Limitlər İçimizdədir

0
2761
Limitlər İçimizdədir

NLP və Koçluqla bağlı ötən yazıda folklorumuzdakı neqativ yüklü atalar sözlərinin,təlqinlərin pozitivlərlə əvəzlənməsinin zəruriliyindən yazmışdım. İndi isə standartlarımızı dəyişməyin, limitlərdən xilas olmağın faydasından başlamaq istəyirəm. Elə burdaca sizdən,başımıza gələn hər şeyi alın yazısı, qədər tək qəbul etməmək kimi bir ricam olacaq. Alın yazısına deyil, əlin yazısına, qədərə deyil,verdiyimiz qərarlara inanacayıq. “Yazıya pozu yoxdur”sa,o yazını özümüz istədiyimiz və arzuladığımız kimi yazmalıyıq. Həyatımızın ssenaristi də özümüzük, rejissoru da. Bu məsuliyyəti dərk edib bəhanələr aramadan hədəflərimizi bəlirləmək və ona doğru inamla addımlamaq lazımdır. 

Səhər-axşam ətrafımızda “çörəyi daşdan çıxanlar”ın şikayətlərini eşidirik. Sizsə çörəyi başdan, ideyalardan, layihələrdən, yeniliklərdən çıxaranlardan olun.
 
NLP- nin əsas tədqiqat sahələrindən  biri insanların beyin xəritəsidir. Bu xəritə biz doğulandan ölənədək bizimlə bərabər formalaşır və dəyişir. Azərbaycanlı insanın  beyninə yerləşdirilmiş  “adam ac olar, kişi olar” qəlibi bizim xəritəmizi göstərir. Dünyanın siyasi xəritəsində böyük dəyişikliklər edilirsə, biz niyə kiçik xəritəmizdə korrektələr etməyək?

Soitiro Hondanın, Ferruço Lambargininin, polkovnik Sandersin həyat hekayələri sizə bir az uzaq keçmiş kimi gələ bilər. Bu günümüzün yeni gənc qəhrəmanı var. Avtomobil biznesi ilə az-çox maraqlananlar tanıyar – Ərbakan Malkoç. Ali təhsili olmayan, 10 yaşında hər iki valideynini itirən, həmin yaşdan emalatxanalarda ustaların qapazları altında böyüyən milyonçu gənc. Bu yaxınlarda Türkiyədə keçirilən beynəlxalq  avtomobil sərgisində onun hazırladığı “komanda ilə işləyən avtomobil” əsas  müzakirə mövzularından biri idi.  Ya da başqa bir əfsanə. Çox nadir bir irsi xəstəlik nəticəsində dünyaya əlsiz və ayaqsız gəlmiş avstraliyalı Nik Vujicic. Bütün əzaları üstündə olan insanlara motivasiya seminarları keçən, xeyriyyəçiliklə məşğul olan, kitablar yazan, film çəkən  xoşbəxt bir gənc. “Palaza bürünüb ellə sürünməkdənsə” , fərqli olduğumuzun fərqinə varmalıyıq. Yeri gəlmişkən, hər iki gənclə bağlı Youtube-dakı  videoları izləmək məsləhətdir.

M.Qorki məşhur hekayəsində “sürünmək üçün doğulanlar uça bilməz” deyirdi. Məncə, çox yanlış hökmdür. Bunun yanlışlığının sübutu Qorkinin öz həyatıdır.  “Həyatın dibi”ndə doğulan və “Özgə qapılarında” böyüməklə universitet keçən biri ədəbiyyat səmasında çox yüksəklərə uçdu. Proletar və partiya ədəbiyyatı olsa belə. Həyatın ümüdinə qalsaydı və öz yazdığına inansaydı,o da uçmamalıydı...
 
Bir neçə il öncə ABŞ həbsxanalarındakı gənclərin keçmişini araşdıran xüsusi layihələr ortalığa maraqlı nəticələr çıxarmışdı. Məhbus gənclərin 85 faizi məktəbdə, ailədə “sənin gələcəyin türmədir” deyilənlər idi. Bunu deyənlər uzaqgörənlər idimi? Təbii ki, xeyr. Onlar bu gənclərin beyninə uğursuzluq proqramını  yazanlar idi. 
 
Ətrafımızda  beynimizi, dilimizi belə proqramlarla sabotə edən müəllimlərin, valideynlərin, qohumların sayı-hesabı yoxdur. Onların bütün neqativlərini zibil yeşiyinə boşaldıb beyninizi yenidən format etmək, sizə uğur gətirəcək proqramlar yükləməyiniz lazımdır.  Motivasiyanızı artıracaq, çərçivələrinizi dəyişəcək hekayələr oxuyun – uğur hekayələri. Onda görəcəksiniz ki, pozitiv insanlar fəlakəti də fürsət kimi görür.
 
                                                                                                     ***
İndi də “Koçluq nədir?” sualının cavabı: “Fransız mənşəli olduğu söylənilən “coach” sözünün ilkin mənası "araba, ekipaj, qoşqu" deməkdir. “Kouçinq” – araba ilə nəyisə daşımaq, yəni köçürmək mənasını verir. Zamanımızda daha çox məşqçi, təlimçi anlamında işlənən  “koç”un birbaşa türk mənşəli “köç” sözü ilə əlaqəli olduğunu, rus dilindəki  “kuçer” sözünün də burdan götürüldüyünü iddia eləsəm, dilçilər məni qınamaz, yəqin.  Koçlar da   insanları “köçürməklə” məşğuldur – bir ruh halından başqasına – hədəflərinin, məqsədlərinin yanına. 
 
Koçluğun təriflərində də belə yazılıb: “məqsəd insanın inkişafına, dəyişiminə kömək etmə, onu fərqli  mövqeyə gətirməkdir”.
 
Zemfira Əlibəyova
 
Yaşam Koçu
 
 
 
Korrektor:Əhmədova Sevinc

 

 
 

ŞƏRH YAZIN