Ofisdə şayiə yayılbsa ...

0
1775
Ofisdə şayiə yayılbsa ...

"Sevgi Dili” nədir? Qadınlarla kişilər, valideynlərlə övladlar, dostlar arasında sehrli bir duyğu vardır – Sevgi. Aralarında sevgi olan şəxslər—birlikdə olmaqdan, birlikdə bəzi şeyləri etməkdən və bölüşməkdən zövq alırlar. Sevgi sənəti riyaziyyat qədər dəqiq elm deyildir və burada heç də hər zaman tünd rənglərdən istifadə olunmur. Müəyyən standart qəliblərinə sığmayan sevgi duyğusu motonluğu da qəbul etmir, çünki artıb-azalma xassəsi vardır. Sevginin artıb-azaldığını insanların dialoquna fikir verərək fərq edə bilərsiniz. Məsələn, bir-birlərinə hirslənən insanlar səslərini ucaldırlar, səbəbi isə budur ki, onların ürəkləri bir-birindən uzaqlaşır və insan beyni bunu qeyri-şüuri olsa da başa düşür. Onlar ucadan danışmaqla,sanki arada böyüyən məsafəni "kompensasiya” edirlər və səslərini bir-birlərinə yetişdirməyə çalışırlar. Ürəklər yaxınlaşdıqca isə əksinə olur, daha yavaş danışırlar. Ürəklər lap yaxınlaşdıqda, danışıqlar pıçıltıya çevrilirlər. Ürəklər arasında tam bağlılıq olduqda isə, daha səsə ehtiyac qalmır, ancaq onlar hələ də ünsiyyətdədirlər. Bəlkə də ünsiyyətin ən yüksək həddindədirlər, ancaq bu dəfə duyğuların dili ilə...
 
Fərqliliklər..
Fərqliliyin vacibliyini dərk etmədən, qadınlarla kişilər bir-birləri ilə keçinə bilməzlər. Əsasən əks cinsə hirslənməyimizin və ya qəzəblənməyimizin səbəbi—bu vacib məqamı unutmağımızdır. Qarşı cinsin bizə bənzəməsinə ümid edərik. Onların da "bizim istəklərimizi istəməsini” və ya "bizim hiss etdiyimiz kimi hiss etməsini” arzulayarıq. Yanlış da olsa, əgər yarlarımız bizi sevirsə, biz birini sevəndə necə davranırıqsa, onların da eyni şəkildə davranacaqlarını fərz edərik. Belə yanaşma bizi daim ümidsizliyə düçar edib, fərqliliklərimizdən sevgiylə danışacağımız bir ünsiyyətin qurulması üçün vaxt qazanmamıza əngəl olur.
Kişilər qadınların onlar kimi düşünüb, danışıb, reaksiya verməklərini;qadınlar da kişilərin onlar kimi düşünüb, danışıb, reaksiya verməklərini gözlərlər. Kişilərlə qadınların fərqlənmələrinin vacib olmasını unutmuşuq. Nəticədə əlaqələrimiz lazımsız münaqişələrlə dolur.
 
Sevginin 5 dili var!
 
Sevgi içində olmaq və bu sevginin davam etməsini təmin etmək üçün insanların sevgi dillərinin fərqində olması olduqca vacibdir. Sevginin 5 dili var:
1. Xidmət
2. Dəstəkləyici sözlər
3. Birlikdə olmaq
4. Toxunma təması
5. Hədiyyə vermək
 
İnsanların sevgi dilləri fərqlidir və bu fərqlilik evliliklərdə, əlaqələrdə daha dəqiq müşahidə edilə bilər.Sevgi dilimizi sıralamaqda çətinlik çəkə bilərik. Sevgini ifadə etmə şəklimizlə,sevgini hiss etmə şəklimiz eyni olmaya bilər. Məsələn, ünsiyyətdə olduğumuz insanlara kömək etmək, onların yüklərini yüngülləşdirmək üçün ortaq reallaşdırılan işlərin cəminə "xidmət” deyilir.
 
Evinə gələn bir qonağa hörməti ilə, xidməti ilə verdiyi dəyəri və sevgini göstərmək üçün xüsusi cəhd göstərən bir insan, başqasının ona bu cür xidmətlər göstərməsindən xoşu gəlməyə bilər. Yəni sevgini göstərmə və hiss etmə forması fərqli ola bilər. Qısası bəzi insanlar, insanlara xidmət etməkdən zövq alsalar da, bu, onların birinci dərəcəli sevgi dilinin "xidmət” olduğunu göstərməz. Çünki sevgi dili sıralamamızı qarşı tərəfdən gözlədiklərimiz müəyyənləşdirər.
 
Evli bir cütlük təsəvvür edək. Birinci dərəcəli sevgi dili "dəstəkləyici sözlər” olan biri, bunu həyat yoldaşına və ya birgə yaşadığı insanlara gözəl bir ifadə ilə deməli, sevgi ehtiyacını ən yaxşı bu yolla təmin edəcəyini açıq-aşkar söyləməlidir. Bu insanlar "sevgi anbarlarını” sözlərlə doldurur, alacaqları qərarlarda insanlardan dəstək gözləyərlər. Maraq dairələrinə görə yönləndirilmək istərlər. Gözəl sözləri eşitməyi hamı istəyir, ancaq sevgi dili "dəstəkləyici sözlər” olan birini bir-iki söz qane etməz, onlar daha çoxunu istəyərlər.
 
Sevgi dili "birlikdə olmaq” olanlar üçün ən vacib şey, gözəl və keyfiyyətli zaman keçirməkdir. Onlar verilən dəyəri və sevgini birlikdə keçirilən vaxtla əlaqələndirirlər. Birinci dərəcəli sevgi dili "birlikdə olmaq” olan bir qadın, gününü necə keçirdiyini ərinə danışarkən, əri hərdən televizora baxarsa, qadın ərinin ona dəyər vermədiyini düşünür.
 
"Toxunma təması” bəzi insanlar üçün çox əhəmiyyətli olsa da, bəzi insanlar üçün sevgi göstəricisi deyildir. Məsələn, uzun müddət görüşməyən iki dost, təsadüfən qarşılaşırlar. "A” şəxsi dostunu qucaqlayır, öpür, təkrar sarılır... "B” şəxsi isə görüşməni qısa kəsir: "Uzun müddətdir görüşmürük. Gəl bir yerdə oturaq, yemək yeyək, söhbət edək”- deyir. "A” şəxsi qəbul edir, dostuna toxunur, onu qucaqlayır, sevincini ifadə edir. Bir kafedə oturub gözəl bir zaman keçirirlər. Ancaq "B” şəxsi eyni reaksiyanı göstərmir. Burada "A” şəxsi dostunun ona sevgisinin azaldığını düşünə bilər, "B” isə hər şeydən razıdır. Çünki, "A” şəxsinin sevgi dili "toxunma təması”, "B” şəxsinin sevgi dili isə "birlikdə olmaq”dır.
 
Hədiyyə almaq sevginin konkret deyil, vizual simvoludur. Hamı hədiyyə qəbul etməyi sevir. Ancaq bəzi insanları hədiyyə almaq xoşbəxt etsə də, bəziləri buna o qədər də böyük məna yükləməzlər. Birinci dərəcəli sevgi dili hədiyyə almaq olan insanlar, onlara verilən hədiyyələri diqqətlə saxlayıb, qoruyarlar. Bu insanlar hətta qırışmış hədiyyə paketlərini belə atmağa ürək etməzlər. Onlara hədiyyə verən insanları unutmazlar, kim nə zaman nə gətiribsə, yaddaşlarına həkk olunmuşdur.
 
Bir-birinizin sevgi dilini anlayın! Qoy bütün dillər sevgini ifadə etməyə çalışarkən nifrətə çevrilməsin, sevgilər yarıda qalmasn, qəlblər qırılmasın! Beyninizdəki qəlibləşmiş düşüncələri çıxarıb atın və sevginizi ifadə etməyin yolunu tapın! Xoşbəxt olun, sevin, amma özünüz istədiyiniz kimi deyil,qarşınızdakı insanın gözlədiyi kimi sevin!
 
"Xeyr, məni sevən belə sevsin” deyirsinizsə,yanlış yoldasınız. O yanlış yol tənhalığın, sevgisizliyin yoludur. "Bəli” deyənlər xoşbəxtdir, rahatdır,evlərindən gülüşlərin səsi gəlir. Səmimi dostluqlar, sevgi dolu ürəklər...
 
Sevgini sevgi dilləri ilə kəşf edin! 
 
Babək Bayramov
NLP Master -Fərdi İnkişaf Ustadı
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN