1008-Ci Dəfə Cəhd Elədi Və Kfc Yarandı

0
5062
1008-Ci Dəfə Cəhd Elədi Və Kfc Yarandı

Atasını itirdikdən sonra pul qazanmaq yükü anasının,ev işləri,xüsusilə,bacı və qardaşlarını doyuzdurmaq onun üzərinə düşür. Beləcə,kulinariyanın,xüsusilə,toyuğu necə qızartmağın sirlərini öyrənir.İllər ötür onun resepti ilə - 11 otun qarışığı ilə qızardılmış toyuğu təkcə ailəsi deyil,minlərlə insan dadır.16 minə yaxın şöbəsi,milyonlarla müştərisi,5 milyard dövriyyəsi, 520,3 milyon xalis gəliri olan fast-food brendinə çevrilir. Söhbət "Kentucky Fried Chicken"-dən (KFC) gedir.
KFC brendinin yaranma tarixi Harland Sandersin adı ilə bağlıdır.Harland 1890-cı ildə Amerikanın İndiana ştatında anadan olub.6 yaşında atası Vilbur David Sanderi itirib.Anası Margaret Ann Sanders işləmək məcburiyyətində qalıb.Bu halda bacı və qardaşlarına baxmaq öhdəliyi Harlandın üzərinə düşüb.Sanders hər gün demək olar ki yemək bişirərək fantaziyalarından geninə-boluna istifadə edirdi.Və bu onda alınırdı.Qohum-əqrabalar Harlandın dadlı yeməklərindən danışırdı.Lakin həmin vaxt heç kəs Harlandın 30 il sonra ölkənin məşhur aşpazına çevriləcəyini xəyal belə etmirdi.
7-ci sinifdə oxuyarkən məktəbi buraxmaq məcburiyyətində qalır.Anası ikinci dəfə ərə getdiyi zaman atalığının onu döyməsi səbəbindən evi tərk edir.Doğum tarixini saxtalaşdıraraq 16 yaşında ABŞ ordusuna hərbi qulluğa yollanır.Kubada qulluq edir.
Sanders karyerasına hələ gənc yaşlarından başlayır.Gələcəyin milyarderi nə ilə məşğul olmayıb ki?Fermer,qazanxana işçisi, təkər alverçisi,kuryer,konduktor.Amma bunların heç biri onun ürəyincə olmayıb,buxarla işləyən qatarda yanğınsöndürən vəzifəsindən başqa.Məhz burda o gələcək həyat yoldaşı Kladuiaya aşiq olur.Cütlük tezliklə evliliyə qərar verir.Bu nigahdan onların bir oğlu (kiçik yaşlarlında vəfat edir), eləcə də Marqaret və Mildred adlı iki qızları dünyaya gəlir.
Ömrünün yarısını yaşasa da Harland karyerasında nailiyyət əldə etməmişdi.Çünki bir yerdə uzun müddət qalıb işləmirdi.40 yaşında o özünün ilk uğurlu işini qurur.Avtomobil təmirxanası açır.Avtoservis normal gəlir gətirməyə başlayır.Müştərilərin çoxaldığını gördükdə təmirxananın otaqlarından birində onlar üçün yeməkxana düzəldir.Cəmi 1 stol və 6 stulu olan yeməkxananın menyusunu 11 növ ədviyyat ilə qızardılmış toyuqlar təşkil edirdi.Bu toyuqları Harland özü evinin mətbəxində hazırlayırdı.Tezliklə yeməkxana “Harland Sandersin Kentukki qızardılmış toyuqları” adı altında bütün Kentukki ərazisində məşhurlaşır.Sandersin avtoservisinin gəliri birə beş artır.1935-ci ildə qubernator ona “Kentuk polkovniki” titulunu verir.Lakin xoş günlərin ömrü uzun olmur.Magistral yolda təmirlə əlaqədar ətrafdakı bütün obyektləri sökməyə başladıqda müştəriləri azalmağa başlayır.65 yaşlı Harlandın qolu-qanadı yanına düşür.Harland başa düşür ki,təqaüdü ilə yaşaya bilməyəcək.Bu zaman onun köməyinə qızardılmış toyuq gəlir.Çamadanını toplayır və “mən toyuğu sizdən yaxşı qızardıram” şüarı ilə sükanın arxasına keçir.Öz reseptini restoranlara təklif etmək məqsədilə Amerikanı qarış-qarış dolaşır.Beləliklə,Kentuсky Fried Chicken (KFC) yaranır.
Harland düşünürdü ki,onun toyuq reseptini alsalar,o,hər satılmış toyuqdan 5% gəlir əldə edəcək.Buna görə o,1007-ə yaxın restorana müraciət edir.Amma hər dəfəsində rədd cavabı alır.Bir sözlə ilk sifarişçini tapmaq Harlanda elə də asan başa gəlmir.Buna baxmayaraq,amerikalı öz reseptinin uğur qazanacağına inanır,onu satmağa israr göstərirdi.Nəhayət,1008-ci cəhdi uğurlu nəticələnir.Müsbət cavab alan Harland planlaşdırdığı kimi satılmış toyuqdan 5% gəlir əldə etməyə başlayır. Getdikcə “Kentuсky Fried Chicken” nin sifarişləri artır.1960-cı ildə ABŞ-ın yüzlərlə restoranı onun müştərisinə çevrilir.70 yaşı olanda “Kentuсky Fried Chicken” şöhrətinin zirvəsinə qalxır.Sanders Amerika və Kanadada 600-dən çox "KFC franchise" restoranına sahib olur.
1964-cü ildə Amerika şirkətindəki hissələrini 2 milyon dollar qarşılığında bir qrup sərmayəçiyə satır.Razılaşmaya Kanadadakı restoranlar daxil edilmir.Yeni sahiblərinin sayəsində “Kentucky Fried Chicken” şirkəti sürətlə böyüyür.1966-cı ildə xalqa açıq elan edilir.1969-cu ildə Nyu York Daşınan Qiymətlər Birjasında siyahıya daxil olur.1986-cı ildə “PepsiCo, Inc.” tərəfindən satın alınır.1997-ci ildə,"PepsiCo, Inc."in digər sürətli xidmət restoranlarını bir müstəqil restoran şirkətinin damı altında yığaraq "Tricon Qlobal Restaurants,Inc."ı qurur.Bu gün restoran şirkətinin (artıq YUM! Brands Inc. adı altında) 110 ölkədə 35.000–dən çox şöbəsi var.
Bu gün gündəlik təxminən 12 milyon müştəriyə ildə 4,5 milyarddan çox toyuq parçası satan KFC-nin məşhur 11 otun qarışığı resepti sirr sayılır.Əslində,polkovnikin özündən başlayan bu ənənə hələ də davam edir.Harland “Kentucky Fried Chicken”nin reseptini gizli saxlamaq üçün daim ədviyyat qarışığını üstündə gəzdirirdi.Yaradıcı reseptinin sirrini necə qoruması haqda belə deyirdi:
“Resepti gizli saxlamaq məqsədilə indiki şirkətlər hansı hiyləgərliyə getmirlər.Öz dövrümüzü xatırlayıram.Kladuya ilə əvvəllər necə işləyərdik?!O həm qablaşdırıcı idi,həm də anbarın rəhbəri.Anbar isə bizim qarajda yerləşirdi.Mən Amerikanı dolaşanda Kladuya məndən sifariş alırdı.Hər gün o qarışığı kağız torbalara qablaşdırıraraq qatarla mənə göndərirdi”.
Qeyd edək ki,bu gün 11 otun qarışığı olan həmin resept şirkətin Lusivilledəki mərkəzi ofisinin seyfində saxlanılır.Sadəcə bir neçə insan dəyəri milyon dollarla ölçülən bu reseptdən xəbərdardır.Onlar da bu haqda danışmamaq barədə öhdəlik götürüblər.Bundan əlavə reseptin sirri bir neçə formada qorunur.Ədviyyat istehsalçısı olan bir şirkət formulu qarışdıraraq təqdim etdiyi reseptin bir hissəsini özündə saxlayır,o biri şirkət isə başqasını.Qarışığın keyfiyyətinə zəmanət kompüter sistemi ilə başa çatdırılır.
1950-ci ildə Harland Sanders özünə imic müəyyənləşdirir.Bığını və saqqalını uzadır.Aristokratlara xas ağ kostyum geyməyə başlayır.O,ictimai yerlərə başqa imicdə getmirdi.
1980-ci ildə həkimlər Harlandda leykozun kəskin formasını qeydə alırlar.O,çox keçmir ki,leykozdan vəfat edir.KFC-nin yaradıcısı özünün məşhur ağ kostyumunda və qara nazik qalstukunda basdırılır.
Harland daim sahib olduqlarına görə,Tanrıya təşəkkür etdiyini deyir:
“Həmişə fikirləşirdim ki,qəbirstanlıqda ən varlı adam olmaq nəyə lazımdır.Ordan idarə etmək mümkün deyil.İnsanlar bilmirlər ki,pulumun böyük hissəsini kilsəyə xərcləmişəm”.

 
Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN