Balansı Qorumaq Önəmlidir!

0
3024
Balansı Qorumaq Önəmlidir!

İşimiz və şəxsi həyatımız. Bütün günümüz işimiz və şəxsi həyatımız arasında keçir. Amma bəzən onlar arasında olan balans qorunmur, bu halda hər iki işdə də problemlər yaşanır. Şəxsi həyatı işə gətirib çıxarmaq və ya işi şəxsi həyatına daşımaq. İkisinin də nəticəsi eyni olur. Xoşagəlməz ayrılıq! Amma halbuki balans qorunsa hər ikisində də vəziyyət olduqca yaxşı olar. Yaxşı bəs balansı necə qoruyaq deyirsinizsə, o zaman oxuyun!

1.  Olduğunuz yerdə 100% olun.

Bunu etmək bəzən çox çətindir. Mobil telefonlar bizə indi hamıdan daha yaxındır. Amma inanın ki, məhsuldar istirahət etməyin və ya məhsuldar işləməyin necə bir hiss olduğunu bilmək istəyirsinizsə, buna əməl edin. Bu sözün mahiyyəti odur ki, əgər hansısa bir işi görürsünüzsə, o işi görərkən bütün zaman və diqqətiniz orda olsun. Yox əgər evdə bir kino seyr edir, dincəlirsinizsə və ya dostlarınızla görüşmüsünüzsə o halda da diqqətiniz olduğunuz yerdə olsun. İşdən sonra görüşlərimizdə də ancaq işdən danışırıq, evə gəlirik evdə də həmçinin. Və ya tərsinə. Özünüzü bir neçə gün, olmasa bir neçə saat buna məcbur edin, görün nə olur?!

2.  Həyatda hər şeyə, hər şeyi və hər kəsə çatdıra bilməzsiniz. Özünüzü yormayın.

Gənc olaraq bir çoxumuz təbii ki, eneriliyik. Daha çox iş görmək istəyir, daha çox qazanmaq istəyirik. Bütün bunlar doğrudur, amma ... Zaman göstərir ki, gördüyün şeydən fasiləsiz olaraq həzz almanın yeganə yolu "heç kimdən heç nə gözləməməkdir". Bu olmayanda heç kimə və heç nəyə də üzülmürsən. Sinir hüceyrələri bərpa edilmir. Ona görə də əsəblərinizi hər xırda şeyə görə pozmayın, öz həyatınızı başqalarının həyatını müzakirə edərək keçirməyin. İş və fəaliyyət istiqamətlərini çoxaldaraq onlara nəzarəti itirə bilərsiniz. Və nəticədə çox yorula və bir müddət sonra həm səhhətinizlə bağlı, həm də mənəvi olaraq problemlər yaşaya bilərsiniz. Mən uşaq vaxtı və elə indi də çox tez-tez eşidirdim ki, "hər şey boş şeydi, əsas can sağlığıdır". Açıq desəm bu söz heç vaxt çəkməyib məni, ciddi qəbul etməmişəm. Amma bunu ilk dəfə 6 dişimi bir gündə dəyişərkən hiss etdim :) Hələ bu ən sadəsi və yazdıqlarımdır. İdarə edə bilməyəcəyiniz işlərin altına girməyin, altında qalmayın.

 3. Hər hansı bir hobbiniz olsun.

Bir çoxumuz bəzən işdən evə gələrkən boş zamanında nə edəcəyimizi bilmirik. Təbii ki, mən pultu qucaqlayıb yatana kimi tv seyredənləri nəzərdə tutmuram. Və buradan o insanalara da Seymur Baycanın dili ilə səslənirəm: "Kitab oxuyanlar televizora baxanları həmişə idarə edəcəklər". Şəxsi həyatınızı daha maraqlı etmək, monotonluqdan çıxmaq üçün mütləq bir hobbiniz olsun. Kimsə məsələn, həvəskar olaraq rəsm çəkməyi öyrənir, kimsə həvəskar fotoqraf, kimsə nəyisə kolleksiya edir və s. Məsələn, Teymur Paşa adlı dostumun çox gərgin iş qrafiki var. Gündə demək olar ki, 14-15 saatlıq iş rejimi var. Və o artıq 6 aydan çoxdur ki, özünə HAMAM kimi çox maraqlı hobbi seçib. İlk baxışda qəribə səslənə və görünə bilər, amma adam bu işi əməlli-başlı mənimsəyib. Hər şənbə günü standart olaraq 4-5 saatlıq prosedurdan keçir və heç bir həftəni də axsatmır. Ən yaxın dostları ilə belə o ərəfəyə görüş salmır. Hətta bir dəfə məni də qonaq edəndən sonra, mən də öz dostlarımı ora "dadandırmışam". Bir sözlə beyninizi yeniləmək üçün bu vacibdir, çalışın nəsə tapın. Mənim isə bu işin lazımlığını dərk edəndən sonra bir neçə hobbi sahəm peyda olub. İşi yüz yerə böldüyüm kimi, hobbiləri də deyəsən bir neçə yerə bölüb aləmi qatışdıracam :) 

 4. Heç olmasa həftəlik planlar tutun.

Plan tutmaq və ona riayət etmək çətindir. İşini ajanda ilə görməyən insanları ümumiyyətlə anlamıram. Bu qədər informasiya axınının olduğu zamanda necə hər şeyi yadda saxlamaq olar? İşdə bu mütləqdir. Hətta sadəcə qeyd dəftərinə yazmaq deyil, hər bir gördüyünüz və görməli olduqlarınızı öz tarix və saatlarına yazmaq lazımdır. İşdənkənar "işlərinizi" də həftəlik tutsanız çox rahat olacaq sizə. Ən azı kiminlə həftəsonu görüşəcəyinizi, hara gedib nəyi necə edəcəyinizi planlaya bilərsiniz. Məsələn, sizin deyək ki, bu gün görməli olduğunuz 5 iş var, onun 3-nü etdiniz, 2-ni çatdırmadınız. Əgər işin 2-ni çatdırmadığınızı bilirsinizsə, ajandanızda qeyd etmişdinizsə, siz daha rahat olacaqsınız. Çünki çatdırmadığınızı da bilirsiniz və onu digər bir günə ertələyirsiniz. İstər işdəki istiqamətlərinizi, iştər şəxsi həyatdakıları bir neçə yerə bölün (maksimum da azaltmağa çalışın) və onlara ayıracağınız zamanları öncədən planlayın ki, rahatlıq tapasınız. Həmişə qaça-qaç ab-havasında olub əbəs yerə stresə girməyəsiniz.

 5.  Ailənizə zaman ayırın.

Bəzən işlərin çoxluğundan dolayı aylarla yaxın qohumumuzu, dostumuzu görmürük, ziyarət etmirik, danışmırıq. Nəticədə zamanla soyuqluqlar yaranır, bağ qırılır. Bu yaxınlarda daha əvvəl çalışdığım (2002-ci ildə) bir qəzetdən redaktorla görüşdüm. Uzun müddət idi ki, görüşmürdük. Daha doğrusu hər dəfə ertələyə-ertələyə gedirdik. İlkin Manafov demiş, inanın səmimiyyətimə ki, o gün sözün əsl mənasında dincəldim :) Keçmişə qayıtmaq, daha doğrusu keçmişin gözəl anlarını xatırlamaq və onu xatırlayarkən belə yeni şeylər öyrənmək zövq verdi. Ailəniz və yaxın dostlarınız sizi təmənnasız sevən, sizə qarşı maraqları, ambisiyaları olmayan adamlardır. Gündəlik həyatımızda sizə işinizə, statusunuza və ya nəyəsə görə diqqət edən onlarla insan var. Siz ünsiyyətdə olarkən özünüzü rahat hiss edəcəyiniz insanları seçməli və onlara daha çox zaman ayırmalısınız.

6. Kiçik işləri ixtisar edin.

Elə işlər var ki, onları etməmişdən öncə tərəziyə qoymaq lazımdır. Mən təlimlərdə həmişə iştirakçılara çəkdiyim bir qrafik var. Yəqin bir çoxları xatırladı. Buna "vaciblərin ardıcıllığı" qrafiki də deyə bilərik. Qısa izah edim. Deyək ki, Sizin şəxsi və iş fərq etməz toplam gündəlik görməli olduğunuz 10 iş var. Onların hamısını yuxarıdan aşağı yazın. Daha sonra yuxarıdakından başlayaraq, yəni birinci yazdığınızı digərləri ilə müqayisə edib hansı daha vacibdirsə sizin üçün qabağından quş qoyun. Bu prosesi 1-ci işi qalan 9 işlə müqayisə edə-edə aparın. Daha sonra 2-ci işi onun altındakı 8 işlə, daha sonra 3-cü işi onun altındakı 7 işlə və s. Sonda isə hansı işin qabağında daha çox işarə qoymusunuzsa, onu ilk etməlisiniz, digərlərini də müvafiq olaraq öz işarə sayına görə görəcəksiniz. Bəsit, amma effektiv üsuldur. Mən şəxsən istifadə edirəm. Elə işlər, görüşlər var ki, Sizin ona zamanınız olmur, amma istərdiniz, elə işlər, görüşlər də var ki, onu ayıracaq zamanınız az əhəmiyyətlidir.

7. Texnologiyadan uzaq bölgələr müəyyən edin.

Buna da əslində riayət etmək olduqca çətindir. Amma son zamanlar məni əməlli-başlı narahat etdiyinin fərqindəyəm. Bu nədir? Biz əksərən dost məclislərində, yemək masası ətrafında, söhbətləşərkən, hətta iş görüşmələrində belə telefonumuza gələn hansısa "notification"a biganə qalmırıq. Mən rəhbərlə görüşdə aradakı 2 dəqiqəlik fasilədən istifadə edib facebookunu yoxlayanlar da gördüm. Bir ara fb-də yaxşı bir söz çıxmışdı - "evdə işıq söndü, məcbur evdəkilərlə söhbət etdim, yaxşı insanlar imiş". Yəqin ki, tam düz yazmadım, amma demək istədiyim aydındır. Getdiyimiz hər yerdə texnologiyadan asılı haldayıq. Bu yaxınlarda Seymur Baycan "Virtual dünyanın xəstələri" adlı yazısında bu məsələyə olduqca gözəl toxunmuşdu. Oxumayanlara şiddətlə tövsiyyə edirəm. Biz tez-tez Anar, İlkinlə birlikdə 3-lükdə görüşürük. İlkin Manafov hər nə qədər İphone işlətsə də, bir o qədər funksiyalarından istifadə etmir, whatsappı da o dəfə məcbur yüklətmişik. Amma di gəl ki, Anar Bayramovu telefonun içindən çıxarmaq olmur. Maşallah 54 ekran televizor boyda telefonu ilə bizim söhbətlərə ən sonda reaksiya verir, reaksiya verir deyəndə ki, sonda danışdıqlarımızı ona təzədən danışmalı oluruq. Anar müəllim işini dəhşət sevən adamdır, amma bu qədər də olmaz da. Bir sözlə, texnologiyanın bizi kor-koranə idarə etməsinə mane olmalıyıq bacardığımız qədər.

 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN