5 Funtu 5 İlə 5 Milyon Edən Cem Kralı

0
4759
5 Funtu 5 İlə 5 Milyon Edən Cem Kralı

Onun ilk investisiyası 5 funt olub. Çoxları 22 yaşında təzəcə işləməyə başlayanda, o, qazandığı milyonları sayıb. Hazırda adı “Forbes” gənc milyonçular siyahısındadı. Söhbət şotland Freyzer Doertidən gedir.

 
Freyzer Doerti 1988-ci ilin dekabr ayının 30-da Böyük Britaniyada -Edinburqda anadan olub. İlk dəfə cem bişirməyə 14 yaşında başlayıb. Deyilənə görə, hər gün  nənəsindən ona mürəbbə bişirməsini istəyirmiş. Axır bir gün özü 5 funt götürüb bazara gedir və meyvə, qənd alaraq nənəsindən öyrəndiklərini təcrübədən keçirir. İlk əl işi apelsin cemi olur. Cem o qədər dadlı alınır ki, Freyzerin mətbəxə marağı artır. Müəyyən müddət sonra nənəsinin reseptinə uyğun cürbəcür cemlər bişirməyə başlayır. Hər dəfə də uğur əldə edir...
 
Doertinin cemlərinin dadına ilk olaraq qonşuları, yoldaşları baxıblar. Getikcə cem bişirmək onun üçün hobbidən çox işə çevrilib. F.Doerti 16 yaşında məktəbi ataraq özünü tamamilə cem bişirməyə həsr edib. Hazırladığı cemləri kənd təsərrüfatı yarmarkalarına apararaq satıb. Gəliri, uğuru artdıqca, bacarıqlarını daha da təkmilləşdirmək fikrinə düşüb. Nəhayət, şəkər tozu qatmadan cem hazırlayıb.
 
16 yaşında ilk biznes müqaviləsi
 
Sifarişlərin artdığını görən gənc fabrik kirayələyib. Özünə işçilər götürüb. Şirkətinə və məhsuluna isə “SuperJam” adını verib. 16 yaşında iş adamı kimi “Waitrose” supermarket şəbəkələri ilə müqavilə bağlayıb: “16 yaşımda qarşıma böyük bir şans çıxdı. “Waitrose” məni işgüzar görüşə dəvət etdi. Atamın 2 ölçü böyük kostyumunu geyinib getdim. Onlar mənim ideyama qulaq asdılar. Özlərinin səmərəli məsləhətlərini verdilər. Bir il sonra artıq mənim cemlərim onların piştaxtalarında peyda oldu”.
 
Şotlandlar Doertinin cemlərini o qədər bəyənirlər ki, getdikcə tərəfdaş supermarketlərin sayı artır. 2 ilə 2000-dən çox supermarketdə “SuperJam”ın satışı həyata keçirilir.
 
Qeyd etdiyimiz kimi, Freyzer Doerti ilk dəfə işə 5 funtla  başlayıb. Düzdür, öz mətbəxində cem hazırladığı zaman 12 bankanın gətirdiyi gəlir 20-sinin hazırlanması xərcini ödəyirdi. Lakin bu böyük biznesə, sifarişləri qarşılamağa yetərli deyildi. Valideynlərinin də maddi vəziyyəti yaxşı olmadığından, Doerti bankdan kredit götürür. Gəncin biznesi ilə bağlı daha bir maraqlı məqam biznesə başladığı zaman marketinqə pulunun olmamasıdır. Amma Doerti bunu da həll edib. Sosial şəbəkələr, bukletlər vasitəsilə öz məhsulunun piarını aparıb. Tezliklə bütün media ondan yazmağa başlayıb. Freyzer efirə çıxdığı gün isə bir saatda “SuperJam”ın 150 banka cemi satılıb.
 
Qəssabxanadan mətbəxə...
 
Freyzer Doerti artıq 22 yaşında milyonçuya çevrilir. Özü bu haqda belə deyir: “Valideynlərim nə sahibkar olublar, nə də pullu. Amma 10 yaşımdan öz biznesimi qurmaq haqda düşünmüşəm. Həyətimizdə quşçuluq ferması yaratmaq üçün bir fermeri qutu ilə dolu yumurta verməyə razı saldım. Bu hərəkətlərim valideynlərimin ürəyindən olmasa da, mənə mane olmadılar. İsti olduğu üçün yumurtaları televizora yerləşdirdim. Üç həftə sonra 4 yumurtadan cücə çıxdı. Cücələr bir qədər böyüdükdə,  onları bağda düzəltdiyim yerə köçürdüm. Hətta sonradan yumurtalarını qonşulara belə satırdım. Düzdür, bu sahədə biznesim fiaskoya uğradı. Belə ki, tülkü toyuqlarımı yedi”.
 
Doertinin xatirələrinə görə, o, 13 yaşında qəssabxanada işləyib. Müəllimi də oradakı qəssab olub: “O, mənə alverin bütün sirlərini öyrətdi. Cem hazırlamağıma gəlincə, onu nənəmdən öyrəndim. İşə başlayanda bir neçə il cemi özüm hazırladım. Evimizin mətbəxində həftəyə 1000 banka cem hazırladığım zamanlar olub. 100 faiz qatqısız, şəkərsiz cem hazırlamaq üçün 2 il təcrübə apardım. Buna görə hətta məktəbi belə yarımçıq buraxdım. Tərəfdaş kimi batmaqda olan bir istehsal şirkətini tapdım. Onlar mənimlə işləməyə razı oldular”.
 
Qeyd edək ki, “SuperJam”ın gündəlik gəliri 1-2 milyon dollar təşkil edir. “SuperJam”ın aylıq satışı 50 000 bankadır. Cemlər “Tesco”, “Asda Wal-Mart”, “Morrisons”, “Sainsbury `s”, “Waitrose” kimi məşhur supermarket zəncirlərində satılır. Onları hətta onlayn da sifariş vermək olur.
 
Leyla Əliyeva
 
 

ŞƏRH YAZIN