Bu Qanunlar Zəngin Edir!

0
4706
Bu Qanunlar Zəngin Edir!

Demək olar ki, hər kəsin məqsədi bilavasitə zəngin olmaqdan keçir. Bəs zəngin insanlar necə zəngin olub? Sizə zəngin olmaq üçün 7 qanunu təqdim edirik:
Seçim qanunu: Bu qanunun məğzi olduqca sadədir. hər bir insanın zəngin olub-olmaması onun öz seçimindən asılıdır. Biz öz potensialımızı məhdudlaşdırmaq üçün yüzlərlə səbəb fikirləşirik - özümüzü kifayət qədər ağıllı hesab etsək də, təəssüf ki, nə öz bacarıqlarımıza, nə də bizim qarşımıza çıxan imkanlara inamla yanaşmırıq.
Bəlkə, özünüzə bir dəfə də belə bir sualla müraciət edəsiniz: "Əgər mən bu qədər ağıllıyamsa, niyə hələ də zəngin deyiləm?" Çalışın bu suala vicdanla və dürüst şəkildə cavab verəsiniz. Öncədən qeyd edək ki, cavablarınız arasında həm əsl səbəblərə, həm də bayağı bəhanələrə rast gəlinəcək. Əminliklə deyə bilərik ki, onların arasında "bacarığım yoxdur", "lazım olan zamanda doğulmamışam", "lazım olan yerdə dünyaya gəlməmişəm", "təhsilim yoxdur" kimi bəhanələr üstünlük təşkil edəcək.
Əgər siz, həqiqətən də, özünüzə inansanız, varlı olmağa dəqiq qərar versəniz və bu istiqamətdə addımlamağa başlasanız, həm də heç bir vəziyyətdə yolunuzdan dönməsəniz, o zaman əmin olun ki, məqsədinizə nail olacaqsınız. Unutmayın ki, varlı həyatı yaşayan hər bir insan zənginlik zirvəsinə qalxmaq üçün ən aşağı pillədən başlayıb. Bu yolda sizin öhdənizə düşən yeganə vəzifə beyninizdə özünüz üçün yaratdığınız bütün məhdudiyyətləri aradan qaldırmaqdır.
Kapital qanunu: Kapital qanunu dedikdə, pul nəzərdə tutulmur. Əsl kapital sizin pul qazanmaq qabiliyyətinizin olmasıdır. Bugün qazandığınız məbləğ, pul qazanmaq qabiliyyətinizi nə dərəcədə inkişaf etdirdiyinizdən xəbər verir. Özünüzə dəyər verin, bacarıq və vərdişlərinizi inkişaf etdirin. Daha çox işləməyə deyil, daha yaxşı işləməyə istiqamətlənin. Ən yaxşı investisiya insanın öz bacarığına və potensialına yatırdığı investisiyadır.
Perspektivlər qanunu: Maliyyə qərarları qəbul edərkən, gələcəkdə atacağınız bütün addımları öncədən düşünün. İşiniz bugün sizə az gəlir qazandırsa da, gələcəkdə bu məbləğin 10, hətta 100 dəfə artma ehtimalı varsa, o zaman səbr etməli və öncədən müəyyən etdiyiniz plan əsasında hərəkət etməlisiniz. Unutmayın ki, zəngin insanlar keçmişə deyil, hər zaman gələcəyə doğru istiqamətlənmiş olurlar.
Qənaət qanunu: Hər zaman gəlirinizin 10%-ni kənara qoyun. Ola bilsin ki, ilk baxışdan bu məbləğ sizə çox yüksək görünə bilər. Bəlkə də belə düşünməkdə haqlısınız. Çünki borcların, gözlənilməz böyük xərclərin və kiçik gəlirlərin olduğu bir şəraitdə, hər ay gəlirin 10%-nə qənaət etmək elə də asan iş deyil. Əgər 10% sizin üçün yüksək bir rəqəmdirsə, o zaman siz qənaətə 1%-lə də başlaya bilərsiniz. Yetər ki, başlayın. Bir müddətdən sonra həmin rəqəmi mütəmadi olaraq artıraraq, gəlirinizin 10%-ə qədərinə qənaət edə biləcəksiniz. Unutmayın ki, pul sizin rahatlığınızı və təhlükəsizliyinizi təmin edən maliyyə ehtiyatıdır.
İnvestisiya qanunu: Bu qanun zəngin olmağın ən vacib qanunlarından biri hesab olunur. Heç vaxt öz pullarınızdan tez bir zamanda yaxa qurtarmağa çalışmayın. İnvestisiya etməzdən öncə pulunuzu sərmayə şəklində yatıracağınız sahəni diqqətlə araşdırın. Pul müəyyən mənada sizin həyatınızın bir hissəsidir. Axı siz onları qazanmaq üçün uzun müddət çalışmısınız. Elə bu səbəbdən, öz zəhmətinizin nəticəsini düzgün şəkildə qiymətləndirməli və qazandığınız pullarla yanlış rəftar etməmək üçün bir qədər düşünməlisiniz.
Hər zaman investisiyaya başlamazdan əvvəl özünüzə bu sualı ünvanlayın: Birdən sərmayə üçün ayırdığım bütün pulları itirsəm, vəziyyət necə olacaq? Əgər bu itki sizin üçün ağır nəticələr və böyük problemlər yaradacaqsa, o zaman bu investisiyadan imtina etmək ən doğrusudur. Nə də olsa, əldə olanı saxlamaq, hər şeyi itirməkdən daha yaxşıdır.
Pulun qorunub saxlanılması qanunu: Dayanıqlı maliyyə gələcəyiniz qazandığınız pulun məbləği ilə deyil, bütün ehtiyac və xərclərinizi qarşıladıqdan sonra həmin pulun yerdə qalan hissəsi ilə müəyyən olunur. Qeyd edək ki, bu zaman hər ay ayıraraq kənara qoyduğunuz və gəlirinizin 10%-ni təşkil edən məbləğ nəzərə alınmır.
Təhlil qanunu: Hər zaman öz maliyyə vəziyyətinizi təhlil etməyə vaxt ayırın. Unutmayın ki, bu təhlili ildə bir dəfə deyil, ən azı həftədə bir dəfə həyata keçirmək lazımdır. Hər zaman vəsaitlərinizdən düzgün şəkildə istifadə etmək haqqında düşünün. Maliyyə vəziyyətiniz barədə nə qədər çox düşünsəniz, bir o qədər düşünülmüş və doğru qərarlar verəcəksiniz.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN