Varlı İnsanların Əməl Etdiyi Prinsiplər

0
3283
Varlı İnsanların Əməl Etdiyi Prinsiplər

Onun adı tarixə 1997-ci ildə avtomobil qəzasında həlak olan şahzadənin sevgilisinin atası kimi düşüb. Milyardlarını necə qazandığı hər kəsə sirdir. Misirli müəllimin övladı kimi dünyaya gəlib, kral ailəsi ilə qohumluğa qədər yüksəlib. Haqqında “o, Dubayı tikdi, Britaniyanı böhrandan qurtardı. Amma Britaniya onu qəbul etmədi” deyə bəhs edirlər.  Söhbət dünyanın ən ziddiyyətli maqnatlarından olan  Məhəmməd əl-Fayeddən gedir.

Küçədə limonad satan professor oğlu

Məhəmməd əl-Fayed 1933-cü ildə Misirdə kasıb ailədə anadan olub. Uşaqlığı, ailəsi haqqında məlumat yoxdur. Sadəcə, o bəllidir ki, atası Misirin ən qədim universiteti olan Əl-Əzhərin professoru olub. Biznesə məktəbdə oxuduğu illərdə limon alıb suyundan düzəltdiyi limonadı satmaqla başlayıb. Təhsilini xaricdə alıb. Dediyinə görə, gələcəyini Misirdə görmədiyindən, oxumaq üçün xaricə üz tutub: “Öz gələcəyimi Misirdə görmürdüm, çünki hakimiyyət ailəmizin hər şeyini əlindən almışdı. Bu halda insan doğma vətənində özünü azad hiss edə bilməz. Misir təhsil sistemindən tamamilə uzaqlaşmaq üçün xarici təhsil müəssisəsinə, daha sonra isə atamın istəyilə universitetə daxil oldum. Ancaq bir il təhsil aldıqdan sonra başa düşdüm ki, bu, zaman itkisidir. Azad olmaq və öz işimi qurmaq istəyirdim”.

Fayedin limonaddan sonra ikinici biznesi qardaşı ilə birgə qurduğu  "Genavco" gəmiçilik şirkəti olur. Sonradan şirkətin mərkəzini Londona köçürür. Qardaşlar İsgəndəriyyə-Dubay arasında yük daşımaları həyata keçirməyə başlayırlar. Məhəmməd 1960-cı ilin ortalarında Dubay əmiri Raşid əl Mahmudla tanış olur. Şeyx Fayedə Dubay limanının genişləndirilməsi layihəsini həvalə edir. Tikinti işlərini reallaşdırmaq məqsədilə o, Britaniya şirkətlərini – “Richard Costain” (şirkətin səhmlərinin 30 faizi onun əlində idi), “Bernard Sunley” və “Taylor Woodrow”u dəvət edir. Dubayın iri tikinti layihələrini Britaniya şirkətlərinin icra etməsi nəticəsində bu ölkənin büdcəsinə 8 milyard gəlir daxil olur. 1964-cü ildə əl-Fayed Haitinin diktatoru Fransua Düvalye ilə yaxınlaşır. Deyilənə görə, o, burada neft emalı zavodu inşa etmək istəyirmiş, lakin il yarım sonra fikrini dəyişir. 1966-cı ildə Bruney sultanının iqtisadi məsələlər üzrə müavini işləyir. 1975-c ildə mədən şirkəti olan “Lonho”nun direktorlar şurasına daxil olur. 1979-cu ildə artıq o, Fransada “Ritz” hotelini alır.

Hotelin yenidən qurulmasına 500 min dollar xərcləyir. 1984-cü ildə qardaşları ilə birlikdə “House of Fraser” şirkətinin səhmlərinin 30 faizini əldə edir. 1985-ci ildə isə  “Harrods” ticarət mərkəzinin daxil olduğu bu şirkəti tamamilə ələ keçirir. İş adamı 615 milyon sterlinq (922 milyon dollar) ödəyərək ticarət mərkəzini satın alır. Limonad satmaqla yola çıxan əl-Fayed tez zamanda varlanmasına belə şərh verir: “Səbrli insanam və bu xüsusiyyətim sayəsində cəmi yarım il sonra milyonçu oldum. Mənim üçün uduzmaq problem deyil. Başladığım işin nəticəsi yaxşı olmayanda belə, bədbinliyə qapılmıram”.

Müəmmalı milyonlar...

Britaniya mətbuatı illərlə onun sərvətinin qaynağını araşdırır və müxtəlif versiyalar irəli sürür. Bütün vurğular isə Fayedin “Harrods”u necə əldə etməsinə düşür. Çünki “Harrods” sıradan ticarət mərkəzi deyil. 1834-cü ildə kiçik baqqal dükanı kimi açılan, sonradan krallığın ən böyük ticarət mərkəzinə çevrilən bu obyekti hər gün 35 min nəfər ziyarət edir. Müştərilərinin 26 faizi isə Londona gələn xaricilərdir. Ticarət Mərkəzində qidadan tutmuş, ən lüks geyim markalarına, ləl-cəvahirata qədər hər gün orta hesabla 300 min mal satılır. Məhz İngiltərədə belə bir böyük obyekti almaq heç də asan deyil.

Əvvəla, birjada 10 faiz səhmin olmalıdır. İkincisi, digər hissədarlara yüksək qiymət təklif edib onların əlindəki hissələri almalısan ki, şirkət tamamilə sənin olsun. Lakin bunun üçün eyni zamanda, Ticarət Nazirliyi ilə Rəqabət Komissiyasının icazəsi də lazımdır. Yazılanlara görə, İngiltərə iqtisadiyyatında illərlə fəaliyyət göstərən iş adamlarının əksəriyyəti Londonun simvolu olan bu ticarət mərkəzini almağa təşəbbüs ediblər. Amma “Harrods” zəlzələdən, yoxsa vəlvələdən misirli əl-Fayedə qismət olub. Özü isə bunu belə əsaslandırır: “Bəli, mənim pulum yox idi... Amma İsveçrənin bir bankı ilə razılaşdım. Bankdan 800 milyon dollar körpü krediti aldım. “Harrods”'u aldıqdan sonra hissələri təminat olaraq banka verdim. Sonra da çarx özbaşına  fırlanmağa başladı...”.

Maraqlıdır ki, əl-Fayedin çarxı çox sürətlə fırlanır. Belə ki, o, “Harrods”u aldıqdan sonra daha 500 milyon dollarlıq investisiya qoyuluşunu reallaşdırır. Parisdə “Ritz Hotel”i, İngiltərənin məşhur futbol klubu "Fullham”ı satın alır. Eləcə də, kral olmaqdan imtina edən Vindsor şahzadəsinin qəsrinə 40 milyon dollar sayır.

Başqa tərəfdən, iddialara görə, “Harrods”'u almaqda ona Londondakı “Dochester Otel”in sahibi Bruney Sultanı kömək edir. Bəziləri isə əl-Fayedin oteli almağa ödədiyi pulun qaynağı kimi Dubay əmirini göstərirlər. Sənədləşmə işlərində vasitəçi kimi də Marqaret Tetçerin adını hallandırırlar. 

Bütün bunlarla yanaşı, Məhəmməd əl-Fayed illərlə Britaniya vətəndaşlığını ala bilmir. 2003-2005-ci illərdə İsveçrədə yaşayır. Bundan sonra yenidən Böyük Britaniyaya qayıdır. 2010-cu ildə “Harrods”'u, 2013-cü ildə isə furbol klubunu satır. Yazılanlara görə, milyarder ticarət mərkəzini “Qətər Holdinq”ə 1,5 milyard funt-sterlinqə (2,2 milyard dollara) satır. Bununla belə 2013-cü ildə Fayedin sərvəti 1,4 milyard dollar həcmində qiymətləndirilib.

“40 ildir arzularımın qadını ilə evliyəm”

Milyarderin birinci evliliyi Samirə Haşoqqi ilə olub. 20 yaşında ailə quran cütlük sonradan ayrılıb. Qeyd etmək yerinə düşərdi ki, Fayedin birinci evliliyi haqqında məlumatlar qapalıdır. Şayiələrə görə, Samirə Haşoqqi Səudiyyə Ərəbistanından olan silah alverçisinin qızıydı. Məhz zadəgan titulu olan "əl" də ona arvadından keçib. Fayedin bu evlilikdən bircə övladı –Dodi dünyaya gəlib. İş adamı həyat yoldaşından ayrıldıqdan sonra oğlunu təkbaşına böyüdüb.

“İlk həyat yoldaşımla ayrılandan sonra Dodi mənimlə yaşadı. Hətta 14 yaşı olana qədər biz eyni çarpayıda yatırdıq”, -o, bu haqda deyir.

Məhəmməd ikinci dəfə 1985-ci ildə keçmiş model Xayni Uotenlə evlənib. Evliliyindən razılıqla söz açan Fayed deyir: “40 ildir arzularımın qadını ilə evliyəm. Onunla tanışlığıma gəlincə, “Bondiana”nın prodüseri Albert Brokkoliyə söz verdim ki, Bondun qadın partnoyurunun tapılması işini mənə tapşırsa, bu işə kapital qoyacam. Beləliklə də bu rola iddia edən bir neçə xanımla müsahibə üçün Skandinaviyaya yola düşdüm. Helsinkidə keçirilən kastinqdə qızlardan biri həqiqətən superagentin tərəf müqabili olmağa layiq idi. O, məni öz gözəlliyi ilə heyran etdi”.

Qeyd edək ki, bu evlilikdən milyarderin dörd övladı var.

Son zərbə...

Bütün xidmətlərinə baxmayaraq, ingilislər heç vaxt əl-Fayedi qəbul etmədilər. Hətta sonda Haşoqqilərlə bir zamanlar qohumluğunu bəhanə gətirib onu Britaniyada yaşamaq hüququndan da məhrum etdilər. Bundan qəzəblənən Fayed isə rüşvət verdiyi nazirlərin adını açıqlayır. Lakin 3 il sonra daha ağır zərbə alır. Böyük oğlu Doddi və şahzadə Diana ona məxsus hoteldən gedərkən qəzaya uğradılır. O, oğlunun ölümündə Britaniya krallığını, şəxsən Edinburq hersoqunu ittiham eti. Hətta acığından "Harrods" üzərində olan kral gerblərini çıxartdırdı. 2010-cu ildən isə Britaniyadakı investisiyalarını satır.

Hazırda maqnat öz villasına çəkilib nəvələri ilə xoş, sakit günlər yaşayır. Hələlik onun adı hansısa investisiya qoyuluşunda hallanmır...

 

Leyla Əliyeva

ŞƏRH YAZIN