Onları Yaxından Tanıyaq

0
1912
Onları Yaxından Tanıyaq

Söyüşlə danışanlar:

Onlar günlük ədəbi dəyərlərdən uzaq küçə insanının danışıq dilində danışan insanlardır. Bu tip insanlar bu cür danışıqla bir növ qorunma mövqeyi alırlar. Özlərinə fərqlilik və xüsusilik qatmağa cəhd edirlər. Nəzarət düşkünü olaraq söyüş və lənət sözləri ilə güc qazanmağa və qarşısındakını əzməyə çalışırlar. Diqqət çəkmək, basqın olduqlarını sübut etmək və başqalarının reaksiyasını ölçmək üçün söyüşdən istifadə edirlər.

Yuxarıdan baxanlar:

Bu insanlar hər şeyi bildiklərinə inanırlar. Öz aləmlərində zəka fışqıran fikirlərini ətrafındakı adi insanlara bəxş edərlər. Belə bir "fərqləri" olduğunu düşündükləri üçün də başqalarına yuxarıdan baxmağa haqları olduğunu hesab edirlər. O qədər yuxarıda olduqları üçün də başqalarının səsini belə eşitməzlər. Bu davranışları ilə ətrafdakı insanlarda çatışmazlıq duyğusu oyandırmağı sanki məqsədə çevirmişlər. Çox zaman da hörmətsiz olurlar. Belələri ilə ünsiyyət qurmaq çətindir. Onlar ancaq öz fikirlərinin doğruluğuna inanan tiplərdir. Əgər əsəbləriniz sağlamdırsa, sırf əylənmək xatirinə onları danışdıra bilərsiniz. Amma məndən soruşsanız, bu, heç də sağlam bir əyləncə növü deyil. 

Bəhanə tutqunları:

Bir anlıq hər zaman bəhanəsi olan bir insanla birlikdə olduğunuzu təsəvvür edin. Nə qədər darıxdırıcıdır, deyilmi? Çünki, belə insanlarla birlikdə olmaq həqiqətən çətindir. Əvvəla, onlara etibar etmək olmur. Bəhanələr axtararkən zamanla ipin ucunu qaçırırlar və həqiqəti görmək bacarıqları dəyişir. Onlar üçün bəhanə tapmaq asılılıq halını alır. Bəzən elə yaradıcı, ağla, xəyala gəlməyən elə bəhanələr tapıb inandırıcı tərzdə söyləyərlər ki, təqdir etməmək mümkün olmur. Onlardan əla ssenarist olar.

Kinayə xoşlayanlar:

Belə insanlar çox sevimli olmaq istəyirlər. Amma daxilinizdə bir bulantı yaradarlar. Sözlərini birbaşa söyləməzlər, zarafatla deyərlər, lakin bu, zarafatdan çox kinayəyə bənzəyər. Onlar kinayəni zarafat sandıqları üçün əslində düşmənlik və qısqanclıq dolu ifadələrdən istifadə etdiklərinin fərqinə varmazlar. Kənardan baxsanız, beləsinin halına yana da bilərsiniz, amma kinayəyə özünüz məruz qaldıqda bu, ağlınıza gələn son şey olacaq. Sizi əsəb girdabına salacaq, bundan narahat olduğunuzu bildirdikdə isə böyük ehtimalla geriyə addım atıb, "Elə şey olarmı, canım, mən səni çox istəyirəm" mənasına gələcək sözlərlə, üzsüz sevgisi ilə əzməyə çalışacaqdır. Beləsi ilə ünsiyyətdə olmaq üzünüzə bir gülüş maskası taxmaq deməkdir. Uzun müddət ünsiyyət saxlasanız, maska üzünüzə yapışa bilər, xəbəriniz olsun.

Qeybət edənlər:

Onlar ikiüzlü, hiyləgər və qısqanc insanlar olur. Bəzən olan hadisələrdən durmadan bəhs edirlər. Və danışarkən də özlərini belə müdafiə edirlər - "Mən həqiqətləri danışıram". Ancaq danışdıqları həmin həqiqətlərə aid olan insanların bunlar haqqında eşidilməsini və bilinməsini istəmədiklərini düşünməzlər. Amma heç bir dedi-qodu da olduğu yerdə qalmaz. Qulaqdan-qulağa ötürülən hekayə onu yaşayan insanın qulağına başqa cür gəlib çatır. Bu dəyişməz qaydanı unutmayın: bir insan sizə birinin qeybətini edirsə, başqasına da sizin qeybətinizi edir.

Sözü kəsənlər:

Bilirik ki, insanlar danışarkən sözlərinin kəsilməsinə tab gətirmirlər. Bu, çox insan üçün belədir. Bəs sözü kəsənlər kimlərdir? Gəlin onları tanıyaq. 

Sözü kəsənlər daha çox nəzarət etmək istəyənlər, liderlik hədəfləri olanlar, qarşısındakılara əhəmiyyət verməyənlər və həyəcanına təslim olanlardır. Onlar əslində qorxar, başqalarına hökm etmək cəhdi ilə onların sözlərini kəsərək öz qorxularından yaxa qurtarmağa çalışırlar.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN