Şirkətinizi şaha qaldırmaq üçün 4 üsul

0
1436
Şirkətinizi şaha qaldırmaq üçün 4 üsul

Şirkətlərdə yeni departamentlər ya da şöbələr yaradan önder insanlar bir qayda olaraq işlərinə möhkəm bağlıdırlar və qısa zamanda əməklərinin meyvələrini toplamaq üçün cəld hərəkət edərlər. Buna görə də, ilk mərhələdə atdıqları addımları qeyd etməyə vaxtları qalmaz, yəni, uğur əldə edərlər, amma o uğura necə nail olduqlarını yazılı və sistemli bir şəkildə başqa insanlara çox nadir nəql edərlər. Xüsusən də, şirkətinin hələ yeni-yeni dirçəldiyi dövrdə, rəhbər şəxsin əsas hədəfi oturub atılan hər addımı qeyd etmək və özündən sonrakılara bu yolda işıq tutmaq deyil, bir an əvvəl gözə görünən nəticə əldə etməkdir. Bu səbəbdən də şirkətlərdə rəhbərdən rəhbərə, nəsildən nəsilə ötürülən rəsmi bir prosedur mövcud deyildir.

Bir şirkət, gəlirlərini artırıb böyüməyə başladıqda rəhbər statusuna malik olan bir çox şəxs, işçilərinin sayını artırmaq istəyər. İlk baxışda, bundan daha təbii bir şey ola bilməz, amma işə yeni başlayan işçiləri kim hazır səviyyəyə gətirəcəkdir? Yaxşı, yeni işçiləri hazırlayarkən hansı üsul və tədris texnikalarından istifadə ediləcəkdir? Bax, məsələnin ən can alıcı nöqtəsi də budur. İş yeriniz hara olursa olsun, gündəlik işlərinizi yerinə yetirmək yəni, vəzifənizi icra etməklə hər hansı bir qrupa liderlik edib özünüzlə birlikdə başqa insanları da uğura aparmaq arasında dağlar qədər fərq vardır. Bu nöqtədə həqiqi bir lider və yol göstərən mərtəbəsinə çatmaq istəyən hər kəs müəyyən bir sistem qurmalı, özündən sonra gələnlərə nümunə ola bilməlidir.
 
Liderliyə dair nəşr etdirdiyi kitab və məqalələrlə bütün dünyada tanınan ustad Con Maksvelin bu mövzuda, sözün əsl mənasında möhtəşəm bir sözü vardır: “Bir rəhbər, öz kollektivini o olmadan da böyük uğurlara imza atmağı bacaracaq səviyyəyə gətirdiyi zaman, özündən sonra böyük bir miras qoymuş sayılır”. Siz də işə qəbul edib və hazırladığınız insanlar tərəfindən hörmətlə xatırlanmaq istəyirsinizmi? Elə isə, sizin üçün hazırladığımız bu dört maddəni tətbiq etməyinizi tövsiyyə edirik.
 
1- Atdığınız hər addımı qeyd edin.
Hər gün işinizi daha yaxşı bir səviyyəyə gətirmək üçün bir sıra addımlar atmağınız vacibdir. Bu addımları atarkən əzbərdən hərəkət etməmək və etdiyiniz hər şeyi bir kənara yazmaq son dərəcə məntiqli bir metoddur. Uğurla nəticələnəcəyinə inandığınız bir təşəbbüskarlıq göstərirsinizmi? O zaman həyata keçirdiyiniz hər bir elementi “tətbiq nümunəsi” kim qəbul edin və əhəmiyyəti az da olsa, qeydə alın. Daha sonra bunları birləşdirərək başqalarının da istifadə edəcəyi bir prosedur, ya da yol xəritəsi hazırlayın. Sizdən sonra gələnlərin də eyni uğuru asanlıqla əldə edəcəyini güman edərək “hər şeyi yazmaq nəyə gərəkdir?” deməyin.
 
Bunu necə edə bilərsiniz? Məsələn, müəyyən fasilələrlə vaxt ayırıb məntiqli hesab etdiyiniz prosedurları yazıb şirkətinizdəki elan lövhələrinə yapışdıra bilərsiniz. Yeri gəldikcə bunları sökər və yerinə yenilərini yerləşdirərsiniz. Bu qaydaya riayət edərək atdığınız addımları mütəmadi olaraq izləyə bilərsiniz. Əlinizdəki işi ya da tapşırığı bitirdikdə, hansı mərhələlərdən keçdiyinizi açıq-aydın görə bilərsiniz.
 
Bundan əlavə, diqqət yetirsəniz vaxtı öldürən ünsürləri təsbit edər və hansı nöqtələrdə xəta etdiyinizi, hansı nöqtələrin də inkişfa əlverişli olduğunu asanlıqla görə bilərsiniz. Beləliklə, “gələn səfər nələri etsək, eyni nəticəyə daha asan və daha tez nail olarıq?” sualına da cavab tapmış olarıq. Unutmayın, bu strategiya sadəcə özünüz üçün deyil, iş yoldaşlarınız və hazırladığınız gənc işçilər  üçün də böyük əhəmiyyət kəsb edir.
 
2- Kollektivinizi  də  prosedura  daxil edin.
Müştərilərinizdən məhsul ya da xidmətləriniz haqqında təkliflər aldığınız kimi, öz iş kollektivinizi də dinləyərək fərqli yanaşma tərzinə malik ola bilərsiniz. Bu istiqamətdə iş prosesini sürətləndirmək üçün kollektivinizlə qısa iclaslar keçirə bilərsiniz. Əlbəttə eşitdiyiniz hər fikri ya da təklifi mütləq nəzərə almalısınız deyə bir qayda yoxdur. Ancaq elə bir gün gələr ki, kollektivinizdən eşidəcəyiniz bir cümlə, həm həyatınızı həm də iş metodunuzu kökündən dəyişə bilər.
 
Kollektivinizi hər hansı bir prosesə daxil etmək üçün hər şeyin mükəmməl səviyyədə olcağı anı gözləməyin. Əvvəlcə, kollektivinizi prosesə daxil edin, yavaş-yavaş irəliləyin və müşahidələrinizdən birlikdə dərs alın. Yeri gəldikdə təlimat verərək iş yoldaşlarınızı istiqamətləndirin və təlimatlarınızın yerinə yetirilib yetirilmədiyinə nəzarət edin. 
 
Bunları edərkən əsla tələskən və zorba olmayın. Anlayış göstərin və prosesin öz-özünə irəliləməsinə şərait yaradın. Mütləq vacib olanların siyahısını tutun və nizamlı şəkildə qət etdiyiniz məsafəni kontrol edin. Unutmayın, uğurlu şirkətlərin çoxu, liderlərin açdığı yolda irəliləyən kollektivlər sayəsində bu gün olduqları yerə gəlmişdir. O liderlər, bir gün şirkətlə yollarını ayırsa belə gözləri arxada qalmaz, çünkü, açdıqları yolda əmin addımlarla irəliləyən güclü bir kollektiv vardır.
 
3- Ətrafınızdakıların da  sistemə  faydalı olmalarını təmin edin.
Kollektivinizə müəyyən bir intizamı və iş metodu aşılamanız əhəmiyyətlidir. Bununla yanaşı, əməkdaşlarınızın da öz iş tərzlərini formalaşdırmalarını təmin etsəniz, böyük bir uğura imza atmış olarsınız. Liderlik etdiyiiniz insanların öz şəxsi bacarıqlarını ən üst səviyyədə işlətmələrinə şərait yaratsanız və problemi həll edən ya da ideya irəli sürənləri mükafatlandırsanız, komanda ruhunu zirvəyə çıxarmış olarsınız.
 
Özünüzü mümkün mərtəbə ətrafınızdakılardan təcrid etməyin. Bəli, bəzi hallarda tək başına hərəkət etsəniz daha sürətli gedərsiniz. Fəqət, bu halda elə bir nöqtəyə gələrsiniz ki, maneə ilə rastlaşdığınız vaxt sizə kömək edib yolunuzu açacaq kimsə olmaz, çünkü, hər kəs çoxdan geridə qalmışdır. Ona görə də, imkan verin kollektivinizdəki hətta şirkətinizdəki hər kəs iş prosesində əlindən gəldiyini ortaya qoysun. 
 
4- Xırdalıqlarda itib-batmayın.
Uğurlu şirkətlər çeviklik, açıq fikirlilik və yaradıcılıq kimi dəyərləri ön plana çıxaran inkişaf fəlsəfəsini mənimsəyən şirkətlərdir. Bu şirkətlrə görə, iş həyatında tutula biləcəyiniz ən amansız xəstəlik, analiz iflici xəstəliyidir. Bu xəstəliyə yoluxan təşkilatlarda gərəksiz xırdaçılıq pik həddə çatır və işlər xeyli durğunlaşar. Unutmayın, hər zaman ilk diqqət edəcəyiniz ikinci dərəcəli kiçik xırdalıqlar deyil, kritik və işə yarayan nöqtələr olmalıdır. Belə bir formul yaza bilərik: Nə iş olursa olsun əvvəlcə ehtiyacları müəyyən edin, lazım olan məlumatları əldə edin və daha sonra fəaliyyətə başlayın.
 
Unutmayın, məhsuldar iş rejmini təmin edən metod və sistemlər yaratmaq, üzərinizdəki təzyiq və yükün çox olduğu zamanlarda imdadınıza çata bilər. Buna görə də, kollektivinizdəki hər kəsdən maksimum faydanı almağa çalışın, fərdləri püxtələşdirin və yardımsevər olmalarını təmin edin. Bu qeyd edilən fikirlərə əməl etsəniz, təqaüdə çıxdığınızda ya da həyat sizi başqa yollara çəkib apardıqda gözünüz arxada qalmaz!
 
 
Tərcümə etdi: Rəşadət Hidayətov

ŞƏRH YAZIN