Oturaq işin fəsadlarından qorunma üsulları

0
2009
Oturaq işin fəsadlarından qorunma üsulları

Araşdırma zamanı məlum olub ki, oturaq iş bir çox xəstəliklərə səbəb olur və ölümlə nəticələnir. Oturaq işdə çalışanlar çox zaman bel ağrısı, əzələ sıxılması, ürək xəstəlikləri, diabet və xərçəngə yoluxurlar. Bundan başqa, oturaq iş piylənməyə də səbəb olur.


Dietoloq Samir Əhmədovun sözlərinə görə, çox uzun müddət oturan zaman bədəndə maddələr mübadiləsi dayanır. Qıç əzələləri hərəkətsiz qaldığından qan dövranı zəifləyir, daha az kalori xərclənir. Bütün gün oturduğumuz zaman yağ yandırıcının nisbəti 50 faiz azalır.

Müsahibimiz gün ərzində hərəkətsiz keçirilən zamanı fəaliyyətə çevirməyi məsləhət görür: "Məşq istisna olmaqla, etdiyiniz hər işdə kalori yandırmalısınız. Hər yarım saatdan bir ayağa qalxıb gəzmək, hərəkət etmək lazımdır. Telefonla danışarkən, nəsə düşünərkən ayağa qalxın".

Avtomobil sürərkən də nizamlı fasilələr verilməlidir. Sükana yaxın, kürək kresloya tam birləşmiş formada dik oturulmalıdır: "Oturaq iş onurğa qatılığı yaradır. Onurğa qatılığı olanlarda isə beyinə qan axışı normaya görə az olur. Bu problem isə insanda müəyyən problemlərin ortaya çıxmasına səbəb olur. Danışıq zamanı dilin tutulması, kəkələmə, tarazlıq problemi, baş dönməsi, obyektlərin adını unutma, yaddaşsızlıq oturaq işin yaratdığı problemlərdir. Oturaq işdə çalışan insanlar hər zaman yorğunluq hiss edirlər. Boyun və kürək əzələləri tez-tez tutulur. Boyunda ağrıların, başın ağır hiss edilməsi, boyunun gücsüzləşməsi oturaq işin verdiyi zərərlərdir. Boyun rahatlaşan zaman bütün bədən rahatlaşır".

Dietoloq bildirir ki, oturaq işdə çalışanlar qidalanma rasionuna da diqqət yetirməlidirlər: "Çox zaman deyirlər ki, "işim oturaq olduğu üçün kökəlirəm". Bu, həqiqətdir. Amma bunun qarşısını da sağlam qidalanma ilə almaq mümkündür. Kafi və balanslı qidalanma sağlamlığı qorumaqla yanaşı, iş həyatında da həvəsi artırır. Özünüzü qorumaq üçün günə mütləq yaxşı naharla başlayın. Qoğal, qutab, şirniyyat əvəzinə ağ çörəklə pendir yemək daha məsləhətlidir. Çay, qəhvə istehlakınızı azaldın və qazlı içkilərdən uzaq olun. Bu cür içkilər su içmə istəyinizi azaldır və bədəninizin su tarazlığını pozur. Bədəndəki suyun azalması isə baş ağrısına, yorğunluğa və diqqət problemlərinə səbəb olur. Bu səbəblə, su, təzə sıxılmış meyvə şirəsi, ayran və ya bitki çayı kimi içkiləri çay və qəhvədən çox için. Qəhvənizi krem yerinə südlə, çayınızı da açıq və limonlu içməyə çalışın. Gündəlik su istehlakınız ortalama 2-2,5 litr olmalıdır. Bu həm bağırsaq fəaliyyətləriniz, həm də kilo idarəniz üçün əhəmiyyətlidir. Sıx iş tempində su içməyi unutmamaq üçün masanızda bir şüşə su saxlayın. Günorta yeməklərini ofisə sifariş verməkdənsə, çöldə yeməyə çalışın. Beləcə, həm hərəkətlərinizi artırar, həm də daha sağlam qidalar qəbul edərsiniz. Bundan başqa, mühiti dəyişmək sizə yaxşı işləmək üçün motivasiya verəcək".

Qan şəkərinizin düşməməsi üçün 2,5-3 saat arayla qidalanmağınız məsləhətdir. Aclıq başladığında və qan şəkəri düşdüyündə, beynin funksiyalarında da azalmalar müşahdiə edilir. Konsentrasiya pozulur və zehni bacarıqlar yavaşlayır. Bu səbəblə də, arada kəpəkli biskvit, meyvə, süd, ayran istehlak edə yaxud ofisdəki şkafınızda quru meyvə, badam, qoz-fındıq kimi yağlı toxumlar, meyvəli probiotik qatıq saxlaya bilərsiniz.

S.Əhmədov məsləhət görür ki, hər gün işdən sonra 1 saat piyada gəzmək lazımdır. Bu zaman gün ərzində hərəkətsiz qalan əzələlər hərəkətə başlayır və gün ərzində olan hərəkətsizliyi az da olsa əvəz edə bilir. Unutmayın ki, sağlam olmaq üçün sağlam qidalanmaq və müəyyən şərtlərə əməl etmək lazımdır.
 

ŞƏRH YAZIN