bu gün axşam bütün qızıllarını yığ bir yerə. Mən səhər tezdən sizdə olacam. Qapını barmaqlarımla üç dəfə ehmalca vuracam. Qapını açarsan. Məndən heç nə soruşmayarsan. Mən nə desəm onu etməlisən.
Leyla – Bəlkə sən Nərminə deyəcəksən ki, qızılları ver mənə, özün də gözlərini yum, səsini də çıxarma. Qızılları da götürüb aradan çıxacaqsan. Onda nə olsun?
Falçı – Mən bu evə kömək üçün gəlmişəm. Əgər şək gətirsəniz, sizə kömək edə bilməyəcəm.
Nərmin – İncimə, ay arvad, bizdə günah yoxdur. Adam elə şeylər eşidir ki... Daha heç kimə inam qalmayıb.
Falçı – Doğru deyirsən. Sözündə həqiqət var. Sən bütün qızıllarını bir çantaya yığıb özündə saxlayacaqsan. Mən ona heç barmağımı da vurmayacağam. Mən gedəndən sonra qapını bağlayarsan. Çantanı qaranlıq bir yerə qoyarsan. Üç gün toxunmazsan. Bir neçə şərt də var.
Nərmin və Leyla az qala bir yerdə - Nə şərt?
Falçı – Gərək çanta qara olsun. Çox böyük olmasın. Köhnə çanta olmalıdır.
Nərmin – Elə bu?
Falçı – Əynində yüngül paltar olmalıdır. Rəngi açıq olsun. Ayaqlarına corab geyinmə.
 
XXX
 
(Nərmin o biri otaqdan bir neçə çanta gətirir).
Nərmin – Bunların hansı yarayar?
(Falçı birini götürür, diqqətlə o yan bu yanına baxır).
Falçı – Bu pis deyil. Bütün qızıllarını yığ bunun içinə. Burda nə olduğunu ancaq sən biləcəksən.
(Falçı gedir).
Nərmin – Allah özü bu arvadı mənim yoluma çıxardıb.
Leyla – Vallah, heç bilmirəm nə deyim. Yəni ona inanmaq olar?
Nərmin – Görmədin, hər şeyi necə düz dedi? O nə bilir, mən neçə ildir ərdəyəm, uşağım yoxdur.
Leyla – Adlarımızı deyəndə mənim dilim-ağzım qurudu. Axı o nə bilir bizim adımız nədir? (ovcunun içinə baxır) Nə var burda? Nə yazılıb? Ovucun içinə baxmaqla adamın adını oxumaq olar?
Nərmin – Yəqin Allah vergisidir də. Bu qabiliyyət hər adama verilmir ki. Möcüzədir.
Leyla – Sən hər ehtimala qarşı ehtiyatlı ol. Nə bilmək olar? Şəkk gətirmirəm, əstafurullah!
Nərmin – Uşaq-zadam bəyəm? (çantaya baxır) Bunu mənim əlimdən almaq olar? Mən ondan narahat deyiləm. Mahir... məni necə sındırdı... Mən axı hiss eləyirdim ki, bu adam dəyişib.
Leyla – Bu işləri gör qurtar. Ona da bir əlac tapılar.
 
XXX
 
13/ Nərminin mənzili. 
Nərmin divanda uzanıb, əlində qara çanta var, əynində yüngül penuar. Ayaqları yalındır. Qapı ehmalca döyülür. Nərmin yuxuludur. Gözlərini zorla açır. Qapı bir də döyülür. Nərmin səndələyə-səndələyə qapıya tərəf gedir. Qapını açır. Şərtləşdikləri kimi heç biri danışmır. Falçı kresloya tərəf gedir. Nərminə işarə ilə bildirir ki, otursun. Nərmin kresloda oturur, çantanı bərk-bərk sinəsinə sıxıb. Falçı kreslonun ətrafında fırlanır. Dodağının altında nə isə oxuyur, arabir səsini qaldırıb, nəyi isə qovur. Nərmin başını kreslonun söykənəcəyinə qoyub qeyri-ixtiyari gözlərini yumur. Falçının səsi getdikcə uzaqlaşır və tamam kəsilir.
Yuxu: Nərmin Mahirin yanındadır. Çox şaddır. Mahir narahat görünür. Harasa getmək istəyir. Nərmin onu tutub saxlamağa çalışır. Birdən Mahir onu itələyir. Qapını açır və gözdən itir. Nərmin onun dalınca qaçır. Var gücü ilə “Mahir” deyib qışqırmaq istəyir. Ancaq səsi çıxmır.
Nərmin həyəcan içində gözlərini açır. Əvvəl heç nə başa düşmür. Donuq gözlərilə ətrafa baxır. Niyə kresloda oturub? Birdən diksinir. Çanta yoxdur. Yerindən sıçrayıb qapıya tərəf qaçır. “Falçı” deyib qışqırmaq istəyir. Səsi çıxmır.
 
XXX
 
14/ Pərvinin mənzili.
Pərvin – Afərin, oğlum, sözə qulaq asanda səndən xoşum gəlir. Qapıda niyə dayanmısan? Keç içəri.
Teymur – Yox, tələsirəm. Dünən dedin ki, mənimlə işin var, ona görə gəldim. Nə sözün varsa de, mən getməliyəm. Kişi necədir?
Pərvin – Bu ayaqüstü söhbət deyil. Keç otağa. Get əyin-başını dəyiş, bir duş qəbul elə, mən də sənin çay-çörəyini hazırlayım.
Teymur – Mən hər gün duş qəbul edirəm. Paltarlarım da təmizdi. Yaxşı, bir az yeyərəm.
Pərvin – Bir az niyə? Otur, əməlli-başlı ye. Cavan oğlansan.
Teymur – Yaxşı, sağ ol. Əgər mənə sözün yoxdursa, mən getdim.
Pərvin – Hara, a bala? Öz evinə qonaq kimi gəlirsən. Sən danış görüm nə xəbər var. Hara belə tələsirsən? Gah evə gecədən keçmiş gəlirsən, gah da heç gəlmirsən. Sən hələ çox cavansan, oğlum. Adamı aldadıb, başına min oyun aça bilərlər.
Teymur – Sən nə danışırsan? Nə oyun? Kim məni aldada bilər? Mən uşaq-zadam bəyəm?
Pərvin – Gəl açıq danışaq. Deyirsən ki, uşaq deyilsən. İstədiyin qız var, hə? Niyə gizlədirsən? Bəyəm mən sənin xoşbəxtliyini istəmirəm?
Teymur – Hə, bir qız var.
Pərvin – Kimdi, nəçidi? Hardan tanıyırsan?
Teymur – Təsadüfən tanış olmuşuq.
Pərvin – Təsadüfən tanış olduğun qızla evlənmək istəyirsən?
Teymur – Kim dedi ki, mən onunla evlənmək istəyirəm? Elə-belə bir yerdə yaşayırıq.
 
XXX
 
15/ Pərvinin mənzili.
Pərvin – Elə-belə yaşayırıq?! Bu nə deməkdir? Toysuz-filansız? O qızın ata-anası yoxdur? Hansı ata-ana razı olar ki, elçisiz, toysuz-filansız qızları tanımadıqları adamla yaşasın? Sən məni el içində biabır etmək istəyirsən?
Teymur – Mən ayrı yaşamaq istəyirəm. Özüm istədiyim kimi yaşamaq istəyirəm.
Pərvin – Yaşa da, ayrı yaşa. Evlən el qaydasıyla, get ayrı yaşa.
Teymur – Evlənmək istəmirəm. Hələ məni belə qane edir. Qurtardıq? Gecə evə gəlməyəcəm (gedir).
Pərvin – (öz-özünə) Mən bunu kişiyə necə deyəcəm? Eşitsə, dəli olacaq.
 
XXX
 
16/ Teymur-Jalə.
Kirayə tutduqları mənzil. Jalə kompüterin qarşısında oturub nə isə yazır. Teymur arxadan yavaş-yavaş ona yaxınlaşır.
Teymur – Mənim gözəlim nə işlə məşğuldur?
Jalə - Oyandın? Saat neçədir ki? Ooo, vaxt nə tez keçdi? Kompüterin qabağında oturanda vaxtın necə keçdiyini hiss etmirsən. Bu saat çay-çörək hazırlayaram.
Teymur – İşinlə məşğul ol. Mən özüm hazırlayaram. Orda maraqlı nə tapmısan?
Jalə - Elə-belə vaxtımı öldürürəm. Mağazaları nə qədər gəzmək olar? Onsuz da heç nə almıram.
Teymur – Niyə almırsan? Mən bilmirəm sənə nə lazımdır? Al, bu pulu. Bəsdir? Nə istəyirsən özünə al.
Jalə - Mənim almaq istədiyim şeyə bu pul çatmaz. Amma dama-dama göl olar. (pulu şkatulkaya qoyur)
Teymur – Nə almaq istəyirsən? Sənə nə qədər lazımdır? Özünə heç nədən sıxıntı vermə.
Jalə - Hələ ki bu bəsdi.
 
XXX
 
17/ Pərvinin mənzili.
Pərvin-Mərdan.
Mərdan – Nə olub? Qaş-qabağın yernən gedir.
Pərvin – Şükür sənə! Axır ki, bunu hiss etdin.
Mərdan – Nə olub axı? Elə bil hər şey qaydasındadı. Hamımız sağ-salamatıq. Uşaqlar da böyüyüb. Elə əziyyətləri yoxdur.
Pərvin – Nə? Əziyyətləri yoxdur? Sənin üçün yoxdu. Çünki heç nəynən maraqlanmırsan. Həftələrnən evdə olmursan. Olanda da divanda uzanıb televizora baxırsan.
Mərdan – Ezamiyyətə gedirəm də. Gəzməyə getmirəm ki. Düzdür, ev işlərində sənə kömək edə bilmirəm. Bazar-dükan hamısı sənin üstündədir. Amma uşaqlar böyüyüb, onlar sənə kömək edə bilərlər. Teymura deyəcəm, bu gündən bazarlıq onun boynundadır.
Pərvin – Evdə tapsan deyərsən.
Mərdan – Niyə, hardadı ki? İşi belədi, eyb etməz, yatıb yuxusunu alandan sonra bazarlıq edə bilər. Sən siyahını yaz, işin olmasın. Mən onunla elə bu gün danışacam.
Pərvin – Görürsən, hələ xəbərin yoxdu ki, Teymur evə gəlmir.
Mərdan – Dayan, dayan, mən başa düşmürəm, sən nədən danışırsan. Necə yəni evə gəlmir.
Pərvin – Gəlir qonaq kimi, qapının ağzında hal-əhval tutub qaçır, ya da vaxtı olanda ... zəng edir.
Mərdan – Bəs harda qalır? Niyə mən bundan xəbərdar deyiləm? Niyə bunu mənə indi deyirsən?
Pərvin – Bəs nə vaxt deyəydim? Səni evdə tapıram ki?
Mərdan – Yaxşı, sakit ol. Hirslənmə! Gələr, oturub onunla əməlli-başlı danışarıq. Cavandı, belə şeylər olur. Sən mənə əvvəldən desəydin, iş bu yerə çatmazdı.
 
XXX
 
18/ Teymur-Jalə.
Teymur – Al bu pulu. Az deyil ki? Nə istəsən al.
Jalə - Sağ ol (Pulu götürüb yenə də şkatulkaya qoyur. Əvvəlki pulların üstünə).
Teymur – Mən getdim, darıxma. Gələndə nə alım?
Jalə - Bir şey lazım olsa, zəng edərəm. Get, narahat olma.
Teymur – İstirahət günü səni hara istəsən aparacam. Hələlik (Gedir).
(Jalə kompüterin arxasına keçir).
 
XXX
 
19/ Pərvin-Mərdan.
Mərdan – Teymurla danışa bildin?
Pərvin – Hə, danışdım. Deyir ki, istirahət günü gələ bilər.
Mərdan – Belə de... Belə çıxır ki, sən zəng vurub çağırmasaydın, heç istirahət günü də evə gəlməyəcəkdi? Kimə ilişib, xəbərin var?
Pərvin – Haradan bilim? Deyir ki...
Mərdan – Onu evləndirmək lazımdı. Bunun qabağını başqa cür almaq olmayacaq.
 
XXX
 
20/ Pərvinin mənzili.
Teymur evlərinə gəlir. Atası ilə salamlaşır.
Mərdan – Mənim oğlum artıq kişi olub, mənim xəbərim yoxdur. Keç, keç otur. Danış görək nə var, nə yox? Necəsən? İşlərin necədir?
Teymur – Yaxşıyam, sən necəsən?
Mərdan – Mən də yaxşıyam. Elə söhbət edirik ki, elə bil heç bir evdə yaşamırıq (Pərvinə müraciətlə). Sən get bizə çay dəmlə. Biz ata-bala söhbət edəcəyik. Get, get çay gətir. Hə, oğlum, görürəm ki, böyümüsən, sərbəst olmaq istəyirsən...
Teymur – Anam dedi ki, mənə sözün var.
Mərdan – Hə, çoxdandır ki, oturub bir ürəkdən söhbət etmirik. Elə tələsirik, o işin dalınca qaçırıq, bu işin dalınca qaçırıq... Bir də görürük ki, vaxt keçib, uşaqlar böyüyüb. Daha ata-anayla məsləhətləşmirlər, müstəqil olmaq istəyirlər. (hiss olunur ki, bu söhbətlərdən Teymur darıxır) Deyəsən narahatsan?
Teymur – Hə, tələsirəm. Gedəsi yerim var.
Mərdan – Öz evinə qonaq kimi gəlirsən. Həyat belədir, indi gərək sənin öz evin olsun, ailən olsun. Oxudun, qurtardın, əsgərliyini çəkmisən, işləyirsən, indi də evlənmək vaxtındır.
Teymur – Yox, mən hələ evlənmək istəmirəm.
Mərdan – Yaxşı, utanma. Eşitmişəm, gözaltın da var. Əgər o qızdan xoşun gəlirsə, sizi evləndirək.
Teymur – Onunla elə-belə yaşayırıq. Evlənmək fikrim yoxdur.
Mərdan – Necə elə-belə? Bu nə deməkdir? Bu harda görünüb?
Teymur – Sənin dünyadan xəbərin yoxdur. Bütün qərb bu cür yaşayır.
Mərdan – Bura qərbdir? Biz Azərbaycanda yaşayırıq.
Teymur – Mənim dostlarımın çoxu belə yaşayır. Burda nə var ki?
Mərdan – Mənim dünyadan xəbərim yoxdur! Mənə necə yaşamağı öyrədirsən? Sən əxlaqsızlığı mənə nümunə göstərirsən?
Teymur – Əxlaqsızlıq niyə olur?
Mərdan – Bəs bunun adı nədir? O qızı haradan tapmısan? Kimdi axı o qız? Onun ata-anası yoxdur? Elə də qız tərbiyə edərlər?
Teymur – Məni bunun üçün çağırmısan? Nahaq yerə! Mən nə etdiyimi bilirəm! Uşaq deyiləm!
Mərdan – Sən uşaqdan da düşüncəsizsən! (qışqırır) Mənə dostlarını misal çəkir. Onlar da sənin tayındı! Sən özünə layiq adamlarla dostluq edirsən! Dost dosta tən gərək!..
Teymur – Sən hər şeyi dedin? Mən getdim. Hirsin soyuyanda gələrəm. (Gedir) (İçəri Pərvin daxil olur).
Mərdan – Bu da sənin tərifli oğlun!
Pərvin – Sən gərək onunla belə danışmayaydın.
Mərdan – Bəs necə danışaydım? (hirslənir) Mənə əxlaq dərsi verir. Mənə qərbi misal göstərir! Bu da 21-ci əsr! Mən qərbdə yaşayıram?!
 
XXX
 
21/ Şölənin mənzili. 
Şölə-Jalə. Şölə əynində bahalı şuba otağa daxil olur. Özündən çox razı halda:
Şölə - Necədir? Xoşuna gəlir?
Jalə - Pis deyil. Norkadır? Neçəyə aldın?
Şölə - Qiymətini neynirsən. Məni bu maraqlandırmır. Sən de görək, bu şuba mənə yaraşır, ya yox.
Jalə - İngiltərədə belə şeylər modda deyil. Orada hamı çox sadə geyinir.
Şölə - 40 il mən də adi ingilislər kimi geyinmişəm – sadə! Bundan sonra ingilis kraliçası kimi geyinmək istəyirəm. Bir də yaman ingilis-ingilis deyirsən, xeyir ola?
Jalə - İnternetdə bir oğlanla tanış olmuşam.
Şölə - İngilisdi?
Jalə - Azərbaycanlıdır. Amma Londonda oxuyur. O, mənə ingilislər barədə bütün məlumatları verir.
Şölə - Vaxtını belə boş şeylərə sərf eləmə. Özünə yaxşı bir iş tap, işlə! Teymura çox ümid yoxdur. Özünə bir gün ağla.
Jalə - İşləyirdim də. Şirkət bağlandı. Neyləyim?
Şölə - Başqa şirkətdə işlə. Axtar, bəlkə ondan da yaxşısını tapdın.
Jalə - Axtarıram, amma iş yox!
Şölə - Bəs nə axtarırsan?
Jalə - Mənə şuba ala biləcək adamı. Məni şahzadə kimi saxlaya biləcək oğlanı. Yox, zarafat edirəm. Mən xaricdə yaşamaq istəyirəm – Avropada.
 
XXX
 
22/ Pərvin-Mərdan.
Mərdan – Çox fikir eləmə, cavandı, hələ başı havalıdı. Səbr eləmək lazımdı.
Pərvin – Səbrnən iş düzəlsəydi, nə vardı? Qorxuram bir gün görək ki, o qızla evlənmək istəyir.
Mərdan – Evlənməz! Teymur belə ağılsızlıq etməz.
Pərvin – Bilmək olmaz. Kim deyərdi ki, Teymur bir küçə qızına görə evdən gedəcək. Ata-anasının üzünə ağ olacaq! Sevgini nə bilmisən?
Mərdan – O, qızı sevmir. Sevsəydi, indiyə kimi evlənərdi. Mən ona təklif elədim ki, gəl sizi evləndirək.
Pərvin – Nə? Həmin qızla Teymuru evləndirmək fikrin var?
Mərdan – Yox! Ağzını aramaq üçün belə dedim. Öyrənmək istəyirdim ki, iş nə qədər dərinləşib.
Pərvin – Yaxşı, nə dedi? Onunla evlənmək istəyir?
Mərdan – Dedi evlənmək fikri yoxdu. Elə-belə vaxtını keçirir. Vaxtını keçirmək istəyir, qoy keçirsin. Başı daşa dəyəndə qayıdacaq.
 
XXX
 
10-cu bölümün sonu

(Ardı var)
 

ŞƏRH YAZIN