Anlama Sənəti

0
7170
Anlama Sənəti

Uşaq, daşla vurub mağazanın pəncərə şüşəsini sıdırır və mağazanın işçiləri onu tuturlar. Uşağın atasını mağazaya çağırıb, dəyən zərəri tələb edirlər. Ata hirslənərək uşağa bir şillə vurur və sınmış şüşənin pulunu ödəyir. 

Uşaq niyə vurulduğunu anlayırmı? Əlbəttə, bu qədər prossesdən sonra heç nə anlamamaq mümkün deyil. Diqqət edəcəyimiz məqam isə, uşağın anlayıb-anlamamasında deyil, nə anlamasındadır. Uşaq, “mən şüşəni sındırdığım üçün şillələndim” kimi deyil, “mən tutulduğum üçün şillələndim”,- deyə düşünə bilər. Əgər uşaq, başına gələn hadisəni ikinci şəkildə mənalandırırsa, bu qənaətə gələ bilər: “Gələn dəfə daha ehtiyatlı olaram, heç kim məni tuta bilməz”.
 
Doğrunu siz deyirsiniz, yoxsa “eqo”nuz? 
Bir adama bir fikir deyiriksə, o adam bizi anlamırsa, günah kimdədir? Bizə görə, qarşımızdakı insanda: “Çox anlamaz, başa düşməz adamdır! Nə qədər başa salıramsa, düşmür”. 
Bəs qarşımızdakı insan bizə bir şey izah edirsə, biz anlamırıqsa, günah kimdə olur? Təbii ki, yenə də ondadır: “Necə danışırsa, heç nə başa düşə bilmirik”. 
Biz həmişə haqlıyıq. Bəli, bu kimi vəziyyətlərdə biz demək olar ki, anlaşmaq və anlaşılmaq yerinə, haqlı çıxmağa qərar veririk. Bunun fərqində olmamaq insanı anlaşılmaz vəziyyətə salır. 
İnsanı varlandıran, xoşbəxt edən, sosiallaşdıran, vəzifədə yüksəldən, bir sözlə, insanı insan edən şey ünsiyyətdir. Həyatımızın keyfiyyətini artırmaq istəyiriksə, ünsiyyətimizin keyfiyyətini artırmalıyıq. Eyni zamanda canımızı sıxan, bizi depressiyaya salan, kasıblaşdıran, utandıran şey də ünsiyyətdir. Ünsiyyət elə bir vasitədir ki, effektiv istifadə edilərsə, insana trilyonlar qazandıra bilər, səmərəsiz işlədilərsə onun baş bəlasına çevrilər. 
 
İnsanları nə qədər anlayırıq? 
Beyin eyni anda 2.000.000 informasiyanı qəbul etsə də, şüurlu olaraq cəmi 7(±2) informasiyanı (ən az 5, ən çox 9) emal edə bilir. Bu an oturduğunuz yeri hiss edirdinizmi? Bu cümləni oxuyan kimi diqqətiniz oturacağınıza yönəldi və hiss etdiniz, elə deyilmi? Bəs oxuyana qədər niyə hiss etmirdiniz? Əslində, dəriniz və əzələ tonusu ilə aldığınız bu informasiyanı qeyri-şüuri olaraq qəbul edirdiniz, 2.000.000 informasiyanın içində bu da vardı, ancaq şüurlu olaraq düşündüyünüz 7-nin içində yox idi. 
Buna NLP-də “universal silmə” deyilir. İnsanın sözlü və bütün sözsüz kanalları ilə aldığı məlumatları eyni anda emal etməsi fiziki və neyroloji olaraq mümkün deyil. Yaxşı ki, mümkün deyil, əgər mümkün olsaydı, beynimiz ancaq bu işlə məşğul olardı, bizi həyatda saxlayacaq məsələlərə köklənə bilməzdi. 
Bəs beynimizin bu xüsusiyyətinin fərqində olaraq ünsiyyətimizi necə yaxşılaşdıra bilərik?
Mövlanə Cəlaləddin Ruminin ifadə etdiyi kimi, “Nə qədər danışırsan danış, danışdıqların qarşındakının anlaya bildiyi qədərdir.” Biz danışarkən çox zaman qarşı tərəfə vermək istədiyimiz məlumata köklənirik, onun danışdıqlarımızı anlayıb-anlamadığı vecimizə olmur. Bir məqam da var ki, qarşınızdakının beyni bir yerdə dayanmır, ya keçmişə, ya da gələcəyə gedib-gəlir. Qarşımızdakı insan sözlərimizi eşitdikcə xəyalında onu “saf-çürük” edir, xəyallar qurur və ya hansısa hadisələri xatırlayır. Bəzən onun beyni bu geniş zaman kəsiyində haradasa ilişib qalır, bu müddətdə isə biz artıq xeyli fikir səsləndiririk, hansı ki, onun “qəbulediciləri” bu fikirlərin çoxunu eşitməmiş olur. Xüsusilə də onu o anda düşündürən, beynini məşğul edən, fikirlərini qarışdıran vacib məsələlər varsa. 
 
“İynələmə” 
Molla Nəsrəddin dul bir xanımla evlənir. Xanım tez-tez keçmiş ərindən sitat çəkərək, “rəhmətlik bunu belə edərdi, rəhmətlik onu elə edərdi və s.”, kimi ifadələr işlədərmiş, hansı ki, bu ifadələr Mollanın heç xoşuna gəlməzmiş. Bir dəfə də çarpayıda bərabər uzandıqları vaxt, arvad yenə başlayır: “Rəhmətlik....” Molla bu dəfə dözə bilmir və hirslənərək çiyni ilə arvadı vurub çarpayıdan aşağı salır. Arvad özünü itirir və ayağa qalxaraq heyrətqarışıq təlaşla: “Ay kişi, nə edirsən?”, deyə soruşur. Molla cavabında: “Sən, mən və rəhmətlik - üçümüz də bura yerləşmirik”,- deyir.
Bəzən fərqində olmadan sözlərimizlə başqalarını “iynələyirik”. Hətta aramızda bu sahədə “ixtisaslaşanlar” da var. Yuxarıdakı nümunəmizdə arvadın “rəhmətliyə” yüklədiyi məna və duyğularla, Mollanın yüklədiyi məna və duyğular eynidirmi? Tamam fərqlidir. “Rəhmətlik” sözü arvada özünü başqa cür hiss elətdirir və böyük ehtimalla Molladan başqa insanlar üçün neytral bir ifadədir, sadəcə, Molla üçün neqativ ifadədir və eşidəndə xoş gəlmir. 
“Oğlan topu qapıya atdı”,- dediyim zaman, hamımızın xəyalında bənzər görüntü canlanır. Bəs mənim xəyalımda canlanan oğlan, məhz sizin xəyalınızda canlanan oğlanla eynidirmi? Deyil! Hər birinizin təcrübəsində, zehin xəritəsində hansı oğlan varsa o canlanacaq. Top da fərqli topdur, qapı da fərqli qapıdır. Buna tam əmin olmaq istəyirsinizsə, əlinizdəki smartfonda 1 şəkil tapın və yanınızdakı insana o şəkli göstərməyin, sadəcə onu mümkün qədər dəqiq təsvir edin. Sonra şəkli ona göstərərək onun təsəvvüründə yaranan şəkillə müqayisə etməsini xahiş edin. Çox az şey bənzər olacaq, əmin olun. Mən NLP təlimlərində belə çalışmalar çox edirəm və olduqca əyləncəli olur. 
Gündəlik ünsiyyətimiz zamanı işlətdiyimiz sözləri necə anlayırıqsa, hesab edirik ki, qarşımızdakı da məhz bizim kimi anlayır. Belə şey isə mümkün deyil. Heç kim bizim dəyər verdiklərimizə dəyər verməyə, sevdiklərimizi sevməyə, bəyənmədiklərimizi bəyənməməyə məcbur deyil. Lakin, biz qarşımızdakı insanın dünyasına girmək istəyiriksə, onun dəyərlərinə, inanclarına, zövqünə, düşüncələrinə hörmət etməliyik. Ona görə də, ünsiyyət zamanı “rəhmətliklərə” diqqət etməyimizdə fayda var. Klassik musiqini, muğamatı sevən 1 ağsaqqala, metal və ya pop musiqisinin üstünlüklərindən bəhs etsəniz şiddətli müqavimətlə qarşılaşa bilərsiniz. Anlaşılmamazlıqla üzləşmək problem yaratmırsa, bu məqaləni sona qədər oxumağınıza gərək yoxdur, lakin, həyatınızı tamamən dəyişmək istəyirsinizsə, bunun yolunun “Anlama Sənəti”ndən keçdiyini unutmayın.
 
“Mən bunu sənə demişdim axı...” 
Birisinə hirslənərək, “Mən sənə demişdim axı...” dediyiniz anlardan birini xatırlamağınızı istəyirəm. Qarşınızdakı ya gözünü döyərək sizə mat-mat baxmış, ya israrla ona o mövzuda heç nə demədiyinizi sübut etməyə çalışmış, yaxud da o zaman o fikri qeyri-ciddi qəbul etmişdi. Səbəb hər nə olursa olsun, çox səmərəsiz bir ünsiyyət qurduğunuz göz önündədir. Bu məqamda problem sizin deyib-deməməyinizdə deyil, böyük ehtimalla demisiniz də. Problem, ünsiyyət zaman diqqəti müsahibinizin anlayıb-anlamadığına verməməyinizdədir. 
 
“Başa düşürsən, nə deyirəm?” 
Qarşı tərəfin bizi anladığına çox zaman ya əmin olmuruq, ya da “başa düşdün?” kimi sual verərək “bəli” cavabı almaqla kifayətlənirik. Nə dərəcədə doğru-olub-olmadığını bilməsəm də, “başa düşdünmü?” sualı şəxsən mənim üçün doğru deyil. Bunun yerin mən daha çox “fikrimi izah edə bildimmi?” sualından istifadə edirəm. Çünki, mənim əqidəmə görə insanların hamısı tam və mükəmməldirlər, başa düşməyəcək səviyyədə deyillər. Ünsiyyətdə olduğum insanlarla məsuliyyəti heç vaxt müsahibimdə görmürəm, özümdə görürəm və verdiyim sual da bunu açıq ifadə edir. 
“Başa düşdünmü?”, sualı qarşınızdakı insanın “eqo”suna toxunur və onda müqavimət yaradır: “Əlbəttə, bəyəm mən qanmaz adamam ki?” Bu şəkildə cavab verilməsə də, insanlara bu sözü eşitmək xoş gəlmir və sizin haqqınızda yaxşı müsbət duyğular oyatmır. Ona görə də, əksər hallarda insanlar anlamasalar da, “eqo”larını müdafiə etmək üçün də olsa “bəli” cavabını verəcəklər. Bu vəziyyət sizin işinizə yarayırmı?
“Ünsiyyətin mənası - bizim dediklərimizdə deyil, qarşımızdakı insanın verdiyi reaksiyada gizlənir” 
Biri ilə söhbət etdiyiniz zaman onun sizi anladığına əmin olmağın ən yaxşı yolu nədir? Yalnız müsahibimizi diqqətlə müşahidə eləmək, dəqiqləşdirici suallar vermək və onu aktiv şəkildə dinləmək. O insanın sizinlə göz təmasını qurması, bədəninin yönünü sizə tərəf çevirməsi, gərginlik və ya rahatlıq mimikaları, mövzu haqqında suallara diqqətlə cavab verməsi, göz giləsinin hərəkəti, səs tonunun dəyişməsi kimi çoxsaylı siqnallar var ki, biz bu məlumatların 93%-ni sözüsüz şəkildə, cəmi 7%-ni sözlə alırıq. Nə qədər qəribə səslənsə də, bu, belədir. Bu sahədə ustalaşmaq üçün təlimlərimizdə iştirak etsəniz, ömür boyu sizə yoldaşlıq edəcək bir “Anlama Sənəti” qazanmış olarsınız və yaxud da burada verəcəyim informasiyalardan da faydalana bilərsiniz.
 
Qarşınızdakı insanın bədəninin yönü siz tərəfə deyil, başqa tərəfədirsə, o adam sizə bu mesajı verməkdədir: “Tez denən, çıxım gedim.” O sadəcə sizin sözünüzün bitməsini gözləyir və məqsədi sizi dinləmək deyil. Ona: “Üzürlü hesab edin, deyəsən sizi narahat etdim”, dediyiniz zaman böyük ehtimalla: “Yox, buyurun, sizi dinləyirəm”,- deyəcək və yönünü sizə tərəf çevirəcəkdir. Oturaraq söhbət etdiyiniz zaman stulun uc tərəfində oturanlarla, tam arxaya söykənib oturanlar arasında da bənzər fərqlər var. 
 
Uc tərəfində oturanlar, böyük ehtimalla durub qaçmağa hazırlaşanlardır. Bunların fərqində olaraq: “ Mənə elə gəldi ki, özünüzü rahat hiss etmirsiniz, nəsə edə bilərəm sizin üçün? formalı bir sual yönəldə bilərsiniz. Bunlara biz “pattern qırma” deyirik, yəni, davranış qəlibinin qırılması. Bu qəlib qırılmazsa, onun sinir sistemi sizin üçün səmərəsiz şəkildə işləməyə dava edəcək. Və yaxud da, söhbət əsnasında, müsahibinizin telefonuna mesaj gəldiyi halda, mesajı açaraq sizə: “Siz danışın, fikrim sizdədir”,- deyərək telefonu açırsa, davam etməyin. Mən belə hallarda: “İki iş birdən olmaz, buyurun rahatlıqla telefonunuza baxın, vacib ola bilər, sonra danışarıq” kimi və ya bənzər bir ifadə işlədirəm. Örnəklər bu məqaləyə sığmayacaq qədər həddindən artıq çoxdur.
 
Anlayaq ki, bizi də anlasınlar! 
Anlamadan, anlaşıla bilməzsiniz, əziz dostlar. İki qulağımız, bir dilimiz var, bu isə o deməkdir ki, verəcəyimiz informasiyanın iki qatı qədər almağa hazır olmalıyıq. Mükəmməl ünsiyyət, qarşı tərəfi anlamaqla başlayır. “Anlama Sənəti” üzrə kamilləşən şəxslər işvə şəxsi həyatlarında hər kəsdən 1 addım öndə ola bilərlər. 
Mövzu o qədər genişdir ki, dəryadan sadəcə bir damla qədər nəql edə bildiyimə belə şübhə edirəm. Anlayışınız üçün təşəkkürlər!
 
 
Babək Bayramov
Biznes və yaşam koçu, NLP Ustadı

NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

www.cazibe.info/nlp-telimleri/-nlp-diplom-sertifikat-proqrami-4069/

 

 

ŞƏRH YAZIN