Öyüdlər, nəsihətlər...

0
4031
Öyüdlər, nəsihətlər...

 Hamı bir-birinə öyüd verir, ağıl öyrədir – hər kəs başqasını öz ağlından asılı görmək istəyir.


***

Öyüd vermək – başqasının başına ağıl qoymaqdır, onu öz  düşüncəsindən asılı etməkdir. 

***
 
Öyüd vermək – başqasını öz istəyinə uyğun görməkdir, istəyini başqasına yerinə yetirtməkdir.

***

Öyüd vermək – başqasının ağlına inanmamaqdır, onu idarə etməkdir, qınamaqla yola gətirməkdir, başqası üzərində mənəvi ağalıqdır. 

***
 
Öyüd vermək yoluyla yola gətirmək – yanlışdır. Ən düzgün yol – özünü örnək göstərməkdir.

***

Öyüd verənlər çoxalıb – qəzetlərdə, kitablarda, televiziya verilişlərində öyüd verənlər yığın-yığın...

***
 
Öyüdə qulaq asan yoxdur – kimsə başqasının ağlını özünkündən üstün saymır.

***
 
İstəməyənə öyüd vermək, ağıl öyrətmək – suçdur.

***
 
Hər sahədə öyüd verənlərin olması – hər sahədə insansızlığın olması deməkdir.

***
 
İnsanlar üçün mənəvi, hüquqi, siyasi, bir sözlə, saysız sorunlar yaradırlar – onlardan çıxış yolları göstərirlər, insanlara öyüd verirlər, ağıl öyrədirlər – para qazanırlar. 

***
 
Sorunlar çözülsə, öyüdçülərə gərək duyulmaz.

***
 
Bütün dinlər, siyasi quruluşlar – insanlara öyüd verməklə, başlarına ağıl qoymaqla, onları özlərindən asılı etməklə məşğuldurlar. Ona görə nə din, nə də siyasət insanlığı qurtara bilmir.

***
 
İnsanlar doğruçu, ədalətli, vicdanlı, ləyaqətli, bir sözlə, kamil olanda dinin və siyasətin onlara yol göstərməsinə, öyüd verməsinə, ağıl öyrətməsinə gərək qalmayacaq.

***
 
İnsan nöqsanlı qaldıqca ona öyüd verənlər, ağıl öyrədənlər həmişə olacaq.

***
 
Kamil – kiminsə öyüdünə gərək duymayan, kiməsə öyüd verməyəndir. 

***
 
Öyüd – yarıtmazlar üçündür.

***
 
Öyüd verənin səviyyəsini ötmək gərək!

***
 
Həmişə öyüdə gərək duymaq – nöqsandan çıxa bilməməkdir, müstəqil ağıl işlətməkdən çəkinməkdir.

***
 
Bütün öyüd verənlərin, ağıl öyrədənlərin bəhanəsini kəsməyin bir yolu var: özünə yiyə olmaq!

***
 
Nə yersiz öyüdə gərək duymaq, nə də öyüdverən olmaq – kamil insan olmaq!

ŞƏRH YAZIN