Barbi gəlincikləri necə yaranıb?

0
4109
Barbi gəlincikləri necə yaranıb?

 Barbi gəlincikləri qız uşaqlarının ən çox sevdiyi oyuncaqlardandı. Təsəvvür edin, hər saniyə dünyanın hər hansı bir yerində bu gəlinciklərdən yüzlərlə satılır. Belə bir göstərici yalnız və yalnız “Barbi”yə məxsusdur. Bu gəlinciklərin satışa çıxarıldığı ilk günlərdən indiyədək milyardlarla alıcısı olub.


Bəs gəlinciyə “Barbi” adı nə üçün verilib?  Barbi – bu gəlinciyin  yaradıcısı olan Rut Hendlerin qızı Barbaranın adıdır. Rut Hendler sevimli qızı Barbaranı Barbi deyə çağırarmış və düzəltdiyi gəlinciyə də qızının adını verir.

Gəlincik ilk dəfə 9 mart 1959-cu ildə Nyu-Yorkda keçirilən “Uşaq malları və oyuncaqları” sərgisində nümayiş etdirilib. İlk dəfə sərgidə nümayiş etdirilərkən, satıcılar bu gəlinciyin satılacağına şübhə ilə yanaşırdılar. Amma elə ilk günlərlərdən başlayaraq bu qəribə görünüşlü (nə körpəyə, nə də uşağa bənzəyən, daha çox gənc qıza oxşayan) oyuncaq haqqında bütün qəzetlər yazmağa başladı. Bir həftə içərisində bu gəlincik o qədər populyarlaşdı ki, gəlincik satılan mağazaların qarşısındakı növbələrin ucu-bucağı görsənmirdi. Elə ilk günlərdən gəlinciyin satışı rekordlar qırmağa başladı.

Belə bir sual ortaya çıxır ki, bu gəlinciyin yaradıcısının haradan belə bir oyuncaq düzəltmək ağlına gəlib? Bu cür gəlinciyə Rut Hendler ilk dəfə kişilər üçün nəzərdə tutulmuş seks-şopda rast gəlibmiş. Belə ki, Rut Hendler İsveçrəni səyahət edərkən, böyüklər üçün (əsasəndə, kişilər üçün) nəzərdə tutulmuş mağazaların birində vitrinə qoyulmuş qeyri-adi bir gəlinciyə rast gəlir. “Lilli” adlı bu gəlinciyin çox nazik beli və çox iri sinəsi vardı. Bu gəlincik orta yaşlı, cəlbedici makiyajlı bir qadını xatırladırdı. Sonralar isə o, bu gəlinciyin çox kiçildilmiş, makeyajsız və yeniyetmə qız prototipi olan “Barbi”ni yaradır və elə satışa çıxarılan ilk gündən milyonlarla uşağın sevimlisinə çevrilir.

İlk illər “Barbi”  hərəkətsiz  formada olurdu. İllər keçdikcə “Barbi”nin müxtəlif geyimli, hərəkət edən növləri də satışa çıxarılmağa başladı. 1961-ci ildən başlayaraq, əyilən və otura bilən “Barbi”lər satışa çıxarıldı.  

“Barbi”nin ilk kütləvi istehsalçısı olan “Mettel” kompaniyası ilk 10 il ərzində “Barbi”nin satışından 500 milyon dollar gəlir əldə edib. Hal-hazırda bu kompaniyanın “Barbi”nin satışından əldə etdiyi gəlir ildə 2 milyarda yaxındır.

1999-cu ildə “Barbi”nin 40 illiyi münasibəti ilə “De Beers” zərgərlik firması tərəfindən dünyanın ən bahalı “Barbi”si düzəldilib. Bu gəlinciyin donuna 160 brilyant qaş düzülmüş və 18 karat qızılla bəzədilib. Qiyməti isə nə az, nə çox, düz 85.000 dollar təşkil edirdi.

Bu məşhur gəlinciyin 50 illiyi münasibəti ilə Nyu-Yorkda keçirilən “Moda həftəsi”ndə dünyanın 50 ən məşhur dizayneri (Mark Ceykobs, Vera Vonq, Diana fon Furstenberq və s.) əfsanəvi “Barbi” üçün hazırladıqları paltarları nümayiş etdiriblər.

“Barbi” gəlinciklərinin ayaqları istehsal olunduğu ilk günlərdən indiyədək çox uzundur. Fizioloqların fikrincə isə, bu anormal bir görkəmdir. Çünki, “Barbi”nin ayaqları qollarına nisbətən 50%  uzundur. Alimlərin fikrincə,  həqiqətən belə bir qız uşağı dünyaya gəlsəydi, bu cür uzun ayaqlarla o, bir addım belə ata bilməzdi.

ŞƏRH YAZIN