Yerişi Ilə Tanı Onu!

0
3228
Yerişi Ilə Tanı Onu!

İnsanlar danışmasa belə onların xarakterini çözmək olur. Məsələn, göz quruluşu, üz quruluşu, qaşlar, baxışlar və hətta yerişləri belə onları ələ verir. Yerişlərdə insanların iç dünyasını müəyyən etmək olar. Çünki yeriş insanların xarakter və xasiyyətlərini tamamilə biruzə verir.

Yeriyərkən sağa - sola baxanlar

Ayağı sürüşkən şəxslərdir. Daima macəra axtaran insanlardır. Bir sevgi ilə kifayətlənməzlər. Sevgi onlar üçün yalnız əyləncə vasitəsidir. Xasiyyətcə əhlikef olan bu şəxslər sabahı heç düşünməzlər. Əllərindən yaxşılıqdan savayı hər nə desən gəlir. Öz eyiblərini əsla görməzlər. Əvəzində başqalarında səhv axtarmaqla yanaşı, onları ləkələməkdən də çəkinməzlər. Bu şəxslərə bel bağlamaq olmaz. Çünki səni yarı yolda qoyarlar. Alış-veriş, sənəd toplamaq və bu kimi işlər onun üçün yaddır. Hazırına nazir olan bu kateqoriya davamçıları tənbəllikdə bənzərsizdirlər. Yeriyərkən belə sağa - sola baxan insanlar kimdəsə, nədəsə səhv axtarıb, tapıb qalmaqal yaratmaqla məşğuldurlar.
 
Yellənə-yellənə gəzənlər
 
Olduqca yelbeyin şəxslərdir. Onları bir tapan bir də itirən sevinər. Onlar üçün yaxşı ilə pisin fərqi yoxdur. Ətrafda baş verən hər hansı bir hadisə onları əsla narahat etməz və reaksiya verməzlər. Təsadüfən bu baş veribsə, deməli, hadisə özləri ilə bağlı olub. Dostluqda, yoldaşlıqda dözülməzdirlər. Bu günlə yaşayırlar. Onlar üçün ailə, uşaq, hətta iş ad-san üçündür. İstənilən vaxt fikirlərini düşünmədən dəyişə bilərlər. Ağıla, həyat tərzinə deyil, geyimə görə insanlara qiymət verərlər. Belə şəxslərin dostları da özləri kimi olurlar.
 
Şax yeriyənlər
 
Özlərindən yaman razı olurlar. Sanki alçaq dağları bunlar yaradıblar. Ac vaxtlarında belə özlərini tox göstərib bununla rahatlıq taparlar. Ev-eşikləri təmirsiz olsa da öz makyajları qaydasından da artıq olar. Xasiyyətcə ikiüzlü olan bu kateqoriya davamçılarına inanmaq, bel bağlayıb sirr vermək olmaz. Çünki öz mənafeyi üçün səni keçi qiymətinə utanmadan satar. Hətta öz səhv və günahlarını da sənin üstünə yıxar. Belə şəxslərdən nə qədər uzaq olsanız, bir o qədər yaxşıdır. Onlar çörəyin, haqq-salamın, yoldaşlığın qədir-qiymətini bilməzlər. Onların görünüşləri, yerişləri özləri kimi yalandır. Bu insanlara əsla bel bağlamaq olmaz. Çünki onların mayası yalanla yoğrulub. Həyatda heç vaxt dostu olmaz. Heç sevgidə də bəxtləri gətirməz. Onların şux və özündənrazı yerişi özləri kimi maskadı..
 
Başı aşağı gəzən şəxslər
 
Həyatdan, insanların riyakarlığından yorulublar. Düşmənləri dostlarından çoxdur. Az ilə qane olub, həyatın nəbzini tutub yaşamağı yaxşı bacarırlar. Həmişə təmiz və gözəl geyimə üstünlük verirlər. Səliqə-səhmanı, sevgi və ailəni hər şeydən üstün tuturlar. Onların istək və fikirlərinə müdaxilə etmək olmaz. Nə istədiklərini yaxşı bilirlər. Təbiətin bütün mövsümlərini xoşlayır və istirahət günlərini təbiət qoynunda keçirməyə üstünlük verirlər. Bu kateqoriyaya aid olan insanlara düşünmədən bel bağlamaq olar. Çünki onlar həyatda nə istədiklərini bilirlər. Allah xofunu çiyinləri üzərində daşıyan bu insanlar yalanı, xəyanəti əsla sevməzlər. Kinli olsalar da intiqam almağı istəməyib hər şeyi Tanrının ixtiyarına buraxarlar.
 
Gülə-gülə yeriyənlər
 
Sadəlövh, yeri gələndə isə mərd insanlardır. Bu şəxslərdə sevinc və kədər eyni səviyyədədir. Problemlər içərisində çabalasalar da həmin problemləri özləri həll edirlər. Adətən danışanda, güləndə yüksək səslə edirlər. Onlara yalan danışmaq, satqınlıq, xəyanət, ev yıxmaq, dedi-qodu, pintilik və digər anlayışlar yaddır. Onlar həyatdan zövq alıb davasız yaşamağa daha çox üstünlük verirlər. Makyajdan bacardıqları qədər az istifadə edən xanımlar xəstəlik dərəcəsinə çatan səliqə-səhmana malikdirlər. Onların həm də yaxşı əl qabiliyyətləri var. İstəsələr çörəyi daşdan belə çıxararlar.
 
Qəmli, fikirli yeriyənlər

Sanki bütün dünyanın yükünü öz çiyinlərində gəzdirirlər. Və hamının dərdi-səri elə bu insanlara qalıb. Tək özləri üçün yox, başqaları üçün də yaşayırlar. Ətrafdakıların dərd-qəmini özününkü hesab edirlər. Bu şəxslərə də inanmaq, etibar etmək olar.
 
Naz ilə yeriyənlər

Nazla yeriyən, bədən əzalarını burcudan insanlar, xüsusilə xanımlar ətrafdakıların diqqətini çəkmək arzusunda olurlar. Daima öz mənfəətlərini güdərlər. Əks təqdirdə heç bir addım belə atmazlar. Bəzən bu cür insanların nəfəsləri belə yalandır. Onlara bel bağlamaq olmaz. Kifayət qədər ikiüzlü və qısqancdırlar. Hamıdan yaxşı geyinmək, yaşamaq arzusundadırlar. Belə insanların dostları çox az olur. Bu cür insanların sevgidə də nadir hallarda bəxti gətirir.
 
Özünəməxsus yeriş tərzi

Bu insanlara güvənmək olar. Bütün kateqoriyalar içərisində yalnız bu kateqoriya sahibləri ideal insanlardır. Onlarda ailəyə, böyüyə-kiçiyə hörmət, Allah və din xofu düşünüləndən də artıqdır. Hər şeyin yerini bilən bu insanlar ədəbiyyata, musiqiyə, sənətə və yaşamağa yüksək dəyər verirlər. Bütün insani keyfiyyətlər yalnız bu kateqoriya daşıyıcılarında cəmləşir. Özləri ideal olduqları üçün hər şeyin yaxşısını tələb edirlər. Ətrafdakılarla münasibətdə mərd və diqqətcildirlər. Bir sevgiylə kifayətlənib xəyanətə xəyanətlə cavab verməzlər. Dava-dalaşdan qaçmaları onların qorxaqlığından deyil, böyüklüklərindən irəli gəlir. Onlar başqalarının fikirləri ilə deyil, öz ağıl və ürəklərinin hökmü ilə hərəkət edirlər. İstəsələr daşdan belə pul qazanan bu şəxslər heç vaxt başqalarına ağız, əl açmazlar, heç kömək belə gözləməzlər. Yaşadıqları dövrdə nə əldə ediblərsə, bunu ancaq özləri ediblər. Kifayət qədər dostları çoxdur. Və heç vaxt heç kimi yarı yolda qoymazlar. Düşmənləri çox olsa da onları heç nə qorxutmur. Çünki həyatda necə yaşamağı və necə hərəkət etməyi bilməklə yanaşı, nə istədiklərini yaxşı bilirlər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN