Yekaterinanın ilk xəyanəti və digər eşq macəraları

0
5274
Yekaterinanın ilk xəyanəti və digər eşq macəraları

Potyomkinə qədər Yekaterinanın coşqun həyatında dörd macərası – rəsmi favoriti olmuşdu. Saltıkov, Ponyatovski, Orlov, Vasilçikov – özünün hökmdar ərinə (III Pyotra) ilk xəyanətindən keçən 22 il ərzində “şimal Messalinası” adlandırılan bir xanım üçün elə də böyük göstərici deyil.

Bu siyahının qısalığı daha çox keçmiş Sofiya Frederik Avqustun sabitliyindən, onun hər bir var-dövlət və hakimiyyət axtarıcısında hələ uşaqlıq çağlarında, rahat və darıxdırıcı Serbstdə (Almaniyada şəhər – tərc.) arzuladığı həmin yaraşıqlı prinsi görmək meylindn xəbər verirdi. 
 
Fikhen (onu evdə belə çağırırdılar) knyaz Xristian Anhalt-Serbstski və gənc İohann Yelizavetanın ilk övladı idi. Valideynləri oğlan gözləyirdilər və qız uşağının dünyaya gəlməsi onları çox kədərləndirir. 
 
Sonralar Yekaterina öz “Memuarlar”ında ailədə ona qarşı olan münasibət haqqında yazırdı: “Mənim varlığıma zorla dözürdülər, tez-tez acıqla, hətta qəddarcasına danlayırdılar, həm də heç də həmişə haqlı olmurdular. Atamı gec-gec görürdüm, o, məni mələk sanırdı: anam isə mənimlə az məşğul olurdu”.    
 
Qız böyüdükdən sonra isə anası onunla daha çox maraqlanmağa başlayır – İohanna Sofiyanın uğurlu nikahı sayəsində Avropanın kral ailələrindən biri ilə qohum olmağı düşünürdü. Lakin Serbst knyaginyasının ən şöhrətpərəst planlarında belə, onun Fikheninin sahəsi Avropanın bütün dövlətlərinin birlikdə götürülmüş ərazisindən daha böyük olan bir ölkənin imperatriçəsi olmasına dair xülya yox idi.
 
Yekaterinanın xatirələrinə görə, anası “prinsessa böyük qızı” ilə birlikdə Peterburqa, imperatriçənin qəbuluna gəlmək dəvətini alanda çox həyəcanlanır və demək olr ki, bir neçə günə uzaq səyahətə hazır olur. 
 
Demək olmaz ki, uzaq qohumu və potensial nişanlısı olan knyaz Pyotr Fyodoroviç ilk görüşdə Serbst prinsessasının çox xoşuna gəlmişdi. “Mən çox tez anladım ki, - deyə o, xatirələrində yazırdı – o, hökranlıq etdiyi xalqa ehtiram bəsləmir... rus mühitini sevmir və ümumiyyətlə, hələ lap uşaqdır”.
 
Bununla belə, Pyotrun həyat yoldaşı olmaq üçün Yekaterina ciddi-cəhdlə rus dilini öyrənməyə başlayır və ən əsası da lüterantlıqdan provaslav təriqətinə keçir. “Qəlbim yaxşı heç nəyi vəd etmirdi, - o, öz “Memuarlar”ında etiraf edirdi. – Mənə yalnız şöhrətpərəstlik duyğusu hakim idi. Qəlbimdə nə isə heç bir şübhə yeri olmadan deyirdi ki, mən özüm hər şeyi əldə edəcəm və rus imperatriçəsi olacam”.
 
Knyaz Pyotr Fyodoroviçlə nişanlanandan sonra Yekaterina üçün tamam başqa həyat başladı. Həm də öncə o, nəhayət, “kişi və qadın arasındakı münasibətlərin sirrindən” agah oldu. Gələcək imperatriçə xatırlayırdı ki, artıq on üç yaşından onda həssaslıq baş qaldırmışdı. Zaman keçdikcə onda anlaşılmaz həyacanlı hallar baş verirdi. Bunun səbəblərini o zaman başa düşmürdü, anası və tərbiyəçisi Babet Kardel isə bu barədə onunla danışmırdılar. 
 
Əlbəttə, ərə gedənədək Yekaterina artıq cinsi məsələlərdən xəbərdar idi, lakin ancaq nəzəri baxımdan. Əlinə düşən oxuduğu kitablar prinsessada məhəbbətə bir qədər romantik münasibət formalaşdırmışdı və o, sevdiyi kişinin simasında təkcə sevgili deyil, həm də ən yaxın həmdəm görmək istəyirdi. O, bunu ilk növbədə öz ərində axtarmışdı. Lakin hövsələsiz və fərasətsiz Pyotr Fyodoroviç gənc zövcəsinin sevgisini çox erkən nifrətə çevirə bildi. Buna görə isə taxt-tacı ilə, sonra isə həyatı ilə cavab verməli oldu.
 
Orlov qardaşlarından Qriqoridən və Alekseydən də arzulanan sevgili alınmadı – onlar yeni hökmdar xanımdan tamahkarcasına çox şey tələb edirdilər. Yekaterina üçün bu yaxşı dərs olur: dövlət maraqlarını nəzərdə tutaraq düşünməyə adət etdiyindən o, bir daha vurulmamağa söz verir.    Artıq vaxt da keçmişdi: imperatriçə qırxı aşmışdı. Onun yaşında olan bəzi xanımlar artıq nəvə gəzdirirdilər, aşiq olmaq nədir?
 
Lakin romantik təbiəti sağlam düşüncəni üstələyir və o, kamer-yunker (inqilabdan qabaq Rusiyada kamergerdən kiçik olan saray rütbəsi – tərc.) Vasilçikovla macəra yaşayır. Lakin dayaz düşüncəli kamer-yunker Yekaterinaya nə dövlət işlərində məsləhətçi, nə də layiqli həmsöhbət ola bilir.
 
Rus dilini, yeni təbəələrinin adət-ənənələrini öyrənsə də, etiqadını dəyişsə də imperatriçə “sehrli rus qəlbini” sonadək dərk edə bilmədi. Yalnız kişi – ağıllı, cəsur və sevən kişi bu böyük yad ölkəni anlamaqda və idarə etməkdə ona kömək etmək gücündə idi. Favoritlərini dəyişmk səbəblərindən biri də məhz bu idi. Baxmayaraq ki, başqa bir səbəb də var idi – imperatriçənin təbii həssaslığı. 
 
Sarayda pıçıldaşırdlar ki, o, yalnız kişinin ağuşunda yuxuya gedə bilir. Və həqiqətən də “favoritsiz” keçən qısa sürələrdə Yekaterina çox əsəbi olur, hər şeyə irad tutur, qulluqçulara qışqırır və düşünülməmiş qərarlar qəbul edirdi. Belə ki, dövlətin maraqları onun yanında sınanmış birinin olmasını tələb edirdi. Belələrinin seçilməsi ilə imperatriçənin sadiq kameristkası (keçmişdə xanımların xüsusi xidmətində olan qulluqçu – tərc.), paytaxtın kübar həyatında parlayan bütün gənc, yaraşıqlı və ucaboylu (boyu bir metr səksən santimetrdən aşağı olmayan) kişilər haqqında xanımına hərtərəfli məlumat verən Marya Savvişna Perekusixina məşğul olurdu. 
 
Doğrudur, bəzən imperatriçə Perekusixinanın yardımı olmadan da keçinə bilirdi. 1773-cü ilin sonlarında da belə olmuşdu. İmperatriçə yeniçə təyin olunmuş, türklərlə müharibədə fərqlənmiş general Qriqori Potyomkinə iltifatlı məktub yazıb onu Peterburqa dəvət edir. Yekaterina Potyomkinlə ilk dəfə hələ 1762-ci ildə tanış olmuşdu. Potyomkin Yekaterinanı taxta çıxaran çevrilişdə iştirak etmişdi. O vaxt zəngin Smolensk mülkədarının oğlunun cəmi 22 yaşı var idi və o, imperatriçənin xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxırdı. Yekaterina xatırlayırdı ki, o, məzəli sözlər danışıb-gülür, insanların və heyvanların səslərini yamsılayırdı. Bir-iki dəfə Yekaterina onu saraya ziyafətə çağırmışdı, lakin Potyomkinin ona tuşlanmış sevgili baxışları Orlov qardaşlarının xoşuna gəlməmişdi. 
 
Tezliklə faciə baş verir: Potyomkin gözünün birini itirir. Özünün dediyinə görə, gözləri uğursuz müalicə üzündən görmək qabiliyyətini itirib. İsitmə xəstəliyinə tutulan Qriqori türkəçarə həkimə müraciət edir. O da xəstəyə kəskin, yandırıcı məlhəmlərlə təpitmə edir. Lakin şayiə gəzirdi ki, onun gözünü quldur Orlov qardaşları ilə davada vurub çıxartmışdılar. Hələ üstəlik ona “siklop” (yunan əsatirində təpəgöz – tərc.), - deyə rişxənd də edirdilər. Potyomkinin qohumu Samoylov yazırdı ki, ümdsizliyə qapılan Qriqori kəndə çəkilir və hətta monstıra getmək istəyir. Ancaq sonra axır ki, paytaxta qayıdır və uzun illər sarayda əhəmiyyətsiz bir vəzifədə batıb qalır. Onun zamanı 1769-cu ildə sarayın cansıxıcı həyatından bezib türklərlə müharibəyə könüllü qoşulduğu an gəlib çatır. Bu müharibə ona nəinki cəsurluğunu, hətta sərkərdəlik istedadını da göstərməyə imkan verir. İndi o, artıq şən və zarafatcıl gənc deyildi, həyatında çətinliklər yaşamış yetkin kişi idi.   
 
Əlbəttə, görüş zamanı Yekaterina fərqi hiss etmişdi, lakin imperatriçə hər şeydən əvvəl qonağın zahiri görünüşünə fikir vermişdi: uca boy, səliqə ilə daranmış şabalıdı saçlar, həssas dodaqlar və qüsursuz ağ dişlər – bu, o zaman üçün nadir hal idi. Sağ gözü boz-yaşıl, sol, görməyən gözü isə daima qıyıq idi. Bu isə simasına vüqarlı bir görünüş verirdi.  
 
Əvvəllər heyran olduğu imperatriçəni görəndə onun necə bir hiss keçirdiyini demək çətindir – tarix bu görüşə aid heç bir məlumatı qoruyub saxlamayıb. O vaxt Yekaterina balaca boy (157 sm) və dolu olmasına rəğmən kişilər üçün yenə də gözəl və cazibədar xanım idi. Əlbəttə, bu cazibədarlığın böyük bir payı da hakimiyyət magiyasının üzərinə düşürdü.  Potyomkin də ona qarşı laqeyd deyildi: artıq bir neçə gündən sonra hər şeyi bilən Avropa diplomatları öz paytaxtlatına məlumat vermişdilər ki, Yekaterinanın yeni “əhvalatı” başlayıb. 
 
İngiltərə səfiri Hunninq bildirirdi ki: “Onun (Potyomkin nəzərdə tutulur – tərc.) nəhəng və qeyri-proporsional fiqurası var. Zahiri görkəmi isə qətiyyən cəlbedici deyil. Bununla belə, o, insanları yaxşı tanıyır və həmvətənlərinə nisbətən çox fərasətlidir”. Alman Solmsın dedi-qodusu isə bundan ibarət idi: “General Potyomkin demək olar ki, xanımın otağından çıxmır... Gəncliyi və ağlı sayəsində Orlovun imperatriçənin qəlbindəki yerini tutmaq ona asan olacaq. Vasilçikov onu əlində saxlaya bilməmişdi”.   
 
Elə belə də olur – iki il Yekaterina və Potyomkin ayrılmaz cütlüyə çevrilirlər. Bu sevgi münasibətinin yüksəliş mərhələlərini çar fərmanları addım-addım izləyirdi: 1774-cü ilin martında favorit Preobrajenski polkunun podpolkovniki təyin edilir (polkovnik çariçanın özü idi), iyunda Hərbi kollegiyanın vitse-prezidenti olur, növbəti il isə qraf titulu alır. 
 
Potyomkinin yüksək mövqeyi hələ qarşıda idi: o, çox tezliklə Qış sarayına köçür və Yekaterinanın buduarı ilə dolama pilləkənlə birləşən otağa yerləşir. Favorit eyni otaqları Böyük Çarskoselski sarayında da alır, lakin orada Potyomkinin xanımın yataq otağına olan yolu uzun soyuq dəhlizdən keçirdi və Yekaterina qayğıkeşliklə tapşırırdı ki, “ayaqyalın gəzmə, soyuqdəymədən yaxa qurtarmaq istəyirsənsə, tütün qırıntılarını iylə”.   
 
Potyomkin Yekaterinanın yaxın adamlarını şoka salaraq sarayda xalatda, yaxud da lüt bədənə geydiyi xəzdə, ev başmaqlarında və çəhrayı gecə papağında gəzirdi. Həm də həmişə nə isə çeynəyirdi – alma, piroq, turp qalıqlarını isə utanmadan döşəməyə atırdı. Bəzən camaatın içində dişlərini qurdalayır, hansısa nazir və ya səfirlə söhbətə aludə olduğundan isə hətta çox vaxt dırnaqlarını da yeyirdi. Başqası olsaydı, rüsvayçılıqla saraydan atardılar, sevimli imperatriçəsi isə onu yalnız “imperiyanın ilk dırnaqyeyəni” adlandırmışdı. 
 
Doğrudur, imperatriçə onu tərbiyənləndirməyə çalışır, sarayda davranış qaydalarını yazdırıb divarlardan asdırırdı. Bu qaydalar içərisində belə bir bənd də var idi: “Şən olmaq. Lakin heç nəyi korlamamaq, qırmamaq və heç nəyi gəmirməmək”. Öz əşyalarını onun otağına səpələdiyinə görə də imperatriçə sevgilisini danlayırdı: “Bu, nə vaxtacan belə olacaq, əşyalarını niyə mənim otağımda unudursan?”  
 
Yekaterina özünü elə göstərirdi ki, guya inciyir – ciddi alman qanunları ilə tərbiyələnmiş Yekaterina üçün Potyomkinin pintiliyi də, sadəlövh zarafatları da sevimli olmuşdu: “Əzizim, dünən sən necə bir cəfəngiyat danışırdın. Hələ bu gün də sənin sözlərinə gülməyim tutur. Mən səninlə necə də xoşbəxt anlar keçirirəm!” İmperatriçə ondan ayrılan kimi darıxmağa başlayırdı. Əgər gecələr kart oynamağa qalıb onun yanına gəlmirdisə, yuxuya gedə bilmirdi; bir dəfə Yekaterina onun otağının yanında yelçəkəkn yerdə iki saat dayanıb gözləmişdi, içəridə adamlar vardı deyə, içəri keçə bilməmişdi. Potyomkindən fərqli olaraq o, qaydalara məhəl qoymayıb axşamlar onun otağına keçə bilmirdi. “Mən sənin yanına gəlmək üçün yol axtarırdım, - deyə çariça şikayətlənirdi. – Lakin yolda o qədər qayduk və lakeylər vardı ki, fikrimdən əl çəkdim... “Sərhədlərimiz” arada veyillənən hər cür heyvanlarla doludur“. Əlbəttə, o, yaxşı başa düşürdü ki, özünü hökmdar xanım kimi aparmır və bunu onun özünə də etiraf edirdi:  “Cənab Potyomkin, bu necə təəccüblü bir şeydir. İndiyədək Avropada ən qüdrətli xanım kimi tanınan Yekaterinanın ağlını əlindən almısınız? Utancdır, ağılsızlıqdır, günahdır! İkinci Yekaterina ağılsız bir ehtirasın ona hökmranlıq etməsinə yol verir!” 
 
Yekaterina və Potyomkinin bir-birlərinə yazdıqları yüzlərlə məktub qorunub saxlanılıb və “Ədəbi abidələr” seriyasının bir cildini təşkil edir. Bunlar əsasən iş-gücdən təklikdə qala bilməyən sevgililərin gündə bir neçə dəfə yazdıqları qısa yazışmalarından ibarətdir. İmperatriçə daha çox və nəvazişlə yazır, sevgilisi üçün saysız-hesabsız sevimli ləqəblər fikirləşib tapırdı -  “canım mənim”, “mənim əziz oyuncağım”, “ən qiymətlim” və s. Potyomkin daha təmkinli idi və Yekaterinanı “anam”, “hökmdarım” adlandırırdı. O, öz məhəbbətini başqa cür izhar edirdi – məktubu aparan nökərə əmr edirdi ki, Yekaterina onu oxuyub cavab yazanacan diz çökərək gözləsin.   
 
Saray əyanları fikirləşməkdən “başlarını sındırmışdılar”: Potyomkin çariçanı nə ilə fəth edib? Cürbəcür şaiyələr gəzirdi: həqiqətə uyğun olanları da vardı, olmayanları da. Deyirdilər ki, Potyomkin çariçanı əyləndirir, dövlət işlərindən yayınmaqda (yəni, dincəlməkdə) ona yardımçı olur. Bəziləri isə deyirdilər ki, o, qara magiya ilə məşğuldur və Yekaterinanı sehrli iksirlə ovsunlayıb. Heç kim inanmırdı ki, çariça onun ağıl və qabiliyyətini qiymətləndirir. Halbuki əsl həqiqət məhz bu idi.
 
Potyomkin bütün mühüm dövlət sənədlərini oxuyur və onlara uyğun tövsiyələrini verirdi və şübhəsiz ki, bunlar işə yarayırdı. Faktiki olaraq rus ordusuna komandanlıq edən Potyomkin onu sanki yenidən qurur, Pyotrun vəfatından sonra çökmüş hərbi donanmanı bərpa edir. Xarici ölkələrlə münasibətlərdə böyük uğurlar əldə edir – misalçün, Avstriya ilə ittifaq bağlayır və buna görə Müqəddəs Roma imperiyasının şöhrətli knyazı tituluna layiq görülüb. Bu məsələ ilə bağlı qəbulda Yekaterina hamının yanında Potyomkini qucaqlayıb deyir ki, Rusiyada sənin başından yaxşı baş yoxdur.
 
Qriqori Aleksandroviçin məhz başı imperatriçəni onların münasibətlərini qorumağa sövq edirdi. O, Potyomkinin hər cür kobudluğunu, etiket qaydalarına etinasızlıq göstərməsini də, melonxoliya tutmalarını da (bu isə tez-tez baş verirdi) buna görə bağışlayırdı. Hələ üstəlik Qriqori əməlli-başlı qısqanclıq edirdi və Yekaterina dəfələrlə özünə bəraət qazandırmaq üçün dəridən-qabıqdan çıxırdı: “Yox, Qrişenka, ola bilməz ki, mən sənə xəyanət edim. Bir özün düşün: səndən sonra kimisə sevmək mümkündürmü? Məncə, sənin kimi birisi yoxdur”. 
 
Sevgilisinin şübhələrinə son qoymaq üçün Yekaterina cəsarətli bir addım atır – onunla gizli nikaha girir. Belə bir versiya var ki, bu, 1774-cü ilin iyununda Vıborq tərəflərdə kiçik bir kilsədə baş verib. Onların nikahını təsdiqləyən sənəd yoxdur, lakin məhz bu povestdən sonra Yekaterina məktublarında onu “əziz həyat yoldaşım”, özünü isə “sədaqətli zövcə” adlandırmışdı. 
 
Yekaterina ilə Potyomkinin macərasının kulminasiya nöqtəsi Moskvaya uzun-uzadı səyahətləri oldu. Onlar türklər üzərində qələbəni və Puqaçov üsyanının yatırılmasını qeyd etmək niyyətində idilər.
 
1775-ci ilin yanvarında imperatriçə Potyomkinlə birlikdə Rusiyanın paytaxtını gəzməyə çıxır. Sevgililər hər yerdə birlikdə görünürdülər. Onlar Moskva ətrafındakı Çyornaya Qryaz kəndinə də birlikdə getmişdilər. Yekaterina burada möhtəşəm bir saray tikdirmək istəyirdi. Bu tikintinin şərəfinə yerin adını dəyişdirib Çariçıno qoyurlar. İyulda Xodınsk çölündə düzənlənən bayramda Potyomkin özü özünü ötüb keçir. Ərazidə park salınır, “Don” və “Dnepr” adlı kiçik çaylar çəkilir, qəsrlər, minarələr ucaldılır. Fişənglər səmada imperatriçənin venzelini (ad və familiyanın baş hərflərinin bir-birinə keçirilərək qəşəng yazılışı – tərc.) yazırdı. On minlərlə qonaq fəvvarələrdən şərab içir və şişdə qızardılmış öküz və qoyuna qonaq olurlar.
 
Gizlədilən qanunsuz “vərəsələr”
 
İyulun on ikisində imperatriçə ağrılarının başlaması səbəbindən  bayram şənliyini tərk edir və iki gündən sonra bir qədər də yaxşılaşmış, qədd-qaməti düzəlmiş halda gəlib çıxır. Sonralar Yelizaveta Qriqoryevna Tyomkina adı ilə tanınan qız məhz bu günlərdə dünyaya gəlmişdi. O, qraf Samoylovun ailəsində böyümüşdü və Potyomkin həmişə ona diqqət və qayğı göstərirdi. Şayiələr gəzirdi ki, bu, Yekaterinanın o zamanki adətə görə, atasının qısaldılmış familiyasını daşıyan qızıdır. Doğrudur, çariça özü Tyomkina ilə maraqlanmırdı, lakin o, Qriqori Orlovdan olan oğluna – Bobrinski qafına da elə böyük diqqət ayırmırdı. O da başqa bir ailədə tərbiyə almışdı. 
 
Gizli ər statusu Potyomkini sakitləşdirmədi: o, imperatriçəyə qarşı daha sərbəst, bəzən isə hətta kobudcasına davranmağa başladı. Görüşləri getdikcə azalırdı: indi o, təkcə axşamları deyil, gecələri də kart stolunun arxasında keçirirdi və onun başqa qadınlarla əlaqələri haqqında şayiələr imperatriçəyədək gəlib çatırdı. Ancaq daha pisi hələ bu deyildi: rus nağıllarının qəhrəmanları kimi bu həyatda hər şey əldə edən və daha çatacaq bir zirvə qalmadığını anlayan Potyomkin açıq-aydın darıxmağa başlamışdı. Potyomkin öz qohumu Engelqardtla nahar süfrəsi arxasında etiraf etmişdi ki, “məndən xoşbəxt insan ola bilərmi? Mənim bütün arzularım, bütün istəklərim sanki bir sehrbazın çubuğu ilə gerçəkləşib. Mən yüksək rütbə tutmaq istəyirdim -  buna nail oldum; ordenlər almaq istəyirdim – aldım; qumar oynamağı sevirdim – istənilən qədər uduza bilərəm; ləl-cəvahirat sevirdim – məndə olan nadir, gözəl zinətlər heç kimdə yoxdur. Bir sözlə, bəxtəvərəm”. Potyomkin bu sözləri deyib stolun üstündən çox qiymətli servisin boşqabını göturub döşəməyə tolazladı və yataq otağına çəkildi. 
 
Yekaterina uzun müddət sevgilisinin halındakı dəyişikliyin səbəblərini anlaya bilmirdi. Gah hədiyyələrlə könlünü anlamağa çalışır, gah nəvaziş göstərir, gah da əksinə, kobud şəkildə məzəmmət edirdi. Bir-iki gün barışırdılar, sonra o, yenə melonxoliyaya qapılır, sarayda ruh kimi dolaşırdı. Nəhayət, Yekaterinanın alman qanı özünü göstərdi: o, Potyomkinə başa saldı ki, ayrılmalıdırlar. Lakin çariça onun məsləhətlərindən məhrum olmamaq və yaxud da sadəcə, ona hələ də əziz olan surəti hər gün seyr edə bilmək üçün Potyomkini “tam istefaya göndərmədi”.  
 
Bəzən belə də olur...
 
Qarşılıqlı razılığa əsasən qərara alındı ki, o, sarayı tərk edəcək, lakin istənilən vaxt ora gəlmək hüququnu saxlayacaq və ən başlıcası Yekaterinaya layiqli sevgili tövsiyə edəcək. Belə də olur: 1775-ci ilin dekabrında Pyotr Zavadovski – o qədər də gənc olmayan yaraşıqlı general artıq Yekaterinanın qonağı idi. Onun parlaq isdedadı olmasa da, Potyomkinə sonsuz sədaqəti vardı. 
 
Potyomkinin Rusiyadakı və xaricdəki düşmənləri onun hakimiyyətdəki mövqeyinin zərrə qədər də azalmadığını görüb çox məyus olmuşdular. Minlərlə kəndlisi olan yeni torpaqlar onun sərəncamına verilmişdi. Keçmiş favoritinin mükafatlara olan sevgisini bilən Yerkaterina əksəriyyəti ilə qohumluq əlaqələri olan Avropa hökmdarlarına üz tutub Potyomkini ali ordenlərlə təltif etməklərini istəmişdi. Yekaterina onu hətta Kurlyandiya hersoqu etməyi də planlaşdırmışdı. Ancaq onun bu niyyəti baş tutmadı, çünki Qriqori gözlənilmədən bəyan etdi ki, artıq imperatriçadan belə hədiyyələr qəbul etmək istəmir. 
 
“Aradüzəldən” rolu birdən-birə ona həqarətli görünmüşdü və o, çox böyük ümidsizliyə qapılaraq imperatriçəni qısqandırmağa çalışırdı. Özü isə “görünməmiş əxlaqsızlığa” qurşanmışdı. Gah Zavadovskinin saraydan qovulmasını tələb edir, gah da təşrifinə razılıq verirdi. Günlərin birində isə monastıra çəkilməyi qərar alır: “Bir halda ki, mənə Sizin hüzurunuzdan qovulmaq nəsib olub, yaxşısı budur ki, bu, çox az adam içində baş versin. Ləngimədən geri çəkilirəm, halbuki bura mənimçün yaşamağa bərabərdir”.  
 
Axırda nəhayət ki, Yekaterina Potyomkini tatar hücumları üzündən insansız qalan Novorusiyanın general-qubernatoru təyin edərk saraydan göndərməyi qərara alır. 
 
Novorusiya necə salındı...
 
Növbəti bir neçə ildə Qriqori Aleksandroviç Peterburda, demək olar ki, görünmədi. O, çox böyük işlər gördü: qala tikməkdən tutmuş mallara qiymətlətin qoyulmasına kimi. 
 
Onun səyi ilə Novorusiya torpaqlarında bəzi vergilər ləğv olunmuşdu. Bu səbəbdən də nəinki rus və ukraynalı kəndlilər, həmçinin yadellilər də - yunanlar, bolqarlar, serbiyalılar, yəhudilər də buraya can atırdılar.
 
İmperatriçə isə bu aralar favoritlərini tez-tez dəyişirdi: Zavadovskini Yermolov tezliklə oyundan çıxarır, sonra Zoriç, sonra gənc, vaxtsız vəfat etmiş Aleksandr Lanskoy (onun ölümünü də Yekaterinanın sevgi acgözlüyü ilə bağlayırdılar). Bu dövrənin mexanizmini əvvəllər bir müddət Potyomkinin katibi olmuş fransız Sen-Jan açır: “Knyaz çoxsaylı əlaltılarının verdiyi məlumatlar əsasında özünün də iki il ərzində tutduğu mövqeyi tutmaq üçün zəruri keyfiyyətləri olan gənc zabitləri axtarıb tapırdı. Sonra o, namizədlərin portretlərini sifariş verir və onları imperatriçənin seçiminə təqdim edirdi”.  
 
Bu, göstərir ki, Yekaterina əvvəlki kimi təkcə Potyomkinə etibar edir və onu eşidirdi. Hamı bunu bilirdi və buna görə də xarici səfirlər nazir və senatorların deyil, məhz onun yanına gəlir, mühüm kağızları göndərir, incidilənlər də şikayətə məhz buraya üz tuturdular.
 
Potyomkinin səyi ilə Qara dəniz donanması sıfırdan yenidən yaradıldı. Mənlumdur ki, bu, hələ I Pyotrun arzusu idi. Yeni Odessa və Nikolayev şəhərləri gəmiqayırmanın mərkəzlərinə çevrildilər. Novorusiyanın insan yaşamayan düzlərində başqa şəhərlər də - Yekaterinoslav, Herson, Mariupol şəhərləri də salındı. Rus məskənləri getdikcə Krıma daha çox yaxınlaşırdılar. Potyomkin Yekaterinaya yazırdı:  “Elə bilin ki, Krım artıq sizindir və “burunun üstündəki həmin ziyillər artıq yoxdur” – budur, sərhədlərin vəziyyəti əladır”. 1783-c ildə sonuncu Krım xanı Şahin Gəray xan hakimiyyətdən uzaqlaşdırılır. İmperatriçə verdiyi manifestlə Krımı Rusiya torpağı elan edir və adını dəyişdirərək Tavriya quberniyası (Tavriçeskaya quberniya) adlandırır. İmperatriçənin fərmanı ilə Potyomkinə Tavriya knyazı titulu verilir. 
 
1787-ci ilin yazında Yekaterina yeni torpaqlarına baxmaq üçün, bəlkə də Qrişenkasından ötrü darıxdığından cənuba səyahətə yollanır. Onu xidmətçilər karvanı müşayiət edirdi. Hətta Müqəddəs Roma imperiyasının imperatoru II İosif də Yekaterina ilə gedirdi. İmperatriçə yeni torpaqlarını ona göstərmək istəyirdi. Mənzərə gözləniləndən daha heyrətamiz idi - əvvəllər uzanıb gedən çılpaq düzənlərdə xeyli əhali yaşayan şəhərlər, kəndlər, əkin sahələri salınmışdı. Hər şeydən şübhələnən, ehtiyat edən xaricilər də hətta etiraf edirdilər ki, gözləri qarşısında sərgilənən bu əlvan dekorasiyanı çariçanın göstərişi ilə Potyomkin yaratmışdı.    
 
Saksoniya səfiri Gelbrix qayıdan kimi bu barədə kitab yazır və ilk dəfə “Potyomkinin kəndləri” ifadəsini də o, işlədir. Əlbəttə, görüntü üçün olan işlər də vardı: hökmdar kortecinin keçdiyi yerlərdə təcili olaraq hasarlar boyanmış, sakinlər isə qəşəng paltarlar geymişdilər. Ən başlıcası isə Novorusiyanın məskunlaşdırılması və onun abadlaşdırılmasını hörmətli knyaz nə qədər istəsə də saxtalaşdıra bilməzdi.  Bu, Sevastopolda xüsusilə nəzərə çarpırdı. Burada rus donanması qonaqların qarşısına bütün toplardan yaylım atəşi açaraq döyüş nizamı ilə çıxdı.  
 
Səyahətin iştirakçısı olmuş fransız prinsi de Lin yazırdı: “İmperatriçənin səyahətini möcüzə adlandırmaq olar. Demək olar ki, hər addımda gözlənilməzliklərlə qarşılaşırdıq. Bir tərəfdə eskadraları (hərbi-dəniz donanması gəmilərinin böyük birləşməsi – tərc.), o biri tərəfdə atlı dəstələri, başqa yanda bir neçə verst yayımlanan işıqfəşanlıq, burda isə bir gecədə salınmış bağlar!”  
 
Süqut onu da haqladı...
Potyomkinin “ulduz saatı” həm də onun gözdən düşməsinin başlanğıcı oldu. Elə həmin yay Türkiyə ilə yeni savaş başladı. Potyomkinin qoşunu sayca az idi, döyüş sursatı da çatışmırdı, üstəlik bədbəxtlikdən onda malxülyanın növbəti kəskin tutmaları da başlamışdı. O, donquldanırdı ki, hər şey məhv oldu, müharibə uduzulmuşdur və yaxşısı budur, Krımı türklərə geri qaytaraq. Doğrudur, Potyomkin türklərin qalasını ələ keçirə bilir, lakin buna yarım il vaxt sərf etməli oldu. 
 
Qələbə ilə Peterburqa varid olan general hiss edir ki, imperatriçə onunla nəzakətlə, lakin soyuq davranır. Tezliklə Qriqori Aleksandroviç öyrənir ki, bu soyuqluğun səbəbi Platon Zubov adı idi. Yaraşıqlı poruçik Yekaterina ilə cənub səyahətində tanış olmuş və tədricən imperatriçəninən yaxın adamına çevrilmişdi. Poruçikin 22, imperatriçənin isə 60 yaşı vardı. Zubov onun sevgilisi olduqdan sonra öz mövqeyinin sabitliyinin təminatını çariçanın bütün əvvəlki favoritlərini və ilk öncə də Potyomkini ləkələməkdə gördü. Hərbi uğursuzluqlar da, Novorusiyadakı qarışıqlıq da, onun yaxınlarının xəzinəni qarət etməsi də Potyomkinin ayağına yazılırdı.    
 
Sözsüz ki, Zubovun söylədiklərinin heç də hamısı yalan deyildi: hətta o dövrkü zahiri dəbdəbə zamanında belə Potyomkinin davranışı qıcıq oyadırdı. Onun qonağı olan general Lanjeron xatırlayırdı ki, hara baxsan qızıl və gümüş parıldayırdı. Knyaz gümüşü saplarla toxunmuş, gümüşü saçaqlarla haşiyələnmiş, lent və güllərlə bəzədilmiş çəhrayı örtük çəkilmiş divanda zərif və bahalı ev paltarında öz libaslarından daha gözəl olan qadınların əhatəsində oturmuşdu. Onların qarşılarında isə qızıl külqabı vardı. Otağın ortasında qızıl qablar düzülmüş şam stolu qoyulmuşdu”. 
 
Potyomkinin hərəmxanası
Yekaterinanın gözlərini generalın şəxsi həyatına da açdılar. Əgər imperatriçə kişisiz ötüşə bilmirdisə, o da qadınsız həyatı ağlına sığışdıra bilmirdi. Admiral Senyavinin qızı, Polşa generalının arvadı, gələcək Pototsk qrafinyası Sofya de Vitt,  hətta İtaliya kahininin arvadı, Peterburqa cəmi bircə həftəliyə gəlmiş Kaliostro da onun məşuqəsi olmuşdu. Ərinə sədaqətdə ad çıxarmış sonuncu qadını Potyomkin yoldan çıxaracağına mərc gəlmişdi.  
 
Lakin əsas qalmaqal Potyomkinin öz doğma bacısı qızlarından düzəltdiyi hərəmxana oldu. Qriqori Aleksandroviç onları bacılarının vəfatından sonra özü tərbiyə eləmişdi, həm də təlim-tərbiyə kursuna əks cinslə münasibət elminə dair kurs da daxil idi.  
 
Bir neçə ildən sonra bacıların böyüyünü çox zəngin və dəbdəbəli cehizlə ərə verdilər. Onun yerini yaşca növbəti bacı tutur. Bütün bunlar hər gün bir az daha çoxalan dedi-qodu üçün çox böyük material verir və Potyomkinin başı üzərində hökmdar qəzəbinin partlayışı hədəsini də getdikcə daha da artırırdı. 
 
O, sevimli silahı – comərdliklə müdafiə olunmaq qərarına gəlir. 1791-ci ilin yazında Yekaterina və üç min nəfərlik saray əyanı üçün paytaxtın Tavriya sarayında dəbdəbəli bayram təşkil edir.  
 
Peterburq hələ belə bayram görməmişdi: “Böyük və nəhəng çilçıraqlar parıltını ikiqat artırırdı. Hər yanda parlaq ulduzlar və yaqut, zümrüd, topaz daşların ətrafa səpələnən şəfəqləri bərq vururdu. Saysız-hesabsız güzgülər və billur piramidalar bu sehrli mənzərəni əks etdirirdi. “Doğrudanmı biz əvvəl olduğumuz yerdəyik?”, - deyə imperatriçə təəccüblə Potyomkindən soruşmuşdu.   
 
Qəzəb sönür: Yekaterina yaşa dolmuş və kökəlmiş knyazda əvvəlki qocaq, təcrübəli və ağıllı favoriti gərərək Qriqori Alekseyeviçi yubanmadan rumın şəhəri olan Yassaya gedib türklərlə sülh bağlamağa göndərir.
 
1791-ci ilin yağışlı payız günü idi. Yolda Potyomkini qızdırma tutur və o, Yassaya tamam xəstə halda gəlib çatır. Bir neçə gündən sonra vəziyyəti daha da pisləşir. Ancaq şahidlər söyləyirdilər ki, o, hələ də öz həyatı uğrunda mübarizə aparırdı və son yeməyində böyük bir sala dilimi, bütöv bir qaz, bir neçə cücə yeyir, inanılmaz qədər kvas, bal və şərab içir. Və dərhal sonra onu Nikolayevə aparmalarını əmr edir. Lakin yolda qəfildən müşayiətçilərə deyir: “Bəsdir! Artıq gediləsi bir yer yoxdur: mən ölürəm. Məni faytondan düşürün, yerdə ölmək istəyirəm”.  Onun istəyi yerinə yetirilir və oktyabrın 5-də Tavriya knyazı gözlərini əbədi yumur. Potyomkinin cəsədini Hersona aparıb özünün tikdirdiyi baş kilsədə dəfn edirlər. 
 
Potyomkindən beş il çox yaşayan Yekaterina alman baronu Qrimmə ünvanladığı məktubda onun ölümü haqda belə yazırdı: “Dünən sanki baltanın küt tərəfi ilə başıma bir zərbə endirdilər... Şagirdim, dostum, demək olar ki, səcdəgahım knyaz Potyomkin Tavriçeski vəfat etdi. O, yüksək əqlə, nadir zəkaya və çox gözəl ürəyə malik bir insan idi”.  Bu sözlər göstərir ki, impratriçənin qəlbindəki keçmiş sevgi hissi artıq çoxdan özünü başqa bir duyğuya vermişdi. Lakin məhəbbət nifrətə deyil, sakit bir ehtiram hissinə güzəstə getmişdi.
 
Eynilə belə bir dəyişiklik Potyomkində də baş vermişdi, son nəfəsinədək o, vətəninə və imperatriçəyə sadiq qalmışdı. Məhz buna görə də onlar tarixə əl-ələ verərək Rusiyanı yaradan böyük insanlar kimi daxil olublar. 
 

ŞƏRH YAZIN