Bir Sofi Hekayəsi ...

0
2963
Bir Sofi Hekayəsi ...

Dəniz kənarında yerləşən köhnə dar bir daxmada dünyaya göz açmışdı. Qonşuları da: «Belə bir həyatda yaşamaq bu körpənin nəyinə lazımdır? Onu bu həyatda əzab və məhrumiyyətlərdən başqa heç nə gözləmir» deyir və "bapbalaca daxmada hansı xoşbəxtlikdən söz gedə bilər"- deyə düşünürdülər. Amma bir gün onun bütün həyatı dəyişdi. 

1934-cü ilin sentyabrında Romada yoxsullar üçün nəzərdə tutulmuş xəstəxanada dünyaya gələn— Sofiya Şikollone sonradan məşhur aktrisa, gözəlliyi ilə dünyanı valeh edən Sofi Lorenə çevrilir.

O, mühəndis Ricardo Şikollone və fortepiano müəlliməsi, üstəlik uğursuzluğun qarabaqara izlədiyi əyalət aktrisası Romilda Villanin qanunsuz qızıdır. Sofiyanın səyyar teatr aktyoru olan atası,daim arvadı və uşaqlarına qayğı göstərməkdən bezərək ən «doğru» addımı atır və köməksiz ailəsini atıb gedir. Anası ilə Sofiya və kiçik bacısı həyatın ən yoxsul və zalım üzünü görürlər. Onlara baş çəkən qonşu hər dəfə Sofiyaya baxanda: «Nə olaydı bu qız öləydi. Belə yoxsul dünyada yaşamaq nəyinə lazımdır axı?» — deyirdi. 

Bununla belə, neapollu qız ümidsizliyə qapılmır. Nağıllarda olduğu kimi, elə bir hadisə baş verir ki, onun bütün həyatını dəyişir. Beləcə, heç kimin diqqətini cəlb etməyən arıq, çəlimsiz Sofi böyüdükcə dəyişir. Təcrübəli aktrisa gözü ilə qızını müşayiət edən ana, öz arzularını onun simasında gerçəkləşdirmək fikrinə düşür. Sofinin sənət karyerası da bu məqamdan başlayır. Ana 9 yaşlı qızını teatra gətirir. Həmin axşam baş rolda Titana de Filipponun çıxış etdiyi «Filumen Morturano» pyesi göstərilir. Onun ifası Sofiyanı vəcdə gətirir və qız mütləq aktrisa olacağına və məhz həmin rolu oynayacağına and içir. Anası Romilda,qızının gözəlliyinə əmin olduğundan onun fotoşəkillərini gözəllik müsabiqələrinə göndərir və daha sonra qızını gözəllik müsabiqəsinə aparır. Gözəllik yarışmasının qayda-qanununa müvafiq olaraq, çimərlik paltarı geyinən Sofi podiuma anasının dikdaban ayaqqabısında çıxır. Münsiflər heyətinin diqqətini cəlb edən Sofi qeyd-şərtsiz «Dəniz gözəli» nominasiyasının qalibi olur. Priz olaraq yeniyetmə qıza Romaya qədər ödənişsiz bilet, 23 min lirə (35 dollar) verilir.

Bir müddət sonra Sofi daha bir gözəllik yarışmasına qatılır. Bu dəfə onun adı Romada keçirilən ümummilli gözəllik müsabiqəsinin qalibləri sırasında çəkilir. Bu müsabiqə Sofinin həyatında əsaslı dönüş yaradır. Heç kimin tanımadığı Sofi bir anın içində məşhurlaşır. İtaliyanın ən məşhur jurnallarının üz qabığında şəkilləri çıxan Sofi həyatın firavanlığını duymağa başlayır. Pul mükafatları, hədiyyələr, ardı-arası kəsilməyən görüşlər, bir-birindən yaraşıqlı libaslar və daha nələr. Anası Romilda isə,Roma Ümummilli gözəllik müsabiqəsinin qalibi sayılan— qızını yanına salaraq, prodüserlərə müraciət edir. Öz karyerasını qura bilməsə də, Romilda ağıllı qadın idi. O, özünün bütün uğursuzluqlarını, kəm-kəsirini dəqiqliklə qiymətləndirərək, ciddi cəhdlə qızının karyerasında bu səhvləri təkrarlamamasına çalışırdı. Sofinin özü də qarşısıalınmaz bir istəklə filmlərə çəkilmək istəyirdi.

Yalnız Neapol dialektində danışmağı bacaran Sofiya,Romaya köçmək üçün italyan, ingilis və fransız dillərini öyrənir. Bu azmış kimi, özünəinamsızlığın da qarşısını almalı, kino sınaqlarına dəvət olunanda çəkinməməli olur. Arzularına yetmək üçün prodüserlərin qapısı ağzında saatlarla gözləyir, yastığına nə qədər göz yaşları tökülür Sofiyanın! Bir ildən sonra Romada gözəllik müsabiqəsində Sofiya Şikolone «Miss Zəriflik» titulu qazanır. Ancaq o model olmaq arzusunda deyildi. Sofiya teatr və kino ulduzu olmaq istəyirdi.

Prodüserlərin, rejissorların diqqətindən kənarda qalmayacağına inanan irigözlü, mükəmməl görkəmli,gözəl Sofi günlərin birində «Afrika dəniz altında» filmində baş rola dəvət alır. O vaxtlar onu ancaq Sofi kimi tanıyırdılar. Filmin çəkilişləri zamanı filmin prodüseri : «Sən bu filmdə baş rolu oynayırsan. Ancaq familiyan xoşuma gəlmir. Şikolone çox kobud və vulqar səslənir», — deyərək ona yeni soyad götürməyi məsləhət görür. Və bu seçimdə özü də ona kömək edir. Bundan əvvəl ekranlaşdırdığı filmin baş rolunun ifaçısı— Marto Torenin adını xatırlayan prodüser Torenin üzərində dayanır. «Toren» soyadının təkrarlanmaması üçün bu soyadın baş hərfini dəyişməyi təklif edir. «T» hərfini əlifba sırası ilə başqa hərflərlə əvəzləyir. Nəhayət, «L» hərfi üzərində dayanır. Beləcə, «Sofi Loren» meydana çıxır.

Ardıcıl çəkildiyi filmlər onun bir o qədər də ürəyincə deyildi. Çünki filmlər əyləncəli idi. O isə dramatik aktrisa olmağı arzulayırdı. Lakin 1954-cü ildə rejissor Vittorio de Sikanın çəkdiyi «Neapol qızılı» filmindən sonra Sofiya özünün də gözləmədiyi məşhurluğu qazanır. Bu filmdən sonra o, Vittorionun istəkli aktrisası, Vittorio isə onun sevimli rejissoru olur.

«Mən ona hörmət edirdim, onu sevirdim. Bizim məhəbbətimiz 20 il davam elədi. Bu məhəbbət nəticəsində 14 film meydana gəldi», — deyirdi Sofi. Vittorio De Sika Sofinin yaradıcılığında müstəsna rol oynayıb. O nəinki Sofini kino ulduzu kimi kəşf eləyib, eləcə də onun sənət müəllimi olub. Vittorio bir sənətkar kimi başa düşürdü ki, yalnız gözəl qadın fakturası ilə kifayətlənmək olmaz. O, Sofi Lorenin ayrı xüsusiyyətlərini açmağa, yaradıcılıq imkanlarını üzə çıxarmağa çalışırdı. Və Sofiyə məsləhət görürdü ki, ekranda sadə italyan qadınlarının xarakterini canlandırsın.

Amerikada onu izləyən şöhrət və uğurlara baxmayaraq, vətən Sofini geri çağırır. Sonralar bunu etiraf edən Sofi deyir: «Mən özümü Amerikada rahat hiss etmirdim. Başa düşürdüm ki, mən öz vətənimə — İtaliyaya qayıtmalıyam».

Sofi tezliklə İtaliyaya geri dönür. Elə həmən il də prodüser Karlo Ponti ilə ailə qurur. Sofi Loren Karlo Pontini çoxlu sayda pərəstişkarı arasından seçir. Hər ikisinə xoşbəxtlik və uğur gətirən bu izdivac barədə adətən, belə deyirlər: "Öz xoşbəxt taleyinə görə təkcə Loren Pontiyə borclu deyil. Ponti özü Sofinin sayəsində məşhur prodüserə çevrildi".

Ailə həyatı Sofini nəinki sənətdən uzaqlaşdırır, əksinə, Ponti onun yaradıcılığına xüsusi qayğı və tələbkarlıqla yanaşır.
Sofi Loren ərini çox sevirdi və o, öz ailəsi üçün belə deyirdi: "Əgər mənə dünyanın ən yaxşı və ən vacib filmində çəkilməyi təklif etsəydilər, lakin bu film mənim şəxsi həyatıma — anama, həyat yoldaşıma ziyan gətirsəydi, mən qətiyyətlə etiraz edərdim. Çünki kino kinodur, həyat isə mənim həyatımdır!".

Sofi Lorenin həyat yoldaşı Karlo Ponti 94 yaşında ağciyərlərin xərçəngi səbəbi ilə dünyasını dəyişir. Hazırda 78 yaşında olmasına baxmayaraq, o, hələ də gözəlliyini qoruyub saxlaya bilib. Lorenin həyat yoldaşı vəfat etdikdən sonra ondan müsahibə alan jurnalist: «Yenidən ailə qurarsınızmı?»— sualını verir. Loren düşünmədən: «Başqa bir sevgi mümkün deyil», — deyə cavab verir.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN