Dünyada milyonçuların sayı rekord templərlə artır

0
2156
Dünyada milyonçuların sayı rekord templərlə artır

Keçən il 1,76 milyon nəfər insanın adı planetin ən varlı sakinlərindən ibarət siyahıya daxil edilib. Bu reytinq hər il "Capgemini" və "RBC Wealth Management" şirkətləri tərəfindən tərtib olunur.

Qeyd edək ki, siyahıya investisiya üçün 1 milyon dollardan artıq vəsaitə sahib olan şəxslərin adı daxil edilir. Qiymətləndirmə zamanı şəxsin sərəncamında olan daşınmaz əmlak, qiymətli incəsənət nümunələri və bahalı maşınlar nəzərə alınmır.

Bu təsnifata uyğun gələn insanların sayı hal-hazırda 13,7 milyon nəfərə çatır. Onların 60%-i ABŞ, Yaponiya, Almaniya və Çin kimi iri dövlətlərdə yaşayır. Rusiyada bu meyarlara uyğun gələn zənginlərin sayı 160 min nəfərə çatır (Bu göstərici üzrə Rusiya Hindistanı üstələyir, İspaniyadan isə geri qalır).

Diqqəti çəkən məqam isə ondan ibarətdir ki, ötən il ərzində milyonçuların sayında 15%-ə qədər artım qeydə alınıb. Qeyd edək ki, 2000-ci ildən etibarən belə bir sürətli artım göstəricisi qeydə alınmayıb. Bu şəxslərin ümumi investisiya kapitalının 52,6 trilyon dollar həcmində olduğu müəyyən edilib. Bu sərvətin təqribən 40%-i son 5 il ərzində əldə olunub. Məlumat üçün qeyd edək ki, bu məbləğin 18 trilyon dolları "ultra zənginlər" sırasına daxil olan 128 min nümayəndənin əlində cəmləşib. "Ultra zənginlər"in investisiya kapitalının həcmi isə 30 milyon dollardan artıqdır.

Məruzənin müəllifləri qeyd edirlər ki, ötən il milyonçuların kapital həcmində artımın müşahidə olunmasına qızıl və ya zinət əşyaları deyil, daşınmaz əmlaka və maliyyə bazarlarına yatırılan investisiyalar səbəb olmuşdur.

 

ŞƏRH YAZIN