İNANCLAR nəyə qadirdir?

0
6007
 İNANCLAR nəyə qadirdir?

İnanclarımız, zehnimizin müfəttişləridir. Üzləşdiyimiz prossesləri, aldığımız mesajları əvvəlcə onlar yoxlayarlar və fərdi həqiqətlərimizə zidd olanları ələyərlər. Davranışlarımızı onlar təftiş edərlər, nələri edib-etməyəcəyimizə onların təftişindən sonra qərar verərik. Onlar şüuraltı filterlərimizdir. 

 
Dilimizdə onlar "riyaziyyat mənlik deyil", "çox qazanmaq üçün çox işləmək lazımdı", "ilan təhlükəli heyvandı", "külək tutan yerdə otursam soyuqlayaram" və s. şəklində ifadə olunarlar. Həyatımızı onlar şəkilləndirərlər. Onlar xəstəliklər və ya gümrahlıq yaradarlar, fiziologiyamıza təsir edərlər.
 
İnanclar 2 cür olur- gücləndirici və məhdudlaşdırıcı. "Daydayım yoxdursa, qabağa gedə bilmərəm" inancına malik olan insan, uğurlarını bir nəzarət edə bilməyəcəyi şərtə bağlayır və digər bütün seçimləri yox edir. Bu məhdudlaşdırıcı inancdır. "Uğursuzluq yoxdur, sadəcə nəticələr var" inancını daşıyan insan, həyatda qarşılaşdığı hər bir çətinliyi sadəcə öz davranışlarının nəticəsi hesab edər və arzuladığı nəticəni alana qədər davranışlarını dəyişdirər. Bu gücləndirici inancdır.
 
Məhdudlaşdırıcı inanclar 3 qrupa ayrılır:
1. Ümidsizlik - (bu mümkün deyil)
2. Yetərsizlik - (bunu bacarmaram)
3. Layiq bilməmə - (Mən hara bu hara)
 
Həyatda hədəflərə qovuşmaq üçün əldə edəcəyimiz ən vacib resurslar, gücləndirici inanclardırsa, ən böyük maneələrimiz zəiflədici, məhdudlaşdırıcı inanclarımızdır.
 
İnancları özünüzü məcbur edərək dəyişdirə bilmərsiniz, beyninizin yeni inancı qəbul etməsi lazımdır. Fərqində olsanız da, olmasanız da, ən zəiflədici inanclar belə pozitiv niyyətlərə xidmət edərlər. Məsələn, "milyoner olmaq üçün kiminsə evin yıxmalısan" və "qarğış adamı tutur" şəklində məhdudlaşdırıcı inanclara malik olan insanın beyni, varlanmağı təhlükə kimi görür və öz sahibini qorumaq üçün əlindən gələni edir. Beyin özünə nə deyərsə, onu edəcək.
 
İnanclar beynin ekologiyasını təmin edən sistemlərdir. Hədəfinizə doğru gedərkən şüuraltı olaraq sizi əngəlləyən inanclarınız varsa, böyük ehtimalla hədəfinizə qovuşa bilməyəcəksiniz. "Şirkətlər pis gündədi, indi heç kim reklam vermir" inancına malik olan bir reklam agentinin davranışları , inancına görə şəkillənəcək. Bu inancın həqiqət olub-olmadığını bilmirəm, ancaq işə yaramadığına əminəm. 
 
İllərdir performans koçluğu edirəm və hələ indiyədək məhdudlaşdırıcı inanclara malik olmayan bir insanla qaşılaşmamışam. Əksər hallarda insanlar qarşıq beyinlə yanıma gəlib, "axı nəyi düz etmirəm" sualını verirlər. İnancları haqqında heç təsəvvürü olmayan həddindən çox insan var və əzab çəkməyə davam edirlər. İstər biznesmen olun, istər mühəndis, həyatda nəyəsə nail olmaq istəyirsinizsə, sizə mane olan inancları fərq edib aradan qaldırmağınız, onları yeni və gücləndirici inanclarla əvəzləməyiniz şərtdir. 
 
İnancları tez və effektiv şəkildə dəyişdirməyin xeyli texnikaları var. Bunların ən effektliləri amerikalı mütəxəssis Robert Dilts tərəfindən yaradılan modellərdir. Mən bəzən bu modellərdən istifadə edirəm, çox faydasını görmüşəm. Seanslarda bir neçə dəqiqə ərzində inancı dəyişən insanın fiziologiyasındakı aydınlanmanı görməkdən maraqlı bir mənzərə yoxdur mənim üçün. 
 
İnanclardan qüvvətli resurslarımız yoxdur, onları əhəmiyyətsiz hesab etməyin. Xərçəngdən qurtaran insanlar üzərində aparılmış bir araştırma göstərdi ki, xəstələrin istəfadə etdikləri metod nə olursa olsun - istər kimya terapiyası, istər meditasiya, istər əməliyyat və s.- onlar sağalacaqlarına qüvvətli şəkildə inananlar olublar. İnanc, özünü gerçəkldirən kəhanət kimidir.
 
Babək Bayramov
NLP Master Trainer

ŞƏRH YAZIN