Oturub – Durmaq Adətləri, Hərəkət Və Sükut Qaydaları

0
5334
Oturub – Durmaq Adətləri, Hərəkət Və Sükut Qaydaları

Ədəbli insan çox cəld yeriyib tələsməməlidir: bu, yüngüllük və yelbeyinliyə dəlalət edər; çox ağır yeriyib ləngiməməlidir: bu, kəsalət və tənbəlliyə dəlalət edər. Təkəbbürlü adamlar kimi  özünü çəkə-çəkə yeriməməli, arvadlar və ədabazlar kimi özünü burcuda-burcuda irəliləməməli, əllərini yanına sıxmamalı və yellədə -yellədə getməməlidir. Bütün hallarda həddi gözləməlidir. Yeriyəndə çox o yan-bu yana baxmamalıdır, bu gözüaydınlıq huşu yerində olmayanların işidir; həmişə başını aşağı salmamalıdır, bu, qəmli, kədərli və fikri yerində olmayanların işidir.
Minməkdə də orta həddi gözləmək lazımdır. Oturmaqda da belə edilməlidir: ayağını uzatmamalı, ayaqlarını bir-birinin üzərinə aşırmamalı, dizi üstə oturmamalı. Dizi üstə yalnız şah,müəllim, ata- ana və bunlara bərabər adamlar qarşısında oturarlar. Başını dizi üstdə qoymamalı, əlinə dayamamalı, bu, qəm və kədər əlamətidir; boynunu yana əyməməli, saçı və bədəninin başqa üzvü ilə oynamamalı, barmağını ağzına-burnuna soxmamalı, barmaqlarını və bədəninin başqa üzvlərini şaqqıldatmamalıdır.
Bərkdən əsnəməməli, camaatın qabağında uzanmamalı, adamların yanında burnunun suyunu yerə atmamalı,eləcə də tüpürməməli; çox ehtiyac olduqda elə etməlidir ki, camaat səsini eşitməsin, boş əli, ətəyi, qolu ilə ağız-burnunu silməməli, çox tüpürməyi adət etməməlidir. Bir məclisə getdikdə öz yerini bilməli, nə yuxarı, nə də aşağıda oturmamalıdır.Oturan adamın ən böyüyü odursa, harada gəlsə otura bilər, harada otursa,ora məclisin başı hesab edilər. Qərib isə öz yerində oturmasa, başa düşdükdə öz yerinə keçməli, öz yerini tutulmuş görsə, hay-küy qaldırmadan, ürəyinə bir şey salmadan, üsulluca məclisi tərk etməlidir.
Camaat arasında əlindən və üzündən başqa heç yeri açıq olmamalı, böyüklərinin yanında ayağı yalın, dizi çırmaqlı gözləməməli, heç yerdə, istər təklikdə, istərsə cütlükdə dizdən göbəyə qədər bədəni çılpaq görünməməlidir. 
Bir adamın hüzurunda yuxulamamalı, dalı üstə də yatmamalı, xüsusilə xoruldayan olsa, çünki dalı üstə yatmaq xorultunun səsini artırar. Camaat arasında yuxu güc gəlsə, durub gəzməli, mümkün deyilsə, bir şey haqqında fikirləşməklə yuxuya qalib gəlməli, mürgüləməməlidir. Əgər camaat içərisində olsa və hamı yatsa, onlara qoşulmalı, ya oradan çıxmalı, yatanlar içində tək oyaq qalmamalı, ümumiyyətlə, elə etməli ki, bir məclisdə heç kəsə yük olmamalıdır. 
Bu adətlərin bəziləri ona çətin görünsə, öz-özündə fikirləşməlidir ki, bu ədəb üçün sərf edilən zəhmətə, tənbeh və məzəmmətə dözmək ədəbsizlik üzündən baş verə biləcək əzab və məşəqqətdən yüngüldür.Onda edəcəkəri ozünə asan görünər.

 Mənbə: Nəsirəddin Tusi  "Əxlaqi-Nasiri" 
 
Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN