İstəklərinizə Sərmayə Qoyun

0
3091
 İstəklərinizə Sərmayə Qoyun

Bütün dünya nə istədiyini bilən insana yol vemək üçün bir kənara çəkilər. Yapon atalar sözü

Sahibkarın həqiqi sərmayəsi maliyyə vəsaitidir, yoxsa, əsl sərmayə qurduğu işdir? Yaxud həmin işin gedişatıdır? Əslində bu sadaladıqlarımız əsl səramyənin nəticəsi və məhsullarıdır. Bəs görəsən sahibkarın həqiqi sərmayəsi nədir? Sahibkarın həqiqi sərmayəsi bunlardır: 
1. Zaman − Ona verilmiş ömür.
2. İnsan − Ona verilən istedad və qabiliyyətlər. İnsan düşüncə tərzi, xəyal gücü, bacarıq və qabiliyyətlər kimi özünə aid olan güclü və zəif yönlərin fərqinə varmalıdır.  
3. Məkan − Hansısa coğrafi məkanda yaşamaq.
4. Çevrəsi − Onu əhatə edən insanlar. 
5. Əşyalar − Malik olduğu maddi-texniki baza.
 
Bunlar insanın əsl sərmayəsidir. Hər bir uğurlu insan, iş adamı bu sərmayəni səmərəli, effektiv istifadə edərək maddi-mənəvi məqsədlərinə çatır və uğur qazanır. Hələlik məqsədinə çatmayan insanlar isə, ola bilər ki,  bu sərmayəni lazımınca dəyərləndirməyiblər.
 
Zaman insana bəxş olunmuş nemətlərdən biridir. Biz zamana hakim deyilik, onun məhkumuyuq. Hansı zamanda və dövrdə yaşadığının fərqinə varmaq, ona uyğun faydalı işlər görmək, çalışaraq zamanı dəyərləndirmək insanın xeyrinədir. 
Digər  nemət isə insanın özü, daxilindəki istedad və qabiliyyətlərdir. Bu əsas hakim olduğumuz və idarə edə biləcəyimiz sərmayələrdən biridir və çox əhəmiyyətlidir. Hər insan bir kainat kimidir. Daxilində çox dayda xəzinə var. Bu xəzinələr öz kaşifini gözləyir. Burada xəyal, düşüncə və dialoq xəzinələrindən söz açmaq istəyirəm.
 
Biz necə düşünür, nə cür xəyal qurur və nə danışırıqsa, həyatımız da, işimiz də, ətrafımız da buna uyğun formalaşır. Əgər həyatımız və işlərimizin axarı bizi qane etmirsə, onda düşüncələrimizi və istəklərimizi nəzərdən keçirməliyik. Çox vaxt istəklərimizin istiqaməti ilə xəyallarımız, düşüncələrimiz və söhbətlərimizin istiqaməti bir-birindən fərqlənir və ya bir-birinə zidd olur. Bunu biznes koçluq seanslarımda ən çox rastlaşdığım  nümunələrdən ilə izah edəcəm:
Koç: Həyatda və iş dünyasında məqsədin nədir? Nə əldə etmək istəyirsən?
Müştəri: Əsas məqsədim xərclərimi qarşılamaq, kreditimi ödəmək, böhrandan zərərsiz çıxmaqdır. Bir də başqasına möhtac olmaq istəmirəm.
Koç: Bu məqsədə çatsan nə əldə edəcəksən?
Müştəri: Rahat olacam. Stressdən azad olacam.
Koç: Bunu nə qədər düşünürsən?
Müştəri: Düşünməkədən yorulmuşam. Dərd kimidir, heç yadımdan çıxmır. İşdə də, dostlarla görüşəndə də bu haqda danışırıq. Bu vəziyyətdən qurtulmaq üçün nə edə bilərəm? 
Koç: (Təkrar soruşuram)  Sən həyatda nə əldə etmək istəyirsən?
Müştəri: Mən axı nə istədiyimizi ifadə etdim.
Koç: Sən istəmədiyin şeyləri dedin. Mən isə nə istədiyinizi soruşuram...
Tez-tez qarşılaşdığım bu cür hallarda əslinə baxsaq, istək adlandırdığımız əslində bizim istəmədiyimiz şeylərdir. Bu təbiidir. Çünki bu durum istəmədiyimiz, qorxduğumuz, daim bizi narahat edən hisslərin düşüncələrimizi zəbt etməsidir.
Mənfi duyğu və düşüncənin bizi əsarət altına alması ilə nəticələnən bu hal, eyni zamanda ömür sərmayəsinin dondurulması, faydalı iş əmsalının aşağı düşməsi, əsl sərmayəmizin israfı və batırılması deməkdir.
 
Doğru və düzgün istək 3 suala cavab verməlidir:
1. Nə? Nə istəyirsən? Bu sənə nə verəcək? Əldə etdikdə nə hiss edəcəksən? Bu sənin üçün nə qədər önəmlidir? Bu haqda nə qədər düşünürsən?
2. Nə zaman? Nə zaman əldə etmək istəyirsən? Bu zaman sənə kifayətdir? Bu zamanda bu istəyini reallaşdıra biləcəksən? Nə qədər vaxtdan bir özünlə hesablaşacaqsan?  İstədiyin zaman nə qədər müddəti əhatə edir (3, 5, 7,10 il və s.)? 
3. Necə? Bu istəklərinə necə nail olacaqsan? Hər gün, hər həftə, hər ay, hər il necə işləməlisən, hansı resurslarını istifadə etməlisən ki, məqsədinə çatasan? 
Doğru bir məqsəd təyini üçün bu üç suala cavab vermək lazımdır. Yəni siz nəyi, necə və hansı zamanda əldə etmək istəyirsiniz?
Həqiqi sərmayənizi istəklərinizə yönəldin.
İstəklərinizin xəyallarını qurun.
Əvvəlcə xəyallarınızda istəklərinizi nail olun və bunun ləzzətini yaşayın. Bunun üçün istəklərinizi tez-tez xəyalınızda canlandırın və hər dəfə bunun zövqünü hiss edin. 
İstəklərinizi ətrafınızdakılara danışın. Anlayanlara, inananlara inandıqlarınızı danışın və bundan zövq alın.
Xəyallarınızı hədəfə çevirin, reallaşdırmağa niyyətlənin və vaxt təyin edin.
Nə edəcəyinizi planlaşdırın.
Hərəkətə keçin və hər gün bu iş üçün işləyin.
Qiymətləndirin və düzəliş edin.
Dəyərli dostlar! İstəklərinizi həyata keçirmək üçün bu sistemi tətbiq edə bilərsiniz.
Bu günükü reallığı görün və ölçün. Gələcəyə baxın və dizayn edin. Bu günü yaşayaraq, dəyərləndirərək sabahı qurmaq üçün işləyin. Pozitiv şeyləri dinləyin, oxuyun, seyr edin, danışın, düşünün və paylaşın. Ən əsası yaşayın.
Arı kimi bal dalınca uçun. Əzmkarlıq və çalışqanlıq sayəsində uzaq və çətin görünən hədəflər yaxınlaşar və asanlaşar. Siz də düşündüyünüzü hiss edər və yaşayarsınız. Düşüncələrinizi gözəlləşdirməyə başlayın, həyatınız və ətrafınız da gözəlləşsin. Çünki siz ən gözəlinə layiqsiniz.
 
Fədai Abdullayev
Business Coach
  
 

ŞƏRH YAZIN