Bedia Muvahhit

0
2502
Bedia Muvahhit

Bedia Muvahhit 1897-ci ildə İstanbulda anadan olub. Əsl adı Əminə Bedia Şekipdir. Bedia kiçik yaşlarından xüsusi dərslər almaqla fransız və rumın dillərini öyrənir. Böyükadada yerləşən “Saint Antoine”də başlayan təhsilini “Kadıköy Modad Tərəqqi” məktəbində və “Notre Dame de Sion” liseyində davam etdirir. 1914-cü ildə Türkiyədə yeni qurulmaqda olan Telefon şirkətində çalışan azsaylı qadınlardan biri kimi işə başlayır.  Eyni ildə o, yeni qurulan Darülbedayiyə girir. Darülbedayidə 1923-cü ildə İzmir turu çərçivəsində təşkil olunan tədbirdə Atatürkün “Türk qadınları niyə səhnəyə çıxmır?” sualı ilə həyatı dəyişir. Həmin gecə Bedia hazırlanaraq Əhməd Nurinin “Cəza qanunu” əsərindəki “Sacidə” rolunu ifa edir. Bununla da, o, cümhuriyyət dövründə səhnəyə çıxan ilk müsəlman türk qadını olaraq tarixə düşür. 

1923-cü ildə “Cəza qanunu” adlı tamaşada səhnəyə çıxması ilə onun teatr fəaliyyəti başlayır. İlk filmi 1923-cü ildə Muhsin Ərtoğrulun təklifi ilə “Atəşdən köynək” ekran əsəri olur. Eyni ildə o, Şekspirin “Otello”sunda “Dezdemona” rolunu canlandırır. Bu tarixdən sonra Bedia tez-tez teatr səhnələrində görünməyə başlayır. O, təkcə Türkiyə daxilində deyil, həm də xarici qastrol səfərlərində dünyanın müxtəlif ölkələrində səhnəyə çıxır. Afinadakı çıxışı zamanı xanım aktrisa “Dezdemona” rolunu rumın dilində ifa edir. O, təkcə aktrisalıq fəaliyyəti ilə məşğul olmur, həm də çoxsaylı əsərləri türk dilinə tərcümə edir. 1921-ci ildə Erenköy liseyində fransız dili müəlliməsi kimi işləməyə başlayır. Həmin ildə Darülbedayi səhnəsində izlədiyi və tamaşa sonrası imzalı fotosunu istədiyi aktyor Ahmed Tefet Muvahhidlə ailə həyatı qurur. 
 
1927-c ildə həyat yoldaşının vəfat etməsindən sonra aktrisa ikinci dəfə ailə həyatı qurur. O, teatrlarda bəstəkar və pianoçu kimi fəaliyyət göstərən avstraliyalı Fridrix fon Statzerlə evlənir. Bu evlilik 1951-ci ilə qədər – 18 il davam edir. Daha sonra isə tərəflər boşanmaq qərarına gəlirlər. Boşandıqdan sonra xanım Bedai “Muvahhit” soyadını götürür. Bedia Muvahhit fəaliyyəti boyu 200-dən çox rol ifa edib. O, 1975-ci ildə təqaüdə çıxır. 1980-ci ildə "Dünya Teatr Günü Milli Bəyanatını" hazırlayır. Bir il sonra xanım Muvahhit “Atatürk Sanat Armağanı” mükafatına layiq görülür. 1987-ci ildə isə “Devlet sanatçısı” elan olunur. 1988-ci ildə “İstanbul Sinema Günleri” festivalı münsifi olan Bedia “Altın Lale Ödülü”nə layiq görüldü. 
 
Bedai Muvahhit 1994-cü ildə, 97 yaşında dünyasını dəyişir. Ölümündən dörd gün sonra Beyoğlu Küçük Sahne Binası səhnəsinə onun adı verilir. Hazırda Türkiyədə 1995-ci ildən bu yana davam edən bir ənənə də xanım Muvahhitin adı ilə bağlıdır. Belə ki, Türk Qadınlar Birliyi aktrisanın xatirəsinə hər il türk səhnəsində ilk rolunu oynayan xanım aktrisalara “Bedia Muvahhit Teatr Mükafatı” verir. Bedia Muvahhitin həyat hekayəsi 1993-cü ildə Gökhan Akçura tərəfindən İstanbul Büyükşehir Bələdiyyəsi adından kitab şəklində yazılıb.
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN