Diorun Uğurlu Tarixi

0
2707
Diorun Uğurlu Tarixi

«Karyeram barədə danışmağa başlamazdan əvvəl böyük hərflərlə «UĞUR» sözünü yazmasam, naşükür olaram». Məşhur moda ustası Kristian Dior xatirələrindən danışarkən belə başlayır. 

1905-ci ildə kiçik bir əyalətdə dünyaya göz açan Kristian xoşbəxt uşaqlıq dövrü keçirib. O, tədris ilində Parisdə təhsil alır, yay tətillərini isə Normandiyada keçirirdi. Onun gələcək karyerasından xəbər verən yeganə işarət,Kristianın hələ kiçik yaşlarından vətəni Qranvildə keçirilən karnavallar üçün kostyumları özünün hazırlaması idi. Parisdə olarkən,o bütün asudə vaxtlarını muzey və qalereyalarda keçirirdi.

Ailəsinin istəyi ilə politologiya üzrə təhsil aldıqdan sonra Kristian Dior yenidən bütün vaxtını öz sevimli məşğuliyyətinə həsr edir. Dostu Jak Banjan ilə birgə kiçik qalereya açır. 1931-ci ildə Diorun başı üzərini qara buludlar alır. Əvvəlcə xərçəng xəstəliyindən əziyyət çəkən anası dünyasını dəyişir, sonra atasının şirkəti iflasa uğrayır. Həyatın Kristiana vurduğu növbəti zərbə isə onun vərəm xəstəliyinə yoluxması və bu üzdən qalereyadan uzaqlaşması olur. Xəstəliyinə görə ətrafdakılardan təcrid olunmaq məcburiyyətində qalan Dior başını qatmaq üçün dizayna başlayır. Dostu isə onun çəkdiyi eskizləri moda aləminin məşhur nümayəndələrinə göstərirdi. 1938-ci ildə Dior bu sahədə ilk uğurlu addımını atır. O, Robber Pijenin Moda Evində işləməyə başlayır.

Dior II Dünya Müharibəsi zamanı cəbhəyə yola düşəndə isə,onun yerini başqa adam tutur. Bu dahi insanın tərcümeyi-halını vərəqləyərkən onun dəyanətinə, nikbinliyinə və hər şeyə yenidən başlaya bilmək bacarığına təəccüblənməyə bilmirsən. Bir neçə xoşagəlməz olaylara baxmayaraq, Diorun 7 ildən sonra yenidən moda dünyasına möhtəşəm qayıdışı baş tutur. Dostlarının məsləhəti ilə Fransanın tanınmış moda jurnallarına rəsmlər çəkən Kristian tezliklə populyarlıq qazanmağa başlayır. O, bir neçə il Lyusen Lelonq və Pyer Balman ilə əməkdaşlıq edir. 1946-cı ildə isə bəxti onun üzünə gülür. Belə ki, Dior Marsel Bussakla rastlaşır və o, gənc rəssamı yeni bərpa olunmuş «Filipp Qaston» Moda Evinin direktoru vəzifəsinə dəvət edir. 1946-cı ildə Kristian Marsel Busakın maliyyə dəstəyi ilə öz şəxsi moda evini açmağa müvəffəq olur.

Onun 1947- ci ildə ilk dəfə nümayiş olunmuş kolleksiyası,Diora başgicəlləndirici uğur qazandırır. Müharibədən sonra hamının əsgər obrazında görməyə alışdığı qadınların zolaqlı,enli ətəklərdən istifadə etməsi,cəmiyyətdə əsil rezonans doğurur. Onun ilk kolleksiyasına daxil olan ətəklərdə əsas diqqəti çəkən məqam büzülmüş incə bel, kiçik çiyinlər, düz və həddindən artıq enli ətəklər idi. Bu yeniliyin qısa ətəklər və kvadrat pencək geyinməyə alışmış qadınlar tərəfindən birmənalı qarşılanmayacağından ehtiyat edilsə də, gözlənilənlərin tam əksi baş verir. Yoxsulluq və qadağalar içərisində yaşamaqdan bezmiş Parisin cazibədar xanımları bu kolleksiyanı böyük məmnuniyyətlə qəbul edirlər. Amma döyüşü udmaq hələ müharibədə qalib gəlmək demək deyildi. Dior yalnız birinci qələbəsini qazanmışdı. Uğurlu karyera üçün isə bu uğurun ardı gəlməli idi. Dior üçün vacib olan belə bir həlledici məqamda Amerikadakı Puritan kilsəsi ona qarşı etiraz aksiyalarına başlayır. «Ölkədə həyatın hələ tam bərpa olunmadığı, hakimiyyətin bir-birinin ardınca dəyişdiyi bir vaxtda o, ölkəni belə bər-bəzəyə qərq etməyə necə cəsarəti çatır?» – deyə, puritanlar ayağa qalxır. Hətta Parisdə əvvəlki qısa ətəkləri müdafiə etmək üçün xüsusi klub da yaradılır. Dior qadınları pis görkəmə salmaqda günahlandırılırdı. 

Uzun illərdən sonra Diorun adı eleqantlığın və gözəlliyin etalonu kimi səslənməyə başlayanda onu daha çox günahlandırırdılar. Puritanlar ona qarşı yürütdükləri ittihamlarını belə izah edirdilər. Dior isə düzgün yolda olduğunu isbat etməkdən yorulmurdu: «Sonuncu səhifədə barəndə iki kəlmə tərif yazılmaqdansa, birinci səhifədə söyülməyin yaxşıdır. Qadınlar hiss edirlər ki, mən onların təkcə gözəl deyil, həm də xoşbəxt görünmələri üçün çalışıram». Təsadüfi deyil ki, 1947-ci ildə Dior yüksək Moda Oskarı ilə təltif olunur. 1947-ci ildən 1957-ci ilədək Kristian Dior hər il iki müxtəlif kolleksiya ilə ictimaiyyət qarşısına çıxırdı. Qadınlar hər dəfə «Çiçək tacı», «Siklon», «Şaquli», «Tülpan» kimi yeni obrazları görmək arzusu ilə nümayişə gəlirdilər. Burada hansı sürprizlərlə qarşılaşacaqlarından isə həmişə xəbərsiz olurdular. Kolleksiyaya daxil edilmiş hər bir paltarın öz adı olurdu. Bu geyimlərdə Parisin teatrı, operaları, ədəbiyyat və muzeyləri, hətta çiçəklərin də hər hansı bir xüsusiyyəti öz əksini tapa bilərdi. Bəzən obrazın mövzusu heç kimin görmədiyi sehrli aləm olardı. Bu sahədə özünü lazımınca sınadıqdan sonra Kristian Dior moda evində müxtəlif dərilərdən hazırlanmış xəz şöbəsi və «Dior ətirləri» şirkəti yaratmaq qərarına gəlir. Dior hesab edirdi ki, ətir hər bir şəxsi tamamlayan və onun geyiminin son akkordunu vuran vasitədir. 

Kristian Diorun bu sahədə ilk kəşfi «Miss Dior» olur. Bunun ardınca siyahıya «Diorama» və «Diorissimo» adları əlavə olunur. Amma bunlar Kristian Dioru qane etmirdi. O, daha böyük ixtiralara can atırdı. Tezliklə onun şirkəti qalstuk, korset, əlcək, çanta və zinət əşyaları istehsal etməyə başlayır.

1953-cü ildə isə Dior ABŞ-ın tanınımış ayaqqabı ustası Roje Vivye ilə tanış olur. Bundan sonra Diorun kolleksiyalarına daxil olan obrazları onun ayaqqabıları tamamlamağa başlayır. Beləliklə, 50-ci illərin ortalarında Dior böyük bir imperiyaya rəhbərlik etməyə başlayır. O, müsahibələrinin birində bildirir ki, sənəti həyatda onu hövsələdən çıxara biləcək hər bir şeyə qarşı mübarizə aparmaq üçün yararlı vasitədir. Onun varisləri hesab edir ki, Diorun nə zamansa söylədiyi bu fikir onun davranışının əsas xəttini təşkil edirdi. 

Kommersiya sahəsində uğur qazanmaqla yanaşı, Dior həm də ictimaiyyətin hörmətini və sevgisini əldə edir. 1950-ci ildə qədirbilən xalqı Kristian Dioru Fəxri Legion ordeni ilə təltif edir. İngiltərə şahzadəsi öz kolleksiyasını nümayiş etdirmək üçün onu Londona dəvət edir. Dior belə bir təklifi Yunanıstandan da alır. Kolleksiyanın nümayişi Blenheym sarayında şahzadə Marqaret başda olmaqla,Böyük Britaniyanın aristokrat ailələri və onların nüfuzlu qonaqları qarşısında baş tutur.

Kristian Dior təkcə modaya deyil, kino sahəsinə də böyük töhfələrini verib. Onun moda evi «Sevgi məktubları» (Kloda Otan- Lara), «Susmaq qızıldır» (Rene Klera) kimi məşhur filmlərin qəhrəmanları üçün kostyumlar tikirdi. Marlen Ditrix, Ava Qardner, Oliviya de Hevilend kimi tanınmış aktyorlar tez-tez ona müraciət edərdilər. Amma Kristian Dior kinomatoqrafiyadan çox moda sahəsində çalışmaqdan zövq alırdı. Diorun fikrincə,ekrandakı obraz heç vaxt tamamlanmış olmur. Odur ki, o çox zaman kinokompaniyalardan gələn təkliflərdən müxtəlif bəhanələrlə imtina etməyə çalışırdı. Amma bu böyük sənətkar Marsel Aşarın «Paris valsı» filmindəki işini uğurlu adlandırıb. O, bu filmdə III Napoleon obrazını yaradıb.

Kristian Diorun bacarıqlarından biri də onda pedaqoji qabiliyyətin olması idi. O,ilk baxışdan gənc modelyerlərin işinə qiymət verməyi bacarırdı. Dior bütün səyi ilə istedadlı gəncləri öz moda evinə cəlb etməyə çalışırdı. Burada modanın sirlərinə yiyələnənlər arasında Pyer Karden, Jan Lui Şerrer, Frederik Kaste kimi istedadlar var idi. Dior onlara sənətin zirvəsinə yüksəlməyin yollarını öyrədirdi. Təsadüfi deyil ki, Frederik Kasten artıq 24 yaşında şəxsi atelyesini açmışdı. 1955-ci ildə İv Sen-Loran Kristian Diorun moda evinə gələndə, o, bu gəncin qeyri-adi istedada malik olmasını görmüş və onu öz himayəsinə götürmüşdü. Təsadüfi deyil ki, bir ildən sonra Sen-Loranın «Trapesiya» adlı kolleksiyası böyük maraqla qarşılanır. Çox təəssüf ki, bu cür fitri-istedada malik insanın həyatı o qədər də uzun olmayıb. Kristian Diorun 1957-ci ildə İtaliyada 52 yaşında ürək tutmasından dünyasını dəyişib.

Bu gün Kristian Diorun adı təkcə məşhur modelyer kimi deyil, həm də 70 min nəfərdən artıq işçi ştatı olan bir şirkət kimi səslənir. O, sözün əsl mənasında bütün qəlbi ilə modaya bağlı insan idi. Dior bu sahəyə o qədər can yandırırdı ki, ölümünə qısa vaxt qalmış yüksək moda barədə nəzəri araşdırmalar aparırdı. Kristian Diorun moda ilə məşğul olduğu vaxt ərzində gəldiyi qənaət belə idi: «Yüksək modanın yaranmasında iki vacibli amil rol oynayıb. Birincisi, bu sənətlə vicdanlı insanlar məşğul olub. İkincisi, bu sahə hər zaman yeniliyin tərəfdarıdır. Gələcəkdə dünya modasının inkişafına məhz Parisin yüksək modası təkan verəcək. İllər ötəcək mətbuat, radio, kino və televiziya onun inkişafını bir qədər də sürətləndirəcək. Bundan sonra modanın miqrasiyası baş tutacaq. Nəticə öz imkanları çərçivəsində hər kəs moda ilə ayaqlaşmağa başlayacaq». 

Yüksək modanın digər məşhur yaradıcılarının adları stil sözü ilə yanaşı səsləndiyi halda, Dior moda magiyasının ifadəsi idi. «Dior» moda evi milyonlarla qadınların qəlbinə yol tapıb. Bu əfsanəvi modelyerin irsi bugün də onun yetirmələri tərəfindən qorunub saxlanılır. Onun ənənələri, modaya baxış tərzi, yeni nə varsa hamısını sınaqdan keçirmək riski bu gün də yaşadılır. İv Sen-Lorandan sonra «Dior» moda evinə rəhbərlik etməyə başlayan Mark Boan öz yaradıcılığını Kristianın ənənələri əsasında inkişaf etdirir. 1989-cu ildə şirkətin sahibinə çevrilən Berner Arno(Bernard Arnault) isə yaradıcılıq işlərini Canfranko Ferreyə həvalə etdi. İtaliyalı modelyer bu işi sonadək eleqantlıq və mükəmməlik etalonunun ruhunda davam etdirdi.
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN