İnternet Necə Yaranıb?

0
11803
İnternet Necə Yaranıb?

Heç ağlınıza gəlir mi ki, internet necə yaranıb? Bir çoxunuzun yəqin ki, məlumatı yoxdur. Amma bundan sonra olacaq.

2 sentyabr 1969-cu il ABŞ-in hərbi sənaye qurumunun xətti ilə Ali məktəblər tərəfindən bir layihə həyata keçirildi. Məqsəd çoxlu sayda kompüterləri birləşdirən kabel vasitəsilə eyni vaxtda informasiya mübadiləsi aparmağın mümkünlüyünü təmin etməkdən ibarət idi. Öncə Kaliforniya Universitetinin tələbələri Stiven Kroker və Vinton Serf 4-5 metr uzunluğunda kabellə kompüterləri birləşdirdilər. İlk dəfə olaraq kompüterlər arasında məlumat ötürülməsi baş verdi və layihə olduqca uğurlu həyata keçirildi. Əvvəlcə 4 Universitetin birləşməsindən ARPANET adlı bir kompüter şəbəkəsi əmələ gəldi və qısa müddətdə ABŞ ərazisində kompüterlər bu şəbəkəyə qoşulmağa başladılar.

1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən proqram yaradıldı. İlk dəfə olaraq @ işarəsi elektron poçt ünvanlarında işlədilməyə başlandı və 1980-ci ildə bu işarə Beynəlxalq standart kimi təsdiqləndi.

1973-1974-cü illərdə TCP/IP protokolu meydana çıxdı. TCP/IP protokolları ARPANET-in əsas qurucularından olan Robert Ken və Vinton Serf tərəfindən təklif olunub. TCP/IP protokolu 2 rabitə protokolundan ibarətdir. Transmission Control Protocol ötürməyə nəzarət protokolu – verilənlərin ötürülməsinə nəzarət edən protokol və Internet Protocol (internet protokol).

İnternet inkişaf etdikcə belə bir sual ortaya çıxdı: Necə etmək olar ki, bu şəbəkə vasitəsilə kompüterlərdə olan çoxlu sayda sənədlərdən hamı eyni vaxtda istifadə edə bilsin?

Məhz bu problemin həlli 1989-1990-cı illərdə “www” sisteminin yaranmasına səbəb oldu. Tim Berners Li hiper mətnli sənədlər texnologiyasını yaratdı.

Qeyd etmək yerinə düşər ki, Ser titulu qazanan Tim Berners 2004-cü ildə 15 il öncəki kəşfinə görə Beynalxalq Fond tərəfindən 1.000.000 avro məbləğində pul mükafatı qazanıb. İnternetin qloballaşması 1988-1989-cu illərə təsadüf edir. Bu illərdə Kanada, Fransa, Almaniya və 1992-ci ildə Böyük Britaniya və Latviya NSFNET vasitəsilə internetə qoşuldular.

Beləliklə öncə elm və təhsil qruplarını birləşdirən ARPANET sadə kompüter şəbəkəsi qısa bir müddətdə böyük populyarlıq qazandı. Məhz bu şəbəkə indiki internetin əsası oldu. İlk vaxtlar bu şəbəkədən ancaq mətn formasında olan informasiyanın elektron poçt vasitəsilə ötürülməsi üçün istifadə edilirdi. Hazırda isə internetlə qrafik və multimedia faylları əldə etmək, eyni zamanda oyunlar və əyləncələrlə məşğul olmaq, telefon bağlantısı yaratmaq, yazışmaq və görüntülü danışmaq, musiqi və video əldə etmək mümkündür.

 Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN