İşdən çıxarılmaq dünyanın sonu deyil

0
2181
İşdən çıxarılmaq dünyanın sonu deyil

Bugün iş həyatında böyük müvəffəqiyyət əldə edən rəhbərlərin də bir zamanlar işdən çıxarıldığını eşitmiş ya da görmüş ola bilərsiniz. İşdən çıxarılmaq bir çoxumuz üçün qorxulu kabus olsa da bunun həyatın bir hissəsi olduğunu qəbul etməliyik. Yaşanmış ümidsizliyin və naməlum olan gələcəyin yaratdığı çaxnaşma hissinin öhdəsindən gəlmək asan olmasa da bu prosesi rahat şəkildə sovuşdurmağı bacarmaq lazımdır.

Mütəxəssislərə görə işdən çıxarılmaq, insan psixologiyasına mənfi yöndə təsir göstərir. İşdən çıxarılanların əksəriyyəti hirs və utanc duyğuları keçirdirlər. Çünki hər kəsin keçmişdə çalışdığı firmalar və əldə etdiyi təcrübələr gələcək karyera həyatına ciddi mənada təsir edir.

İşdən çıxarıldınız. Bunu öyrəndikdə müdirinizə cavabınız nə olmalıdır? İşinizdən çıxarılmağın sizə verəcəyi zərəri necə minimuma edə bilərsiniz?

İlk öncə sizi işdən çıxaran müdirin sizin haqqınızda müsbət xasiyyətnamə yazıb yazmayacağını öyrənin. Yəqin düşünürsünüz ki, bunu öyrənməyə ehtiyac yoxdur. Lakin bu fikrinizi dəyişin. Müdirinizin sizi işdən çıxarması o demək deyil ki, o sizin bundan sonra işsiz qalmağınızı istəyir. Yəqin ki, sizi işdən çıxarmaq ona da pis təsir edib və sizi işdən çıxardığına görə özünü günahkar kimi hiss etməmək üçün nəsə etmək istəyəcəkdir.

Əgər psixoloji olaraq özünüzü hazır hiss edirsinizsə, müdiriniz ilə əlaqə saxlayın və onunla çalışdığınız müddətdə məmnun olduğunuzu, hal-hazırda isə bu cür hadisə yaşadığınıza görə təəsüf hissi keçirdiyinizi ifadə edin. Daha sonra isə sizin üçün müsbət xasiyyətnamə yazıb yazmayacağını dəqiqləşdirin. Əgər sizə kömək edəcəyini bildirirsə, o zaman yazacağı xasiyyətnaməni özünüz istiqamətləndirin. 

Müdirinizin sizin haqqınızda yazacağı müsbət fikirlər iş üçün müraciət etdiyiniz şirkətin keçmiş təcrübəniz haqqında məlumat alacağı ən yaxşı mənbə olacaqdır.

Yox əgər, müdiriniz sizin haqqınızda müsbət xasiyyətnamə yazmağı düşünmürsə, vəziyyətinizi dramatikləşdirməyin. Bu suala əvvəlcədən hazırlıqlı olun. Hətta onlar müsahibə zamanı bu sualı sizə yönləndirmədən siz özünüz bu vəziyyətdən ağıllı bir cavab ilə çıxış yolu tapın.

Bu mövzu haqqında danışarkən suala cavabı şişirtmədən, real faktorlara əsaslanaraq verin. Keçmiş iş yerinizi, müdirinizi pisləmək əvəzinə özünüzün bilik və bacarıqlarınızdan söhbət açın.

İşdən çıxarılmış bir insanın müsahibədə edəcəyi ən böyük səhv keçmiş müdirini pisləyib bütün qəbahəti onda görməkdir. Müdirinizi pisləməklə siz rahatlıq tapa bilərsiniz, lakin bu düzgün addım deyil. Keçmiş müdirinizin nə qədər pis biri olduğunun artıq heç bir əhəmiyyəti yoxdur. Əgər bu nöqtəyə gəlib çıxmısınızsa, deməli sizin də səhviniz olub. Bu o demək deyil ki, özünüzü alçaltmalısınız. Amma keçmiş iş yerinizdə qazandığınız təcrübəni də danmayın.

Bundan sonra həyatınıza özünüzü tənqid etməklə davam etməyiniz keçmişdə olan heç nəyi dəyişməyəcək. Daha yaxşı bir iş tapın, özünüzü yaxşı tərəflərdən sübut edin. Keçmişdə yaşadığınız bu xoşagəlməz hadisə isə həyatınızda yaşadığınız bir təcrübə olaraq qalsın.

 

ŞƏRH YAZIN