Dünyanın 5 ən lüks hotel zəncirindən birinin sahibi

0
2106
Dünyanın 5 ən lüks hotel zəncirindən birinin sahibi

O, dünyanın ən bahalı hotellər şəbəkəsindən birinin yaradıcısıdır. Hazırda bu biznesdə 5 faiz paya sahibdir. Həyatın hər üzünü görüb. Atası ilə ağır şərtlərdə fəhləlik belə edib. Bənnalığın sirləri onu hotel sahibinə çevirib. Söhbət “Four Seasons Hotels and Resorts”-un yaradıcısı Aysedor Şarpdan gedir.

 
3 bacının bir qardaşı
Aysedor Şarp 1931-ci ildə Kanadanın Toronto şəhərinin yəhudilər yaşayan Uord məhəlləsində dünyaya gəlib. Valideynləri Lil Qotfrid və Maks Şarp Birinici Dünya müharibəsinədək Polşanı tərk edib Kanadaya miqrasiya edən yəhudilər olub. Atası həftəyə 10 dollar qazanan suvaqçı, anası isə evdar xanım idi. Üç bacının yeganə qardaşı olsa da, valideynləri Aysedoru  bacılarından seçməyib, ona xüsusi diqqət göstərməyiblər: “Ailənin tək oğlu olsam da, bu, üstünlük deyildi. Mənə elə gəlir ki, anam qadınların kişilərdən daha istedadlı, cəsarətli olduğunu düşünürdü. Uşaq bağçasına gedirdim, oradan məni kimsə götürmürdü. Evimizdə uşaqlar üçün kitab rəfi belə yox idi. Gecələr bizə yatmazdan əvvəl nağıl oxumayıblar. Əslində, mən və bacılarım valideynlərimizi müşahidə edərək yaşamağı oyrənirdik”.
 
Müsahibələrində həddən artıq kasıb yaşadıqlarını deyən A.Şarp xüsusilə Amerikada yaşanan Böyük depressiya illərində çəkdikləri əziyyətləri acı xatirə kimi xırdalayır: “1937-ci ildə ailəmiz ev tikib yaşamaq məqsədilə Uordu tərk etdi. Şəhərin şimal rayonlarından birinə köçdük. Həmin ildə Amerikada Böyük depressiya başladı. Təmir sifarişləri həddən artıq azaldı. Atam bizi dolandırmaq üçün hər işi görməyə razı olurdu. Bir dəfə elə hadisə baş verdi ki, onu ömür boyu unutmayacam. Atam atla təməl qazarkən  çiynini qırdı. Ağrıya  rəğmən, işinə davam edirdi. Hər sentimizə qənaət edirdik. Hətta mənə oyuncaq belə almırdılar. Bir dəfə dostlarımla oyuncaq təyyarə almaq üçün pul toplayırdıq. Hərəyə 5 sent düşürdü. Anamdan pul istəyəndə “boş-boş şeylərə 5 sent xərcləməyə dəyməz” deyə cavab verdi. Əvvəlcə bu, mənə çox pis təsir etsə də, anamın haqlı olduğunu anladım. Ciddi qənaət rejimi təkcə həftənin 5-ci günü keçərli olmurdu. Anam şabat yeməkləri bişirir, təxminən 50 nəfər qonaq çağırırdıq”. Anasının büdcəyə nəzarət etdiyini deyən A.Şarp ailənin hər bir üzvünün qeyd-şərtsiz onun tapşırıqlarına əməl etdiyini danışır: “12 yaşım olanda “Peewees” hokkey komandasına üzv olmaq istədim. Bunun üçün mənə qara hokkey konkiləri lazım idi. Atam mənə onları almaqdan imtina etdi və bildirdi ki, bacımın konkilərini geyinə bilərəm. Bacımın ağ konkilərini qara rəngə boyadıq və mən onları geyindim. Kənardan gülünc görünnsə də, mən çox xoşbəxt idim”.
 
Şarpın kasıb həyat hekayəsi bununla bitmir. Məlum olur ki, ailə hər il yeni ev tikib, köhnəni satırmış. Beləliklə, 16 yaşınadək A.Şarp 15 ev dəyişir.
 
Tikintidə işləyir, hotel tikməyi öyrənir 
Gələcəyin iş adamı 16 yaşında tikintidə atasına kömək etməyə başlayır. Onlar İtaliyadan olan daha iki miqrantla ağır şərtlərdə işləyirlər. Şarpların ağır günləri müharibə bitənə qədər davam edir. Müharibənin başa çatması ilə birgə ailənin çətinlikləri də sona yetir. Müharibədən sonra Toronto Kanadanın ən iri şəhərlərindən birinə çevrilir. Tərxis olunmuş əsgərlər və miqrantlar mənzilə böyük tələbat yaradırlar və kasıb Maks Şarpın sifarişləri də çoxalır. Gənc Aysedor Şarpın həyatını isə dostuna verdiyi məsləhət dəyişir. Belə ki, dostu Cek Quld motelinin gəlir gətirmədiyini əsas gətirib biznesini satmaq qərarına gəlir. Aysedor ona motelin mərtəbələrini artırmağı və yuxarısına “Motel 17” elanını asmağı məsləhət görür. Onun bu məsləhəti bəhrəsini verir və motel gəlir gətirməyə başlayır. Belə halda A.Şarp beynində şəhərin mərkəzində hotelin gətirəcəyi gəliri götür-qoy edir. İdeyasını reallaşdırmaq üçün tərəfdaş axtarışına çıxır. Kredit götürmək ümidiylə banka müraciət edir. Lakin rədd cavabı alır. Atasının əməkdaşlıq etdiyi “Great-West Life” şirkətinin rəhbəri Sesilu Forsayta müraciət edir. Sesilu əvvəlcə razılaşmır. Amma sonradan ikinci sərmayəçinin tapılması şərti ilə Aysadora “hə” deyir. Həmin günləri xatırlayan A.Şarp “Sesilu düşünürdü ki, ikinci sərmayəçini tapa bilməyəcəm” deyə bildirir.
 
Beləliklə, A.Şarp əmlak bazarındakı broker dostlarının sayəsində Torontonun mərkəzində qiyməti sərfəli olan  böyük, boş ərazi tapır. Qonşuluqda kasıb fərdi evlərin olmasına rəğmən, orada bahalı hotel tikməyə qərar verir. 1961-ci ildə Torontoda ilk “Four Seasons Hotel”i açılır: “Mən dəbdəbəli hotel konsepsiyamıza inanırdım. Toronto kimi sürətlə böyüyən şəhərin mərkəzinin həmişə tələbatsız qalacağını düşünmürdüm.  İşin başlanğıcında möhtəşəm planım, dəqiq konsepsiyam yox idi. Bir işi bacarırdım – o da ev tikmək. Yəni, adi bənna idim. Heç vaxt düşünmürdüm ki, hotel biznesi həyatımın işi olacaq və  dünyanın ən böyük 5 ulduzlu hotellər şəbəkəsindən birini idarə edəcəyəm. İlk vaxtlar işlər yavaş-yavaş gedirdi. Etiraf edim ki, hər addımda səhv buraxırdım”.
 
Şarp biznesini dirçəltməyə  5 il sərf edir. Hotelinin 125 nömrəsinin hər birinin seçilməsi, xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün əlindən gələni edir. 1963-cü ildə o və ortağı ikinci hotellərini  - “Toronto’s Inn on the Park”ı açırlar. 1960-cı illərin sonuna qədər daha üç hotel tikilir.
 
Hotelə adın seçilməsi
Hotelin “Four Seasons” adlandırılmasının nə Vivaldiyə, nə də Çaykovskiyə dəxli var. Adı Şarpın qohumlarından biri təklif edir. Yeri gəlmişkən, hotelin binasının Kanadanın aparıcı telekanalı SBS ilə qonşuluqda yerləşməsi iş adamının  biznesinə uğur gətirir. Ortaqlar telekanalın proqramlarından birinin hoteldə çəkilməsini təklif edirlər. On üç il davam edən bu proqramın qonaqları isə Torontoda yaşayan, yaxud ora gələn ulduzlar olur.
 
Getdikcə Şarp işini lüks hotellər şəbəkəsinə çevirməyi qərara alır. 1970-ci ildə Londonda ilk hotelini açır. İşlərin yaxşı getdiyini görüb menecerlərinə sərhədləri aşaraq qlobal şəbəkə qurmaqla bağlı göstəriş verir. Lakin bir çoxları onun bu qərarına qarşı çıxaraq, xaricdəki iri hotel şəbəkələri ilə rəqabətə girməyi təhlükəli sayırlar: “Şübhə etmirəm ki, onlar arxamca gülürdülər. Lakin biz London hotellərinə qalib gəlməyi bacardıq. Mənim üçün aydın idi ki, digər şəbəkələrdən fəqli olaraq, bir sinif hotel üzrə fokuslaşsaq, işimiz daha uğurlu olacaq”. 1986-cı ildə “Four Seasons Hotels and Resorts” şirkəti ümumdünya fond birjası bazarına çıxır. 2007-ci ildə Şarp digər səhmdarlardan hissələri alır. Həmin hissələri (47,5 faiz) 3,8 milyard dollara “Cascade Investment” və “Kingdom Hotels”ə (Birinci şirkət hazırda dünya milyarderləri siyahısında ilk sıralarda yer alan Bill Qeytsə, ikinci şirkət isə Səudiyyə Ərəbistanı kralının qardaşı oğlu şahzadə Əl-Valid İbn Təlala məxsusdur) satır. Özünə isə “Four Seasons”-ın 5 faizini və idarə heyətinin sədri, icraçı direktor vəzifəsini saxlayır. İdarə Heyətində hazırda Şarp və onun ailəsinin 65 faiz səs hüququ var. Bu göstərici digər aksiyaçılarda 22 və 1 faizə bərabərdir. Aysador Şarpın özünün şəxsi vəsaitinin isə 460 milyon dollar olduğu bildirilir.
 
Şarpın cəmi 3 hoteli var
Dünyanın 34 ölkəsində 82 “Four Seasons” hoteli fəaliyyət göstərir. Şirkət bu şəbəkələrin çoxunun sahibi deyil. Hətta bildirildiyinə görə, cəmi 3 hotel “Four Seasons Hotels and Resorts”undur. Şirkət yerdə qalan hotelləri dövriyyələrindən və gəlirlərindən faiz alaraq idarə edir. Onu da qeyd edək ki, ağıllı yəhudi bu modeli 1974-cü ildən tətbiq etməyə başlayıb. Rəqəmlərə gəlincə, “Four Seasons” kainatın ən lüks hotellər şəbəkəsi olduğundan, burada xidmət bahadır. Hotelin təkcə 2012-ci ildə gəlirləri 3,7 milyard dollar olub.
 
Ailəsi
İş adamı orta məktəbdən aşiq olduğu sinif yoldaşı ilə evlənib. Xanımı Rosalie Uise yəhudi əsillidir. Onların üç oğlu vaq – Cordan, Qregori, Antoni. Ailənin dördüncü oğlu isə melanoma xəstəliyindən vəfat edib. Bu səbəbdən A.Şarp həmin xəstəlikdən əziyyət çəkənlərin müalicəsinə vəsait ayırır.
 
Leyla Əliyeva


 

ŞƏRH YAZIN