Dişlənmiş Alma Möcüzəsi Və Ya Stiv Cobsun Qüdrəti

0
5717
Dişlənmiş Alma Möcüzəsi Və Ya Stiv Cobsun Qüdrəti

Onun adı  “Forbes”in siyahısında sonuncu dəfə 2011-ci ildə 39-cu sırada göründü.Vaxtilə qarajda yaradılan şirkətinin gəliri 2012-ci ildə 156,508 milyard dollar təşkil edib.

Bir zamanlar yemək almaq üçün “Coca-Cola” şüşələrini satan, döşəmədə yatan bu şəxsə tanrı şöhrət, pul bəxş etsə də,əvəzində bol-bol da əzab verib. Söhbət “Samsung Electronics”dən sonra  dünyanın ən böyük texnologiya şirkətinin yaradıcılarından biri Stiv Cobsdan gedir.  
 
Atası müsəlman imiş
Stiv Paul Cobs Suriya əsilli  Əbdulfəttah Candali və amerikalı Coan Şiblenin oğludur,  1955-ci ildə dünyaya gəlib. Əbdulfəttah və Coan  bu zaman sadəcə sevgili imişlər. Həmin vaxt ABŞ-da nikahdankənar dünyaya gəlmiş övlad valideynlər üçün rüsvayçılıq sayıldığından onu uşaq evinə vermək məcburiyyətində qalırlar. Tək istəkləri oğullarının zəngin ailəyə övladlığa verilməsi idi. Düşünürdülər ki, bununla da o, gələcəkdə yaxşı  təhsil ala bilər. Eyni zamanda, ailənin özünün də savadlı olması bu şərtlərə daxil idi. Nəhayət, belə bir ailə tapıldı. Lakin bu zəngin ailə qız uşağı istəyirdi. Buna görə də Stiv  övladlığa götürüldükdən 1 həftə sonra onu yenidən uşaq evinə qaytardılar.
 
Bundan sonra Stiv uzun zamandan bəri uşaq sahibi olmağı arzulayan, lakin maddi vəziyyətləri çox da yaxşı olmayan Paul və Clara Cobs cütlüyünə verilir. Stivin doğma anası buna qarşı çıxsa da, yeni ailə uşağı nəyin  bahasına olur-olsun, oxutduracağına söz verir. Beləliklə, tərəflər arasında sənədlər imzalanır və Stiv yeni ailəsi ilə birgə San Fransiskoda yaşamağa başlayır.
 
Uşaqlığı
Olduqca gözəl  uşaqlıq keçirir.  Ailəsi maddi vəziyyətləri imkan verdiyi qədər onun hər istəyini yerinə yetirməyə çalışır.  Hər zaman  Stivə  dəstək olurlar. Hətta kiçik yaşlarından ona övladlıq olduğunu bildirirlər. Stiv üçün bu fakt o qədər adiləşir ki, ətrafdakılar ona sual verəndə “əhəmiyyətli olan gerçək ana və atanın yanında yaşamaq deyil, isti ailə mühitində yaşamaqdır” deyə cavab verir. O,  yalnız 27 yaşında  bioloji valideynlərini axtarıb tapır. Bu zaman öyrənir ki, cütlük onun  övladlığa verilməsindən sonra ailə həyatı qurub. Stivin atası Əbdülfəttah artıq  politologiya üzrə professor elmi dərcəsinədək yüksəlmişdi. Anası Cuan  isə loqoped idi. Artıq, onların Mona adlı qızı da vardı. Yeri gəlmişkən, Mona sonralar ABŞ-ın ən populyar yazıçılarından biri olacaqdı. Stiv ömrünün sonunadək  onunla dostluq edir. Anası ilə bir neçə dəfə görüşsə də, ömrünün axırına kimi atasını görmür.
 
“Yemək almaq üçün “Cola” şüşələrini satırdım”
Stiv Cobs  olduqca hiperaktiv uşaq idi. Davamlı sual verir, dərslərini yaxşı oxuyurdu. Stiv dərslər xaricində xüsusilə elektrotexnikaya  maraq  göstərirdi. Bu maraq ona bir az da atasından keçmişdi. Belə ki, Paul Cobs  işindən əlavə ailəsinin yaşayışını yaxşılaşdırmaq  üçün köhnə məişət texnikasını təmir edib satırdı. Bəzən Stiv də atasına kömək edirdi. Lakin zamanla o elə əsl marağının da elektrotexnikaya istiqamətləndiyini anlayır. Buna görə yoldaşlarıyla tez-tez qarajlarda toplaşıb elektron alətləri araşdırır və özləri üçün kiçik “layihələr” işləyirdilər.
 
Stiv 17 yaşında  Homestead High Schooldan məzun olduqdan sonra  Portland Oregondakı “Reed Collegey”ə müraciət edir.  Lakin tezliklə başa düşür ki, ailəsinin bütün büdcəsini özü və məktəbi üçün xərcləyir və bunun üçün də universiteti tərk edir: “Sadəlövhlüklə “Reed Collegey” kimi bahalı kolleci seçmişdim. Altı aydan sonra təhsil almağın bir mənasının olmadığını gördüm. Nə istədiyimi bilmirdim. Valideynlərimin ömrü boyu topladıqları pulu xərcləyirdim. Bu səbəbdən kolleci atıb hər şeyin yaxşı olacağına inanmağa qərar verdim. İndi arxaya baxanda başa düşürəm ki, bu, mənim həyatımda ən yaxşı qərar olub. Hər şey elə də romantik deyildi. Yataqxanada otağım yox idi. Bu səbəbdən də dostlarımın otağında döşəmədə yatırdım. Yemək almaq üçün “Cola” şüşələrini 5 sentə satırdım. Hər bazar günü bütün şəhəri dolaşaraq pulsuz və normal yemək yemək üçün krişnaidlərin məbədinə gedirdim”.
 
Qarajda şirkət yaradır
Cobsun iş həyatı adaşı Stive Voznyakla tanışlıqla başlayır.1976-cı ildə iki ortaq olaraq Cobs ailəsinin qarajında “Apple” şirkətini qururlar. İlk istehsalları da “Apple” adında bir stolüstü kompüter olur. Düzdür, bu kompüterdə xəyal etdikləri müvəffəqiyyətə çata bilmirlər. Amma özlərini qiymətləndirmə fürsəti, doğruları və səhvləri görmə imkanı qazanırlar: “Bəxtim gətirmişdi. Xoşladığım işi çox tez tapmışdım – 20 yaşında. Uoz və mən “Apple”nin bünövrəsini valideynlərimin qarajında qoyduq. 10 il sonra “Apple” 2 milyard dollar kapitalı, 4000 işçisi olan şirkətə çevrildi”.
 
Kompüterin istehsalı və proqramlaşdırma kimi məsələlərlə Stiv Voznyak maraqlanır. Satış, satışa çıxarma işlərini Stiv Cobs icra edirdi. 1977-ci ildə “Apple 2” bazara təqdim edilir. Bu kompüter sayəsində “Apple” şirkəti  məşhurlaşır, 1980-ci ilin əvvəlində şirkət hissələrini xalqa açıq elan edir. Şirkət ilk əvvəllər yaxşı satış rəqəmləri nümayiş etdirsə də, ən böyük rəqibi olan IBM-in də eyni vaxtda bənzər xüsusiyyətlərə sahib  PC-i bazara çıxarması ilə “Macintosh”un satış rəqəmlərində ciddi itkilər qeydə alınır. Ağır zərbə alan “Apple” həll yolu  kimi şirkətin rəhbərliyinə  təcrübəli, peşəkar bir idarəçinin gətirilməsinə qərar verir. Uzun müzakirələrdən sonra “Coca Cola” şirkətindən təcrübəli idarəçi transfer olunur. Lakin bu dəfə də şirkət daxilində anlaşılmazlıqlar və qütbləşmələr meydana gəlməyə başlayır. Stiv  Cobs  əksər qərarlara qarşı çıxır və öz qərarlarının tətbiq olunmasını tələb edir. Nəticədə, şirkət yenidən güc itirməyə və səhv strategiyalar yürütməyə başlayır. İdarə heyəti problemdən çıxış yolunu  Stiv Cobsu  öz qurduğu şirkətindən xaric etməkdə görür. Bu, iş adamına o qədər pis təsir edir ki yalnız 1 səhm xaric “Apple” şirkətinin  əlindəki bütün  hissələrini satır: “Bir neçə ay nə etməli olduğumu bilmədim. Keçmiş nəsil iş adamlarını aldatdığımı, estafet çubuğunu mənə verirkən onu əlimdən saldığımı düşünürdüm. Bu, açıq-aşkar uğursuzluq idi, hətta  harasa uzağa qaçmaq istəyirdim. Amma gördüyüm işi hələ də sevirdim. Hər şeyi yenidən başlamağı qərara aldım”.
 
Beləcə, Cobs  vaxt itirmədən “NeXT” adında yeni bir kompüter şirkətini qurur və çox güclü kompüterlər istehsal etməyə başlayır. 1986-cı ildə də Eduin Catmull ilə birgə  özünə əhəmiyyətli bir müvəffəqiyyət və maddi güc təmin edəcək “Pixar” adında animasiya şirkətini yaradır.  Stiv “Apple”nin marağını  üzərinə  çəkməyi bacarır.  1996-cı ildə “NeXT” şirkəti  “Apple” tərəfindən 402 milyon dollara satın alınır.  Stiv Cobs təkrar öz şirkətinə geri qayıdır: “O vaxt düşündüm ki, “Apple”dən işdən çıxarılmağım mənimlə bağlı baş verən ən yaxşı hadisə idi. Əminəm ki,”Apple”dən azad edilməsəydim, nə “NeXT”, nə də “Pixar” olacaqdı. Dərman acı idi, lakin o, xəstəyə kömək etdi... Bəzən həyat sizin başınızdan kərpiclə vurur. İnamınızı itirməyin”.
 
1996-cı ildən sonra daha da güclənən “Apple” şirkəti yeni məhsul və proqramlarıyla hər keçən gün daha müvəffəqiyyətli layihələr reallaşdırır.  2000-ci ildən sonra “iPod”, “iPhone” və “iPad” kimi texnologiya məhsulları ilə  bütün dünyada satış rekordları qırır. Bazara çıxacaq hər “Apple” məhsulunun ilk təqdimatını isə Stiv Cobs edir. Yeri gəlmişkən, “Apple” korporasiyasının uğurları artdıqdan sonra aksionerlər Stivə dəyəri 43,5 milyon dollar olan “Gulfstream” reaktiv təyyarəsini hədiyyə verirlər.
 
Nəyə görə şirkət məhz “Apple” adlandırılıb?
Bu sualın iki cavab versiyası var. İlk olaraq şirkətin qurucuları Stiv Cobs və Stiv Voznyakın bu adı birgə fikirləşdikləri ehtimal edilir. Deyilənə görə, yeni qurduqları şirkətə ad fikirləşərkən Stiv Cobs meyvə qabından alma götürərək dişləyib. Bundan sonra Vaznyak “bu, ideyadır!” deyərək şirkətin adını “Apple” qoymağı təklif edib. Digər ehtimala görə isə, onların ilk dəfə kompüterlə işlədikləri qarajın yaxınlığında alma bağı yerləşirmiş. “Apple” ideyası da elə buradan gəlib.
 
Qeyri-adi şəxsi həyat
Cobs 1991-ci il martın 18-də özündən doqquz yaş kiçik Lorin Pauellə ailə həyatı qurub. İş adamının Lorinlə tanışlığı isə çox maraqlı olub. Stiv universitetdə məruzə ilə çıxış edərkən Lorini görüb. Qız xoşuna gəlir və mühazirədən sonra Stiv yaxınlaşıb onu nahara dəvət edir. Amma Lorin planlaşdırılmış işgüzar görüşünün olduğunu bildirir. Maşınına doğru istiqamət alan Stiv özündən soruşur: “Əgər bu gün həyatımın son günü olsaydı, nə edərdim?” Bundan sonra göz qırpımında auditoriyaya qayıdır, Lorini tapır və özü ilə aparır. Həmin vaxtdan onların sevgi tarixçəsi başlayır. Cütlüyün toyu buddist adət-ənənələri ilə keçirilir. Toyu dzen (buddizm cərəyanıdır – red.) monaxı, o zaman Cobsun özünə müəllim saydığı Kobun Çino Otoqava təşkil edir. Stiv Cobsun Lorin Pauellə nikahından oğlu Rid, qızları Erin və Yeva dünyaya gəlir.
 
Rəssam Kris-Enn Brennandan isə milyarderin qız övladı Liza doğulub. Vaxtilə özü övladlığa verilən Stiv uzun müddət qızını rəsmən qəbul etməyib. Bu da onun dostlarının həmişə təəccübünə səbəb olub. Bununla yanaşı, Stivin komandası yeni hazırladıqları kompüterin adını “Liza” qoyub.
 
Ölümü
Sitv Cobs 2011-ci ildə mədə xərçəngindən vəfat edib. O,  xəstəliklə 7 il mübarizə aparıb. Özü bu haqda belə yazırdı: “17 yaşında olarkən bir sitat oxudum: “Siz hər günü həyatınızın sonuncu günü kimi yaşayırsınızsa, nə vaxtsa haqlı olacaqsınız”. Bu sitat mənə təsir etdi. O vaxtdan, artıq 33 ildir, hər gün güzgüyə baxanda özümdən soruşuram: “Əgər bu gün həyatımın son günü olsaydı, edəcəyimi etmək istərdimmi?” Cavab “yox” olduğu zaman mən nəyisə dəyişmək lazım olduğunu düşünürdüm. Ölüm haqqında bilmək nəyisə itirəcəyiniz haqqında fikirlərdən xilas olmaq üçün ən yaxşı vasitədir.
 
Nəzərə çatdıraq ki, ömrünün son günlərinədək Stiv Cobs boğazlı, qara “St. Croix” köynəyi, göy “Levi’s 501” cinsi və “New Balance 991” krossovkaları geyinirdi. O, ət yeməklərindən imtina emişdi, daha çox balıqla qidalanırdı. Stiv Cobs 2006-cı il istehsalı olan gümüşü rəngli “Mercedes SL 55 AMG” avtomobili sürürdü. Dövlət nömrə nişanı yerinə avtomobildə ştrix-kod əks olunmuşdu...
 
Stiv Cobsla bağlı maraqlı fakt onun övladlarına mobil cihazları qadağan etməsidir. “Apple” şirkətinə rəhbərlik etdiyi müddətdə o, öz uşaqlarına “iPad” və “iPhone”larla “çox oturmağı” qadağan etdiyini bildirirdi. Bu fakt da “The New York Times” qəzetinin jurnalisti Nik Biltonun müsahibə zamanı ona  “yəqin, sizin uşaqlarınız “iPad” dəlisidirlər” sualını verməsiylə ortaya çıxmışdı. Stiv Cobs həmin suala belə cavab vermişdi: “Onlar, demək olar ki, “iPad”dən istifadə etmirlər. Evdə biz uşaqların “iPad” ilə keçirdiyi vaxtı məhdudlaşdırırıq”.
 
Yeri gəlmişkən, jurnalist etiraf edir ki, iş adamının bu cavabı onu  heyrətə salıb. Çünki o, Cobsun evinin nəhəng sensor ekranlarla dolu olduğunu, qonaqlara isə şirniyyat əvəzinə “iPad” payladığını düşünürdü.
 
 

ŞƏRH YAZIN