Bədxərc Olmayın!

0
2460
Bədxərc Olmayın!

"Bədxərc olma!" demək çox asan, amma əməl etmək çox çətindir.

İstər əməkhaqqı, istər mükafat və ya birdəfəlik ödənilən başqa pul məbləği olsun, adamın əlləri istər-istəməz onları xəcləməyə doğru uzanır. Necə deyirlər “pulun cibinə ağırlıq edir”. Onları çox elit bir şeyə sərf etmək istəyirsən! Gözəl, bahalı, sanballı və ya heç sizə lazım olmayacaq, ümumiyyətlə istifadə etməyəcəyiniz gərəksiz bir əşyaya. Beləliklə gəlin görək pula qənaət etmək üçün hansı konkret addımları ata bilərsiniz:

Məqsəd. Ən vacibi, özünüzə məqsəd təyin edin. Siz nəyin naminə «özünüzə qarşı çıxmaq» istəyirsiniz? Axı bu heç də asan olmayacaq! Lazımı vərdişlər heç də bir göz qırpımında yaranmır. Özünü daha böyük, daha gözəl, sizə olduqca böyük bir həzz gətirəcək və məmnunluq hissi bəxş edəcək başqa bir məqsədlə motivasiya etmək lazımdır. Bu həzz pulun ani xərcləndiyi zaman yaşadığınız hisslərdən qat-qat böyük olmalıdır ki, sizin iradənizi özünə tabe edə bilsin.

Kredit kartı. Kredit kartından az istifadə edin, nağd pula üstünlük verin. Sırf psixoloji nöqteyi-nəzərdən pulu əldən xərcləmək daha çətindir, nəinki heç görünüşü ilə belə pulu xatırlatmayan plastik kartlardan. Kredit kartınız varsa belə, çalışın onun limiti mümkün qədər az olsun.

Prioritetlər. Çalışın ki əmək haqqını aldığınız və ya sizə böyük bir məbləğ gəldiyi gün heç nə almayasınız. Düzdür böyük pullar adama baş gicəllənməsi gətirir, adama elə gəlir ki, əlində pul olanda nə istəsə edə bilər, lakin bu hiss sonda sizinlə çox pis zarafat edər. Almalı olduğunuz ən vacib şeylərin siyahısını yazın. Özünüzə söz verin ki, başqa nə almaq istəsəniz onu axıra saxlayacaqsınız, yəni əvvəlcə prioritet siyahıda olan şeyləri almalısınız. Bir qayda olaraq həmin ana qədər eyforiya hissi artıq adamı tərk etmiş olur. Onda pulun bir hissəsini hətta kənara da qoymaq olar.

Karyera. Özünüz üçün peşəkar hədəf müəyyənləşdirin və mütəmadi olaraq həmin hədəfə çatmaq üçün müəyyən məbləğdə vəsait ayırın, unutmayın ki, bu sizin peşəkar inkişafınız üçün lazımdır. Aydındır ki, siz işinizi nə qədər effektiv icra etsəniz, gəlirləriniz də bir o qədər artıq olacaq. Düzdür bu heç də həmişə belə olmur, amma istisnalar qanunu inkar etmir.

Xəsis olmayın. Qənaətcillik ilə bağlı bir məqalə üçün bir az paradoksal məsləhət kimi görünə bilər. Amma ataların bir məsəli var: Xəsis iki dəfə xərcə düşür. Yəni özünə qarşı həddindən artıq sərt davranmaq olmaz. Belə məqamda irəli düşmək istədiyiniz halda, geriyə getmiş olarsınız. Bir az qənaət etmək əvəzinə, özünüzü qınaya-qınaya, həm də əsəb pozuntusu qazanarsınız. Hər əməkhaqqı alanda özünüz üçün «elə-belə» xərclik pulu ayırın. Hərdən-bir isə ay ərzində qənaət edilmiş məbləğdən özünüzə «mükafat» da təyin edə bilərsiniz.

Büdcə. Gəlirlərin və xərclərin hesabını aparın. Bu məsləhətin bəlkə də bir neçə min il yaşı var, lakin o hələ də öz aktuallığını itirməyib. Sadəcə bir dəftər götürmək və hər günün sonunda öz xərclərini kateqoriyalar üzrə bölüb yazmaq lazımdır. Pul alanda isə onları gəlir bölməsinə yazmaq və hər ayın sonunda «nə qədər pul getdiyini» hesablamaq olar.

Məqsədli alış-veriş. İstənilən məhsul və malları yalnız siyahı əsasında alın, dəqiq sizə nə lazım olduğunu müəyyən etməmiş bazara getməyin. Beləcə siz lazımsız məsrəflərdən qurtulmuş olacaqsınız, bəzən bizə xırda-para görünən bu xərclər sonda iri bir məbləğin əldən çıxmasına səbəb olur. «70% endirim» kimi reklam yazılarına inanmayın, axı siz bundan ötrü alış-verişə çıxmamısınız. Axı belə sadəlövh metodlar ilə satıcılar sadəcə öz anbarlarında qalmış mallarını «müştərilərə sırıyır» və bununla da qazanc əldə edirlər.

Xərclər planı. Pulu necə xərcləməyiniz barədə əvvəlcədən düşünün. Pulu daha effektiv xərcləmə yollarını müəyyən edin. «Nə vaxt pulum olar, onda da bu haqda düşünərəm» - demək lazım deyil. Təəssüf ki, statistika göstərir ki, lotereyada pul udmuş və ya böyük bir məbləği miras kimi almış insanların əksəriyyəti qısa zaman kəsiyində həmin puldan məhrum olurlar, çünki onlar pulu necə xərcləməli olduğunu bilmirlər. Yəni pula qənaət etməyi və onu idarə etməyi öyrənmək lazımdır.

Əmanət. "Qara gün üçün" pul ayırın. Gələcəkdə nə baş verə biləcəyindən xəbərdar olmaq insana lazım deyil, hər şeyə hazır olmaq qeyri mümkündür, amma bəzi maddi çətinliklərdən sığortalanmaq olar. Çünki belə çətinliklər ilə üzləşəndə insanlar panikaya düşür və üst-üstə böyük faizlər ilə çoxlu borc almağa başlayır.

Məcburi xərclər. Əgər qazandığınız pul qarşılığında məcburi xərcləriniz həddindən artıq çoxdursa, onları azaltmağın yollarını fikirləşin. Məsələn kommunal ödənişlər baxımından da daha effektiv davranmaq yolları həmişə mövcuddur.

Alternativ məhsullar. Brendlərə qarşı münasibətinizi dəyişin. Əgər siz yalnız hər-hansı bir «super-Samsung» alır və öz vərdişlərinizi dəyişmək istəmirsinizsə, onda bilin ki, "Leyblomaniya" (etiket maniyası) çox reklam olunan brendlərdən asılılıqdan başqa bir şey deyil. Adətən istədiyin brenddən məhsul ala bilməmək ciddi psixoloji sarsıntıya səbəb olur. Bu gün elə bir məhsul yoxdur ki, o Çində istehsal olunmasın və tamamilə mümkündür ki, həmin brend məhsulunun daha ucuz alternativi var və keyfiyyət fərqi isə heç də böyük deyil.

Əgər bu məsləhətlərə uzun müddət ərzində əməl edə bilsəniz deməli heç də hər şey itirilməyib və sizdə mütləq alınacaq.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN