Sifətimiz hisslərimizi açıq aydın bəlli edən bölgədir. Sevincimizi, üzüntümüzü, qayğımızı, əsəbiliyimizi, utanmağımızı.... Bütün bu hisslərimiz üzümüzdəki ifadədə gizlidir və üz rəngimizin dəyişməsi ilə özünü büruzə verir.
Bəzən isə duyğularımızı gizlətməli olduğumuz zamanlarda üz ifadəmiz, yanağımızın qızarması bizi ələ verir.
Ani üz qızarıqlığı daha çox yanaqlarda və üzün ön bölgəsində ortaya çıxır. Bəzi hallarda qulaqlar, boyun, sinənin yuxarı bölgəsi də qızara bilər. Qızarma ilə birlikdə istilik basma halı da yaşanır.
Üz qızarması normal və anormal olaraq iki cür yaşanır.
Normal üz qızarması utanma, səhv hərəkət etmə, pis vəziyyətdə olma, günah işləmək, əsəbilik, həyəcan, narahatlıq kimi duyğu hallarında təbii bədən reaksiyası kimi ortaya çıxır. Belə hallarda insan bədənində adrenalin hormonu ifraz olunur və bədən istiliyi ani olaraq artır. Bədənin ani artan istiliyi simpatik sinir sisteminə təsir edir. Simpatik sinir sistemi üzün qan damarlarını genişləndirərək isinmiş qanı üz bölgəsinə göndərir. Belə halda isinmə hissi və üz qızarması ortaya çıxır. Bir müddət sonra yoxa çıxan bu üz qızarması normal qəbul edilir.
Gündəlik olaraq adi vaxtlarda, səbəb olmadan yaşanan üz qızarması anormal hesab olunur. Deməli, simpatik sinir sistemi çox işləyir və həddən çox həssas olur. Bu insanlarda yuxarıdakı duyğulardan başqa normal hallarda da sistem funksiyası pozulur və çox işləməyə davam edir.
Belə qızarma problemi insanın psixoloji halına təsir edirsə, bu, üz qızartısı xəstəliyi adlanır.
Kişi və qadınlarda eyni səviyyədə görülür. 10-20 yaş arasında narahatlıq, əsəbilik və hormonal funksiya ilə bağlı olaraq daha çox görülür.
Spirtli içki, isti və ədviyyatlı yeməklər, isti içkilər, ani olaraq isti, ya soyuq bir yerə girmək, çox isti hava, isti hamam, qızdırma, idman etmək kimi bədən istiliyini artıran hallar da üz qızarmasına səbəb olur.
Bəzi xəstəliklərin müalicəsində istifadə edilən dərmanlar, qidalara atılan bəzi qoruyucu kimyəvi maddələr, bəzi şəkər, döş xərçəngi, angina və yüksək təzyiq, sümük xəstəlikləri, prostat xərçəngi üçün istifadə edilən dərmanlar üz qızarmasına səbəb ola bilər.
Üz qızarmasının səbəb olduğu xəstəliklər hansılardır?
Rosacea: Bu, qızartıya səbəb olan geniş yayılmış bir dəri xəstəliyidir. Bu xəstəlik zamanı üz damarlarında qalıcı genişlənmə olur. Əsasən yanaq və burun bölgəsində ortaya çıxır. Bəzən gözlərə də təsir edə bilər.
Hiperhidroz. Bəzi insanlarda üz qızartısı çox tərləmə (üz, əl, qoltuqaltı tərləməsi kimi) ilə birlikdə yaşanır.
Menopauza. Üz qızarması menopauza ilə də bağlı ola bilər.
Karsinoid sindromu. Nadir rastlanan bir xəstəlik olan karsinoid üzdə qızartıya səbəb olur. Bu xəstəlikdə üz qızarması əsasən 20 dəqiqə davam edir, mədə ağrısı, ürək döyüntüsü, ishal halları da yaşana bilər.
Üz qızarması ilə bağlı insanlarda iki fobiya yaşanır:
Sosial fobiya - sosial şəraitlərdə ya performans göstərərkən tənqid edilməkdən, ya özünə güvənsizlikdən dolayı insan narahatlıq içində olur və üzü qızarmağa başlayır.
Utancaqlıqla da sıx bağlı olur.
Erotrofobiya - "İndi üzüm qızaracaq" qorxusu ilə həmişə qayğı içində olan bir narahatlıq halıdır.
Korrektə etdi: Hürü Mustafayeva