Uşağım öyrənməkdə çətinlik çəkir

0
2022
Uşağım öyrənməkdə çətinlik çəkir

Bəşər tarixinə  baxdığımız zaman insanların inkişafının onların öyrənmə qabiliyyətləri ilə sıx əlaqəli olduğunu görə bilərik. Müasir informasiya cəmiyyətində artıq çoxlu məlumatın yadda saxlanılmasına baxılmır. Çünki ətrafdakı informasiya bolluğunda beynin bütün bu informasiyaları  mənimsəməsi və qəbul etməsi imkansız görünməkdədir. 

Bu mənada uşaqlarda “öyrənməni” öyrənmək bacarığını formalaşdırmaq və bunun insanın ölümünə qədər davam edəcəyini aşılamaq əhəmiyyətlidir. Bu prosesdən zövq alan bir insan özünün bütün qüvvəsini  səfərbər edib həyatdan zövq almağa, öyrənmə, inkişaf etmə istəyi ilə alışıb yanmağa başlayacaqdır. 

Beləliklə məqsədimiz  daha çox əzbərləyən  insanlar yerinə daha çox düşünən, fikirləri analiz edən, tənqidi yanaşan, yaradıcı fikirlərə sahib insanları cəmiyyətə qazandırmaqdır. Amma təəssüf ki, bəzən bu  xüsusiyyətlərə sahib olmayan uşaqlar da diqqətimizi çəkir. Psixoloqlar öyrənmə çətinliyi anlayışından istifadə edirlər.

Öyrənmə çətinliyi termini ilk dəfə 1962 ilində Kirk tərəfindən verilmişdir. O  öyrənmə çətinliyinin danışıq, dil, oxuma-yazma, imla, hesablama  sahələrindən birinin ya da birdən çoxunun  inkişafında çətinlik kimi ifadə etmişdir (ələ alınmışdır).

Öyrənmədə çətinlik çəkən uşaqların sayı az deyil. Sadəcə olaraq məktəbə getməyə başladığı zaman onlardan gözlənilən akademik xüsusiyyətləri göstərə bilmədikləri üçün diqqəti çəkməyə başlayırlar.

Uşaq sadəcə biliyi öyrənmə mərhələsində çətinliyə düşür.

Ancaq bunu yadda saxlamaq lazımdır ki, öyrənmə çətinliyi olan  uşaqlar normal zəka və normaldan üstün zəkaya sahibdirlər.

Öyrənmə  çətinliyini 3 qrupda ifadə edə bilərik. Buraya oxuma çətinliyi, yazma və riyazi çətinliyi əlavə etmək olar.

Oxuma çətinliyi (Disleksi) ən əsas xüsusiyyəti hərflər və sözlərin qarışdırılması və tərsdən başa düşülməsidir. Oxumaqda və danışmaqda çətinlik çəkərlər. Oxumaları  yaşıdlarına nisbətən daha geridədir. Buna görə ibtidai sinfə getməyə başladıqda onların bu çətinliyi aşkar olunur.  

Sinifdəki yaşıdlarına görə daha ləng olurlar, hərf, heca, nöqtələmə, qrammatik səhvlər edirlər. Yazı yazarkən boşluq buraxmadan ya da bir sözü  bir neçə parçaya bölərək  yazırlar. ( DƏs mal, gə li rəm)

Xəttləri, yazma çətinliyi: (Disgrafi): sinifdəki yaşıdlarına nisbətən ləng yazır, hərf və hecaları qarışdırırlar. Ən çox qarışdırdıqları hərf və saylar bunlardır. (b-d--,m-n,ı-i,g-ğ,g-y,ev-ve,2-5,6-9)

Hesablama çətinliyi (Diskalkuli) pozuntusu olan uşaq riyazi 4 əməli aparmaqda çətinlik çəkir. Ləngdirlər, barmaqları ilə sayarlar. Riyaziyyatda istifadə edilən bəzi simvol, işarə və terminləri başa düşməkdə çətinlik çəkirlər. Vurma cədvəlində də geri qalırlar.

Təbii ki, yuxarıda sadalanan xüsusiyyətlərə nəzərdən keçirərək övladlarınızda bu çətinliyin olduğuna qərar verməyiniz yanlış ola bilər.

Belə sıxıntıları  aşkar  etdiyiniz  zaman mütləq  psixoloqa müraciət edin. Nəzərə alın ki, bir çox məşhur insanlar kiçik yaşlarda öyrənmə çətinliyi olan uşaqlar olublar. Uşaqlarınızın  qabiliyyətsiz, narahatlığı olan bir insan kimi qiymətləndirmək əvəzinə, onlara dəstək olmaq daha yaxşı nəticə verəcəkdir.  

ŞƏRH YAZIN