İnsanlar niyə qeybət edir?

0
2480
İnsanlar niyə qeybət edir?

Bütün insanlar qeybət edir. Kimsə imkan düşən hər zaman, kimsə nadir hallarda. Əksər adamlar qeybət etdiklərini inkar etsələr də, fakt dəyişmir. Çünki qeybətçilik şüuraltı təlabatlardan irəli gəlir. Heç kim şüuraltına sonadək güc gələ bilməz. Qeybəti doğuran əsas səbəblər:


Tənhalıq

Qeybət – tənhalığın yaratdığı daxili boşluğu doldurma üsulu kimi. Tənhalığı təklikdən fərqləndirmək lazımdı. Adam başqaları ilə birgə yaşasa da, tənhalıqdan əziyyət çəkə bilir. Tənhalıq emosional boşluq yaradır. Sözü tutan bir adamla söhbətə başlayan tənha adam başqalarının arxasınca danışmaqla bu boşluğu doldurur, özü də bilmədən. Başqa sözlə, tənha adam üçün qeybət etmək psixoloji özünü-tamamlama (self-completion) mexanizmidir. 

Özünü dəyərləndirmə təlabatı

İnsan öz məziyyətlərini bir çox hallarda başqalarına istinad etməklə dəyərləndirir (həm öz-özü üçün, həm də başqaları ilə ünsiyyətdə olarkən). İstinad həm birbaşa ola bilir, həm dolayı üsullarla. Birbaşa üsulda, məsələn, “filankəs belə bir hərəkət edib, mən heç vaxt belə bir iş görmərəm”; “Onun yerinə olsam mən bu cür edərdim” kimi məzmunlarda subyekt birbaşa müqayisəyə gedir, özünün həmin adamdan fərqli (üstün) olduğunu vurğulayır. Dolayı üsulların bir növü dedi-qodulardır. Məsələn, qonşu ailədə xəyanət faktı barədə danışan adam qonşunu aşağılamaqla, onun barəsində ağzına gələni danışmaqla həm özü üçün emosional təpmə qazanır, həm də özünü qonşusu ilə dolayı müqayisəyə gətirir. Yəni, adam hansısa fakt haqda ikrahla danışırsa, özünün həmin qəbil adam olmadığını, dürüst adam olduğunu sərgiləyir (şüuraltı olaraq). Bəzən öz mahiyyətini gizlətmək üçün məqsədli şəkildə edilə bilir. 

Diqqət mərkəzində olmaq ehtirası

Diqqət mərkəzində olmaq bir çox adamlar üçün anadangəlmə güclü ehtirasdır. Bu ehtirası təmin etmək üçün adam bütün mümkün üsullara əl atır və bunlardan biri də, başqalarında maraq doğuracaq qeybətlər etməkdir. Belə adam nisbətən eleqant qeybətə üstünlük verir. Məsələn, məhşur adamlar barədə dedi-qoduları öz yanından əlavələr etməklə nəql edir. Elə təəssürat yaratmaq istəyir ki, guya, heç kimin bilmədiyi şeyləri bilir və onun ümidincə, bu şeylər ona qulaq asan adamlara maraqlı olacaqdır. 

Neqativ hislər

Adamı kiminsə barəsində qeybət etməyə itələyən əsas səbəblərdən biri də, həmin şəxsə qarşı neqativ münasibətinin olmasıdır. Kin, nifrət, qəzəb, paxıllıq, ədavət və s. Həmin şəxs barədə qeybət istəyi şüuraltı qisas hislərindən doğulur. Qeybət edən adam bununla öz neqativ yükünü azaldır. Başqa sözlə, bu, psixoloji özünü-təmizləmə mexanizmidir. Avtonom prosesdir. 

Konkret hallarda bu səbəblərin bir neçəsi eyni vaxtda təsir göstərə bilir.


 

ŞƏRH YAZIN